“Rusiya öhdəliklərin icrasını qəsdən zamana yayır” - "5 ilin tamamına da nəsə saxlamaq lazımdır ki, Azərbaycan razı olsun..."

“Rusiya öhdəliklərin icrasını qəsdən zamana yayır” - "5 ilin tamamına da nəsə saxlamaq lazımdır ki, Azərbaycan razı olsun..."

3 Dekabr 2021 10:19
140
Bəyəndim (0) Bəyənmədim (0)

“Demarkasiya və delimitasiya oyun kimi ruslar üçün daha maraqlıdır, çünki bu işləri 10 illərlə uzatmaq mümkündür”

Azərbayacan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin Soçi görüşündə əldə olunan razılaşmalar yaxın günlərdə, Zəngəzur dəhlizi də daxil olmaqla, regional kommunikasiyaların açılması istiqamətində çalışmaların başlanmasına, həmçinin Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsinə istiqamətində irəliləyişlərə gətirib çıxara bilər. Ehtimal olunur ki, tərəflər arasında sayca üçüncü görüş və razılaşmanın əldə edilməsindən sonra Ermənistanın prosesi yubatması, rusların isə vəziyyətin indiki şəkildə qalmasına çalışması limiti artıq tükənir.

Oxuməni.az Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərin Azpolitika.info-ya müsahibəsini təqdim edir:.

- Sülhəddin bəy, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli görüş, nəhayət, noyabrın 26-da Soçi şəhərində baş tutdu. Üçtərəfli görüş zamanı qəbul edilən bəyannamə hazırda ciddi müzakirə mövzusudur. Soçi görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

- Bu görüş əslində noyabrın 9-10-na planlaşdırılmışdı. Başqa sözlə, görüş 10 noyabrda imzalanan üçtərəfli sazişin ildönümü ərəfəsində keçirilməli idi. Məqsəd bir il ərzində görülən işlərə yekun vurmaq və həll edilən məsələlərə diqqət yetirmək, habelə irəlidə atılacaq addımları müəyyənləşdirmək idi. Lakin bu görüş Ermənistan tərəfinin imtinası ucbatından baş tutmadı. Sonradan sərhəddə təxribatlar yaşandı və nəticədə Ermənistan tərəfi bu görüşə məcbur edildi. Qənaətimcə, görüşün təxirə salınmasından az sonra Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçiriləcəyi haqda məlumatın ortaya çıxması da, Soçidə üçtərəfli görüşün baş tutmasına təsir göstərdi. Yəni Rusiya diplomatik sahədə inhisarçılığını əldən verməmək üçün əlindən gələni etdi və düşünürəm ki, bundan sonra da edəcək.

Bu görüşün baş tutması, təbii ki, köklü dəyişikliyə gətirib çıxarmadı, əslində çıxara da bilməzdi. Bunun əsas siyasi-diplomatik yekunu Rusiyanın uğuru kimi qiymətləndirilə bilər. Çünki Rusiyanın göstərdiyi “səylərə” görə, hər iki tərəf ona təşəkkürünü bildirdi və Moskva bu məsələdə inhisarçı rolunu davam etdirdiyini bütün dünyaya nümayiş etdirdi.

Konkret olaraq Soçidə imzalanan sənədin mahiyyətinə gəlincə, məncə, bunu iki maddədə təsnifatlaşdırmaq olar.

Birincisi, əvvəlki razılaşmalara sadiqlik ifadə edilib.

İkincisi, delimitasiya-demarkasiya prosesi və regional kommunikasiyaların açılması istiqamətində addımların atılmasına tərəflərin razı olması. Yaxın dövr üçün konkret və real nəticələrin olacağını düşünmür və əvvəlki fikrimdə qalıram. Rusiya göstərmək istəyir ki, mən öz missiyamı davam etdirirəm. Görüşün əsl mahiyyəti bundan ibarətdir.

