
Xuraman Şuşalı: “Cəhənnəmdən qorxuram!”
Qarabağ Azərbaycanın ürəyi, Şuşa isə onun şah damarıdır. Şuşa həmçinin musiqimizin beşiyidir. İsa bulağının şırıltısı, Cıdır düzündəki atların oynaq rəqsləri, Qırxpilləkənin sərin mehi hərəsi özlüyündə bir musiqidir... Təəssüf ki, biz bütün bu gözəlliklərdən məhrum olmuşuq, yəni Şuşasız qalmışıq.
Bugünkü həmsöhbətim musiqinin beşiyində dünyaya göz açıb. O, bizdən fərqli olaraq Şuşasız deyil, Şuşalıdır, yəni Xuraman Şuşalı. Odur ki, sənətində, ailəsində, adında Şuşa boyda möhtəşəmliyi yaşatmağa çalışır...
- Özünüz haqda məlumat verərdiniz...
- 1983-cü il fevralın 2-də Şuşa şəhərində dünyaya gəlmişəm. Oxumağa marağım olduğundan altı yaşımda Niyazi adına musiqi məktəbinə daxil olub, orаda İsa müəllimdən solo ifa dərsi almışam. 1993-cü ildən isə Respublika İncəsənət Gimnaziyasında təhsilimi davam etdirərək, paralel olaraq orada aktyorluq və rəqs dərsləri də almışam. "Bənövşə" ansamblının solisti olmuşam. Bir çox böyük sənətkarlardan dərs almışam. Oxuduğum üç əsər "Qızıl Fond"da yerləşdirilib. 2000-ci ildə Musiqi Akademiyasına daxil olmuşam. 2002-ci ildə Vaqif Gərayzadənin rəhbərlik etdiyi "W trio" qrupunda ifa etmişəm. Sonra isə 2004-cü ildə Milli Konservatoriyanı bitirib, İslam Rzayevin tələbəsi olmuşam. Ailəliyəm, bir övladım var.
- Ailənizdə musiqiçi olubmu?
- Demək olar ki, gözümü açandan musiqi görmüşəm. Qardaşım qarmon ifaçısı idi, bacım pianoda ifa edirdi. Özüm Zeynəb Xanlarovanın ifalarını sevib gəlmişəm sənətə. Çox pərəstiş edirdim ona. Həmişə də deyirdim ki, mən də populyar olacam.
- Sizcə qadına xoşbəxt olmaq üçün nə lazımdır?
- Hər bir qadının öz mövqeyi olmalıdır. Xoşbəxt olmaq üçün övladı, ailəsi, əzizləri yanında olmalıdır.
- Əksər müğənnilərin toydan əlavə başqa gəlir mənbələri var. Bəs sizin necə, başqa gəlir yeriniz varmı?
- Bu yaxınlarda "prodakşın" açıram, İnşallah. Həmin "prodakşının" nəzdində kliplər, foto-sessiyalar çəkiləcək, xınayaxdılar təşkil olunacaq. Təbii ki, rəhbəri mən olacam, qalan rejissorluq, musiqi, klip işlərinə həyat yoldaşım baxacaq. Xınayaxdı ilə sırf mən maraqlanacam.
- Sizcə toyda oxumaqla möhtəşəm malikanələr, bahalı maşınlar əldə etmək olar?
- Əlbəttə olar. Bu dəqiqə çoxları evi, maşını kreditlə götürür. Mən də kreditlə götürmüşdüm, şükür Allaha, borcum yoxdur. Baxma, kreditin bir tərəfi yaxşıdır ki, bankla əlaqədar olur, götürürsən, yavaş-yavaş ödəyirsən. Bir tərəfdən də fikir edirsən ki, mən haçan ödəyib qurtaracam krediti? Nə qədər olmasa, istədiyin şəraiti özün üçün yaradırsan. Qıraqdan baxan deyir, filankəsin bahalı maşını var. Amma fikirləşmir ki, bunu necə alıb. Əfsuslar olsun, belədir. Beş barmağın beşi də bir deyil. Kimin nəyi var, özünə qismət olsun. Heç kimin malında gözüm yoxdur.
