Xalq artistinin faciə dolu etirafları!..

Xalq artistinin faciə dolu etirafları!..

1 Fevral 2013 15:57
Bəyəndim (0) Bəyənmədim (0)
Nuriyə Əhmədova: “Həyat yoldaşım qızımın qətlinə dözməyib havalandı, artıq bir ildir onunla ayrı yaşayırıq”

Arzular könüldə yaşadığı kimi, göz yaşları da acı xatirələrdə məskən salır. İnsan özü də həyatı boyu bir mənzildən başqa mənzilə köçür, ta ki son mənzilə kimi. Bu zaman qəlbində yer verdiyi acılı-şirinli xatirələri özü ilə daşıyır. Elə insanlar var ki, qəlblərində məzara gömdükləri insani keyfiyyətlərlə birlikdə özləri də yaşayan ölüyə çevrilirlər. Lakin elələri də var ki, hətta ölümündən sonra da unudulmaz xatirələri ilə qəlblərə köçürlər.

Bugünkü qonağım sənəti ilə ürəklərdə əbədi taxt qurmuş aktrisa Nuriyə Əhmədovadır.

- Özünüz haqda məlumat verərdiniz...

- 1950-ci il dekabrın 26-sı Şüvəlanda anadan olmuşam. Atam Daxili Qoşunlarda hərbçi olub, əmim polkovnik olub. Köklü nəslin qızı olmuşam. Elə-belə ailə olmamışıq. Əhmədovlar ailəsi hər yerdə seçilib. Anam evdar qadın olub. Ailədə üç bacı, iki qardaş olmuşuq. Nəslimizdə musiqiyə həvəsi olanlar da az deyil, konservatoriyada oxuyanlarımız da var. Xalq artistiyəm, prezident təqaüdü alıram. Qırx beş ildir bu sənətdəyəm. Üç övladım var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Mənim anamın çox ağır xasiyyəti olub. Bakı kəndinin adət-ənənələri nə idi, bunu hamı bilir. Anam razı olmayıb ki, mən bu sənət adəmində olum. Mən, əslində, müğənni olmaq istəmişəm, çox gözəl də səsim olub. Hərdən fikirləşirəm ki, anam bilib ağır sənətdi, vaxtında ona görə istəmirdi mən bu sənətdə olum. Qismət elə gətirdi ki, mən institutda oxuya-oxuya Dövlət Musiqi Teatrında işləmişəm. Ali savadlıyam, bir neçə təhsil almışam. Bunu hamı bilir, ilk addımımı Adil İsgəndərov adına Mədəniyyət evindən başlamışam. Uzun müddət Musiqili Komediya Teatrında qarış-qarış bütün bölgələrdə, qastrollarda çıxışım olub. Amma çox heyf.

- Nəyə görə heyfsilənirsiniz?

- Qızım, ona görə heyfsilənirəm ki, 63 yaşım ola-ola indiyə kimi rəfiqələrimin evində, bacılarımın evində, gah da 300-400 manatlıq kirayə evlərdə qalıram. Evimin olmamağı mənim bütün həyatımı darmadağın etdi. Sadəcə mənə çatmır ki, canımı qoymuşam bu sənətdə. Artıq kinolara çox çəkilmirəm. Məndən soruşanda ki, niyə kirayədə qalırsan, dərdim təzələnir. Mən xalq artistiyəm, öləndə məni kimin evindən çıxardacaqlar, bilmirəm. Böyük oğlum evlidi, o da kirayədə qalır. Onun övladları da dünyasını dəyişib. Öz qızım iyirmi bir yaşında rəhmətə gedib. Həyat yoldaşım qızımın qətlinə dözməyib havalandı. Artıq bir ildi ki, onunla ayrı yaşayırıq. Bütün ailəni həmişə mən saxlamışam. İndi yalnız on beş yaşında olan balama görə istəyirəm ki, prezidentim mənə ev versin. Oğlumun gələcəyi məni çox düşündürür ki, mənə bir şey olsa neyləyəcək, balamın əsgərliyi var, institutu var. İnanın, şəkər xəstəsiyəm, zobum var, qara ciyərim xəstədi. Özümü güclə saxlayıram. Min manat pul alıram, onu da kirayələrə tökürəm, bütün günü avtobuslarda gedib-gələndə hamı yaxınlaşır, deyir: "Xalq artistisiniz, niyə bu vəziyyətdə yaşayırsınız?" Görürəm, balam da pis olur. Belə haqsızlıq olmaz. Dəfələrlə prezidentə məktub yazmışam, teleqram vurmuşam. Mənim ərizəm ona çatmır ki, bir xəbər yoxdur. Dərdim böyükdür, yaxşı ki, siz jurnalistlər varsınız, dərdimi kimə danışardım?

