Ermənistan öhdəlikləri icra etməlidir: əks halda lazımi tədbirlər görüləcək

Ermənistan öhdəlikləri icra etməlidir: əks halda lazımi tədbirlər görüləcək

5 Noyabr 2021 06:08
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ziyafət müəllim, hazırda Azərbaycan və Ermənistan tərəfindən verilən mesajlar prosesi sülhə nə dərəcədə yaxınlaşdırır?

- Azərbaycanın mövqeyi dəqiq, aydın və səlisdir. Dövlət başçısı da bəyanat verib ki, Azərbaycan hər zaman sülhə hazırdır. Amma burada müəyyən şərtlər yerinə yetirilməlidir. İlk növbədə delimitasiya və demarkasiya məsələləri həll olunmalıdır. Eyni zamanda Ermənistan tərəfi işğalda saxladığı dövrdə minaladığı Azərbaycan ərazilərinin dəqiq mina xəritələrini təqdim etməlidir. Bundan sonra isə hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımaldır. Daha sonra hansısa bir sülhdən danışmaq olmaq. Sülhlə bağlı Ermənistan tərəfindən müəyyən pozitiv açıqlamalar olsa da, tam səmimiyyət görünmür. Müşahidə edilən odur ki, Ermənistan tərəfi özünü sülhə hazır hesab etmir.

- Sərhədlərin müəyyənləşməsində sovet dövrü xəritələrinə istinad hər iki tərəf üçün qanedicidir?

- Bu, tarixi tarixi bir reallıqdır. Sovet dövrünə aid xəritələr Moskvada, Bakıda və İrəvanda da mövcuddur. Amma yenə başlıca şərt odur ki, Ermənistan tarixən Azərbaycan məxsus olan əraziləri geri qaytarsın. Çünki hazırda sərhədlərlə bağlı məsələni ancaq xəritələr üzrə müəyyənləşdirmək mümkün ola bilər. Çünki başqa bir meyar mövcud deyil. Sözsüz ki, bu xəritələrdə Ermənistanı qane etməyən müəyyən hallar var. Amma bu onların öz günahları hesabına formalaşıb. İşğal faktından yararlanaraq tarixi Azərbaycan ərazilərini mənimsəməyə çalışan Ermənistan olub. İndi də tarixi ədalət bərpa edilib. Ermənistanın da bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Sovet dövründə müttəfiq respublikalar arasında sərhədləri hər kəs bilirdi. Amma o dövrlər Azərbaycanın tarixi əraziləri xüsusən də Zəngəzur Ermənistana verilib. Bundan başqa Azərbaycana aid olan başqa ərazilər də sovet dövründə Ermənistana güzəştə gedilib.

- Zəngəzur dəhlizi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Gedişatı necə dəyərləndirirsiniz?

- Sülh razılaşmasının özü elə kommunikasiyaların açılması deməkdir. Bu, Ermənistan üçün açıq bir siqnaldır. Azərbaycan 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanatın tələblərinə uyğun nəzərdə tutulmuş bütün işləri görür. Bütün bunlar da məhz sülh prosesinin tərkib hissəsidir. Amma müşahidə edilən odur ki, Ermənistan tərəfindən kommunikasiyaların açılması üçün heç bir iş görülmür. Prezident İlham Əliyevin, qardaş Türkiyə rəhbəri Rəcəb Tayyib Əradoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi var. Məhz iki lider tərəfindən Zəngilanda Zəngəzur dəhlizinin əsasısının qoyulması bölgədə sülhə, əməkdaşlığa, əlaqələrin formalaşmasına ən başlıca töhfədir. Zəngəzur dəhlizinin açılması ilə mümkün kommunikasiya əlaqələri yaranacaq. Bununla Naxçıvanla Azərbaycan arasında mümkün quru yolu əlaqəsi formalaşacaq. Eyni zamanda Ermənistanın özü də mövcud blokada vəziyyətindən çıxmaq imkanı qazanacaq.

- Regionda sabitlik üçün “Altılıq platforması”nın fəaliyyətə başlaması mümkün görünür?

- “3+3”, yəni “Altılıq platforması” region dövlətlərinin əməkdaşlığı üçün mühüm bir vasitə olacaq. Bu platformanın reallaşması ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq formalaşa bilər. Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirak edəcəyi bu platforma ilə regionda mühüm inkişafa nail olmaq olar. Azərbaycanın sərgilədiyi mövqe məhz bundan ibarətdir. Ermənistan bunu arzulamırsa, prosesi uzatmağa çalışırsa, bu onların özlərinin ziyanına olan bir məsələdir. Çünki Ermənistan iqtisadiyyatı bu gün çox ağır bir durumdadır. Bu poroseslər nə dərəcədə tez reallaşsa, Ermənistan da bundan faydalanmaq imkanı qazana bilər.

- Ermənistanın Qarabağdakı separatçı quruma yardım ayırması sülh prosesi üçün nə dərəcədə zərərlidir?

- Bu gün Ermənistan mətbuatında da belə məlumatlar tirajlanır ki, onlar ayrılan vəsaitinQarabağdakı erməni əhalisinin rifahı üçün nəzərdə tutulduğunu qeyd edirlər. Vurğulanır ki, qarşıdakı qış fəsli dövründə orada problemlər var. Bu problemləri həll etmək üçün belə yardımlar edilir. Hazırda Ermənistan hakimiyyət dairələrinin əsaslandırmağa çalışdığı məsələlər məhz bunlardır. Amma heç kim cavabdeh ola biləz Ermənistandan ayrılan bu vəsait Qarabağda yaşayan ermənilərə gedib çatacaq. Buna inanmaq bir qədər sadəlövlük olar. Çünki bu maliyyədən separatçılar, təxribatçılar, qanunsuz silahlılar da istifadə edə biləcək. Ona görə də Ermənistan tərəfindən əsasladırılmağa çalışılan bu məsələ aldadıcı bir mövqedir. Sözsüz ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar bunu qəbul etməlidir. Əgər orada olan dinc ermənilərin hansısa bir problemi varsa, Azərbaycan dövləti onların problemlərini qarşılaya bilər. Sadəcə olaraq bütün qansusuz silahlılar ərazini tərk etməlidir. Azərbaycan ərazisində bir nəfər də olsun separatçı və təxribatçı qala bilməz. Bu prinsiplər üçtərəfli razılaşmalarda da açıq şəkildə təsbit edilib. Ermənistan da buna ciddi şəkildə əməl etməlidir.

- Sizcə, prosesin yaxın zamanlarda həlli mümkündür?

- Erməni Baş nazir Nikol Paşinyan bir neçə dəfə bəyanat verdi ki, Ermənistanın ağır durumdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlər yaratmasından keçir. Eyni zamanda Ermənistan öz üzərinə düşən öhdəlikləri icra etməlidir. Çünki bu uzun davam edə bilməz. Bəyanatda nəzərdə tutulan öhdəlikləri Azərbaycan icra edir. Əgər erməni tərəfi sistematik olaraq bundan istifadə edirsə, proseslərdən boyun qaçırmağa çalışsa effektiv addımlar atıla, lazımı tədbirlər görülə bilər.