- Bir çoxları sizin ifanızı, mahnılarınızı qəbul etmirlər. Səbəb nədir?
- İnanın ki, mənim üçün önəmli deyil, bəyənmirlər bəyənməsinlər. Şükür Allaha, məni sevənlər bəsimdir. Məclislərində məni görmək istəyənlər çoxdur.
- Bəs toylara neçəyə gedirsiniz?
- Heç vaxt deməmişəm, ilk dəfə sizə açıqlayacam. Ansamblla 5 000 manata, belə yarım saatı 1 000 – 1 500 manata gedirəm. Elə olur ki, havayı da gedib oxuyuram. Hər şou-proqrama getmirəm, seçim edirəm.
- Özünüzü səhnədə tənha hiss etdiyiniz anlar olubmu?
- Olur. Bir də görürsən, səhnədə başqa cür oluram. Hallara düşürəm.
- Şan-şöhrət, övlad, səhnə var. Bəs nə yoxdur?
- Şükür, hamısı var, naşükür insan deyiləm. 1994-cü ildən professional sənətdəyəm.
- Bəs sənətdə ilk müəlliminiz kim olub?
- İsa müəllim, Tükəzban İsmayılova və bir çox müəllimlərim olub.
- Rəqibiniz kimdir?
- Yaxşı ifaçı rəqibimdir.
- Bir çox sənət dostlarınız var ki, vergidən yayınırlar. Xuraman, necə, vergisini düzgün ödəyirmi?
- Düzünü deyim ki, ödəyirəm. Vallah, mən işlərimdə çox diqqətliyəm, qanundan kənara çıxmıram. Heç vaxt da əziyyət çəkmirəm. İnanın, maşın sürəndə də ehtiyatla sürürəm, qanun-qaydalara riayət edirəm. Məsələn, yuxuda hansısa qanunu poza bilərəm, real həyatda isə heç vaxt pozmaq olmaz.
- Bəs şou-biznesin qanunlarına necə baxırsınız?
- Mənə şou-biznesdə heç bir qanun maraqlı deyil. Mənim üçün heç kim nömrə 1 deyil.
- Müğənni olmaq üçün təhsil vacibdir?
- Əlbəttə, təhsil vacibdir.
- Şou-biznesdə daim öndə olmağa çalışan Xuraman gözlənilmədən kölgəyə çəkilib. Səbəb nədir?
- Hər yaşın öz dövrü var. Həmişə çalışmışam öndə olum. Nə arzulamışamsa, yerinə yetib. Mən həyatdan zövq alıram. Ailəmi də heç vaxt sənətə qurban vermərəm, sənəti də həmçinin ailəyə. Çalışmışam ki, hər şey stabil olsun həyatımda. Əgər mən "nömrə 1" adının arxasınca düşsəm, gərək ailəm dağılsın. Şou-biznes mənə nə verəcək ki? Şükür, dünyanı heç kim tutub getmir, nə də ki, pəncərədən sallanıb qalan var. Hərə bir ömürdür, yaşayıb, çıxıb gedir. Həyatda insana əzizləri, ailəsi, övladı qalır. İnanın, hava soyuq olur, mən üşüyəndə də ləzzət alıram. Şou-biznes müğənniyə nə verir? Ancaq toy və pul. İnsanın ruzisini Allah verir. Mən nömrə 1 olmaq üçün qırğın etmərəm, çünki nömrə 1 mənim üçün yoxdur. Həyatda çox xoşbəxtəm ki, mənim həyat yoldaşım qızıl kimi insandır.
- Sənət göstərmək üçün peşəkar olmaq lazımdır. Siz özünüzü peşəkar sayırsınız?
- Əlbəttə sayıram. Mən ali savadlıyam.
- Bəs qalmaqal nə deməkdir sizin üçün?
- Gündəmdə qalmaq üçün qalmaqal lazımdır. Əvvəllər mənim də qalmaqalım olub, çox peşmanam, gərək olmazdı. Qalmaqal efirlərin əlindədir. Qayçı əllərində, gedib danışırsan, kəsib-töküb, elə gözəl sözləri çıxardırlar ki. Yaş üstə yaş gələndən sonra deyirsən ki, axı mən niyə qalmaqal etdim? Həyat yoldaşım narazı idi mənim qalmaqal etməyimə.