- Səbəb nədir ki, diqqət-nəzarətdən uzaq qalıbsınız, ev ala bilmirsiniz?

- Onun günahı məndədi, heç vaxt dinmədim, danışmadım. Amma səbrim tükəndi. Mənim həmişə özüm haqda çəkilişlərim bahalı evlərdə, villalarda olub. Yəqin elə biliblər ki, Nuriyənin evi var, villası var. Amma mənim evim yoxdu, çəkilişlərim həmişə rəfiqələrimin evlərində olub. Şüvəlandakı bacımgilə gedəndə nə qədər yolu piyada addımlamalı oluram. Axı mən də istəyirəm rahatlığım olsun. Ailə qurub qohum evində yaşamışam. Dörd-beş ildən sonra kirayələrdə qalmağa başlamışam. Ta bu günə kimi.

- Bildiyimə görə, həyat yoldaşınızdan məhz bu səbəbdən ayrılmısınız...

- Bəli, gizlətmirəm. Canım xəstədir, ailəm darmadağın oldu. Qızım dünyasını dəyişəndən sonra həyat yoldaşım qəribə oldu, elə bil havalandı. Oğlanlarıma, həyat yoldaşıma tək canımla baxa bilmirdim. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayıram. O, öz yaxınları ilə birgə yaşayır, mən də ki öz balaca oğlumla. Hazırda kirayədə yaşayıram, səhhətim pisdir. Özüm ayrıldım yoldaşımdan, onun həyat tərzi ilə artıq uyğunlaşa bilmirdim. Bu boyda yükü qaldıra bilmirəm. Həyat yoldaşımdan da qəlbim çox qırılıb. Düzdü, rəsmi boşanmamışıq, amma mən ondan uzaq qaçıram. Bəziləri kimi yalan danışmıram. Allahıma inanıram, bəziləri kimi yalan demirəm ki, namaz qılıram. Günahım varsa, onu da Allah bilər. Ailəmi saxlamağa gücüm çatmadı. Kim deyir ki, məhəbbət, sevgi var, mən inanmıram. Bütün bu ağrı-acılara dözə bilmirəm. Rəhmətlik Heydər Əliyev həmişə mənim sənətimə qiymət verib, hətta İlham Əliyev də. İnanıram ki, dövlət rəhbərimiz gec-tez biləcək mənim bu yaşam tərzimi, bir tədbir görəcəklər. Əgər evim olsaydı, ailəm dağılmazdı, hamı bir arada olardı. Bir də ki, həyat yoldaşım məni döyməsə də, təhqirlərinə dözə bilmədim, ayrılıq addımını mən atdım. Tək düşüncəm övladlarımdır.

- Uşaqlıq xatirələrinizdən danışardınız...

- Çox tərbiyəli uşaq olmuşam. İnanın, necə böyüdüm, heç özüm də bilmədim, bir də gördüm ki, institutda oxuyuram. Evdə böyük olduğuma görə bütün ailənin qayğıları mənim üstümdə olub. Məktəb illərində də bütün tədbirlərdə çıxış eləmişəm. Mədəniyyət saraylarında çıxışlarım olurdu. Qismətdən artıq yemək olmaz, sənətimi çox sevdim.

- Gənclik illəriniz necə keçib?

- Ən yaxşı günlərim tələbəlik illərində olub. Qayğısız anlarım idi, mən oxuya-oxuya işləyirdim. Teatrla qastrollara gedirdim. İyirmi beş yaşında ailə qurdum.

- Maddiyyat sizin üçün nə qədər önəmlidir?

- Mənim fikrimcə, pul mütləq olmalıdır. Əvvəllər biz qastrollarda olanda işimizdən zövq almışıq, heç vaxt pul haqda fikirləşməmişik. Çalışmışam ki, tamaşaçıları zövqlə ələ alım. Pulum da olanda hamıya əl tutmuşam. Fikirləşmişəm ki, bu gün bu mənimdisə, qoy mənim yaxınlarımın da olsun. Amma indiki səhnəyə gələnlər yalnız pul haqqında düşünürlər. Əvvəllər bir "mən ölümə" istədiyin müğənni-aktyor gəlib sənin toyunda iştirak edirdi. Amma indi bəzilərinə bir söz deyəndə həmin an maddiyyatı fikirləşir, bizim dövrdə belə şeylər olmayıb.