- Soçi görüşü və qəbul olunan sənədi Azərbaycanın maraqları baxımından necə şərh edərdiniz?

- Sənədi tekstoloji analiz etsək, görərik ki, orada Azərbaycanın əleyhinə olan bir məqama rast gəlinmir. Bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yoxdur, status məsələsi mövcud deyil. Bu, Azərbaycanın tələb etdiyi və qoyduğu məsələlərdir. Sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də kommunikasiyaların açılması məsələsi qoyulub. Bu da Azərbaycanın maraqlarına uyğundur. Amma "sülh müqaviləsi" ifadəsi də yoxdur. Bu, mənim diqqətimi çəkən ən ciddi məsələdir. Çünki sülh müqaviləsinin bağlanmasında Rusiya maraqlı deyil. Həmçinin sənəddə humanitar məsələlər qoyulub ki, bu da hər iki tərəfin marağına uyğundur. Bir tərəfdən Azərbaycan minalanmış ərazilərin xəritələrinin verilməsini tələb edir, digər tərəfdən də Ermənistan təxribatçı-terrorçularının qaytarılmasını.

- Bəs, sənədə Ermənistanın planları, hədəfləri nöqteyi-nəzərindən yanaşsaq necə?

- Ermənistan uduzmuş tərəfdir. Nə qədər ki, bu proses Rusiyanın inhisarçılığı altında davam etdirilir, yaxın perspektivdə bu işlər davam edəcək. Çünki üçtərəfli razılaşmada yerinə yetirilməyən bəndlər var. Bunlar qaldığı halda sülhməramlıların da müddətinə 4 ildən az zaman qalır. Bir müddət sonra rus sülhməramlılarının çıxarılması məsələsi gündəmə gələ bilər. Ona görə də Rusiya bu bəndlərin yerinə yetirilməsini şüurlu şəkildə zamana yayır ki, bəndlərin bəzilərini 5 ilin tamam olması zamanına saxlasın və o zaman elə addımlar atsın ki, Azərbaycan tərəfi “sülhməramlı missiyanın” uzadılmasına icazə versin.

- Amma Soçidə sərhədlərin delimitasiya və demarkasiyasının başlanması mexanizminin hazırlanmasına dair konkret müddət də qoyulub və görünən budur ki, proses ilin sonundan etibarən başlayacaq. Bundan gözləntiniz nədir?

- Bu müddət ilin sonuna qədər Azərbaycan və Ermənistanın işçi mexanizminin yaradılması ilə bağlıdır. Yəqin ki, hər iki tərəfdən müvafiq komissiyalar yaradılacaq. Amma bu o demək deyil ki, məsələ həll ediləcək. Danışıqlar başlasa da 10 illərlə uzana bilər. Görürsünüz ki, strateji tərəfdaş sayılan dost Gürcüstanla sərhədlərimiz heç həll edilməyib. Halbuki, hər iki ölkənin müstəqilliyinin elan olunmasından 30 il zaman keçib.

- Bəzi müşahidəçilərin fikrincə, Ermənistanla sərhədin delimitasiyası prosesinə başlamaq, başlamamaqdan daha yaxşıdır. Bu barədə nə düşünürsünüz?

- Təbii. Nisbi götürsək, belədir. Çünki Rusiya məcburdur ki, deklarativ olsa da, müəyyən addım atsın. Məncə, heç bir addımın atılmaması, üçtərəfli bəyanatın yerinə yetirilməsində irəliləyişlərin olmaması ilk növbədə diqqəti Rusiyanın missiyasının nə dərəcədə səmərəli və effektiv işləməsinə yönəldir. Bu baxımdan ruslara lazımdır ki, Ermənistan tərəfini məcbur edərək kiçik addımların atılmasına nail olunsun.

