“10 Noyabr razılaşması ilə yanaşı şifahi razılaşma da var ” – “Şuşanın kəndləri və bəzi yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək”

“10 Noyabr razılaşması ilə yanaşı şifahi razılaşma da var ” – “Şuşanın kəndləri və bəzi yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək”

27 Oktyabr 2021 13:32
Bəyəndim (1) Bəyənmədim (0)

Noyabrın 9-10-u tarixlərində Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin növbəti görüşünün planlaşdırıldığına dair məlumatlar yayılmaqdadır. Həmin görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılmasıyla bağlı rəsmi sənədin imzalanacağı iddia olunur. Ancaq hələlik belə bir görüşün keçiriləcəyinə dair hər hansı rəsmi məlumat verilməyib.

Həmçinin, Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizinin açılmasına dair konstruktiv yanaşmalar ortaya qoyub. Bütün bunlar regionda dayanıqlı sülhün yaradılması və münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində həm rəsmi, həm də müəyyən qapalı proseslərin getdiyinə dair qənaət yaradır.

Oxuməni.az mövzu ilə bağlı Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimlinin AzPolitika.info-ya müsahibəsini təqdim edir:

- Tahir bəy, Rusiya və Ermənistan mətbuatı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın birinci ongünlüyündə görüşəcəyinə dair məlumat yayıb. Həmin görüşdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasına dair hansısa sənədin imzalanacağı bildirilir. Hələ ki, rəsmi təsdiqini tapmayan bu məlumat və ümumilikdə hazırda regionda mövcud olan durum barədə fikirləriniz nədən ibarətdir?

- Əvvəla, onu deyim ki, müəyyən proseslərin getdiyi heç kimə sirr deyil. Mənim aldığım məlumatlara əsasən deyə bilərəm ki, proseslər Azərbaycanın xeyrinə gedir. Yəqin ki, Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları ilə oxucularınız tanışdır. Onun Zəngəzur dəhlizi və Rusiya Müdafiə Nazirliyinin arxivlərindəki xəritələrə dair fikirlərini nəzərdə tuturam. Əlbəttə, söhbət köhnə SSRİ xəritələrindən gedir. Bu, Rusiyanın istəyinə uyğundur və hesab edirəm ki, Azərbaycanın da maraqlarına münasibdir. Ümumiyyətlə, proses bu şəkildə gedəcəksə, ermənilər indi olduqları müəyyən mövqelərdən geri çəkilməli və həmin mövqeləri Azərbaycana verməli olacaqlar.

Sözsüz ki, sərhədlərin müəyyən olunması vacibdir və bütün bunlar göstərir ki, Rusiya bu məsələdə təşəbbüsü əldən vermək istəmir və prosesi irəli aparmaq niyyətindədir.

- Prezident Putin açıq bildirdi ki, bu prosesdə Azərbaycan, Rusiya və Ermənistandan savayı heç kimin iştirakına ehtiyac yoxdur. O, iki dövlətin sərhədlərinə dair mötəbər xəritələrin də məhz Rusiyada olduğunu qeyd etdi. Sizcə, Putin bununla hansı mesajları verir?

- Bəli, açıq şəkildə qeyd edildi ki, başqalarının prosesə daxil olmasına ehtiyac yoxdur. Mənim qənaətimcə, burada açıq formada ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə, başqa ölkələrə də mesajlar var. Rusiya istəyir ki, bu məsələni öz əlində cəmləsin, təşəbbüsü əlindən verməməklə yanaşı prosesə başqa ölkələri və qüvvələri buraxmasın. Göstərsin ki, bu məsələni yalnız onun özü həll edə bilər.

- Türkiyəni də?

- Bəzilərinin ehtimalına görə, Türkiyə bundan narazı qala bilər. Amma unutmayaq ki, Türkiyə Azərbaycanın xeyrinə olan proseslərə etiraz etmir, hətta Rusiyanın təşəbbüsü ilə olsa belə. Bu mənada hesab edirəm ki, üçtərəfli görüşün olması realdır və buna ehtiyac da var. Burada yeganə məqam Ermənistan tərəfinin buna hazır olub-olmaması ilə bağlıdır. Çünki İrəvan bir gün Qərbə, bir gün erməni diasporunun ağzına, bir gün də Moskvaya baxır. Ancaq istənilən halda Ermənistan Rusiyanın sözündən çıxa bilməz, uzağı prosesi bir qədər gecikdirə bilər.