- Bir çox filmlərdə maraqlı obrazlar yaratmısınız. Sizcə ən çox hansı obraz tamaşaçıların xoşuna gəlib?

- Bütün tamaşalarım yadda qalıb. Amma "Bəxt üzüyü"ndəki epizodik obrazım çox maraqla qarşılanıb. "Bala, başa bəla" tamaşasındakı obrazım da yaddaşlarda qalıb. Xalqım təbiiliyi xoşlayır. Hərdən reklam epizodlarına çəkilsəm də, kütlə tərəfindən sevilə-sevilə qarşılanır. Səhər məni görənlər deyir: "Ləzzət elədi, baxdıq". Bu mənə də xoşdu. İnanın ki, bir tamaşaya, yaxud kinoya əsəblərimizi, hisslərimizi, canımızı qoyuruq. Mən hər yerdə deyirəm: "Yaşasın Azərbaycan xalqı, dövləti! Mən dövlətimi, torpağımı, bayrağımı sevirəm".

- Belə deyirlər ki, aktrisa olmaq üçün aktrisa doğulmaq lazımdır...

- İndiki vaxtda bu deyimə ehtiyac var. Allah bilir kim hansı yolla gəlir sənətə. Şəxsən mən müğənni olmaq istədim, qismət elə gətirdi ki, aktrisa oldum. Hazırda kinolara çox çəkilirəm. Dəvətlər olanda da seçim edirəm və qonorar olaraq min manat tələb edirəm. Hər şeyə dözürsən, amma qəlbən acı-acı gülürsən. Əvvəllər çox göz yumdum ki, ev verərlər. Mədəniyyət və Turizm Naziri Əbulfəz Qarayevə müraciət etmişəm. Deyir, gözlə. İnanın, xəstəliyimə görə efirlərə elə də çıxmıram, həkim icazə vermir. Sənətdən uzaq oluram ki, balamı yerbəyer edim.

- Nuriyə xanım, gənc qız olanda ailə barədə nə kimi xəyallar qurmuşdunuz?

- Heç vaxt düşünməmişəm ki, ailə qurum, yaxud xəyal qurum. Mənim həyat yoldaşım Musiqili Komediya Teatrında vokalist olub. Orada tanış olmuşuq. Arxamca düşüb, nişanlanmışıq. Adət-ənənə ilə toyumuz olub. Amma çox peşmanam ki, nahaq ailə qurdum. Gərək heç vaxt ailə qurmazdım. Sənətlə ailə bir yerdə çətin olur. Axırı da belə, ailəm gec-tez dağıldı.

- İmicinizdə niyə heç vaxt dəyişiklik etmirsiniz?

- Çünki öz imicim çox xoşuma gəlir. Lazım olanda kinoda dəyişilir, cürbəcür obrazlarda oluruq. Bunu ilk dəfə sizə deyirəm. 1969-cu ildə birinci "trapes" şalvarı mən geyinmişəm. 1970-ci illərdə Moskvadan Bakıya gəlib həmin şalvar. Hamı qəribə baxırdı, "trapes" şalvar geyinən deyəndə ilk gözlərinin qarşısına mən gəlirdim. Çalışıram köhnəlməyim. Gimnastikaya gedirəm, lazım olanda ac qalıram.

- Niyə əzazil qayınana kimi məhz "Cənnət xala"nı misal gətirirlər?

- Rəhmətlik Nəsibə xanım həmişə danışırdı ki, o rolu oynayanda anasını gözünün qarşısına gətirib. Çünki həmin "Cənnət" obrazının xasiyyətləri onun anasında olub. Mənim anam da elə ana olub, əzazil. Bəzi qadınlar pis qayınana olur, bəziləri övladlarının evini yıxır. XXI əsrdir, amma indi də qayınana, ana, gəlin, hamısı qarışıb bir-birinə. Bilmirsən kim hansıdır.

- Sizin üçün ürəkdə yara, gözlərdə kədər nə deməkdir?

- Əvvəllər hər şərait var idi, ətrafda hər şey gözəl idi, üzün gülürdü. Gərək bu sənətdə arsız olasan. Mən heç vaxt biganə olmamışam. Göz yaşlarımı qurban verə-verə gəlirəm də. Çəkildiyim filmlərdə büruzə verilməsə də, on beş ildi ürəyim qan ağlayır.

