DİQQƏT: Bu müsahibə məhkəməyə səbəb ola bilər!

DİQQƏT: Bu müsahibə məhkəməyə səbəb ola bilər!

9 Fevral 2013 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
"Can cana"nın müəllifi Anar Qasımbəyli yumdu gözünü, açdı ağzını: şou-biznes nümayəndələrini bir-bir tənqid etdi!

Şou-biznesin qəribə qanunları var. Bu qanunların başında şou yaradaraq biznes maraqlarını təmin etmək durur? "Sadə dildə desək, qalmaqalla toy tutmaq".

Mən isə bugünkü müsahibəyə rəy vermək fikrindən uzağam. Çünki nə şou göstərmək bacarığım var, nə də biznesim. Qarşılayın, müsahibim məşhur "Can-cana" mahnısının müəllifi və ilk ifaçısı Anar Qasımbəylidir.

- Özünüz haqda məlumat verərdiniz?

- 1980-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşam. Ailədə üç uşaq olmuşuq. Özüm də ailəliyəm, iki övladım var. On altı ildir oxuyuram. Musiqi təhsilim yoxdur.

- Bəs necə oldu ki, bu sənəti seçdiniz?

- Uşaqlıqdan oxumağa həvəsim var idi. Zabitlər evində keçirilən bütün tədbirlərdə iştirak edirdim. İlk müəllimim Hünər Əliyeva olub, Naxçıvanda mənə muğamdan dərs deyib. Bakıda vokal dərslərimi Samir Cəfərovdan almışam. 1996-cı ildən "Babək Mədəniyyət Evi"nin üzvü olmuşam.

Bir gün "Toylar kralı" verilişindən mənə zəng gəldi. Məni daha çox "Can-cana" mahnısının ifaçısı olduğuma görə dəvət etdilər. İştirak etdim. Hamı bildi ki, ilk dəfə "Can-cana" mahnısını oxuyan mən olmuşam. Beşliyə qədər gəldim.

- "Can-cana"dan söz düşmüşkən, birmənalı qarşılanmayan bu mahnı necə yaranıb?

- Bir gün Türkiyənin İğdır şəhərinə toya getmişdim. Bir də gördüm ki, bir türk müğənnisi toyda türk dilində "Can-cana" mahnısını oxuyur. Çox xoşuma gəldi. Evə gəldim, mahnıya əlavələr etdim, oxudum və hamı bəyəndi. İlk dinləyicilərim Naxçıvan Muxtar Respublikasının əhalisi olub. Məndən sonra da Vüqar gəlib Bakıda oxudu. Hamı elə bildi ki, "Can-cana"nı oxuyan budur. Əslində, günah məndə oldu, vaxtında gərək çıxıb efirlərə deyərdim ki, "ariginalni" versiyasını oxuyan mənəm. Bu mahnı Naxçıvanda himn kimi gedir. Bütün məclislərdə hamı oynayır. Gec də olsa, hamıya başa saldım ki, mənəm əsl ifaçısı, mahnını yaradan. Günlərin birində də eşitdim ki, Rəhim Rəhimli "Can-cana"nın ilk ifaçısını verilişinə çıxarmaq istəyir. Elə oldu ki, mən onunla əlaqə saxladım. Dedim ki, əsl, orijinal versiyanı oxuyan mənəm. Rəhim Rəhimli telefonla mənimlə danışa-danışa Röya xanım dəstəyi götürüb məni Lider kanalına dəvət elədi. Durub getdim. Gördüm ki, "Can-cana"nı oxuyanlar nə qədər yığılıb. Özüm də məəttəl qaldım. Mahnının əziyyətini çəkən mən, burada "Şərur" qrupundan tutma, ta kimlər var idi. Prodüserlər də mahnını qoydular. Soruşdular, bu versiyanı oxuyan hansınızdır? Dedim, mən. Dedilər ki, biz də elə bu versiyanı oxuyanı axtarırdıq. Həmin an efirə çıxartdılar məni. Oxudum. Sonra ANS-də də bir dəfə verilişə çıxdım, Azərin verilişinə. Vüqara zəng edib dedilər ki, "Can-cana"nı sən oxumusan? Dedi ki, hə. Onda Azər bildirdi ki, qonağımız Anar olacaq, səni efirə qoşacağıq, deyərsən ki, əsl ifaçısı mənəm. Elə oldu veriliş başladı, mən mahnını ifa elədim, Azər Vüqara zəng elədi ki, verilişə qoşsun, Vüqar telefonu söndürdü. Azər də onda bildirdi ki, "Can-cana"nın əsl ifaçısı Anar Qasımbəylidir.