- Hər gözəlin bir eybi var. Bəs sizin eybiniz nədədir?
- Eyib deyəndə ki, dəfələrlə dostlarım deyiblər ki, burnumu əməliyyat elətdirim. İstəməmişəm. Elə olub ki, hansısa jurnallardan istəyiblər mənə sponsorluq edib burnumu əməliyyat etsinlər, həmin jurnalın üz qabığına reklam olsun. Razı olmamışam. Allah necə yaradıbsa, qoy elə də olum. Heç vecimə deyil. Gözəl olmaq üçün təbii yolla özünə fikir verməlisən. Adi "botoks" edirlər, xoşlamıram. Başqası edir, özləri bilər. Mənə belə xoşdur, əsas burnumu özüm bəyənirəm. İndi bir az kökəlmişəm, arıq olmaq istəyirəm.
- Səhnə mədəniyyətində nəyə üstünlük verirsiniz?
- Tamaşaçıya arxa çevirib, ifa etmək yaxşı deyil. Hərəkətlərimə fikir verirəm. Səhnə gözəlliyi sevir.
- Küsülü olduğunuz müğənni varmı?
- Yox, hamı ilə münasibətim normaldır. Salam, sağ ol.
- Şou-biznesin qanununu kim yazır?
- Heç kim yazmır. Mən Xuraman belə qanun bilmirəm. Şou-biznesin hansı qanununu kitab təsdiqləyib? Bu səhnədə Xuraman Şuşalıyam. Özümü A kateqoriyasında görürəm.
- Həyatda elə bir hadisə olubmu ki, hələ də peşmançılıq çəkəsiniz?
- Qalmaqala girdiyimə görə çox peşmanam.
- Həyat bir məktəbdir. Sizə nələri öyrətdi?
- Hər şey öyrətdi, yaxşını-pisi bildim. Çox "piarlar" etdilər, bacarmadılar mənimlə. Üzümə güldülər, arxamca danışdılar. Həyat çox gözəldir, davam edir.
- Niyə deyirlər ki, Xuraman özündənrazıdır?
- İnanın, məni görüb tanıyandan sonra deyirlər ki, necə gözəl xasiyyətin var. Sadəcə, mən çox əsəbiyəm. Üzümdən də hiss olunur. Mən çalışıram ki, qaşqabaqlı olduğumu büruzə verməyim. Çox müsbət xasiyyətim var.
- İlk sevginiz neçə yaşında olub?
- İnanın, yadımda deyil.
- Bəs həyat yoldaşınızı sevib ailə qurdunuz? Bir çoxları hələ də inanmır ki, Xuraman həyat yoldaşını sevir?
- Bilirsiniz, ailə başqa aləmdir. Subay olanda adam heç nə fikirləşmir. Amma ailəli olandan sonra hər şeyi ağıl-kamalla fikirləşməlisən. Əgər həyat yoldaşımı sevməsəm, necə bir yastığa baş qoya bilərəm, dünyaya övlad gətirərəm? Xuraman həyat yoldaşını sevir, sevgi ilə yaşayır. Mən ailəmdən zövq alıram.
- Deyirlər: "kişilərin qəlbinə yol mədəsindən keçir". Siz həyat yoldaşınıza yemək bişirirsiniz?
- Evdə yemək bişirməyə yardımçım var. Amma ürəyi nəsə istəsə, təbii ki, bişirərəm.
- Siz qısqancsınız, yoxsa həyat yoldaşınız?
- Əslində, ikimiz də normal qısqanırıq. Həyat yoldaşım heç vaxt çərçivədən çıxmır.
- Xuraman haçan təhlükəli ola bilər?
- Əsəbiləşəndə. İnanın, danışığımı bilmirəm, özümdən asılı olmur. Sonra oturub fikirləşirəm ki, mən niyə belə dedim. Həmin an təhlükəli ola bilərəm.
- Hansı müğənnilərin ifasını dinləyirsiniz?