- Xanım kimi xoşbəxt oldunuz, yoxsa aktrisa kimi?

- Xanım kimi xoşbəxt olmadım. Xoşbəxtlik anı heç vaxt tam olmur. İstəsən də, istəməsən də, bir üzün gülür, bir üzün ağlayır. Hazırda çəkildiyim filmlərin premyerası olacaq. Mənim yaşamağıma balamdan sonra sənətim səbəb oldu. Bəlkə də nəzərə gəldik? Taleyin oyunlarıdı ki, hələ də mən evsiz-eşiksiz yaşayıram.

- Siz bu sənətin qədrini bildiyiniz kimi o da sizin qədrinizi bildimi?

- Əzab-əziyyətim böyük oldu. Teatrdan kinoya keçdim. İndi əsil sənətkarlar yoxdu. Elə bil onların yerlərini dolduran yoxdur. Teatrda bir də görürsən ki, elələri rol oynayır, biabırçılıqdır, nə deyəsən. Belə getsə, teatrda teatrlıq qalmayacaq. Amma kinoda yüksək irəliləyiş var. Görürsən ki, hamı çalışır, dəvətlər çox olur. Hər gün də yeni seriallar qoyulur. Hazırda muğama da yüksək qiymət verilir.

- Artistlik real həyatda köməyinizə çoxmu gəlib?

- Heç bacarmamışam. İnanın, eləsəm də, bacarığım olmaz, alınmaz.

- Öz həyatınızı səhnələşdirmək istərdinizmi?

- İnanın, elə aktyor, aktrisalarımızın var ki, başına gələnləri səhnələşdirmək istəsələr, heç ssenarilərə ehtiyac qalmaz. Mən həmişə deyirəm, bundan sonra belə getməz. Heç bir Azərbaycan qızı çəkilməyəcək, qaçacaq, gəlməyəcək bu sənətə. Baxırsan da gəlirlər, çəkiliş vaxtı bir də görürsən deyir, bacarmıram. İmtina edib gedir. Evli də, subay da, boşanmış da dolanmaq istəyir, hərə özünü bir yerə vurur ki, çörəkpulu qazansın. Artıq baxıb görürəm ki, aktyor, aktrisalar azdır. Niyə? Bizim sənətimiz çox çətindir.

- Həyatda nəyiniz çatışmır?

- Balamın yoxluğu, bir də ki, ev istəyirəm dövlətimdən.

- Niyə sənətkarlar çox vaxt bədbin olur və ağlamaq üçün bəhanə axtarır?

- Mən bədbin deyiləm, bu hissdən uzağam. Hər sahədə bədbinlik var. Nikbin insanam ki, yaşayıram. Rəhmətlik anam həmişə deyərdi ki, bədbinlik gətirmə. Anamın sözüdü, həmişə qulaqlarımdadı onun səsi.

- Həyatınızın hansı anında sınmısınız?

- Heç vaxt sınmamışam, mənim iradəm böyükdür. İnanın, nədən ki qorxdum, hamısı başıma gəldi. Mübarizə aparmağı bacarıram.

- Bu gün sizin nəslin rəhmət oxuduğu dahi rejissorlar var. Sizcə sabahkı nəsil bu baxımdan korluq çəkməyəcək ki?

- Elə nəsildən qalan var ki, görürsən babasının yolunu davam etdirir. Bir az sevinirsən ki, yox, ardı gəlir. Əgər belə davam etməsə, bu hal qorxuzdurar məni. Baxırsan, aktyor yoxdur, teatrda rəqslər ölüb. Əminliklə deyirəm ki, qorxuram nəsil azalar.

- Bilirəm ki, bir anaya çətindir övladının yoxluğundan danışmaq. Necə oldu ki, bu hadisə gəldi başınıza?

