İşdə özümü Ceyhun kimi hiss etmirəm

İşdə özümü Ceyhun kimi hiss etmirəm

2 May 2011 14:31
Bəyəndim (0) Bəyənmədim (0)
Dostunun az olduğunu deyən, düşməninin sayını bilməyən qonağımız...


Bəzi insanlar var ki, hər gün qonağınız olur. Lakin biz onları tanımırıq. Heç onlar da bizi tanımırlar. Nə qədər qəribə səslənsə də, həyatımızın müəyyən anlarını birlikdə keçiririk. Onlardan biri ilə bu gün sizləri tanış eləməyə çalışacağam. Bugünkü qonağım hər gün bəlli saatlarda sizlərin də qonağı olan Ceyhun Səfərovdur. Həmsöhbətimin xəbər spikeri olduğunu nəzərə alaraq, ona verdiyim sualları ardıcıllıqla sıralayıb nömrələdim. 16 sualdan ibarət mini müsahibəmdə bundan qat-qat çox mənalar verən cavablar aldım.

1. Necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?


Bu bir təsadüf idi. Mən ixtisasca tamamilə başqa sənətin sahibiyəm. Biologiya elmi üzrə hazırda dissertasiya işi üzərində çalışıram. Amma "İnternyus-Azərbaycan" təşkilatında mənim diktor ola biləcəyimi təsadüfdən aşkarladılar və mütəmadi kurslara göndərilməyim, tanınmış televiziya simaları ilə sıx əlaqələrimin yaranması bütün təsadüfləri sonradan gerçəkliyə yönləndirdi.

2. ATV-yə sizi təsadüf gətirdi, yoxsa öz istəyiniz?


Mən ATV-də fəaliyyətə hələ 2003-cü ildən - bölgə bürosundan başlamışam. Bir qədər öncə adını qeyd etdiyim təşkilatın xətti ilə Qərb bölgəsində işləyirdim. Paralel olaraq Gəncəbasar zonası üzrə ATV üçün çəkilişlər həyata keçirirdim. Lakin sonradan Gəncəni tərk edib Bakıya gələrkən ümumiyyətlə bu sahədə çalışmayacağıma söz vermişdim. Nədənsə fikrimdən döndərməyi bacardılar və bu gün artıq ATV-dəyəm. Xəbərlər departamentinin redaktor-aparıcısıyam.

3. Sizcə şou, yoxsa xəbər aparıcısı olmaq çətindir?


Düzünü desəm, bunu ilk dəfə etiraf edirəm. Bir neçə ay öncə şou aparıcısı olmaq istədim. Özümü sınamaq qərarına da gəlmişdim. Amma sonradan fikrimdən daşındım. Ona görə yox ki, o sahə çox çətindir. Xeyr, şounu mən başqa cür təsəvvür edirəm. O modeli isə mənə elə gəlir ki, yaxın 5 il ərzində Azərbaycan teleməkanında görmək hələ tezdir. Hələlik xəbər aparıcısı olmaq yetərlidir. Çünki bu mənim üçün əzizdir. Əziz olan bir şey inanmıram ki, çətinlik yaratsın. Təki sənə çətinlik yaratmasınlar, yaradıcılığınla mükəmməl məşğul olub nəyi bacarırsansa, nümayiş etdirə biləsən. Xəbər istehsalında çoxları elə düşünə bilər ki, yaradıcılıq niyə və nəyə lazımdır? Əksinə, bu, gündəlik fərdi inkişafın nəticəsi kimi özünü göstərən bir faktordur.

4. Reytinq əsasdır, yoxsa verilişin səviyyəsi?


Reytinq sözü əslində son 1-2 ilin dəbidir. Əvvəllər belə şeylərə rast gəlməzdim. Mən bunların heç birini qəbul etmirəm. Reytinqi televiziyalar üçün baxımlılıq sözü ilə əvəzləyərdim. Səviyyəni isə insanlara aid etmək daha düzgün olardı. Amma görünür, indi elə bir vəziyyət yaranıb ki, televiziyalar üçün də səviyyədən danışırıq. Hətta bəzən "nə səviyyəsiz" verilişdir ifadəsini işlədirik. İstəməzdim teleməkanda, intellektin yer ala biləcəyi, ailəmizin ekranla sərhədlənən tərəfində belə acınacaqlı sözlərə tuş gələ biləcək verilişlər peyda olsun.

5. Xəbər aparıcısı olmaq üçün nələri bilmək vacibdir?


Hər şeydən öncə tamaşaçını öz yanında - studiyada hiss etmək. Artıq-əksik hərəkətlər edib, arada tamaşaçının gözünü deşirmiş kimi jestlərdən uzaq olmaq, bəzən də həddən artıq yerindən oynaqlıq nümayiş etdirməklə tamaşaçını ürkütməmək, onunla həmsöhbət olmaq və nəhayət, elə ekrandan çıxıb hər bir evdə səni izləyən şəxsin yanında olmağı bacarmaq. Birdən elə bilərsiniz bunlar məndə də var, xeyr, mən qismət olub sonacan xəbər aparıcısı olsam, bunları tam mükəmməl formada yəqin ki, 8-10 ildən sonra reallaşdıra bilərəm. Necə olmasa, xəbər aparıcısının yaşının bişmiş mərhələdə olması həmin televiziyanın simasını tənzimləyir.