- Sizcə bəzi həmkarlarınız niyə bəyənmir bu mahnını?

- Mənim mahnımı bütün xalq artistləri, əməkdar artistlər oxuyur. Kim deyirsə oxumuram, yalan deyir. Ola bilər ki, tək-tükləri oxumasın. Bilirəm, Faytonçu Nazim çıxdı efirdə dedi ki, mənim repertuarım başqadır, şəxsən mən oxumuram. Başa düşdüm. Amma nəyə görə çoxları ağzına gələni danışır? Bu mahnını xalqım toyda oynayırsa, sizlər niyə ağzınıza gələni danışırsınız? Şəxsən Elariz oxuyub, eşitmişəm, çox xoşuma gəlib, yaxşı da oxuyub. Rüfət də oxuyub. Çox gözəl alınıb. Danmaq lazım deyil. Bəziləri çıxıb efirdə maskalanıb ikiüzlülük etməsinlər ki, mən oxumamışam.

- Sizcə bu, paxıllıqdan irəli gəlir?

- Rəhimin verilişində qonaq idim. Röya, Faiq, Elnur da orada idi. Elə bil mən oxuyanda gördüm ki, Elnur güldü, mənə lağ elədi. Oxuyub qurtarandan sonra Elnuru qırağa çəkdim, nəyə güldüyünü soruşdum. Dedi ki, sənə gülmürdüm, öz-özümə gülürəm ki, bir mahnının reklamına əlli min manat pul buraxırıq, millət sevmir. Gecə-gündüz çalışırıq, heç bir xeyri yoxdu. Sən bu mahnını - toy mahnısını ifa edirsən, xalq həmin an qəbul edir. Mən də bildirdim ki, xalqın zövqü nədirsə, seçimi də odu. Hiss etdim ki, bu paxıllıqdır, nə ola bilər ki? Vaxt var idi, Manaf Ağayev "Ay canı yanmış"ı ifa edəndə hamı deyirdi ki, mahnı bozbaşdı. Amma indi onu bütün tədbirlərin başında oturdurlar. Bir vaxtlar Baloğlan Əşrəfovun mahnılarını da bəyənmirdilər. İndi hamısı mənim mahnımı daşa tutub, amma gəlir əldə etmək üçün toylarda ifa edirlər. Nadirin özü toylara gedir də. İndi özünü reklam etmək üçün çıxıb efirlərdə "Can-cana" mahnısını məsxərəyə qoyur. Axı "Can-cana" mahnısına görə sən Nadir dəfələrlə söz-söhbətə düşmüsən. Niyə yadından çıxardırsan?

- Nə səbəbə söz-söhbət düşüb ki?