- (Kövrəlir) Bir anlıq oldu. Evdən çölə çıxdı. Çığırtısını eşitdim. Ana, - dedi, üstümə gəldi. İnanın, necə qışqırdısa, səsi tutuldu. Təcili yardım maşını onu aparanda yanında gedənlər olub. Qızım yolda deyib ki, havam çatmır. Xəstəxanaya çatdırılan kimi istəyiblər narkoz vurub əməliyyat etsinlər, balam canını tapşırıb. Biz qapının ağzında durmuşduq. Həkimlər çıxıb dedilər ki, yaxşı olacaq, narahat olmayın. Mən də o an fikirləşirdim ki, balam çox qan itirib, ona hansı "sokları" düzəldib verim ki, qanı yerinə gəlsin. Sən demə, o, artıq həyatda yox imiş. Kim nə rəy verdi, xəbərim olmadı. Morqdan da uşağımı vermirdilər. Mənim canım, qardaşım Qorxmaz Əlili bu işdə mənə çox kömək oldu. Balamı çətinliklə də olsa, morqdan götürüb mənə təhvil verdi. Əvvəl deyiblər, məhkəməlik məsələdir, verə bilmərik. Sonra Qorxmaz Əlili nə deyib-deməyib, alıb balamı gətirib. Balamı öz həyat yoldaşı öldürdü. Niyə öldürdü, necə öldürdü, hələ də bilmirəm. On beş il iş veriblər, bu il çıxır həbsxanadan. Onun ürəyi yansın, mənim gəlinlik balamın günahı yox idi. Sən demə, əclaf ruhi xəstə olub, bilməmişik, ürəyini bıçaqla oymuşdu. Mənim üçün çətindi bu barədə danışmaq. Əvvəllər taksi tutub qəbrinin üstünə gedirdim. Sonra dedilər ki, havalanacaqsan. Dostum, qardaşım Qorxmaz yanıma gəldi, mənə etirazını bildirdi. "Müalicə alacaqsan, sənin üçün psixoloq danışmışam" dedi. Çox kömək oldu. Allah ona və ailəsinə can sağlığı versin. Balamın toyunu da təmənnasız özü etdirmişdi, hüzrünü də o götürdü. Həyat yoldaşı ilə Qorxmaz, bir də yaxınlarım olmasaydı, bəlkə də mən dəli olmuşdum. Allah mərdimazarın belini qırsın. Qızımla yoldaşı bir-birlərini sevirdilər, mənə çatmır ki, qısqanclıq zəminində oldu, necə oldu, özü də gedib təslim oldu. Gəlib müstəntiq izahatı mənə oxuyanda dedim ki, çıx get burdan, mənim övladımı qurtaracaqsınız?! Mənə izahatda nə rəy yazılıb, maraqlı deyil. Balamı istəyirəm. Müstəntiq bildirdi ki, çox təəssüf ki, balanı qaytara bilməyəcəyik. Cavan itki pisdir, heç düşmənimə də arzu etmirəm. Yaram heç vaxt sağalmayacaq. Həyatda mənə yaxın olanları bir-bir itirdim. 6 rəqəmindən həmişə ehtiyat etmişəm. Mənə tək rəqəm düşür. 26-sı ad günümdür, yanvarın 6-sı qızımın, mayın 16-sı torpağa gedib. 6-cı günü - şənbə günləri çox gərgin oluram. Özümdən asılı deyil.

Hamıya sağ ol deyirəm, minnətdaram məni tək qoymayan sənət yoldaşlarıma. Söz-söhbətlər həmişə var, olacaq da. Kim necə yozur, yozsun. Qarğış etmirəm. Demirəm ki, başına gəlsin. Ar olsun deyirəm. Uşağa ana, anaya uşaq lazımdır. Qızımın cümələrində gedib filmə çəkilirdim. Həmin filmin faciələri elə bil mənim üçün yazılıb. Təsəvvür edin, cümədə ağlaya bilməsəm də, kinoda necə ağlayırdım. Bütün kənd yığılırdı. Elə bil mənim həyatımın faciəsidir. Övlad itkisini analar udurlar, atalar yaşaya bilmirlər, məhv olub gedirlər. Həyatın qanunu belədir. Qadın iradəli, dözümlüdür. İçindəkini - çəkdiyini çəkir.

- Həyatınızda üç nöqtə qoyulan məqamlar olub?

- Qoy sual qapalı qalsın.

- Sənətdəki uğurlarınıza görə kimə minnətdarsınız?

- Sənətdəki uğurlarıma görə Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov, Bəstəkar Tofiq Bakıxanova minnətdaram.

Deyirlər, ölüm haqdır. Lakin o da həqiqətdir ki, Haqq ölüm deyil. Haqqı tanımaq üçün yaşamaq, insani keyfiyyətləri, həyat sənətinin incəliklərini yaşatmaq lazımdır. Çünki bu sənət Onun təmənnasız olaraq bizlərə bəxş etdiyi, nəsildən-nəslə ötürməli olduğumuz insanlıq sənətidir.

Şəlalə kənarında görüşənədək...

Şəlalə Nəriman

O.M.