Zahid Qubadlı: “Hazırda subayam”

Zahid Qubadlı: “Hazırda subayam”

2 Aprel 2013 13:27
Bəyəndim (2) Bəyənmədim (0)
Muğamlarımızı təmiz bildiyini deyən klarnet ifaçısı həmkarları arasında rəqib tanımır

Söz səslərin birləşməsindən yaranıb. Deməli, söz də özünə görə bir musiqidir. Odur ki, söz birləşmələrini etüd, cümlələri operetta, bütöv nitqi isə opera adlandırmaq olar.

Qarşılayın, söz musiqinindir.

- Özünüz haqda məlumat verərdiniz...

1976-cı il iyunun 4-də Qubadlı rayonunun Xanlıq kəndində musiqiçi ailəsində anadan olmuşam. Ailədə səkkiz uşaq olmuşuq. Hazırda subayam. İyirmi üç ildir böyük səhnədəyəm.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Atam və məndən böyük qardaşlarım musiqiçi olduqları üçün məndə bu sənətə maraq uşaqlıq illərindən yarandı. Təbii ki, lap uşaqlıq illərindən məndə də istedad üzə çıxdı, məhz bu sənəti seçdim. Böyük qardaşım Vaqif gitara ifaçısıdır. Akif Rəhimzadə gözəl müğənnidir. Mən bir çox musiqi alətlərində ifa edirəm, həm də mükəmməl şəkildə. Hələ yeniyetməlik dövründə Türkiyədə keçirilən türkdilli dövlətlərin musiqi festivalında bir neçə musiqi alətində ifa etdim və laureat oldum. O zaman İncəsənət Universitetinin rejissorluq fakültəsinin I kursunda oxuyurdum.

- Sənətdə ilk müəlliminiz kim olub?

- İlk müəllimim Zəngəzurda və Qubadlımızda nəfəs alətlərinin məşhur ifaçısı, atam Qaraoğlan olub. Onu bütün bölgələrdə tanıyırlar.

- Uşaqlığınız necə keçib?

- Uşaqlıq illərində çox sakit, ata-ana, böyük sözünə qulaq asan olmuşam və indi də beləyəm. Bildiyiniz kimi, erməni işğalçıları tərəfindən bir çox rayonlarımız işğal olunub, o cümlədən mənim doğma Qubadlı rayonum. İnanın səmimiyyətimə, izah edə bilmirəm, elə bil elə həmin vaxt mənim və mənim kimilərin uşaqlıq illəri yarımçıq, nakam qalıb. Gün o gün olsun ki, o yerlərə - Qubadlıya, Qarabağımıza qayıdaq. Gec də olsa, mən və mənim kimilər uşaqlığını xatırlayıb sanki yenidən yaşasın, davam etsin.

- Bir çox sənət dostlarınız sizi niyə bəyənmir?

- Düzü, mən bilmirəm kimlər bəyənir, kimlər bəyənmir, üzdə büruzə vermirlər ki. Hər nə sənətin sahibi olursansa ol, insanın şəxsiyyəti ilə sənəti, peşəsi tamamlanmalıdır və o öz şəxsiyyətini qoruyub saxlamalıdır. Hesab edirəm ki, dırnaqarası sənətçilər kimi pis vərdişlərim olmadığı üçün, yaradıcılıqda sürətlə, şərəflə irəlilədiyim üçün bəzilərinin xoşuna gəlmirəm. Məni soruşun Habil Əliyevdən, Arif Babayevdən, Canəli Əkbərovdan, Mənsum İbrahimovdan, Teymur Mustafayevdən, Ağadadaş Rzayevdən, Nazpəri Dostəliyevadan, Könül Xasıyevadan. Bilirəm ki, hamısı paxıllıqdan irəli gəlir.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Məncə, qalmaqalı ən çox sənəti olmayanlar edir. Sənətlə gündəmə gələ bilmirlər, son çıxış yolları qalır yersiz söz-söhbətlərə, qalmaqala. Məsəl üçün, dəfələrlə bilərəkdən mənə söz atıblar. Bu yaxınlarda Space kanalında yayımlanan "Virtuoz" musiqi yarışmasına məni münsif kimi dəvət ediblər, bu isə bir çoxlarını qıcıqlandırıb. Ona görə də qalmaqallı sözlər atıblar, mən isə sözsüz ki, çoxuna əhəmiyyət verməmişəm.

- Şou-biznesdə kimlərin ifasını bəyənirsiniz, kimlərə qulaq asırsınız?

- Qulaq asdığım instrumental ifaçılardan istedadlı qarmonçu Ənvər Sadıqov, gözəl klarnetçi, mənim adaşım Zahid, gitarist Eldar Namazoğlu, müğənnilərdən Tacir Şahmalıoğlu, Nazpəri Dostəliyeva, estrada müğənnilərindən Röya, Mətanət İsgəndərli və bir çoxlarının adını çəkə bilərəm. Xanəndələrdən ən çox Alim Qasımovu, rəhmətlik Yaqub Məmmədovu, Cabir Abdullayevi dinləyirəm.