- Necə var, elə də deyəcəm, elə də yazın. Nadir bir toyu idarə edirdi. Mən də həmin toyda idim, qonaq qismində. Bir saatlıq oxuyacaqdım. Təsəvvür edin, ev yiyəsi deyir ki, niyə söz vermirsən oxusun? Deyir, verəcəm. Özü də naxçıvanlıların toyu idi. Artıq toyun qurtarmağına az qalıb, ev yiyəsi deyir, sən haçan yerinə yetirəcəksən sözünü? Bu da dodağının altında deyinməyə başladı ki, bu toyu mən idarə edirəmsə, mən oxumalıyam da. Sonra bir də gördük ki, qıraqdan kimsə onun sinəsindən tutub itələdi. Onu itələyən də toyda iştirak edənlərin qohumlarından biri idi. Dava düşdü. Nadirin əlindən mikrofonu alıb mənə verdilər. Güclə sakitləşdirdilər ki, dərinə getməsinlər. Axı niyə paxıllıq edirsən? Mən oxuyanda da dinməz-söyləməz yerində oturub qulaq asdı. Çünki səni çağırıblarsa, pulunu veriblər də, otur. Sənə nə lazımdır ki, mənə mikrofonu vermək istəmirsən? "Can-cana"nın daşı ağır olub düşüb çoxlarının başına. Bu söhbət də "Neolit" şadlıq sarayında olmuşdu. Lazım idi sənə, itələyib əlindən mikrofonu alsınlar?

- Bildiyimə görə, Səməd Səmədov da sizin ifanız üstündə səsini yazdırıb.

- Bəli, "Oazis" restoranında Səməd Səmədov mənim səsimin üstündə "hu, ha" sözlərini saxlayıb yalandan ifa edirdi. Özü də xalq artisti olasan. "Can-cana"nı oxumağa başlayanda deyir ki, təzyiqi olanlar qulaq asmasınlar. Çıxıb stolun üstündə oxuyur, ayıb deyil? Əgər təzyiqi olanlar varsa, niyə oxuyursan? Sənin öz mahnın var, öz mahnını ifa elə də, mənim mahnımı da "papuri" düzəltdirmisən. Əgər oxuyursan, öz səsinin üstündə oxu da, mənim səsimin üstündə niyə ifa edirsən? Əli Mirəliyev nə deyir onun haqqında, düz deyir. Əli Mirəliyev deyirdi ki, əvvəl "Can-cana" mahnısı mənə çatmırdı, sənin ifandan sonra çatdı, çox gözəl də ifa edirsən. Əvvəl danışmırdım. Bundan sonra kim mahnımı ələ salsa, yerində oturdacam. Çünki bu mahnını Naxçıvanda nazirdən tutmuş sadə peşə sahiblərinə kimi hamı oynayır. Demək, hamını alçaldırlar da. Ay Nadir, səni ən çox naxçıvanlılar toya çağırırdı, ona görə çıxıb efirdə "Can-cana"nı ələ salırsan, bizim ləhcə kimi uzadırsan can-cana sözünü? Yerində vurub burnunu sındırıblar toyda naxçıvanlılar sənin. Sən bir dilini saxla, mən də durub kiməsə ilişə bilərəm, hansısa ləhcəni ələ sala bilərəm. Fikirləşmək lazımdır ki, səhər toylarını idarə edərəm, həmin insanların yaddaşında qalaram, gəlib haqq-hesab edərlər mənimlə. Ona görə hər danışdığın cümləyə cavab verməlisən. Çıx başqa mahnılara iliş də. Nə görmüsən mənim mahnımda?

- Nadir Qafarzadəyə qarşı bu qədər kin-küdurət haradandır sizdə?

