"İnanmıram ki, Qırğızıstan, Qazaxıstan və Belarus bu qüvvələrin Azərbaycana qarşı istifadəsinə asanlıqla icazə versinlər"

"İnanmıram ki, Qırğızıstan, Qazaxıstan və Belarus bu qüvvələrin Azərbaycana qarşı istifadəsinə asanlıqla icazə versinlər"

13 Yanvar 2022 09:59
Bəyəndim (0) Bəyənmədim (1)

“Türkiyə və Azərbaycan arasında ötən il həm Şuşa bəyannaməsi, həm də digər 15 strateji müqavilə imzalanıb. İndi bunun altı doldurulmalıdır. Yəni Azərbaycanla Türkiyənin daha sıx əməkdaşlıq etməsi üçün daha ciddi addımların atılmasına, ölkəmizdə birgə hərbi təlim mərkəzlərinin açılmasına ehtiyac var. Birgə hərbi təlimlərin açılması bütün ölkələrə həm bir mesaj olar, həm də Azərbaycanın təhlükəsizliyinin zəmanətlərindən birinə çevrilə bilər”.

Oxuməni.az ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ermənistan yenə də Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirib. Sizcə, məğlub düşmən bu cəsarəti haradan alır, son prosesləri nə ilə əlaqələndirirsiniz?

- Təəssüf ki, Ermənistan tərəfindən təxribatların artması ehtimalı getdikcə yüksəlir. Sanki Qazaxıstan hadisələrindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkədə operativ addımlar atması Ermənistanı ümidləndirib. Ola bilsin ki, Azərbaycanı da təxribata çəkərək, Nikol Paşinyan növbəti toqquşmalar zamanı KTMT-yə müraciət etməyi düşünür. Bəlkə də belə plan qurur ki, əgər Qazaxıstanda belə operativ reaksiya verdilərsə, Ermənistan-Azərbaycan sərhədlərində də belə toqquşmalar olarsa, yenidən dərhal reaksiya versinlər və bu təşkilatdan hansısa formada Azərbaycana qarşı istifadə etsinlər. Yəni Ermənistan tərəfindən gərginliyin artırılması istiqamətindəki ilk səbəb bununla bağlı ola bilər.

Başqa bir məsələ də ondan ibarətdir ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasında o qədər də maraqlı görünmür. Düzdür, Ermənistanın kommunikasiyaların açılmasında maraqları hiss olunur, bu, təkcə İrəvanın yox, Azərbaycan, Türkiyə və Rusiyanın da maraqlarına uyğundur, amma bu məsələni sərhədlərin dəqiqləşdirilməsi prosesindən ayırmağı düşünür. Azərbaycan isə kompleks həll variantını, yəni bir neçə məsələnin birdən həllini təklif edir. Ermənistan isə məsələlərin ayrı-ayrılıqda həllinin tərəfdarı olduğunu bildirir. Nəticədə sərhədlərdə təxribat törədərək çalışır ki, məsələləri bir-birindən ayırsın. Ermənistanın məntiqi budur ki, kommunikasiyalar açılsın, bundan sonra sərhədlərin dəqiqləşdirilməsi prosesi başlasın. Amma bu, Azərbaycanın maraqlarına uyğun deyil.

- İrəvanın KTMT-ni prosesə cəlb etmək planı baş tuta bilərmi?

- Bu, Azərbaycanın öz mövqeyini səbir və qətiyyətlə ifadə etməsindən asılı olacaq. Hələlik Azərbaycan tərəfi həm hərbi, həm də diplomatik sahədə qətiyyətli mövqe nümayiş etdirir. Hələ ki, “təxribatlar davamlı olsa, bu, Ermənistana baha başa gələcək” fikri hakimdir. Bu, Ermənistan mediasında da görünür. Erməni mediasında bunun Ermənistana baha başa gələcəyini, Azərbaycanın kifayət qədər böyük hərbi üstünlüyə malik olduğunu açıq şəkildə deyənlər də var. Bir sözlə, bu, Azərbaycanın qətiyyətli mövqeyindən asılı olacaq.

Eyni zamanda, bilirsiniz ki, Azərbaycanın KTMT üzvü olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla xüsusi münasibətləri var. Bu xüsusi münasibətləri nəzərə aldıqda KTMT qüvvələrinin Azərbaycana qarşı istifadə məsələsi mümkün kimi görünür. Çünki həmin üzvlərin hər birinin KTMT-nin qərarlarına veto qoymaq hüququ var. İnanmıram ki, Qırğızıstan, Qazaxıstan və Belarus bu qüvvələrin Azərbaycana qarşı istifadəsinə asanlıqla icazə versinlər.

- Bəs ola biləcək daha böyük təhdid və təhlükələrə qarşı Türkiyə-Azərbaycan müttəfiqliyi özünü hansı şəkildə göstərəcək?

- Türkiyə və Azərbaycan arasında ötən il həm Şuşa bəyannaməsi, həm də digər 15 strateji müqavilə imzalanıb. İndi bunun altı doldurulmalıdır. Yəni Azərbaycanla Türkiyənin daha sıx əməkdaşlıq etməsi üçün daha ciddi addımların atılmasına, ölkəmizdə birgə hərbi təlim mərkəzlərinin açılmasına ehtiyac var. Birgə hərbi təlimlərin açılması bütün ölkələrə həm bir mesaj olar, həm də Azərbaycanın təhlükəsizliyinin zəmanətlərindən birinə çevrilə bilər.

- Qazaxıstandakı son proseslər Türk Dövlətləri Təşkilatının əhəmiyyətini ön plana çəkdi. Hətta türk dövlətlərinin ortaq ordusunun qurulması məsələsi gündəmə gətirildi. Sizin bu birlik və ya təşkilatdan gözləntiniz nədir?

- Təbii ki, türk dövlətləri arasında hərbi, siyasi, iqtisadi və diplomatik inteqrasiyanın genişləndirilməsi çox yaxşı olardı. Amma illüziyaya da qapılmaq lazım deyil. Təəssüf ki, Rusiyanın bu birliyə daxil olan bəzi ölkələrə təsir mexanizmləri kifayət qədər ciddidir. Türk dövlətlərinin birliyinin Rusiyada qıcıq yaratdığı açıq şəkildə görünür, bunu heç gizlətmirlər. Rus telekanallarında yayımlanan proqramlarda, rusiyalı siyasətçilər, deputatlar və ekspertlərin açıqlamalarında özünü aşkar formada büruzə verir. Yəni Rusiyada türk dövlətlərinin birliyinə qarşı həddindən artıq aqressiv münasibət var. Buna görə də addım-addım, kərpic-kərpic bu birliyin qurulmasına, inteqrasiyanın genişləndirilməsinə ehtiyac var. Amma bunun çox yaxın zamanlarda birgə ordunun qurulmasına qədər gedəcəyini düşünmürəm.

Təəssüf ki, Rusiyanın bəzi ölkələrə ciddi təsir mexanizmləri var. Qazaxıstan olayları da göstərdi ki, bəzi məqamlarda Rusiyanın həmin ölkələrə operativ müdaxilə imkanları kifayət qədər güclüdür. Təəssüf ki, Qırğızıstan və Qazaxıstanın KTMT-yə üzv olması inteqrasiyanı zəiflədən və gecikdirən əsas amillərdən biri kimi önə çıxacaq.