- Şöhrət, səhnə var, bəs nə yoxdur?

- İnanın səmimiyyətimə, hər şeyim var, insana nə lazımsa, hamısı var. Kaş ki, heç nəyim olmayaydı. Təkcə Qubadlının anadan olduğum gözəl Xanlıq kəndimiz olaydı, Qarabağ olaydı. Bax, bunlar yoxdu.

- Güzəştə getməyi bacarırsınız?

- Baxır kimə. Elə yer var gedirəm, elə yer də var ki, yox.

- Sizcə gözlər qəlbin aynasıdır?

- Çox vaxt gözlər də adamı aldadır. Ancaq mən nadir hallarda aldanıram yalançı gözlərə.

- Qısqancsınız?

- Qısqancam, bəli, həm də çox.

- Dostluğa inanırsınız?

- Dost sözü çətin sözdür. Mənim çox dostlarım var. Ancaq həqiqi dost uzun işdir.

- Sənətdə hansısa həmkarınıza aşiq olmusunuz?

- İlk dəfə sizə deyəcəyəm, hansısa həmkarımdan xoşum gəlib, müsbət cavab almışam, bir müddət görüşmüşük, ancaq aşiq olmamışam.

- Şou-biznesdə bəzi kişilər özlərinə bəzək-düzək verir. Buna münasibətiniz necədir?

- Pis. Çoxları var ki, populyarlıq xatirinə özlərini, şəxsiyyətlərini qurban verirlər, onların yerinə adam xəcalət çəkir, ayıbdır. Əsas da qorxulusu odur ki, belələri get-gedə çoxalır.

- Ailə quracağınız xanım necə olmalıdır?

- Mənim ailə quracağım xanım əsil xanım olmalıdır, həm ağıllı, həm tərbiyəli, ən əsası, daxili aləmi gözəl bir insan olmalıdır.

- Sevgi nədir sizin üçün?

- Sevgi mənim üçün çox şeydir. Məsələn, sevəndə məndə bəstəkarlıq qabiliyyəti üzə çıxır, adi vaxtlarda ifa etdiyimdən qat-qat zövqlə ifa edirəm, necə ki, son vaxtlarda gözəl nəğmələr ifa edirəm. Bir sözlə, sevgi mənim üçün həyatdır.

- İlk məhəbbətiniz neçə yaşında olub?

- İyirmi altı yaşımda olub. Get-gedə öyrəşdiyim biri var idi. Ancaq xeyli düşündükdən sonra hesab etdim ki, ayrılmaq gərəkdir və ayrıldım.

- Nazınızı kim çəkir?

- Mən doğmalarıma, anama bağlı insanam. Olur ki, bir ölkəyə səfərə gedirəm, üç gün keçməmiş dəhşət darıxıram ev üçün. Sözsüz ki, qayğımı, nazımı anam çəkir.

- Həyatda neçə dəfə sevmək olar?

- Yeniyetməlik dövründə insan elə düşünür ki, sevir, ancaq bunu sevgi adlandırmaq olmaz və yaxud insan birinə öyrəşir, düşünür ki, sevirəm. Bu da düz deyil. Məncə sevgi başqa cür olur. İlk gördüyündə vurulursan, aşiq olursan. Günlər, aylar keçir, unuda bilmirsən ki, bilmirsən. Bir də ayılıb görürsən ki, sevirsən. Əsil sevgini indi yaşayıram.

- Sizcə əsil kişi necə olmalıdır?

- Əsil kişi birinci növbədə ailəsinin, qohum-əqrəbasının namus-qeyrətini, obasının təəssübünü çəkməlidir, mərd olmalıdır, çörəkverən olmalıdır, yaxşılıq etməyi bacarmalıdır, ata-babasının adını şərəflə yaşatmalıdır və dövlətini, millətini sevməlidir.

- Toylara neçəyə gedirsiniz?

- Bu gün təmənnasız getdim. Şəhid ailəsinin toyu idi. Mən həmişə imkansızları nəzərə alıram. Qiymətə gəlincə, ansamblla 4000 manata, solo ifa ilə 1500 manata. Onu da qeyd edim ki, hər toya getmirəm. Mənim sənətimi sevən insanların məclisinə gedirəm. Çox arzu edirəm ki, yaxın gələcəkdə toylardan tamamilə imtina edim, böyük səhnələrdə çıxış edim, əsl sənətimlə məşğul olum. Bu səpgidə işlər gedir. Artıq keçən il Türkiyədən Vətənimizə altı Fəxri Fərman, diplom gətirmişəm. Məncə, böyük nailiyyətdir, bu işlərdə mənə qardaşım qədər əziz olan dünya şöhrətli balaban ifaçımız Əlixan Səmədov köməklik edir. Sağ olsun, hər şey Azərbaycan üçündür.