- Çünki elə olur, o idarə elədiyi toya mən də düşürəm. Toylara düşəndə də bilir ki, mən ifa edəcəm, mikrofonu vermir. Mənim mahnımı məsxərəyə qoyur, sonra da toylarda döyülür. Bu yaxınlarda da eşitdim ki, Obamanın qızının ad günündə mənim "Can-cana" mahnımı yeni versiyada ifa edəcək. Başlayıb efirdə mahnımı məsxərəyə qoymağa. "Can-cana" hara, badımcan hara. İnternet saytlarında sənin haqqında nələr yazıldı, get bir onlar haqqında ölçü götür. Xocalı faciəsinin ildönümü günündə getdin səhnəyə çıxdın, anan rəhmətə gedən günü gedib toy oxumusan. Milyonlarla pul qoydun Rusiya şou-biznesinə qatılmaq üçün, adını Andrey, yoxsa Petrov qoydun, xeyri olmadı. ANS-də "Günəbaxan" verilişində türk dilinə ilişdin, sonra da gedib çıxıb Xəzər TV-də deyirsən ki, biz bir millət, iki dövlətik. İkiüzlülük edirsən. "Can-cana" pisdi bəyəm sənin oxuduğun "Maral" mahnısından? Bir özünə bax da, dodağın silikondu, burnunu kəsdirmisən, qaşını aldırırsan. Mən sual verirəm, Nadir, Obama hara, "Can-cana" hara, badımcan dolması hara? Əflatun Qubadov səndən qat-qat gözəl insandı. O dedi ki, mən toylarda bütün mahnıları ifa edirəm. Çünki toya çağırıblarsa, demək, kim nə deyirsə, onu da ifa edirəm. Paxıllığıvı üzə vurma da, Nadir.

- Bir çoxları deyəcək ki, Anar gündəmə gəlmək üçün Nadirlə özünü reklam edir. Buna nə deyərdiniz?

- Mənə reklam lazım deyil. ANS-də "Toylar kralı"nda yetərincə tanındım və sevildim. Sonrası da, Nadir mənə ilişir, mən Nadirə ilişmirəm ki, qalmaqal edim. Bundan sonra kim mənə ilişsə, faktla çıxacam qarşılarına. Deyərdim ki, şou-biznesdə səmimiyyət yoxdur. Hamıda paxıllıq baş alıb gedir. Sənətə gələn xanımlar kreditlə maşın sürür, soyunur, hərə özünə bir "krışa" axtarır. Üzdə tərifləyirlər, amma sonra insanın dalınca danışırlar. Nə qədər ikiüzlülük olar?
- Sizcə şou-biznesi kim idarə edir?

- Yalnız reklamlar. Baxın, bir hadisə danışacam. "Altun Saray"da toyda idik. Bəyin qardaşı da yaxın insanlardı mənə. Bacısı soruşdu ki, saat 11-də kim gəlir oxumağa? Dedilər, Elnur. Qardaşı da dedi ki, heç onun səsindən xoşum gəlmir. Yanında duran dostları da cavab verdi ki, neyləyirsən e onun səsini, çölə bax, gör necə maşınla gəlib. İndi sənətə pul verən yoxdur, yalnız maşınlara qiymət verirlər, kim nəylə gəlir-gedir toya.

- Toydan söz düşmüşkən, neçəyə gedirsiniz toylara?

- Əvvəllər 200-300 manata gedirdim. "Toylar kralı"ndan sonra təbii ki, toy qiymətlərimə təsiri oldu. Rayonlara 3000-3500 min manata, şəhərə 2000 manata gedirəm, yarım saatı 500-600 manata gedirəm.

- "Can-cana" mahnısından nə qədər gəlir əldə etdiniz?

- Düzünü deyirəm, "Can-cana" mahnısından indiyə kimi 21000 manat gəlirim olub.

- Nə qədər iradlar oldu. Bu mahnıya görə peşmançılıq hissi keçirmirsiniz ki?

- Heç, qətiyyən peşman olmadım. Hələ iki yeni mahnı bəstələmişəm: "Azərbaycan gözəli", "Canımsan". Bu mahnılarım da "Can-cana" versiyasındadır. Bir də ki, Ayazın oxuduğu "Almalar" mahnısından pisdir? Sözləri varsa, desinlər də. Klipdə də deyir qıza, almalarınla. Niyə bu haqda danışmırlar? "Can-cana" bəyəm pisdi, oyun havasıdı da. Lazım olanda toylarda bəstəkar mahnıları da ifa edirəm. Çünki hansı yeni mahnı çıxırsa, istər-istəməz toylarda sifariş çox olur. Bir dəfə verilişdə Elza Seyidcahan dedi ki, mən heç vaxt "Can-cana"ya nə qulaq asıram, nə də ona oynayıram. Verilişdə iştirak edən bir bəstəkar qayıtdı dedi ki, Elza, sənin mahnılarını kim oxuyur, kim oynayır ki? Özün oxuyursan, özün də oynayırsan. Pərt oldu. Axı "Can-cana"nın nəyi pisdir? "Qanqnamstayl"dan pisdi, onu hamı qəbul edir.