- Arxivlərdə olan sənətkarların mahnılarına qulaq asıram. İslam Rzayev müəllimim olub. Onun repertuarından bir mahnı ifa edəcəm. Müslim Maqomayevdən bir mahnı ifa edəcəm. İran mahnıları ilə çox maraqlanıram. Bir çox mahnılar var ki, lentə alacam, İnşallah. Hələ ki, yaradıcılığımda yenilik "prodakşın" açandan sonra olacaq. Bütün klip çəkimlərini saxlamışam. İnşallah II övladım dünyaya gələndən sonra yaradıcılığımda bir çox yeniliklər olacaq.
- Prodüserinizlə münasibətiniz necədir?
- Çox gözəldir. Burada bir neçə köməkçim var, Moskvada olan prodüserim Diana Babayevadır. Moskvada olan işlərimi o görür, hazırda Bakıdadır.
- Atasını tez itirən uşaqların əziyyəti daha çox olur. Bəs sizin uşaqlığınız necə keçib?
- Mən heç vaxt keçmişimi unutmaram. Yaxşını görüb pisi unutmaq olmaz. Mən çox əziyyət çəkmişəm. Bu yerə əziyyətlə gəlmişəm. Hər an yaxşı günümdə ötən günləri fikirləşirəm. Təbii, uşaqlığım çox əziyyətlə keçib. Allah bütün ölənlərə rəhmət eləsin. Atasızlıq çox pisdir (Kövrəlir).
- Övladınızı niyə efirlərdən uzaq tutursunuz?
- Övladım təzə dünyaya gəlmişdi, efirlərdən gəlib çəkmək istədilər. Mən də razı oldum. Əslində, bəd nəzərdən qorxuram. Çox xoşlamıram oğlum efirdə olsun.
- Xuramanın əlinin duzu varmı?
- Həmişə olmur əlimin duzu.
- Sizcə sənət adamı ilə ailə həyatı qurmaq səbir tələb edir?
- Əlbəttə, gərək qarşılıqlı sevgi olsun. Sevgi olanda güzəştə getmək olur. Bir də başının üstündə ağsaqqalın olmalıdır.
- Analıq hissi necədir?
- Çox əla. Bu, böyük xoşbəxtlikdir. İnanın, oğlumu çox iyləyirəm, onunla oynayanda bütün hər şey yadımdan çıxır. Çox şirindir.
- Düzünü deyin, həyat yoldaşınız sizi çərçivəyə salmaq istəyib?
- Yox, belə işləri xoşlamır. Qızıldır mənim yoldaşım, çox xoşbəxtəm. Bir də ki, mən çərçivədə olmağı xoşlamıram. Mən bilirəm ailəliyəm, ikinci uşağım dünyaya gələcək. Hər addımıma fikir verirəm.
- Nədən qorxursunuz?
- Cəhənnəmdən qorxuram!
- Tez-tez peşman olursunuz?
- Hə, olur.
- Oxumaq yaxşıdır, yoxsa evdə oturub xanımlıq etmək?
- Oxumaq yaxşıdır, yerində xanımlıq etmək də gözəldir. Həyat yoldaşım müğənnilik fəaliyyətimlə bağlı bir söz demir. Amma inanır ki, mən nə vaxtsa oxumayacağam.
- 03 iyul günü "Oxu Məni" qəzetinin 14 yaşı tamam oldu. Bizə sözünüz varmı?
- Hələ mən uşaq olanda yadımdadır, "Oxu məni" qəzeti həmişə reytinqləri partladırdı. 1 nömrəli "Oxu məni" qəzetini təbrik edirəm. Təsəvvür edin, bir gün populyar bir sayt var idi, açdım, gördüm ki, hər yerdə "oxu məni" yazılıbdı. Sükanı belə saxlayın. Uğurlar!
Həyatın ritmi, qəlbin döyüntüsü, fikrin oynaqlığı özlüyündə bir musiqidir. Bu musiqinin sözlərini isə hər birimiz öz taleyimizlə yazırıq. Və beləcə, mahnı yaranır. İnşallah, növbəti mahnımız hamımızın birgə yaradacağımız zəfər marşı olsun!
Şəlalə Nəriman
O.M.