- Toyda başınıza maraqlı hadisələr tez-tez gəlir?

- Bu yaxınlarda bir maraqlı hadisənin şahidi oldum. Deməli, bir müğənni gəlmişdi, mini diskini qoyub fonoqram oxumağa başladı. İkinci mahnıda toy sahibi xəbər tutdu ki, o, fonoqramdan istifadə edir. Yaxınlaşdı səs rejissoruna, əlini uzadıb mini disk oxunan cihazı dartıb aparaturadan qopardı, vurdu qoltuğuna, getdi. Təsəvvür edin ki, necə gülməli səhnə alındı, həm də biabırçılıq.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Keçən il mənim üçün çox uğurlu oldu. Yaradıcılığımla bağlı bir çox planlarım var. İnşallah, yeni albom üzərində işləyirəm, bu il bir neçə konsert verəcəyəm, həm Rusiyanın bir neçə şəhərində, həm də Azərbaycanda.

- Rəqibiniz kimdir?

- Mən sağlam rəqabəti sevirəm. Azərbaycanda gözəl sənətçilər var və əksəriyyətini bəyənirəm. Ən çox sevdiyim, bəyəndiyim ifaçı adaşım Zahiddir. Onu özümə yeganə rəqib sayıram və sevinirəm ki, Azərbaycanda onun kimi gözəl musiqiçi var. Onu da qeyd edim ki, mən muğamlarımızın demək olar ki, hamısını bilirəm, o sahədə heç bir klarnet ifaçısını özümə rəqib görmürəm. Bunu çox əminliklə deyirəm.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə mənim üçün peşəkar, məntiqli yazar, savadlı və cəsarətli jurnalist və ən əsası, cazibəli, həddindən artıq maraqlı gözləri və baxışı olan, çox dəyər verdiyim bir xanımdır.

- Bu sənətdən uzaqlaşmaq istədiyiniz zamanlar olubmu?

- Bəli, atam rəhmətə gedəndən sonra tam bu fikirdə idim, hər şeyə həvəsim ölmüşdü. Heç vaxt ifa etməyəcəyim haqda fikirləşirdim. Sonra günlərin bir günü respublikamızın əməkdar artisti, gözəl müğənnimiz Zöhrə Abdullayevanın sürəkli təkidi ilə efirə çıxmağa başladım. Onu da deyim ki, ürəyim çox dolmuşdu. Zöhrə xanımla bir verilişə dəvət aldıq, o verilişdə çox yanğılı ifa etdim. Zöhrə xanım oxuya bilmədi kədərləndiyindən, canlı efir idi, ağlamaq tutdu. Həmin ifa mənə çox uğur gətirdi. Ogünkü ifalardan sonra Habil Əliyev mənim haqqımda çıxış etməyə başladı.

- Özünüzə hansı sualı verərdiniz?

- Sualım özümə budur ki, niyə bir o qədər yanğılı ifa edirsən? Həmin an Habil Əliyevin sözləri gözümün qarşısına gəlir. Dedi ki, Zahid bu yanğılı ifayla fəryad qoparır, "mən niyə öz torpaqlarımızdan qaçqın düşdüm" deyə dünyaya səslənir. Bu sözləri Habil müəllim deyəndə, inanın, tüklərim biz-biz oldu, sanki ürəyimi oxumuşdu.

- Özünüz haqda hansı şayiəni eşitmisiniz?

- Hər zaman xoş sözlər eşidirəm. Qaldı ki, kimsənin cəsarəti çatıb mənim barəmdə nəysə bir təhqir desə, o zaman həmin insanın təmiz azərbaycanlı olmağına şübhə edərəm. Dərhal da layiqli payını alar. Çünki mənim sənətim, şəxsiyyətim, kişiliyim göz qabağındadır.

- Ürəyinizdə hansısa sual qaldımı?

- Arzum budur, tezliklə müsahibəni Qubadlımızda, gözəl Şuşamızda alasan və arzu edirəm ki, hər bir azərbaycanlı Vətənimiz uğrunda, dövlətimiz uğrunda əlindən gələni əsirgəməsin, Azərbaycanımız da günü-gündən çiçəklənsin. Sizə də bir daha minnətdarlığımı bildirirəm mənə bu şəraiti yaratdığınıza görə. Mən ürək sözlərimi az da olsa, oxucularımızla paylaşdım.

"Söz səslərin birləşməsindən yaranıb" dedik və onu musiqi parçasına bənzətdik. Əziz oxucum, inan ki, bugünkü virtual musiqimlə ruhunuzu oxşamağa çalışdım. Yəqin kimlər üçünsə dəyərli əsər yaratmış oldum, kimlər üçünsə sadəcə bayağı mahnı ifa etmiş sayıldım. Bu da təbiidir. Axı zövqlər də Şəlalə rubrikasının qonaqları kimi müxtəlifdir.

Gələn görüşlərədək.

Şəlalə Nəriman

O.M.