“Həmin insan bilir ki, o, mənim ilk məhəbbətimdir”

“Həmin insan bilir ki, o, mənim ilk məhəbbətimdir”

12 Aprel 2013 00:06
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti Faiq Sücəddinovla birlikdə keçmişdən gələcəyə doğru...

Həyat musiqi üzərində qurulub. Onun hər anı notlar kimi bir-birini əvəz edir. İnsan dünyaya gələrkən ağlayır. Ana südünü bir başqa ahənglə əmir. Üşüyəndə asqırır, soyuqlayanda öskürür. Qarnı tox olanda qəhqəhə ilə gülür. Sonra ayaq açaraq bəlli bir ritmlə yeriməyə başlayır. Əl-qol hərəkətləri ilə dünyaya toxunaraq onu hiss etməyə, anlamağa çalışır.

Beləcə, yarandığı andan bəri yaşayır və yaradır. Bir sözlə, həyat onun dünyasında major və minor ladların əvəzlənməsi ilə müşayiət olunur. Xoşbəxt o kəsdir ki, həyatın ritminə və harmoniyasına uyğunlaşa bilir.

Bugünkü qonağım sənətinin və həyat yolunun dirijoru adlana biləcək Faiq Sücəddinovdur.
- Əsl bahar təravəti duyulan bir havada sizinlə görüşdük, belə havalarda əhvalınız necə olur?
- İyun ayının 14-ü dünyaya gəldiyimə baxmayaraq, soyuq havanı sevirəm, payız fəslini lap çox sevirəm. Yaz fəsli elə bir fəsildir ki, düşünürəm bu fəsli sevməyən insan yoxdur, çünki torpaq oyanır, təbiət gözəlləşir. İnsanlar elə bilirlər ki, belə havalarda insan daha da gözəl musiqilər yazır, amma bu qətiyyən belə deyil, peşəkar insan gərək hər fəsildə öz üzərində işləsin.
- İlk təhsilinizi necə xatırlayırsınız?
- Mən ilk dəfə musiqi məktəbinə gedəndə skripka alətini verdilər mənə, bu da yalnız üç gün çəkdi, çünki mən özümü tapmırdım o alətdə. Dördüncü gündən etibarən mən fortepiano təhsili almağa başladım. Daha sonra Asəf Zeynallı adına musiqi texnikumuna daxil oldum və pianoçu olaraq oranı bitirdim. Mən təhsil aldığım zamanlar fortepiano bölməsində təhsil alan çox az azərbaycanlı görmək mümkün idi, əsasən başqa millətin nümayəndələri idi. Bir-iki azərbaycanlı var idi, mən də onların içində. O illər çox maraqlı idi, doğrudan da keçmişə nəzər salanda görürəm ki, sənət yollarında çox çətinliklərim olub, öz üzərimdə çox çalışmışam, çox işləmişəm, olub ki, saatlarla pianonun arxasından qalxmamışam. Hətta axırda qonşularımız dəhşətə gəlirdilər ki, ay Faiq, sən nə qədər özünə əziyyət verirsən, çalışırsan, vuruşursan. Mənə deyirdilər ki, sən axırda böyük adam olacaqsan. Məsələ böyüklükdə deyil, məsələ bundadır ki, mən çox istəyirdim mükəmməl pianoçu olum. Daha sonra Xarici Dillər Universitetinə daxil oldum, beş il orda təhsilimi davam elədim, amma bir gün də olsun müəllim işləmədim. Çünki dediyim kimi, pianoçu olmaq arzusunda idim. Oranı bitirəndən sonra Milli Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil oldum, oranı da bəstəkar olaraq bitirdim.
- Sizcə, çəkdiyiniz bu qədər zəhmətin müqabilində layiqincə dəyərləndirildinizmi?
- Bəli, çətinliyim çox olsa da, dəyərləndirilmişəm. Zaman-zaman Pedaqoji institutun musiqi kabinetində müdir, R.Behbudov adına Mahnı teatrında bədii rəhbər olmuşam, sonra xaricdə yeddi il işləmişəm, daha sonra Bakıya qayıtmışam. 2000-ci ildə xaricdə olarkən mənə "Əməkdar incəsənət xadimi" adını, Bakıya dönəndə Şöhrət ordeni və "Xalq artisti" adını verdilər. Hal-hazırda İncəsənət Universitetinin rejissorluq kafedrasında çalışıram, mühazirə oxuyuram.
- Tələbəlik illərində çətinlikləriniz olubmu?
- O vaxtlar insanlar bir-biri ilə hədsiz mehriban idilər, varlı-kasıb təbəqəsi yox idi. Biz ümumi həyətdə yaşayırdıq, imkanlarımız geniş deyildi. Mənim tələbəlik illərim işlədiyim vaxtlara təsadüf etdi. Asəf Zeynallıda oxuyarkən Azərbaycan kinoteatrının orkestrında pianoçu idim, daha sonra məni estrada orkestrına dəvət etdilər. Xarici Dillər Universitetində oxuyanda mən artıq estrada orkestrında pianoçu idim. Həmkarlar ittifaqı görəndə ki mən çalışqanam, institutun özfəaliyyətini də mənə həvalə etdilər. Deməli, mən həm tələbə idim, həm özfəaliyyəti idarə edirdim, həm də pianoçu idim. O qədər məşğul idim ki, tələbələrlə salam-sağoldan başqa münasibətim qalmamışdı. Əylənməyə, deyib-gülməyə vaxtım yox idi. Gündüz oxuyurdum, gecə işləyirdim, müəllimlər məni anlayır, güzəştə gedirdilər. Hələ o zaman cəmi bir televiziya kanalı var idi və məni də həmin kanalda məhz korifeylərlə görəndə fərəhlənirdilər. Təbii ki, tələbə yoldaşlarım da gəlirdilər, mənə dəstək olurdular, amma tələbəlik illərim ikinci planda idi.
- İşlərinizlə əlaqədar tələbəlik illərinin dadını çıxara bilməmisiniz deyə indiki tələbələrə baxanda təəssüf hissi keçirirsinizmi?
