“Bu halda Rusiyanın bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə deməyə sözü...”

“Bu halda Rusiyanın bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə deməyə sözü...”

20 İyun 11:33
93
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir…”

“Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən kollektiv Qərbin yanında olmalıdır…”

Hazırda Azərbaycanda əksəriyyət belə düşünür ki, Putin rejiminin Ukraynada bütün parametrlərdə qəti məğlubiyyətə düçar olacağı halda rəsmi Bakının Qarabağ, Şərqi Zəngəzur və Qərbi Zəngəzurdakı yarımçıq işlərini qısa bir zamanda tamamlamaq fürsəti yaranacaq. Digər tərəfdən, Qərbin, xüsusilə də, mütəmadi olaraq “ermənilərə status” və s. tələb edən ABŞ və Fransanın ikibaşlı mövqeyi narahatçılıq yaradır…

Oxuməni.az Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbərin Moderator.az-a müsahibəsini oxucularına təqdim edir:

-Sülhəddin bəy, Allah eləməmiş, Rusiya Ukraynada, müvəqqəti də olsa, qalib gəlsə, Azərbaycan 44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı hesabına qazandıqlarımızı itirmək təhlükəsiyilə üz-üzə qala bilməz ki?

-Əvvəla, mən inanıram ki, öncə dediyim kimi, mövcud və strateji resursları Rusiyanınkından yetərincə böyük olan kollektiv Qərb Ukraynanın bu ədalətsiz savaşda məğlub olmasına imkan verməyəcək. Yalnız ona görə yox ki, Rusiya Yeni Dünya Düzəninə qarşı çıxır, beynəlxalq hüquqa meydan oxuyur. Həm də ona görə ki, əgər Moskva bu savaşda, dediyiniz kimi, qalib çıxacaqsa, bu Çini də Tayvana təcavüzə həvəsləndirəcək. Və əgər Ukrayna müharibəsi Avropa təhlükəsizlik sistemini birbaşa təhdid edirsə, Çinin Tayvanı işğal etməyə girişməsi də Hind-Pasifik zonasında təhlükəsizliyi təhdid edəcək. ABŞ-ın da qlobal liderlik iddiasını nəzərə alsaq, həm Avroatlantik, həm də Hind-Pasifik zonasında təhlükəsizliyin təhdid olunması Vaşinqton üçün yolverilməzdir. Ona görə də mən düşünmürəm ki, ABŞ, xüsusən də anqlosaksonlar, yəni Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya da Rusiyanın qalib gəlməsinə imkan versin. Burada yeganə incə bir nüans ondan ibarətdir ki, necə edək, Rusiya çıxılmaz vəziyyətə düşərək operativ taktiki və ya taktiki nüvə başlıqlarından istifadə etməsin. Hazırda kollektiv Qərbin strateqlərinin, o cümlədən anqlosaksonların baş sındırdığı əsas məsələ budur. Ona görə də biz Ukraynanın qələbəsini istədiyimiz tezlikdə görməyə bilərik. Yəni bu uzadılma məqsədyönlüdür və burada o strateji məqam nəzərə alınır ki, Ukrayna ildırım sürəti ilə qalib gələrsə, bu, Putin Rusiyasını birdən-birə çıxılmaz vəziyyətə sala və özünü çıxılmaz durumda hiss edən Putin də belə bir addıma yol verə bilər. Başqa problemlər də var. Bu baxımdan hesab edirəm ki, bir qədər zamana yayılan bir müharibə olacaq. Amma çox uzun müddət çəkəcəyini də güman etmirəm. Ciddi ekspertlərin hesablamalarına görə, Ukrayna savaşının bitəcəyi ən yaxın tarix bu ilin oktyabr-noyabr ayları ola bilər. Ən geci isə il yarımdan sonra, yəni 2024-cü ilin yanvarınadək hesablanır. Bütövlükdə isə məsələnin 2024-cü ilin sonunadək bitəcəyi proqnozlaşdırılır. Düşünürəm ki, qarşıdakı il yarım həlledicidir və biz hər üç varianta hazır olmalıyıq... Və Ukrayna savaşının sonucunda Rusiya elə bir duruma düşəcək ki, bizim Qarabağda məsələni tam və qəti şəkildə həll etməyimizə qarşı çıxmaq gücündə olmayacaq. Və biz o məqamı tutmalıyıq...

