“Ermənilər Rusiyanın əli ilə nəsə etməi düşünürlər” - “İndi İrəvanda başlanan aksiyalar əslində, sülh prosesini pozmağa xidmət edir”

“Ermənilər Rusiyanın əli ilə nəsə etməi düşünürlər” - “İndi İrəvanda başlanan aksiyalar əslində, sülh prosesini pozmağa xidmət edir”

10 May 12:51
99
Bəyəndim (0) Bəyənmədim (0)

Mehman Əliyev: “Ermənistan tərəfi sıxıntıdadır...Ancaq Ermənistanda nə hakimiyyət, nə də müxalifət indiki status-kvo əsasında sülh sazişində maraqlı deyil”

Mayın əvvəllərindən başlayaraq, Ermənistanda müxalif revanşist siyasi qüvvələr xeyli fəallaşıb. Paytaxt İrəvanda keçirilən aksiyalarda Baş nazir Nikol Paşinyanın istefası, Azərbaycan və Türkiyə ilə danışıqlar prosesinə yenidən baxılması tələb olunur. Bu mitinqlərin Brüssel danışıqlarından və Paşinyanın Moskva səfərindən sonra başlaması isə təsadüfə oxşamır.

Oxuməni.az “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevin “AzPolitika.info”ya müsahibəsini oxucularına təqdim edir:

- Mehman bəy, günlərdir ki, İrəvanda müxalifətin etiraz aksiyaları davam edir. Həmin aksiyalarda Baş nazir Nikol Paşinyanı “Qarabağı satmaqda” ittiham edirlər. Bu prosesin Azərbaycan-Ermənistan danışıqları kontekstində və Paşinyanın Moskva səfərindən sonra baş verməsi diqqət çəkir. Bütün bunları nəzərə alaraq, İrəvanda gedən prosesləri necə qiymətləndirirsiniz?

- Birincisi, nəzərə almaq lazımdır ki, bütövlükdə Ermənistan elitası Qarabağ məsələsinin operativ həllində maraqlı deyil, vaxtı uzatmaq onlar üçün daha çox maraq kəsb edir. Digər tərəfdən, elita daxilində praqmatik şəxslər var və onların yanaşması belədir ki, biz bunu istəmirik, amma buna getmək lazımdır. Üstəlik bizi Avropa Birliyi də, ABŞ da, Rusiya da sıxır. Rusiyanın elə də maraqlı olduğunu deməzdim, amma Moskva da bu məsələnin həll edilməsinə razı kimi görünür. Ruslar da erməni hökumətini sülhə dəvət edir, hökumət ilk baxışdan buna razılaşır, amma müxalifət və ya xalqın müəyyən hissəsi buna razı deyil. Odur ki, daxildə gərginlik yaranır, mitinqlər, yürüşlər keçirilir və s. Real vəziyyət bundan ibarətdir. Ermənistan indiki status-kvonu qəbul etmək istəmir və bu status-kvonu da sülh müqaviləsi ilə təsdiq etmək niyyətində deyil.

- Sülh müqaviləsini uzatmaqla nəyə nail olmaq istəyirlər?

- Müharibədən dərhal sonra onlarda belə bir yanaşma vardı ki, biz döyüşü uduzmuşuq, müharibəni uduzmamışıq. Yəni bu, bir mərhələdir ki, baş verib və yaxın tarix göstərib ki, əlverişli geosiyasi vəziyyət yarandıqda hücuma keçib nəyəsə nail ola bilərik. Ermənilərdə belə düşüncə var. Onlar hər zaman fürsətlərdən-geosiyasi vəziyyətin dəyişməsindən istifadə ediblər. Bunu elə Rusiya-Ukrayna savaşının ilk günlərində də gördük. Diqqət edin, Ukrayna müharibəsi başlayan kimi erməni müxalifəti Rusiya tərəfə reveranslar etməyə başladı. Məsələn, Qarabağdakı separatçılar rus əsgərlərini çörək və duzla qarşılayırdı, rus dilini “dövlət dili” elan etmək niyyətlərini elan edirdi. Əslində, ermənilərin məqsədi vəziyyətdən istifadə edərək Rusiya ilə Azərbaycan, Rusiya ilə Türkiyə arasında toqquşma yaratmaq cəhdi idi. Həm də Rusiyadakı müəyyən qüvvələrlə ünsiyyətə girərək prosesi öz maraqlarına uyğun olaraq uzatmaq istəyirlər.