- Toyda başınıza qəribə hadisələr gəlirmi?

- Ansamblın bütün üzvlərinə deyirəm ki, heç vaxt içki içməsinlər, toydan sonra içsinlər. Bir gün toy gedir, zurna çalan da ağsaqqal kişidir. Heç kim də ona heç vaxt heç nə demir. Göz edirəm ki, zurnanı saxla, oxumalıyam axı indi. Bu, öz zurnasını çalmaqdadır. Axır məcburi saxlatdırdım zurnanı. Bu da çıxdı çölə. Çox əsəbiləşmişdim. Zurnanın səsi beynimdə idi. Bildim ki, bu, yenə gəlib başlayacaq belə çalmağa. Zurnanın içinə götürüb tum tökdüm. Gəldi ifa eləməyə, nə qədər etdisə, səs çıxmadı. Dedim, yəqin nəsə olub da, bilmədən üstündə oturmusan. Toy qurtardı. Ev yiyəsi narazılığını bildirdi ki, zurna cəmi bir mahnı ifa elədi. Mən də dedim ki, üzrlü sayın, zurna xarab olub. Sonra bu kişinin zurnasını aldım, içindəkiləri boşaltdım, dedim, bu da sənin zurnan. Dedi, niyə belə elədin? Dedim, bir də içmə. Sənə deyirəm, zurnanı saxla, saxlamadın, mən də belə elədim.

- Gözləriniz nəyi demək istəyir ki, dilinizə gəlmir?

- Bəziləri səviyyəsizlik etməsinlər. Çıxıb efirlərdə mahnım haqqında ağzına gələnləri danışmasınlar. Əgər bir də eşitsəm, ağzımdan çıxan sözləri deyəcəm.

- Nəyi itirməkdən qorxursunuz?

- Səsimi itirməkdən qorxuram. Şükür Allaha, qohum-əqrəbam dəstək olur. İstəyirəm yeni mahnılar yazdırım, efirlərə daha çox çıxım. Baxın, Teymur Əmrah gözəl sənətkardır. Haçan baxırsan "Gecələr bulaq başında" mahnısını oxuyur. Adam yorulur. Eyni mahnını nə qədər oxumaq olar? Yeni albom hazırlayıram, "Azərbaycan gözəli" mahnısına da klip çəkdirəcəm.

- "Toylar kralında" beşinci yer sizə neçəyə başa gəldi? Amma səmimi olun.

- Səmimi deyim ki, dostlar-tanışlar 11000 manatlıq SMS göndərmişdilər. Qismət idi ki, o müsabiqədə iştirak etdim. Beşinci yeri tutdum, yerimdən də məmnunam.

- Şou-biznes əhlini yetərincə tənqid etdiniz. Sizcə bu aləmdə dostluq mümkündürmü?

- Şou biznesdə dostlarım çoxdur. Bu yaxınlarda Rəqsanə mənimlə duet oxumaq istədiyini bildirdi. İndi "Rasiyadadı", gələn kimi yeni mahnımızı yazdıracam. Çox müğənnilərdən dəvət gəlib, duet oxuyum. Duetdə də əsas səs tembrimə uyğun olmağı mənim üçün önəmlidir.

- Bəs hansı müğənniləri dinləyirsiniz?

- Röyanı, Elçin Şipşirini, Abas Bağırovu, Hakan Altunu, Kibariyəni, bir də İbrahim Tatlısəsi.

- İmicinizdə dəyişiklik etmək istəmirsiniz?

