“Soçidə bəyanat və ya qərar imzalana bilər ” - “İlham Əliyev bu görüşə güclü əllə gedir”

“Soçidə bəyanat və ya qərar imzalana bilər ” - “İlham Əliyev bu görüşə güclü əllə gedir”

25 Noyabr 15:18
152
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, ehtimal olunur ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına dair razılaşma olacaq.

Oxuməni.az mövzuyla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Azpolitika.info-ya müsahibəsini təqdim edir:

- Sərdar bəy, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsseldə görüşü planlaşdırılsa da, Moskva dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtərəfli görüşün təşkilinə nail oldu. Sizcə, hansı proseslər gedir və Soçi görüşü nə ilə nəticələnə bilər?

- Əvvəla, görünən odur ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə gedir. Əslinə baxsaq, heç bir təsir qüvvəsinin Azərbaycana və Ermənistana canı yanmır. Məqsəd sadəcə yaranan situasiyadan istifadə edərək burada öz maraqlarını təmin etməkdir. Moskva istəmir ki, bu regiona başqa güc mərkəzləri müdaxilə etsin, mövqelərini gücləndirsin, təsirini artırsın. Ona görə də çalışır ki, Avropa İttifaqı prosesdən kənarda saxlanılsın. Eyni zamanda həm Ermənistan, həm də Azərbaycana başa salmaq istəyir ki, heç bir halda Avropa İttifaqını bu posesə qoşmasınlar. İndiki halda bunun üçün təzyiqlərin daha çox Nikol Paşinyana ediləcəyi gözləniləndir.

Konkret olaraq Soçi görüşünə gəldikdə, mən buradan yeni heç nə gözləmirəm. Onsuz da 2020-ci ilin 10 noyabrında müharibəyə son qoyan üçtərəfli razılaşmanın maddələrinin çoxu yerinə yetirilməyib. Üstəlik, yeni müqavilənin imzalanması üçün də heç bir zəmin yoxdur. Əlbəttə, Vladimir Putin çalışıb təzyiq edəcək ki, hansısa bir bəyannamə imzalansın.

- Təxminən necə bir bəyanat imzalana bilər?

- Mənim qənaətimcə, Putin çalışacaq ki, hər iki tərəfə təzyiq etsin, nəticədə Rusiyanın maraqlarına uyğun gələn hansısa bir bəyanat verilsin və ya qərar qəbul edilsin. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Başqa sözlə, hərbi sahədə əldə etdiyimiz nailiyyəti diplomatik masada davam etdirmək lazımdır. Biz müxalifət olaraq bunun üçün hakimiyyətə hər cür dəstək verməyə hazırıq.

- Sərdar bəy, müharibədən bir il zaman keçdikdən sonra Moskva tərəflərin heç bir əhəmiyyəti olmayan hansısa bəyanat verməsi üçün niyə görüş təşkil etsin?...

- Ehtimal edirəm ki, Soçidə baş tutacaq üçtərəfli görüşün sonunda bəyanat, bəyannamə və ya qərar ortaya çıxacaq. Əks halda üç dövlət başçısının bir araya gəlib heç bir qərar vermədən ayrılması mənasız olardı. Əslində, təcrübə də göstərir ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə qəbul edilən qərarlar məhz Moskvanın xeyrinə olur. Bu səbəbdən də həmin görüşdə hansısa bəyannamə qəbul edilməlidir ki, Moskva Avropa İttifaqına yerini göstərsin. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın və ya Ermənistanın maraqları Rusiyanı maraqlandırmır.

- Cəmiyyətin gözləntiləri daha çox sülh müqaviləsinin imzalanması və ya iki dövlət arasında sərhədlərin delimitasiyasının aparılmasına dair qərarlarla bağlıdır...

- Mənim fikrimcə, indiki halda bu məsələlərin gündəmə gəlməsi real deyil. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxın olanda bu məsələlər gündəmə gələcək. İndiki halda bu məsələ gündəmi zəbt etmək çün ortaya atılan məsələlərdir. Zənnimcə, indi belə sənədin imzalanması gözlənilən deyil. Noyabrın 16-da Azərbaycan və Ermənistan arasında müharibə olub. Belə bir vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Üstəlik, Ermənistanın özündə böyük narazılıq var, müxalifət Paşinyana qarşı sürət götürməyə cəhdlər edir. Belə bir vəziyyətdə saziş gözlənilən deyil. Yəni mümkün görünmür, mövcud şərtlər buna imkan yaratmır. Paşinyan ölkəsini müstəqilləşdirmək istəyir. Rusiya da bunun əleyhinədir. Paşinyan Qərbə inteqrasiyaya cəhd edir, Moskva buna qarşıdır. Paşinyan başqa dövlətləri Qarabağ prosesinə cəlb etməyə çalışır, ruslar buna da qarşıdır. Belə bir vəziyyətdə Paşinyan üçün asan deyil ki, sülh istiqamətində addım atsın. Başqa sözlə, Paşinyanın durumu İlham Əliyevlə müqayisədə həddən artıq çətindir. İlham Əliyev işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etməyə nail olub və bu mənada əhalinin ona rəğbəti var. Üstəlik, xalqından kart-blanş da alıb. Nikol Paşinyan isə bütün bunlardan məhrumdur. Ona görə də Paşinyan asanlıqla sülh müqaviləsinə imza atmayacaq.

- Bəs Soçiyə gedərkən İlham Əliyevin çantasında nələr olacaq?...

- Mənə elə gəlir ki, İlham Əliyev Rusiyaya Xankəndi və digər məsələlərlə bağlı alternativ fikirlər apara bilər. Mən bunu Rusiya-Azərbaycan münasibətləri kontekstində deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində də müəyyən problemli məsələlər var. Bu problemlərin həlli üçün də addımlar atılmalı, işlər görülməlidir. Mənim fikrimcə, İlham Əliyev Soçiyə güclü əl kimi gedir. Əvvəla, dediyim kimi, daxildən dəstəyi var, üstəlik, Türkiyə və Pakistan kimi ölkələr tərəfindən dəstəklənir. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə görə İlham Əliyev iqtidar-müxalifət məsələsi olmadan dəstəklənir. Bunlar hamısı müsbət amillər olmaqla yanaşı İlham Əliyevin əlini gücləndirən faktorlardır. Odur ki, İlham Əliyev Soçidə daha çox addımlar ata bilər.

- Bütün bunlardan sonra dekabrın 15-nə planlaşdırılan Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən heç nə gözləmirəm.Avropa İttifaqı çalışır ki, öz mövcudluğunu göstərsin, imkan varsa regionda oyunçuya çevrilsin.

- Avropa İttifaqının prosesə cəlb olunması məsələnin Rusiyanın inhisarından çıxarılması üçün nə dərəcədə effektiv ola bilər?

- Mənim şəxsi qənaətim belədir ki, bu prosesə Türkiyədən savayı kim qatılsa, bizim xeyrimizə olmayacaq. Avropa Birliyində ən böyük iki söz sahibindən biri Fransadır. Fransanın son fəaliyyəti göz önündədir. Son 30 ildə Ermənistana açıq dəstək verib. Odur ki, mən Avropa İttifaqı daxil olmaqla, başqa oyunçuların prosesdə iştirak etməsinin bizə hansısa xeyir gətirəcəyi düşüncəsində deyiləm. Müharibədən əvvəl, müharibə dövründə və ondan sonra biz gördük ki, Türkiyə birmənalı bizi müdafiə edir. Bu mənada regionda Türkiyənin güclənməsi bizim üçün daha vacibdir, nəinki başqa qüvvələrin.