“Ermənilər Azərbaycana hərbi cavabdan başqa seçim yolu saxlamır” – Tofiq Zülfüqarov

“Ermənilər Azərbaycana hərbi cavabdan başqa seçim yolu saxlamır” – Tofiq Zülfüqarov

18 Noyabr 13:04
129
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Bir sıra siyasi analitiklər hesab edir ki, Qarabağ münaqişəsi bitib, lakin sərhəddə yeni bir münaqişə – Ermənistan-Azərbaycan münaqişəsi başlayıb. Bunu necə qiymətləndirirsiniz?

- Birincisi, bu hadisələr iki qola bölünür. Qarabağa aid məsələlər artıq gələcək üçün siyasi formatı müəyyənləşdirir: Azərbaycan-Rusiya-Türkiyə. Azərbaycan haqlı olaraq Ermənistanın bu məsələlərdə iştirakını qəbul etmir. Bu baxımdan, Azərbaycanın mövqeyi budur ki, Qarabağ münaqaişəsi bitib. Keçənilki 44 günlük müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin bu fazasına son qoyulub. İndiki hadisələr sırf Ermənistan-Azərbaycan münaqişəsinə aiddir və bu zəmində baş verir. İlk növbədə sərhədlər və kommunikasiyalar mövzusuna aid gərginlik mövcuddur. Təəssüf ki, son hadisələr onu göstərir ki, Ermənistan qarşıdurma yolunu seçir və bu qarşıdurmaya aid yeni strategiya artıq göz qabağındadır.

- Qarşıdurmalar məğlub Ermənistanın nəyinə lazımdır?

- Əslində, Ermənistan beynəlxalq dövlətarası sərhədlərin əvəzinə, təmas xəttini formalaşdırmaq istəyir. Təmas xətti tərəflərin bir-birinin ərazisini tanımadan gələcək davranış qaydalarını formalaşdırır. Ermənistan bu təxribatlarla onu göstərmək istəyir ki, onun üçün Qarabağ mövzusu hələ də gündəmdədir və o, Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyil, 30 il həyata keçirdiyi siyasəti yeni şəraitdə davam etmək istəyindədir.

Əlbəttə, Ermənistan başa düşür ki, bu cür siyasət onun üçün böyük təhlükə mənbəyi ola bilər. Bəllidir ki, bir tərəfdən, 10 milyonluq Azərbaycan, o biri tərəfdən 80 milyonluq Türkiyə ilə əhatələnib. Amma hələ də reallıqdan qaçma siyasəti yürüdür.

Bu gün Azərbaycan cəmiyyətində də insanlar bir qədər çaşqınlıq keçirir. Bəziləri güman edirdi ki, müharibə bitdi, bütün məsələlər həll olundu, “tarix sona çatdı”. Amma biz sülhə nail olmadıq, çünki sülhə nail olmaq üçün iki tərəf bunu istəməlidir. Azərbaycan tərəfi hər nə qədər də sülh istəsə, qarşı tərəf müharibə yolundan vaz keçmir.

- Yəni sülh üçün müharibəyə hazır olmalıyıq?

- İndi baş verən məhz budur. Yəni insanlar təbii ki, son itkilərə görə çox narahatdır. Amma ermənilər Azərbaycana hərbi cavabdan başqa seçim yolu saxlamır.