- İndiki tələbələr bizim dövrün tələbələrindən qat-qat fərqlənirlər, biz ayrı meyarlarla yaşamışıq. Ancaq öyrənmək, savadlanmaq meyarıyla yaşayırdıq. Jurnallarda maşınlara baxanda başa düşürdük ki, bu hələ hər şey demək deyil, çoxlu kitab oxuyurduq, radioya, maqnitofona qulaq asırdıq, hər şeylə maraqlanır, yeni şeylər kəşf etməyə çalışırdıq, hətta sevgilərimiz də ayrı cür idi. Bu gün hər şey asanlıqla əldə olunur, savadlanmaq deyəndə kompüteri nəzərdə tuturlar, amma dərk etmirlər ki, kompüter elm deyil, sadəcə informasiya vasitəsidir, biliyi əziyyətlə əldə etmək lazımdır.
- Bu gün Faiq Sücəddinov keçmişə baxanda nə kimi hisslər keçirir?
- Hər dəfə çalışanda, nəsə yeni bir şey kəşf edəndə düşünürəm ki, mən bunu niyə iyirmi il bundan öncə tapmadım? İnsan ən çox özü-özüylə danışır, əziyyətli illərini xatırlayır, oxumaq, işləmək eşqi ilə çarpışıb-vuruşduğunu yada salır. Mən ən çox öz vətənimə gərəkli olmağı istəyirəm. Azərbaycan mənim vətənimdir, mən vətənpərvərəm və mənim ən böyük arzum budur ki, dünyanın istənilən yerində "Azərbaycan" deyəndə tanısınlar bizi. Gənclərimiz savadlı, dünya görüşlü olsunlar.
- Ömrünüzün ən şirin və ən acı gününü necə xatırlayırsınız?
- Çox maraqlıdır ki, insan ömründə şirin anlar az olur, insan daha çox kədərlə yaşayır. Nədənsə bu sözləri deyəndə həmişə Bəxtiyar Vahabzadə yadıma düşür, çünki o insanla çox ünsiyyətdə olmuşam. O həmişə deyərdi ki, mən kədəri, lirikanı sevirəm. Çox sevinmək artıq qorxuludur. Bəzən çox kədərli olduğumçün deyirəm ki, əgər bilsəydim belə ağlayacağam, heç gülməzdim. İnsan var ki, ömrünü keflə yaşayır, amma bəlkə də həyatın dadını bilmir. Mənə desəydilər təkrar o illəri yaşa, mən istəməzdim bir də o illəri yaşayım. İnsan reallığa baxmalıdır, öz həyatını qurmağa çalışmalıdır. Düzdür, taleyi verən Allahdır, amma insandan da çox şey asılıdır.
- Siz o zaman vahid televiziya məkanında çalışmısınız, özəl televiziyalardakı layihələrdə də imzanız olub. Bu televiziyalar arasında fərq çoxdurmu?
- Bu gün televiziyalarımız çox maraqsızlaşıb, çünki televiziyanı sevmək lazımdır, ürəkdən çalışmaq lazımdır. Televiziyanın özünəməxsus qoxusu var, məhz o qoxunu hiss etmək, dərk etmək lazımdır, gecələr yatmayıb maraqlı layihələr üzərində çalışmaq lazımdır, xalqa maraqlı töhfələr vermək barədə düşünmək lazımdır. Bizim televiziyalar yalnız təqib edir, xarici kanallardakı verilişləri özününküləşdirib yayımlamaq yenilik deyil. İzləyiciləri cəlb etməyi bacarmaq lazımdır, ancaq mənalı şeylərlə, hər şey KİV-dən asılıdır, onlar ağıllı verilişlər versələr, insanlar da ağıllı şeyə baxacaq.
- Ədəbiyyat və musiqi vəhdət təşkil edir, bəs ədəbiyyata münasibətiniz necədir?
- Mənim orta təhsilim rus dili bölməsində olub, Asəf Zeynallını rus dilində bitirmişəm, Xarici dilləri rus dilində bitirmişəm, hətta konservatoriyanı da rus dilində bitirmişəm. Amma buna baxmayaraq, öz ana dilimdə qüsursuz danışmağı özümə borc bilirəm. Bu gün efir məkanlarında Azərbaycan dilini çox korlayırlar. Elə bilirlər ki, müasirdirlər, təmiz danışan çox az adama rast gəlmək olar. Mən Azərbaycan ədəbiyyatını, demək olar ki, pis bilirəm, amma böyük şairlərlə, böyük yazıçılarla təmasda olmuşam, onlarla yaxın olmuşam, dünya ədəbiyyatını çox yaxşı bilirəm.
- Bir bəstəkar olaraq Azərbaycanın musiqi sahəsindəki gələcəyini necə görürsünüz?
- Bu gün musiqini çox korlayırlar, təbii ki, mən klassik musiqidən danışmıram. Min illər keçəcək, amma klassik musiqi elə olduğu kimi qalacaq, məsələ estrada mahnılarındadır. Bugünkü mahnılar demək olar ki, Azərbaycan sözləri ilə türk musiqisidir. Oxumaq olub yalançı, fonoqram sağ olsun, bu insanlar heç oxumaq da istəmirlər, sanki qaçırlar, dərk etmirlər ki, canlı oxumaq ifaçının özünün bir müğənni kimi təsdiqidir. Heç kəs estradaya can atmır, hamı toylara qaçır, heç kəs xaricdə ölkəni təmsil etmək, həmvətənliləri sevindirmək istəmir. Sənəti olmayan əlbəttə itib-batmalıdır, görəndə ki unudulmaq təhlükəsi var, yenə də sənət göstərmək istəmirlər, ortaya bir söz atırlar, dava düşür, vəssalam, gəldilər gündəmə.
- Ömür yollarınızda itkiləriniz çox olub?
- Mənim ən böyük itkim anam olub, valideynlərim olub, insan yüz yaşında da anasını itirəndə böyük zərbə alır, ana həmişə lazımdır. Həmişə arzulamışam ki, insan ömründə o ağır itkilər olmasın, çünki həyat çətin olur. Mən çox kövrəyəm, həssasam.
- Sizcə, ilk məhəbbət güclü olur, yoxsa son məhəbbət?

