Ermənistanın verdiyi qoşunların simmetrik şəkildə geri çəkilməsi təklifi Azərbaycan üçün qəbul edilən deyil

Ermənistanın verdiyi qoşunların simmetrik şəkildə geri çəkilməsi təklifi Azərbaycan üçün qəbul edilən deyil

20 Yanvar 2022 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyevin “Yeni Sabah”a müsahibəsini oxucularına təqdim edir:

- Ermənistan tərəfi Rusiyanın vasitəçiliyi ilə Azərbaycana qoşunların sərhəddən simmetrik şəkildə geri çəkilməsi daxil olmaqla yeni təkliflərini irəli sürüb. Sizcə, Azərbaycan bu təklifi necə dəyərləndirəcək?

- Ermənistanın verdiyi qoşunlarının simmetrik şəkildə geri çəkilməsi təklifində Rusiyanın və ya digər ATƏT üzvlərindən ibarət komissiyanın nəzarət etməsini ehtimal edirlər. Amma bu təklifi Azərbaycanın qəbul edəcəyi heç də gözlənilən deyil. Bu ehtimal sıfıra bərabərdir.

Digər tərəfdən, əgər Ermənistan sərhəd məsələsində bu qədər səmimi idisə, niyə 30 ildir işğal dövründə həmin ərazilərdən simmetrik şəkildə geri çəkilməni, Azərbaycan ərazilərinin azad edilməsi təklifini vermirdi? Ona görə də, ermənilərin bu təklifi heç də səmimi ola bilməz.

Məncə, bu təklif boğazdan yuxarı səslənən və erməni daxili auditoriyasını qismən sakitləşdirmək üçün səslənən bir təklifdir. Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil.

- Milli Ordunun Qazaxda yerləşən səngərləri təxminən bir neçə il əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) tabeliyinə verilib. Əgər bu simmetrik şəkildə geriçəkilmə həyata keçirilsə, Kəlbəcər və Laçındakı həmin səngərlərdə DSX keşik çəkə bilərmi?

- Bu barədə danışmaq hələ çox tezdir. Sərhədlərin delimitasiyasından sonra ordu ilə sərhəd qoşunları arasında funskiyaların növbəti paylaşdırılması həyata keçirilə bilər. Çünki Kəlbəcər və Laçını da DSX-ya verəriksə, o zaman sərhəd xidmətinin üzərinə çox böyük yük düşər. Nəzərə alaq ki, hələ Qarabağın daxili perimetrində əsas funksiyaları ordu yetirir. Sülhməramlılar çıxıb getdikdən və Qarabağda Azərbaycanın suverenliyi tam təmin olunduqdan sonra ordu nə iş görəcək? O zaman ordunun funskiyaları daralacaq, sərhəd xidmətinin funksiyaları artacaq. Ona görə də, indidən funksiyaların bölüşdürülməsi və Kəlbəcərlə Laçına DSX-nin yerləşdirilməsi barədə mülahizələr yürütməyə dəyməz.

- Sərhədlər hələ də təyin olunmayıb. Erməni tərəfi deyir ki, qışda sərhədlərin təyin olunması mümkün deyil və bu proses ən azı mayda, qar-buz əriyəndə baş tuta bilər. Əgər sərhədlər təyin olunmayıbsa, “güzgü prinsipi” ilə simmetrik geri çəkilmə nə dərəcə realdır?

- Ermənistanın müharibədən sonrakı 14 ayda imzaladığı 3 bəyanatın tələblərinə uyğun olmayan fəaliyyətlərə yol verdiyi heç kim üçün sirr deyil. Sərhədlərin bərpası prosesi süni olaraq ləngidilir və bunun da səbəblərindən biri sərhədlərin təyin olunmasından sonrakı dövrdə sülh sazişinin imzalanmasıdır ki, bu da Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını tələb edəcək. Ona görə də, İrəvan bu səpkili təkliflər verərək vaxtı uzadır.

Ümumiyyətlə, cari proseslər növbəti dəfə Ermənistanı çalxaya bilər. Amma ötən il noyabrın 16-da Ermənistan tərəfinə bu ləngimənin nə ilə nəticələnə biləcəyini əyani olaraq nümayiş etdirmişik. Əgər ləngiləmə yenə də davam edərsə, növbəti erməni təxribatında Qarakilsə (Sisian) rayonu istiqamətində olan nailiyyətlərimizi inkişaf etdirə bilərik.