Ülvi Qılınc Xumar Qədimovanı sevdiyini etiraf etdi

Ülvi Qılınc Xumar Qədimovanı sevdiyini etiraf etdi

11 Fevral 2013 12:03
Bəyəndim (0) Bəyənmədim (0)
“Şakirə yıxıldı mənim konsertimdə, Corc Maykl dedi ki, atam-anam sənə qurban..”

Konsert bitdikdən sonra pərdələr bağlanır. Tamaşaçılarla bərabər ifaçılar da öz gündəlik həyatlarına qayıdırlar. O həyata ki, böyük səhnələrdən geri qalmır. Buranın da öz baş rol ifaçıları, epizodları, mənfi və müsbət qəhrəmanları var. Əsas odur ki, həyat tamaşasında ifa elədiyin rola görə alqışlara layiq görüləsən.

"Pərdə arxası"nda bu dəfə Ülvi Qılıncla qarşılaşdım.

- Əziz oxucularım, bugünkü rubrikamızın qonağı qeyri-adi səsi ilə özünü xalqına sevdirən və Avropa ölkələrində sənəti ilə tanıtdıran… Bəlkə siz özünüzü təqdim edəsiniz?

- Edərəm, Ülvi Qılınc. Yeri gəlmişkən, onu da deyim ki, nəinki özümü, Azərbaycanımı da tanıtdıracağam və Avropada az da olsa tanıtdırmışam. Məsələn, "Kadr Opera" musiqi müsabiqəsində birinci yerə çıxmışam. Dörd dəfə "Qala" konsert oxumuşam, Dövlət Simfonik Orkestri ilə çıxış etmişəm. Belə pis çıxmasın, kimlərsə başqa ölkələrdə gedib kafelərdə oxuyur, gəlib deyirlər ki, böyük bir konsert verib gəlmişəm. Mən o müğənnilərdən deyiləm. Mən nə isə gətirəndə faktla gətirirəm. Kimsə deyirsə mən belə oxudum, Avropanı belə fəth elədim, ay mən belə konsert verdim, nə bilim ey, Şakirə yıxıldı mənim konsertimdə, Corc Maykl dedi ki, atam-anam sənə qurban və s. Mən elə müğənnilərdən deyiləm. Konserti verən faktı, sübutu gətirsin qoysun ortaya. Kimsə sübut eləmək istəyirsə hardasa hansısa konserti verib, SV-sini, DVD-sini gətirib qoysun ortaya, biz də baxaq.

- Ülvi niyə məhz "Qılınc" ləqəbini götürüb?

- Bu, bizim soyumuzun adıdır. Babamızın adı Qılınc olub. Yəni bu isim mənim taxma ismim deyil. Familiyamızda "ovları" götürdükdən sonra bu "Qılınclı" olmalı idi. Həm də Koroğlunun Misri qılıncı fikrimə gəldi və dedim ki, qoy maraqlı olsun deyə "Qılınc" ləqəbini götürüm. Həm Koroğlunun Misri qılıncı, həm də Ülvi Qılınc.

- Koroğlu demişkən, səhv etmirəmsə, Azərbaycanda Koroğlu obrazını oynayan üçüncü sənətkarsınız. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, doğrudur. Üçüncü oynayan mən olmuşam. Birinci Bülbül, ikinci Lütfiyar İmanov və mən - Ülvi Qılınc.

- Bu obrazı oynayarkən hansısa çətinliklə qarşılaşdınızmı?

- Bilirsinizmi, çətinliksiz heç nə ola bilməz. Bu, mənim böyük səhnədə debütüm idi. Həyəcan var idi, mən arada belə fikirləşdim ki, bəlkə qaçım buradan. Qorxu hissi keçirirdim. Artıq uvertüra çalınırdı, amma güzgünün qabağında özümə baxıb dedim ki, əgər burdan qaçsan, ömrün boyu qorxaq olacaqsan. Axı sən Koroğlunu oynayırsan, o ki qorxaq olmayıb. Yəni səhnə qorxaqları sevmir, söhbət əsl səhnədən gedir. Koroğlu libasında, əlimdə misri qılınc, bir anlıq özümü tanıya bilmədim. Sanki o dövrə getdim. Öz-özümə düşündüm, mən bu qədərmi Koroğluya bənzəyirəm? Ümumiyyətlə, əsl səhnə operadır. Çünki orada fonoqrama yer yoxdur.

- Bəs estradada?

- Əgər söhbət pop musiqisindən gedirsə, bunlar canlı oxunmalıdır. Konsertlərdəki performanslara baxsınlar, görəcəklər ki, canlı oxunur. Artıq orada fonoqram qoyub, mən konsert oxuyuram, belə şey olmur. Fonoqramı toyda eləmək olar, səhnədə yox.

- Hansı müğənnilərə müraciət etmiş oldunuz?