- Saçımda dəyişiklik etmişəm. Geyimlərimə də çox fikir verirəm. Əsil kişi kimi görsənmək istəyirəm. Qaldı, bəziləri kimi üzümü dartdırıb, bər-bəzək verə bilmərəm. Mənim nəslim-köküm baxır mənə.

- Bu sənətə gəlmək üçün qışqırmaq lazımdır, dalaşmaq?

- Qabağa getmək üçün səsin olmalıdır. Bəzi yerlərdə də qalmaqal lazımdır ki, reklam olasan. Qışqıranlar da az deyil bu sənətdə. Bir də ki, güclü reklam lazımdır.

- Hər halda, insanlığı öz baxış bucağından hərə bir cür görür. İnsanlıq sizin üçün nədir?

- Allah hamını bir yaradır. Nə olursan ol, heç kimə yuxarıdan aşağı baxmıram. Ruzini verən Allahdır. Həyatda hamının çətinliyi olur. İmkan daxilində hamıya köməklik edirəm. Məsələn, imkanı olmayanlara kömək edirəm. Qocalar evində, uşaq evlərində oluram. Hər yoldan keçən şikəstlərə pul vermirəm. Çünki gözümün şahidi olmuşam ki, yolda axşamdan dilənib, axşam da arxasınca İnfiniti maşın gəlib aparır. Bunların nəyinə pul verim indi? Geyimlərimi də istifadə etməyəndə tanıdığım adamlar var ki, onlara verirəm. Namaz qılmıram, dinlə məşğul olmuram, inamım çox güclüdür. Heç vaxt da haram pul qazanmıram. Haramdan qaçıram.

- Sənət sizi seçdi, siz sənəti?

- Mən əvvəl "Araz"ın dörd nömrəli komandasında futbolçu olmuşam. İdmanı çox sevmişəm, uzun müddət də boksla məşğul olmuşam. Yarışlarda da həmişə qalib gəlmişəm. Bu sənəti özüm seçdim. Valideynlərimin ikisi də dövlət idarələrində çalışır. Sağ olsunlar, hamısı mənə dəstəkdirlər.

- Ən çox nədə yanılmısınız?

- Ürəyimin yumşaqlığından hamıya inanmışam. Elə olub ki, toy yiyəsi məni toyda görüb, deyib ki, gəl beh al, getməmişəm, inanmışam. Səhər görmüşəm ki, sənət yoldaşlarımdan kimsə bu toyu burub. Ürəyimin sirrini açıram, sonra da başa düşürəm ki, səhv etmişəm. Çalışıram ki, bundan sonra heç kimə sirrimi açmayım. Çünki çoxlarının siması mənə bəllidir.

- Bəs nə vaxt yox deməli halda hə demisiniz?

- Yalan söz olanda yox deməli halda hə demişəm.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?

- İlk məhəbbətim həyat yoldaşım olub. Gözümün qarşısında böyüyüb, ailələrimiz dost olub. On bir ildir ailəliyəm. İlk sevgimi də mən bildirdim. İkimiz də bir-birimizi sevmişik. Bir qızım, bir oğlum var. Çox xoşbəxtəm.

- Qısqanc insansınız?

- Məndə də qısqanclıq var, həyat yoldaşımda da. Amma elə olur ki, yatıram, telefonuma zəng gəlirsə, həyat yoldaşım cavab verir. Qaldı facebook və odnoklassnik-də fanatlarım mənə nəsə yazarsa, çalışıram ki, qəlblərini qırmayım.

- Evdəki Anarla həyatdakı Anar nə ilə fərqlənir?

- Toyda, hər yerdə həmişə ciddi oluram. Hamı məni ciddi görür. Amma həmişə evdə deyib-gülürəm.

Müsahibənin əvvəlində qeyd etdim ki, mən şou-biznesdən yazsam da, o aləmin adamı deyiləm. Sadəcə bir jurnalistəm. Jurnalist kimi qeyd etməliyəm ki, obyektivlik naminə yazıda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə və işıqlandırmağa hazıram.

Şəlalə Nəriman

O.M.