- Vladimir Putin deyir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində dəqiq xəritələt var və onun əsasında tərəflər sərhədin delimitasiyasını həyata keçirə bilər. Bunu Rusiyanın regionda dominant statusuna dair xatırlatma, işarə kimi qəbul etmək olarmı?

- Mən hesab edirəm ki, indiki proseslər Azərbaycanın xeyrinədir. Bununla Azərbaycanın Ermənistanla SSRİ zamanı mövcud olan inzibati sərhədləri müəyyən olunur. Bu da beynəlxalq hüquqa tam uyğundur.

Mali Respublikası ilə əlaqədar beynəlxalq məhkəmənin bütün dövlətlər üçün presedent olacaq qərarı var. Bu qərara əsasən əgər federasiya və ya müstəmləkə sistemi dağılırsa, keçmiş inzibati ərazilər siyasi ərazilərə çevrilir. Başqa sözlə, inzibati sərhədlər siyasi sərhədlər hesab olunur. Yəni beynəlxalq hüquq da bu baxımdan keçmiş SSRİ xəritələrinin tətbiq olunmasını müəyyən edir. Ən vacibi odur ki, bu proses bizim xeyrimizədir. İndiki halda bundan narazı qalan yalnız Ermənistan tərəfidir. İndi onlar məhkumdurlar ki, əvvəlki sərhədlərə qayıtsınlar. Bu çərçivədə düşünürəm ki, bir sıra yüksəkliklər Azərbaycana qaytarılacaq.

- Oktyabrın 15-də İrəvanda millətçilər mitinq keçirərək Rusiya Prezidenti Vladimir Putin haqqında təhqiramiz şüarlar səsləndiriblər. Düzdür, Ermənistanda epizodik olaraq belə aksiyalara rast gəlinir. Amma son aksiyanın həm də tərəflər arasında kontaktların sıxlaşdığı bir atmosferdə baş verməsi xüsusi diqqət çəkiir...

- Bu, erməni həyasızlığının növbəti təzahürüdür. İndi Ermənistandakı revanşistlərin həlledici səs və qərar vermək imkanları yoxdur. Onlar sadəcə olaraq vəziyyətdən narazıdırlar, bilirlər ki, baş verən proseslər Rusiyanın moderatorluğu altında keçir. Bu səbəbdən də məhz Rusiyanı təqsirli bilirlər. Elə müharibədə məğlub olmalarında, müharibə zamanı Rusiyanın onlara kömək etməməsinə görə də şimalı günahkar bilirlər. İndi də sərhədlərin müəyyən olunması, rusların buna meyl etməsi məsələsi var.

Rusiyanın Ermənistana elan olunmayan bir xəbərdarlığı da olub. Ermənistana qeyri-rəsmi bildirilib ki, əgər sən Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana Naxçıvanla birləşməyə imkan yaratmırsansa, bu halda hansı haqla Laçın dəhlizinə iddia nümayiş etdirirsən? Ermənilərin nəzərinə çatdırılıb ki, bu durumda Laçın dəhlizində də Azərbaycanla birgə fəaliyyət imkanları yaranır. Məncə, bu səpkili xəbərdarlıq edilib.

Hesab edirəm ki, MDB dövlətlərinin sammitində Paşinyanın etiraf etdiyi kimi, Zəngəzur dəhlizi açılacaq. Bu da Rusiyanın diqqəti altındadır və onun diqtəsi ilə baş verir. Əlbəttə, bu hallar Ermənistanda revanşist qüvvələri narahat edir. Onlar anlayırlar ki, gələcəkdə Laçın dəhlizi istiqamətində paralel yolun çəkilişi, Şuşa ətrafı kəndlərin Azərbaycana qaytarılması, habelə Qazax və Naxçıvandakı kəndlərimizin delimitasiya nəticəsində geri qaytarılması baş verəcək. Bu, sadəcə zaman məsələsidir. Erməni revanşistlər bu məsələlərə görə, günahı Rusiyada görür. Məşhur məsəl var, mərd özündən, namərd özgədən görər. Ermənilərdə də namərdlik elə genişdir ki, öz əvəzinə Rusiyanı təqsirkar sayır. Baxmayaraq ki, zamanında ozlərini ruslara təslim edərək, onların ağalığını qəbul etmişdilər.