- Bir çox mütəxəssislər hesab edirlər ki, Moskva, Zəngəzur dəhlizi daxil olmaqla, regionda kommunikasiyaların açılmasında, ticarət proseslərinin başlanmasında maraqlıdır. Siz hansı arqumentlərə söykənərək hesab edirsiniz ki, bu məsələlər uzanacaq?

- Operativ-taktiki planda məsələyə baxanlar siz dediyiniz kimi düşünə bilərlər. Bu halda kommunikasiyaların açılması rusların maraqlarına uyğundur. Amma mən bu təhlilin həm üst, həm də alt səviyyədə aparılmasının tərəfdarıyam. Üst səviyyədə - geopolitik, geostrateji, geoiqtisadi və geokültürəl səviyyədə baxdıqda Rusiya 300 illik layihəsinin, yəni cənub strategiyasının puç olmasına asanlıqla razılıq verməyəcək. Mənim əsas arqumentim bunun tarixi 300 illik arxa planıdır. Xatırlayırsınızsa, bu 4 mərhələli strateji plandır. Birinci və ikinci rus-qaçar və rus-Osmanlı müharibələrində Rusiya qalib gəldikdən sonra hər iki məğlub imperiyanın ərazisində yaşayan ermənilərin torpaqlarımıza köçürülməsi və yerləşdirməsi ilə birinci mərhələni başladıb. İkinci mərhələdə ermənilərə vilayət yaradılıb. Üçüncü mərhələ ermənilərə dövlətin yaradılmasıdır. Nəhayət, dördüncü mərhələ erməni dövlətinin genişləndirilməsidir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və onun ətrafında problemin yaradılması da bu mərhələnin tərkib hissəsidir. Rus imperiyası yaranandan cənub strategiyasını həyata keçirir və bu il onun 300 ili tamam olur. Arxa plana baxdıqda görərik ki, Rusiya bu strategiyasından asanlıqla əl çəkməyəcək. Xüsusilə, indiki halda Rusiyanın nəinki keçmiş SSRİ ərazisində öz təsir dairəsini artırdığı müşahidə edilir, hətta Afrika, Asiya, Arktika istiqamətində bu təsir sferasını böyüdür. Belə bir vaxtda öz geopolitik təsir dairəsi hesab etdiyi bir regiondan rusların çəkiləcəyini düşünmürəm.

İkincisi, Türk Dövlətləri Təşkilatının yaradılması, bu istiqamətdə atılan addımlar... Heç kimə sirr deyil ki, regionda kommunikasiyaların açılması Şimali Azərbaycanın güclənməsi, Türkiyə-Azərbaycan arasında birbaşa quru yollarının açılması və türk birliyinin bu yollar vasitəsilə birləşməsi deməkdir. Rusiya nədən buna razı olsun?

Üstəlik, Şuşa bəyannaməsi nəzərə alınarsa, bunun geostrateji nəticələri də olacaq. Yəni Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik sazişinin imzalanması, Türkiyənin Azərbaycanda hərbi iştirakçılığının təmin edilməsi nəzərə alınarsa, bunun geostrateji inkişaf perspektivləri baxımdan nəticələri yaranacaq. Təbii ki, bunun geoekonomik nəticələri var. Həm London-Pekin istiqamətində, həm də Türkiyə-Mərkəzi Asiya istiqamətində. Bu da yenə Rusiyanın maraqlarına uyğun deyil. Digər tərəfdən, geokültürəl baxımından -Cənubi Qafqazda türk-müsəlman faktorunun güclənməsi Rusiyanın maraqlarına cavab vermir. Mən daha uzunmüddətli maraqları nəzərə alaraq düşünürəm ki, Rusiya mümkün qədər prosesin uzadılmasının tərəfdarı olacaq. Gücü hara qədər çatırsa, məsələnin qarşısını almağa çalışacaq. Ala bilmədiyi halda isə onun zamana yayılmasına vəsilə olacaq.

- Amma dediklərinizə qarşı əsaslı kontur-arqumentlər də var...