Əslində, onlar bu gün maraqlıdırlar ki, Putin bu prosesdə məğlub olsun, hakimiyyətə başqa qüvvələr gəlsin. Ümid edirlər ki, bu halda vəziyyət onların xeyrinə dəyişə bilər. Onlar nəyəsə ümid bağlayır, vaxtı uzadırlar ki, sülh müqaviləsi imzalanmasın. Onlar Rusiyanın əli ilə nəsə etməyi düşünürlər. Odur ki, indi İrəvanda başlanan aksiyalar əslində, sülh prosesini pozmağa xidmət edir.

- Yəni, belə çıxır ki, Ermənistan hakimiyyəti ilə müxalifəti sistemli və birgə hərəkət edir?

- Bütövlükdə hakimiyyətin də, müxalifətin də marağında deyil ki, indiki status-kvo sülh sazişi ilə təsdiq edilsin. Amma hakimiyyət deyir ki, mən bunu açıq deyə bilmirəm, odur ki, müxalifət olaraq siz deyin. Hakimiyyət sadəcə olaraq bu mövqeyini açıq şəkildə göstərə bilmir. Halbuki, gündən-günə onları daha çox sıxırlar. Amma müxalifətin bunu etmək üçün imkanları var və hər gün də bunu edir. Bir daha qeyd edirəm ki, İrəvanda baş verən proseslərin birinci məqsədi sülh sazişinə dair danışıqları pozmaqdır.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycana 6 maddədən ibarət təkliflər təqdim etdiklərini bildirir. Söhbət hansı təkliflərdən gedir və bu təkliflər tərəfləri sülh sazişinə yaxınlaşdıra bilərmi?

- Biz deyirik ki, beş təklifimiz var. Onlar deyirlər ki, beş təklifə biz də altı təklif əlavə edirik. Həmin bizim təkliflərə onlar Qarabağda qalan ermənilərin “statusu”nu da əlavə edirlər. Deyirlər ki, “status” sülh sazişi müəyyənləşənə qədər rəsmiləşdirilməlidir.

- Ancaq nə Rusiya, nə də Avropa İttifaqının təşəbbüsü ilə keçirilən danışıqlarda “status”, “muxtariyyət”, “dağlıq Qarabağ” kimi ifadələrə faktiki rast gəlinmir. Bu, Azərbaycanın qəti mövqeyinin vasitəçilər tərəfindən qəbul edilməsi deyilmi?

- Əslində. son dəfə Lavrov Mirzoyanla görüşəndə də “dağlıq Qarabağ” ifadəsindən istifadə etmədi. Amma söhbət ondan gedir ki, Rusiya və ABŞ mövqelərini bildirir, tərəfləri dəvət edirlər ki, gəlin sülh sazişi imzalayın. Lakin bu qrupların içində də başqa maraqda olanların mövcudluğu mümkündür. Onlar ermənilərə ümid verir ki, dayanmayın, nəsə alına bilər. Qısası, mən deməzdim ki, Avrop Birliyi, Rusiya və ABŞ-da vahid bir mövqe var. Ümumi mövqe var, amma onların içərilərində elə qüvvələr ola bilər ki, bu prosesin pozulmasında maraqlıdırlar. Məsələn, erməni diasporası. Bu diaspora müəyyən siyasi qüvvələrə yaxındır, həmin qüvvələr çalışırlar ki, prosesi pozsunlar. Burada cürbəcür variantlar ola bilər. Amma bütövlükdə Ermənistan tərəfi indiki status-kvo əsasında sülh istəmir.

- Bu halda Azərbaycan problemi həll etmək üçün nə etməlidir?

