İrəvan üçün geri sayım başladı: “Məsələ bu müddətdə həll edilməsə...” - Müsahibə

İrəvan üçün geri sayım başladı: “Məsələ bu müddətdə həll edilməsə...” - Müsahibə

19 Yanvar 2022 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

“Bölgədə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi qalıb ki, burada da Rusiya moderatorluq missiyasını öz üzərinə götürüb. Rusiya bildirib ki, siz sərhədləri müəyyənləşdirin, lazım olarsa, bizdən müəyyən məsləhətlər ala bilərsiniz. Amma indi proses dayanmış kimi görünür. Azərbaycan Prezidenti İlham Əliyev də yerli telekanallara müsahibəsində bildirdi ki, yaxın altı ay ərzində prosesdə hansısa dəyişiklik olmasa, onda Azərbaycan başqa tədbirlərə əl ata bilər. Çünki Ermənistanın nazı ilə oynamaq fikrində deyilik”.

Oxuməni.az politoloq Qabil Hüseynlinin müsahibəsini oxucularına təqdim edir:

- Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidəki görüşündə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı işçi komissiyanın yaradılacağı razılaşdırıldı. Hətta ötən ilin dekabrın sonunadək bunun yekunlaşacağı bildirildi. Amma hələ də bir nəticə yoxdur, sizcə, prosesi kim uzadır?

- Əlbəttə, prosesin uzanmasında birinci dərəcəli rolu Paşinyan və onun komandası oynayır. Yəni Ermənistan hələ də daxili gərginlikdən, müxalifət-iqtidar qarşıdurmasından xilas ola bilmir. Zənnimcə, Paşinyan hökuməti isə bu gün də ölkə üzərində tam hakimiyyətini bərqərar edə, nəzarəti həyata keçirə bilmir. Nəticədə o, güclü təzyiqlərlə rastlaşır. Bu təzyiqlər nəticəsində də qərarlı addımlar ata bilmir. Müəyyən qərarları verəndə isə çox ciddi vaxt seytnotuna düşür – dəfələrlə ölçüb-biçməli və götür-qoy etməli olur. Bura Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi məsələsi də daxildir.

Digər bir mühüm məsələ Rusiyanın bu prosesə ciddi surətdə müdaxilə etməməsidir. Qazaxıstan məsələsi, Ukrayna, ABŞ və NATO ilə problemlər Rusiyanın bu bölgəyə diqqətini müəyyən qədər azaldıb. Doğrudur, onlar deyirlər ki, biz sizə oturub danışmaq üçün lazım olan şəraiti yaratmışıq, xəritələr vermişik, əgər əlavə tövsiyələrə ehtiyacınız olarsa, o zaman bizə müraciət edin və müəyyən məsələlərin həllində sizə kömək edə bilərik. Rusiya bu kimi fikirlərlə yaxasını kənara çəkməyə çalışır. Bir sözlə, Ermənistan prosesdə Rusiyanın iştirakı olmadan qərar verməkdə tələsmir. Çünki ermənilərdə belə bir “fikir” formalaşıb ki, Azərbaycan son bir ildə Ermənistan ərazilərinin xeyli hissəsini ələ keçirib. Bu, Zəngilandan Kəlbəcərə qədər olan böyük bir ərazini əhatə edir, onlar belə söyləyirlər.

Təbii ki, ermənilər yenə də həqiqətləri təhrif edirlər. Məsələ budur ki, ötən illər ərzində Azərbaycanın içinə doğru 7-10 kilometr soxulmuş erməniləri baş verən sərhəd toqquşmalarında geri oturtmaq mümkün olub. Beləliklə, sovet dövründə müəyyən edilmiş inzibati ərazilərə gəlib çatılıb. Belə demək mümkündürsə, Azərbaycan ordusu Zəngilandan Kəlbəcərə qədər olan böyük bir hissədə sərhədlərin müəyyənləşdirilməsini həyata keçirib. İndi bu rəsmiləşdirilməlidir, xəritələr üzrə müəyyənləşdirilməlidir. Xəritələr üzərində olan xətlər torpaq üzərinə köçürülməli, sərhəd dirəkləri basıdırılmalı və bunlar sülh müqaviləsində öz əksini tapmalıdır. Amma hələlik sərhəd məsələsi ciddi problem olaraq ortada qalır.

- Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, rəsmi Moskva Minsk qrupu həmsədrlərinin Qarabağa səfərini reallaşdıra bilməməsindən narahatdır. Rus diplomat “narahatlıq” deyəndə nəyi nəzərdə tuta bilər və ya Minsk qrupunun yenidən fəallaşması Kremlin nəyinə lazımdır?

- Moskva bu bölgə ilə bağlı siyasətində gah açıq, gah da üstüörtülü formada ermənipərəst mövqe tutur. Ermənilərə dəstək vermək üçün də Minsk qrupundan istifadə etməyə çalışır. Yəni Azərbaycana qarşı müəyyən təsir elementlərini həyata keçirmək üçün ətrafında olan tərəfdarlarının sayını artırmaq istəyir. Bu gün Minsk qrupunun bölgədə görə biləcəyi bir iş yoxdur. Vaxtilə Moskva açıqlama vermişdi ki, həmsdərlər humanitar məsələlərin həllinə, xalqlar arasındakı əlaqələrin reabilitasiya edilməsinə töhfələrini verə bilər. Azərbaycan da buna etiraz etməmişdi. İndi onlar yenidən həmsədrləri dövriyyəyə buraxmaq istəyirlər. Amma artıq BMT Təhlükəsizlik Şurasının qərarları Azərbaycan ordusu tərəfindən həyata keçirilib.

Bölgədə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi qalıb ki, burada da Rusiya moderatorluq missiyasını öz üzərinə götürüb. Rusiya bildirib ki, siz sərhədləri müəyyənləşdirin, lazım olarsa, bizdən müəyyən məsləhətlər ala bilərsiniz. Amma indi proses dayanmış kimi görünür. Azərbaycan Prezidenti İlham Əliyev də yerli telekanallara müsahibəsində bildirdi ki, yaxın altı ay ərzində prosesdə hansısa dəyişiklik olmasa, onda Azərbaycan başqa tədbirlərə əl ata bilər. Çünki Ermənistanın nazı ilə oynamaq fikrində deyilik. Üstəgəl, Ermənistanı yoldan çıxaran bir sıra ölkələr var. Rusiya da daxil olmaqla, onlar Avropanın bəzi ölkələri, xüsusən də Fransadır.

Azərbaycan qalib ölkə kimi məsələlərə yanaşmada çox ədalətli mövqe tutur. Yəni Ermənistana qarşı başqa tələblər irəli sürmür, yalnız problemlərin tarixi reallıqlar çərçivəsində həllinə çalışır. Ermənistandan da eyni reaksiyanı gözləyir. Hələ ki, Zəngəzur dəhlizinin açılmasından başqa Ermənistanın mövqeyində digər məsələlərin həlli ilə bağlı ciddi irəliləyiş yoxdur. Bu, xüsusən sərhədlərin müəyyənləşdirilməsinə aiddir.

- Sərhəd, Laçın dəhlizi və digər məsələlərin həllinin uzanmasına adekvat olaraq Azərbaycan hansı addımları ata bilər, Bakının dönüş yarada biləcəyi bir nöqtəsi varmı?

- Dediyim kimi, Zəngilandan Kəlbəcərədək 1920-ci illərin xəritəsi əsasında sərhədlər müəyyənləşdirilib. Təkcə Zəngəzurdan başqa... O zaman Zəngəzur Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən quru torpaq sahəsi idi. Amma bizim Qazax rayonu istiqamətində işğal edilmiş ərazilərimiz var. Üstəgəl, sovet dönəmində ermənilərə “pay-püş” edilmiş və ya onlara verilmiş torpaq və otlaq sahələrimiz mövcuddur. Hesab edirəm ki, aparılan danışıqlarda bu ərazilərin qaytarılması ilə bağlı təşəbbüslər olmayacağı təqdirdə, Azərbaycanın özü bu məsələnin həlli üçün hərbi-siyasi xarakterli tədbirlər görə bilər. Görəcəyinə də şübhə etmirəm.Teleqraf.com