6. İş yerinizi dəyişmək istəmirsinizmi?


Bu suala çox dərindən cavab vermək istəməzdim. Sadəcə onu deyim ki, xoşbəxt o insandır ki, işlədiyi yeri sevir və ora hər gün sevib sevilməklə gəlir. Hamıya bunu arzulayıram.

7. Xəbər aparıcısı olmağın ən üstün və pis cəhəti...


Üstünlüyü ondadır ki, sən başqalarından fərqli olaraq hər gün məlumatlı bir insan olursan. Natiq kimi formalaşırsan. Həyatın damarını tutmaq, istənilən bir məclisdə söz sahibi olub, ağıllı fikirlər səsləndirmək, ziyalı görkəmində püxtələşmək - bütün bunlar xəbər aparıcısı kimi düzgün formalaşmağın nəticəsidir. Pis cəhəti isə odur ki, elə həddən artıq da məlumat yükünün altına girməyə məcbursan. Mən bunu "informasiya ağırlığı sindromu" adlandırardım.

8. Boş vaxtlarınızda nə edirsiniz?


Mənim axırıncı dəfə nə vaxt boş vaxtım olub, xatırlaya bilmirəm. Amma olanda da onu imkan daxilində ailəmə - həyat yoldaşıma və bir də balaca qızıma sərf etmək mənə xoş gəlir. Mənən varlanıram.

9. Siz sadiqsiniz, yoxsa sizə sadiqdirlər?


Mən sadiq olub, sadiqliyimə qoyduğum hörməti qarşılıqlı hiss etməyəndə özümü çox pis hiss edirəm. Hər an sadiq olmağı bacaran insanam. Amma mənim bu cür keyfiyyətimi dəyərləndirməyənlər çoxdur. Qeyri-sadiqlər əfsuslar olsun ki, var. Bu da görünür, lazımdır. Əks halda öz sədaqətliliyimi duya da bilməzdim. Ona görə də artıq bir neçə ildir ki, mən işdə özümü Ceyhun kimi hiss etmirəm. Mən işdə olarkən Ceyhun Səfərovam. Evə gələndə yenidən Ceyhun oluram.

10. Demək, ailəlisiniz...


İki il olacaq ki, ailə qurmuşam. Gözəl həyat yoldaşım var. Həkimdir. Ailəmizdə 8 aylıq bir qızım - Səlma Səfər böyüyür. Bütün subay xanım və bəy həmkarlarıma ailə səadəti arzulayıram.

11. Sizi tanıyırlar?


Tanıyan da olur, tanımayan da. Mənim üçün o qədər də bu amil vacib deyil. Bəzən ümumiyyətlə tanınmağımı istəməmişəm.

12. Doğrudanmı qız qalar, qızıla dönər?


Qızlar zərif varlıqlardır. Onlar qalıb-qalmamaqlarından asılı olmayaraq, onsuz da qızıldır. Fərqlilik ondadır ki, ailə quranda öz parlaqlıqlarını sevgililərinə də saça bilirlər.

13. Qadınlarda bəyənmədiyiniz 5 cəhət?


Bir az çətin sualdır. Ümumiyyətlə, qadınlarda çatışmayan nəyinsə olub-olmadığını oturub özümə analiz etməmişəm.

14. Sizə xanım tamaşaçılardan sevgi elan edən olub?


Bu, normal bir şeydir. Ekranın o tərəfində, hələ xasiyyətinə bələd olmadığı bir aparıcı kiməsə xoş gələ bilər. Amma mən buna meylli olanlar üçün belə hissləri gəlib-gedər kimi qəbul edirəm.

15. Hansı yeməkləri sevmirsiniz?


Düzünü desəm, yemək sevməmək mənim xarakterimə uyğun deyil. Ola bilməz ki, nə isə mənə hazırlayıb versinlər və onu sevməyim. Yeyimcil adamam. Bircə həyatım boyu zeytun yeməyə çalışmışam, amma yeyə bilməmişəm. Bu, məni çox narahat edir.

16. Dostunuz, yoxsa düşməniniz çoxdur?


Dostlarım var. Çox az. Mənə görə yetərlidir. Həyatda bəzi insanlara öz dostluq sertifikatımı bəzən ölçüb-biçmədən təqdim etmişəm. Sonradan da ona xitam verməyə məcbur olmuşam. Həmin insanlara his etdirməmişəm ki, mən onları çoxdan dostluq siyahımdan silmişəm. O ki qaldı düşmənlərə, onların heç biri mənə deməyib ki, mən sənin düşməninəm. Ona görə də saylarını dəqiqləşdirməyə çətinlik çəkirəm. Çox sağ olun, deyəsən, lap ürəyimi boşaltdım!


Bu ana qədər televiziya ekranının soyuq şüşəsi sizi ondan ayırırdı. Lakin biz bu virtual sərhədi götürərək, sizləri görüşdürdük. Həmişəkindən fərqli olaraq, bu dəfə siz onun mənəvi dünyasının qonağı oldunuz.

Günel Əliqızı

O.M.