- Siz düşünürsünüz ki, Qazaxın işğal olunan altı kəndi və Naxçıvanın Kərki kəndi delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq? O cümlədən Şuşa ətrafı kəndlər?

- Şübhəsiz ki, bu baş verəcək, sadəcə zaman məsələsi var. Mənim bildiyimə görə, 10 noyabr rəsmi razılaşması ilə yanaşı şifahi razılaşma da var və bu razılaşmaya görə, Ermənistan tərəfi qeyd etdiklərimi həyata keçirəcəyini öz üzərinə götürüb.

- İran-Azərbaycan münasibətlərində gərginlik nisbətən aradan qalxmış kimi görünür. Bu istiqamətdə durumu necə xarakterizə edirsiniz?

- Birincisi, İran Azərbaycanın belə möhtəşəm qələbəsini gözləmirdi. İkincisi, Xankəndinə daşınan yüklərlə bağlı məsələnin Azərbaycan tərəfindən ciddiləşdirilməsi aqressiv qarşılansa da, İran bu mövqeyinin səhv yanaşma olduğunu gördü. İran hərbi təlimlər keçirməsinə, müəyyən aqressiv açıqlamalara yol verməsinə baxmayaraq, məncə, sonradan anladı ki, bunlar onun özü üçün riskli hərəkətlərdir. Bu nöqteyi-nəzərdən İranın geri çəkilməsini alqışlamaq lazımdır. Artıq rəsmi qərarla İran tacirlərinin Xankəndinə yük daşımaları qadağan olunub, ora Azərbaycanın suveren ərazisi kimi tanınıb. Əlbəttə, bu, müsbət haldır.

Hazırda İran və Azərbaycan arasında aşağı səviyyədə məsləhətləşmələr davam edir və bu, yüksək səviyyəyə də qalxa bilər. Onsuz da Azərbaycan dövlətinin marağı yoxdur ki, tarixən yaxın qonşusu olan İranla münasibətlər korlansın. Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətində qonşularla yüksək səviyyədə əməkdaşlıq xətti götürülür. Gələcəkdə Ermənistanla münasibətlər düzələcəksə, Azərbaycan yenə də bu siyasətinə əməl edəcək. Azərbaycan heç vaxt qonşuları ilə pis münasibətlər qurmaq istəyində olmayıb. Azərbaycan heç kimin daxili işlərinə qarışmayıb və heç kimin də onun daxili işlərinə qarışmasını arzulamır. Bu mənada İranla yaşanan gərginlik çərçivəsində Azərbaycan cəmiyyətinin və siyasilərinin təpkisi haqlı idi. Hesab edirəm ki, indi dövlət siyasətinə uyğun yol tutulmalıdır.

- Demək olarmı ki, Ermənistanın İranı Azərbaycana qarşı qoymaq istəkləri baş tutmadı?

- Tamamilə haqlı yanaşmadır. Ermənistana bir yol Gürcüstan üzərindən idi. Gürcüstan müharibə zamanı haqlı mövqe nümayiş etdirdi. İndi də prinsipial mövqeyi var. Bu da anlaşılandır, çünki Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətləri daha əsaslı və dərindir. Ermənistanın indiki halda yeganə ümidi İran idi. İran isə indi Azərbaycanla münasibətlərin nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Bunu da müsbət qiymətləndirib faydalanmaq lazımdır. Ermənistan mümkün qədər təkləndiyini hiss etməlidir. Məncə, ölkələr arasında islam hümmətçiliyi, etnik tarixi birliyin üstünlüyündən istifadə olunmalıdır. Sözsüz ki, müəyyən tarixi proseslər gələcəyin işidir, bunu da zamanın öhdəsinə buraxmaq lazımdır. Mən İrandakı azərbaycanlılarla bağlı məsələləri nəzərdə tuturam...