- Eyy… çoxdur belə müğənnilər. Hansının adını çəkim? Xalq görmür ki, konsertlərdə yalandan ağızlarını tərpədirlər? Bilmirlər ki, sənin diskini almaq olar, "28 may"-da doludur. Qiyməti iki manatdır, bir manata da almaq olar. Gələn vətəndaş sənin konsertinə canlı qulaq asmaq istəyir. Neyləyir fonoqramı?

- Keçən ilin sonlarında ATV kanalında "Canlı səs" proqramında çıxış elədiniz. Səhv etmirəmsə, rəqibiniz Samir Cəfərov idi. Siz özünüzə əmin idiniz ki, ona qalib gələcəksiniz?

- Rəqib sözü deyə bilmərəm, o, məni SMS-də uddu. Mən Samiri çox istəyirəm, yaltaqlıq eləmirəm. Samiri mən dəvət elədim duelə. Yəni onu mən rəqib seçdim.

Bilirsiniz, rəqib sözü yaxşı səslənmir. Bu bir yarışma idi. Vətənində nə rəqib ola bilər? Bu, çox gülməli səslənir. Rəqib toyda ola bilər.

- Bu fikri necə izah edə bilərsiniz?

- Hamı "mən birinciyəm" deyir. Azərbaycanda nəyin birinciliyidir, nəyin davasıdır, başa düşmürəm. Hamısı toy davası edir. Bu da gülməlidir. Toyda nə birincilik, nə ikincilik? Toya gəlmisənsə, bura pul qazanmağa gəlmisən, burada hansı birincilikdən söhbət aça birəsən ki? Əşi buraxın boş-boş danışmağı, özünüzə peşə tapın.

- Sözünüzdən belə çıxdı ki, indiki müğənnilər toyda oxumaqla özlərini sənətkar hesab edirlər.

- Düşüncə belə yaranır. Əgər toyda oxuyuramsa, demək, mən sənətkaram, əjdahayam. Mən əjdaha dedikdə Nadiri nəzərdə tutmuram. Ona da böyük hörmətim var. Nadir o birilərinə baxanda toyun əjdahasıdır. Əsil musiqi başqa şeydir. Biz Konservatoriyaya, Filarmoniyaya girəndə oranın abu-havasını başqa cür hiss edirik. Lakin toyxanaya girəndə görürük ki, kimsə "stoliçni" salat yeyir və sən onun qarşısında oxuyursan. Deməli, şəxsi cibin üçün pul qazanmağa gəlmisən. Sən hansı birincilikdən söhbət edə bilərsən və yaxud da hansı səntdən? Mən bir müğənni xanım tanıyıram, adını da açıqlamaq istəmirəm, özü bilir. Toyda bir nəfər toyuğun budunu yeyib, həmin müğənni xanımın döşləri arasına atdı. O da sümüyü çıxarıb yalamağa başladı. Gülməlidir, elə deyilmi? Bu müğənni efirə çıxıb hansı sənətdən, hansı əxlaqdan danışa bilər?

- Ülvi Qılınc toylarda özünə qarşı hörmətsizlik görübmü?

- Mehriban xanım, mən toylarda çox şeylərə rast gəlmişəm. Toyda nəyə rast gəlmək olar, çox zaman "piyan" adama. Düzdür, özünə hörmət edən insanlar da var. Birdə ki özünü efirdə necə aparırsansa, toyda da sənə o cür hörmət edirlər. Əgər efirdə bambılılıq edirsənsə, toyda da səni bambılı kimi tanıyırlar. Yəni deyə bilmərəm ki, mən bütün ayı toyda oluram. Bir ayda beş-on toya dəvət alıram.

- Toylarda oxuduğunuza görə sənət dostlarınızdan sizi qınayan varmı?

- Mənim sənətim sırf toy müğənniliyi deyil, sadəcə klassik musiqini sevənlər var ki, toylarına dəvət edib, iki-üç mahnı oxumağımı istəyirlər. Belə insanlara təşəkkür edirəm.

- Siz insanlar arasında seçim edirsiniz, yoxsa hamıya eyni gözlə baxırsınız?

- Əsla, mən hamıya eyni yanaşıram. Bəli, bəzi müğənnilər seçim edirlər toylar üçün. "Məni hansı qane edirsə, o toya gedirəm" deyirlər. Mənim o müğənnilərə gülməyim tutur ki, bunlar hansı seçimdən danışırlar? Toya gedib pul qazanırsan da. Elə bil ki, daş karxanasında işləyirsiniz. Sənə deyirlər ki, mənə daş kəs, sən də kəsməlisən, demək, sən daş kəsənsən, mən pul verən. Bunlar hansı sənətdən danışırlar? Yaxşısı budur, gəlin sənətimizdən danışaq.

- Müsahibənin əvvəlində vurğuladınız ki, mən Avropada az da olsa, tanınmışam. Oradakı tamaşaçılarla buradakı tamaşaçılar arasında hansı fərqi görürsünüz?