- Təbii ki, ilk məhəbbət güclü olur, onu insan uşaq vaxtı da yaşaya bilər, məktəb illərində də, ömrünün kamil vaxtlarında da. O əsla unudulmur və ömrün sonuna kimi yadda qalır.

- Elə isə, ilk məhəbbətinizi necə xatırlayırsınız?
- Mənim də ilk məhəbbətim olub, var və həmin insan bilir ki, o, mənim ilk məhəbbətimdir. Həyatdır, insan ömründə bir dəfə də sevə bilər, bir neçə dəfə də və hətta heç sevməyə də bilər.
- Bəs niyə deyirlər ki, əsas ilk olmaq deyil, sonuncu olmaqdır?
- Bu, insanların yanaşmasıdır, hərə sevgiyə bir cür yanaşır, amma mənə görə, insan hər zaman sevməlidir, qəlbi sevgi ilə döyünməlidir.
- Sonda sizi "Ömrün Anları" rubrikasının oxucuları ilə üz-üzə qoyuram. Onlara ürək sözlərinizi deyərdiniz...
- Həyat doğrudan da gözəldir, onu layiqincə yaşamaq lazımdır. Bir yaxın dostum vardı, təəssüf ki, artıq həyatda yoxdur. O bilirdi ki, xəstədir. Deyirdi, dünyaya bir də gəlsəydim, yenə də Azərbaycanda doğulmaq istəyərdim. Gəlin vətənimizi sevək, ona dayaq olaq.

Ömrün bu anı da beləcə bitdi. Faiq Sücəddinovla söhbətim həzin musiqi tək sətirlərdən qəlblərə köçdü. Buna duet də demək olardı, solo ifa da. Nə olursa olsun, ümidvaram ki, birlikdə yaratdığımız kompozisiya uzun müddət yaddaşlardan silinməyəcək.

"Ömrün Anları"nda ən gözəl duyğuları yaşamaq ümidi ilə

Arzu Murad

O.M.