- Mən hesab edirəm ki, kontur-arqumentlər əsasən alt səviyyəli arqumentlərdir. Kontur-arqumentlər siyasi, iqtisadi, hərbi və mədəni ola bilər. Mən sadə insanları başa düşürəm. Amma ciddi analiz aparanlar bilməlidir ki, alt səviyyəli maraqları üst səviyyə müəyyən edir. Başqa sözlə, müəyyənedici, təyinedici geopolitik, geostrateji, geoekonomik və geokültürəl maraqlardır. Siyasi, iqtisadi və hərbi, mədəni maraqlar deyil.

- Sizə elə gəlmirmi ki, Orta Asiyaya, elə Rusiyanın ərazilərinə Çin təsirinin artması, eləcə də Əfqanıstan üzərindən radikal islamçıların bu coğrafiyaya sızaraq Rusiya ərazisində yaşayan milyonlarla müsəlmanın hissləri ilə oynaması perspektivi Moskva üçün böyük təhlükədir və Kreml bu təhlükəni nəzərə alaraq, Türkiyənin Orta Asiyaya daxil olmasına yaşıl işıq yandırmağa məcbudur?

- İsti baxa bilməz. Birincisi, Moskva nə Orta Asiya, nə də Əfqanıstana təsirindən vaz keçib. İkincisi, hansı böyük geopolitik güc öz təsir sferasında özünə rəqib istəyər? Məncə, bu məntiqə sığmır. Məsələn, Azərbaycanda geopolitik konfiqurasiyaya baxaq. Türkiyənin burada iştirakına rusların qısqanc yanaşdığı və ağrılı şəkildə reaksiya verildiyini görürsünüz. Təsəvvür edin ki, belə böyük məkanda Türkiyənin təsir dairəsinin artması Rusiya üçün hansı nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, ruslar türk-müsəlman faktoruna ənənəvi faktor kimi də baxmır. Türkiyə eyni zamanda NATO üzvüdür. Yəni Türkiyəyə NATO və Qərb siyasətinin ötürücüsü kimi də baxırlar.

- Düşünürsünüz ki, ruslar müəyyən məsələlərin həyata keçməsini zamana yaymağa çalışacaqlar. Necə hesab edirsiniz, bu halda onlar əvvəlcə Zəngəzur dəhlizinin işləməsinə razılıq verəcək, yoxsa Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiya prosesinin aparılmasına?

- Rusiya artıq buna razı olub və bu da bəyanatda öz əksini tapıb. Söhbət bu razılaşmanın reallaşmasından gedir. Məncə, demarkasiya və delimitasiya oyun kimi ruslar üçün daha maraqlıdır. Bu işləri 10 illərlə uzatmaq mümkündür. Amma yolun çəkilməsinə qərar versə, onun uzadılması çətin olacaq. Çünki burada daha çox və daha güclü oyunçuların marağı var.

- Deməli, Siz yeni gərginliklərin yaranması və təxribatların olmasını gözləyirsiniz?

- Gərginliyi hər zaman gözləyirəm. Biz əslində vəziyyətə lokal baxırıq. Unutmayaq ki, hazırda dünyada dünya nizami quruculuğu və bununla əlaqədar geopolitik qarşıdurma həm qlobal, həm də regional səviyyədə həlledici mərhələyə daxil olub. Qloballaşan dünyamızın da kiçildiyini nəzərə alsaq, qonşu regionlarda baş verən hər bir hadisə bizim regiona da ciddi təsir edir. Türkiyə-Azərbaycan strateji əməkdaşlığını diqqətdə saxlayaraq, bundan sonra təhlil apardıqda Türkiyə faktorunu da nəzərə almalıyıq. Ona görə də, gərginlik, risq və təhlükə mənbələri artıb və getdikcə daha da artacaq. Məncə, bu gərginlik yeni dünya nizami qurulana qədər davam edəcək. O ana qədər ki, geopolitik və geostrateji durum sabitləşin.