- Azərbaycan irəli sürdüyü beş prinsipin təbliği ilə məşğul olmalı, beynəlxalq vasitəçilər qarşısında bu problemin həllini tələb etməlidir. Amma bir məqam da var. Qarabağdakı erməni icmasının təhlükəsizliyi və hüquqları məsələsi. Burada da təminat verilməlidir. Mən hesab etmirəm ki, Qərbdə bu təminatları hansısa şəkildə görürlər. Azərbaycan tərəfi bəyan edir ki, təhlükəsizliyi təmin edəcəyik, bütün hüquqlar təmin ediləcək və s. Ermənilər və havadarları maraqlıdırlar ki, proses pozulsun və beləcə Azərbaycan tərəfi daha çox güzəştə getməyə hazır olsun. Odur ki, İrəvanda etirazçı qüvvələrə dəstək verən qruplar var. Həm Ermənistan hakimiyyəti daxilindən, həm də xaricdən. Bir daha vurğulayıram ki, Ermənistan indi mövcud olan status-kvonun bərkidilməsində maraqlı deyil.

- Belə fikirlər səsləndirilir ki, Ukrayna müharibəsi kontekstində Azərbaycanın Qarabağda qısamüddətli əməliyyat keçirmək şansı yarana bilər. Bu, nə dərəcədə real görünür?

- Biz 2020-ci ilin 10 noyabr sazişinə riayət edirik. Əgər ermənilər bizə qarşı hansısa addımlar atsalar, real təhlükə yaranar və biz cavab verə bilərik. Amma hansısa əməliyyata başlamaq və erməniləri tam olaraq ərazilərimizdən çıxarmaq olduqca çətindir. Məncə, bunun mənfi fəsadları ola bilər.

- Amma biz 2020-ci ildə Rusiyanın nisbi neytrallığına nail olaraq müharibə aparmışıq...

- Nəzərə alın ki, Rusiya ilə paralel olaraq, digərləri də bitərəf qalıblar. Məsələn, ABŞ. Normalda ABŞ prosesə qarışa bilərdimi? Mən düşünürəm ki, qarışa bilərdi.

Durub deyərdi ki, neftinə sanksiya qoyuram. Yeri gəlmişkən, 1992-ci ildə bunu bizə qarşı ediblər. Azərbaycan balanslı siyasət aparır. Biz 2020-ci il müharibəsinə baxsaq görərik ki, vasitəçi olan hər üç tərəf bu əməliyyatın keçirilməsinə mane olmadı. Bu, əslində razılıq idi.

- Yenidən eyni hasl təkrarlana bilməzmi?

- Bilər. Tutaq ki, Ermənistanın gedişləri vasitəçilərin tələblərinə zidd olur. Biz də Fərrux əməliyyatı kimi bir şeylər edirik. Əgər erməni tərəfi dirənsə, Fərrux əməliyyatına bənzər əməliyyatlar təkrarlana bilər. Azərbaycanın bunu etməsi üçün imkanları var. Biz son vaxtlar görürük ki, proses sürətlənir. Moskvada, Brüsseldə görüşlər keçirilir. Prosesin intensivləşməsi onu göstərir ki, təzyiqlər artır. Vasitəçilər prosesi tələsdirirlər. İrəvandakı mitinqlər buna görə baş verir. Ermənistan tərəfi sıxıntıdadır. Əvvəl onlar vaxtı uzada bilirdilərsə, indi daha çox sıxıntıda olduqları üçün belə hərəkət edirlər. Yuxarıda dediyim kimi, onlarda problem var, hökumətləri sözünü açıq deyə bilmir, çünki öhdəliklər çərçivəsində hərəkət edir. Müxalifət isə bunu edə bilər və edir də.

- Qeyd edirsiniz ki, görüşlər və dialoqlar gedir, proses intensivləşir. Sizin bu təmaslardan gözləntiləriniz nədir?

- Hər şeyin qısa müddətdə və çevik formada həll olunacağını gözləmirəm. Mənim qənaətimcə, indi çox şey Ukrayna böhranından, onun həllindən asılı olacaq. İlham Əliyev də bu yaxınlarda xaricdən gələn ekspertlərlə görüşdə deyib ki, Ukrayna böhranı ya MDB məkanında münaqişələrin davam etməsinə, bəlkə də şiddətlənməsinə və ya da əksinə, vəziyyətin yaxşılaşmasına gətirib çıxara bilər. Yəni, Ukrayna böhranının nəticəsindən asılı olaraq vəziyyət dəyişə bilər.

Rasim Əliyev

“AzPolitika.info”