- Çox gözəl sual verdiniz. Oradakı səhnənin bir başqa abu-havası var. Oranın rəngi, ahəngi tamam başqadır. Orada zalda insanların səsi çıxmır. Zal ağzınacan dolu olsa da, tam sakitlik olur. Bir də konsertin sonunda gurultulu alqışlar eşidirsən, onda bilirsən ki, zalda insanlar var, özünü səhnədə sənətkar kimi hiss edirsən. Orada zalda hətta nəfəs səsi gəlmir, yoxsa bizimkilər kimi. Telefon zəng çalır, dır, dır… alo, alo… kimsən… Düşünmürlər ki, qarşılarındakı insan canlı oxuyur. Etiraf edək ki, bu, müğənniyə qarşı mədəniyyətsizlikdir. İnsanlar var ki, özlərini apara bilmirlər. Mən bunu hamıya şamil etmirəm. Yəni fərqlər çoxdur. Bizim görüntümüzlə onların görüntüsü də çox fərqlidir.

- Ülvi Qılınc həyatda nəyi sevir?

- Ən öncə Allahımı sevirəm. Və onun yaratdığı bütün varlıqları sevirəm. Onları sevməsəm, daxilim bu qədər zəngin olmaz.

- Deyilənə görə, hər kəsin sözünü kəskin formada üzünə deyirsiniz. Bunu da çoxları yaxşı qarşılamır. Niyə?

- Qarşılamazlar da. Biz yalan tərifləri çox sevirik. Mən sevinirəm ki, mənim səhvimi üzümə desinlər. Üzə gülüb, tərif edib və ayağını qazan insanlardan uzağam. Hər kəsin səhvini üzünə deyirəm, qoy pis adam olum. Arxadan ki zərbə vurmuram. Düzdür, mən bir az da insanlardan uzağam. O qədər yalançı dostlar var ki, onları öz dünyama salıb dünyamı zəhərləyə bilmərəm. Mən çox səmimiyəm və iç dünyama hər kəsi buraxa bilmərəm.

- İç dünyanızda təksiniz, yoxsa sevdiyiniz bir qadın var? Əgər varsa, bilmək olarmı o kimdir?

- Xeyr, öz dünyamda tək deyiləm, onu da hamı tanıyır. Mənim sevdiyim xanım Xumar Qədimovadır. Sevgimi inkar etmirəm, mənim ona qarşı olan sevgim sönməzdir. Demirəm ki, Leyli-Məcnunuq. Sadəcə mənə ruh verir onun sevgisi.

- Xumar xanımla oxuduğunuz duetlər varmı?

- İki duet oxumuşuq, hər ikisi tutub və sevilib. Bizim fikirlərimiz məkrli olmayıb bəzi müğənnilər kimi. Elə qadınlar var ki, onunla oturub söhbət edəndə ləzzət alıram. Bu zövqü heç kim yataqda da ala bilməz. Xumar Qədimova mənim dünyamda bir balaca yeri fəth edib və orada işıq kimi həmişə yanıb sönür.

- Ailə qurmağa necə, hazırlaşmırsınız?

- Hazırlaşıram. Bu gün gündəmdə olum deyə ailə qura bilmərəm bəzi müğənnilər kimi. Bu gün qururlar, səhər boşanırlar. Ümumiyyətlə, ailə quranda düşünüb təməli möhkəm olan ailə qurmaq lazımdır. Ailə o demək deyil ki, sən "parazit popuqaysan", yumurtanı başqa yuvaya qoyursan, uçub gedirlər. Belə ailədənsə heç olmasın. Bir sözlə, tam hazır deyiləm, axtarışdayam.

- Ülvi Qılınc şöhrəti sevirmi və fəxri ad almağa can atırmı?

- Maykl Cekson xalq artisti deyil, amma Maykl Ceksondur. İnsanlar bir az tərsinə düşünsələr, özlərinə tənqidi yanaşsalar, daha yaxşı olar. Ad alanların çoxuna gülməyim tutur. Mən şöhrətpərəst deyiləm, amma sənətimlə fəxr edirəm.

- Xalq artisti İlhamə Quliyeva ilə yenə birgə çalışırsınız?

- Bəli, indiyə kimi bir yerdəyik. Ailəvi dostuq, aramız da çox əladır. O, gözəl ifaçıdır, özünəməxsus səs tembri var. Harda eşitsən, bilirsən ki, ifa edən odur. Qadının yaşını demək olmaz, amma o, bu yaşında canlı oxuyur. O biri müğənnilər baxıb gözlərinə su versinlər.

Ataların belə bir sözü var: "Qələm yazanı qılınc poza bilməz". Ü.Qılınc dedi, mən də olduğu kimi qələmə aldım. Nəticə çıxarmaq isə sizin ixtiyarınızdadır.

Mehriban Bəylərqızı

O.M.