-Yəni hesab edirsiz ki, bu halda Rusiya, ümumiyyətlə, “sülhməramlı” adlanan kontingentini torpaqlarımızdan çıxarmağa məcbur olacaq?

-Əlimizdə olan son məlumatlara görə, Ukraynaya təcavüzə başlayandan sonra Rusiya artıq Qarabağdakı kontingentinin bir hissəsini oradan çıxarıb...

-Bu dəqiq məlumatdır, sizcə? Axı deyilənə görə, sadəcə, Ermənistandakı 104-cü bazadan çağırışçıları Qarabağa gətirib buradakı peşəkar hərbçiləri Ukraynaya aparırlar?

-Düzdü, bu şəkildə rotasiya da var. Amma bilirsiz, razılaşmaya görə, Laçın dəhlizində və Yuxarı Qarabağda Rusiyanın cəmi 1960 nəfər hərbçisi olmalıydı. Amma bilirik ki, Ukraynada savaş başlananadək Azərbaycanın həmin ərazilərində deyiləndən qat-qat artıq qüvvə yerləşdirilib. Ona görə də Rusiya torpaqlarımızdakı qüvvələrindən nə qədər çıxarsa da, yenə orada qalan həbçilərin sayı 1960-dan çox olur...

-Tutaq ki, Rusiya Ukraynada uduzdu və tamamilə Qarabağdan – Azərbaycan ərazilərindən uzaqlaşdı, əlini çəkdi, Qərb, xüsusilə də, ABŞ və Fransanın “ermənilərə status” və s. tələb edən hazırkı ikibaşlı mövqelərini nəzərə alsaq, məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllinə dərhal imkan yaradacaqmı, yoxsa məsələnin yenə uzanma ehtimalı var?

-Məhz bu baxımdan bir daha təkrar edirəm ki, Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir. Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən kollektiv Qərbin yanında olmalıdır. Qardaş Türkiyə haradadırsa, biz də orada olmalıyıq. Çünki təhlillər göstərir ki, rəsmi Bakının düzgün seçim edəcəyi və proseslərin deyilən məcrada inkişaf edəcəyi halda elə bir an gələcək ki, Rusiyanın Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq... Və bizim də zamanımız çox az olacaq və məsələni ildırım sürətiylə həll etməli olacağıq. Fikrimcə, həmin situasiyada 72-96 saat, başqa sözlə 3-4 sutka ərzində biz Qarabağdakı yarımçıq işlərimizi həll edə biləcəyik...

-Yəni Rusiya Güney Qafqazdan, xüsusən Qarabağdan əlini üzəndən sonra çox güman ki, Ermənistan artıq Qərbə, ABŞ-a geostrateji baxımdan o qədər də gərək olmayacaq...

-Hazırda bir çox konkret suala cavab vermək bir qədər erkəndir. Nəyə görə? Əgər Yeni Dünya Nizamı quruculuğunda Amerika ilə anqlosakslar birgə hərəkət edəcəklərsə, bu, hadisələrin inkişafının bir variantı olacaq. Böyük Britaniya və ABŞ fərqli yollar seçəcəksə, bu da başqa bir variant kimi qarşıya çıxacaq. Hər halda biz bu günə baxsaq, rəsmi Bakının həm Londonla, həm Təl-Əvivlə yüksək səviyyəli əlaqələri var. Bu da bizə imkan verir ki, nisbətən soyuq münasibətlərimiz olan Birləşmiş Ştatlarla hər iki yöndən iş aparaq. Üstəlik, bilirsiz ki, bu saat Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də hərbi müstəvidə intensiv dialoq gedir. Bu da müsbət bir haldır. Digər tərəfdən isə Təl-Əvivlə Ankara arasında da bir sıra sahələr üzrə intensiv dialoq aparılır. Bu baxımdan düşünürəm ki, istər London “qlobal Britaniya” şüarıyla fərqli hərəkət etsin, istərsə də ABŞ-la birgə, Avropa Birliyi ilə də münasibətlərimizin bugünkü səviyyəsini nəzərə alsaq, mənə elə gəlir ki, biz strateji seçimimizi düzgün edəriksə, bir daha təkrar edirəm, Rusiyanın həmin anda Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq...