İran hərbi ritorikasını davam etdirsə, ikiyə iki, birə bir cavabını alacaq

İran hərbi ritorikasını davam etdirsə, ikiyə iki, birə bir cavabını alacaq

13 Oktyabr 06:23
136
Bəyəndim (0) Bəyənmədim (0)

“Xudafərin” su elektrik stansiyası İranla müştərəkdir. Müştərək olduğuna görə, İran rəhbərliyi nədənsə hesab edib ki, bu stansiyanın ərazisini onlar müdafiə etməlidir. Halbuki İran hərbçiləri həmin gün Azərbaycan sərhədini keçmişdilər və bizim ordumuzun ön dəstələrinin qarşısında sədd qurmuşdular. Altı beton pilitə qoyulmuşdu. Bu pilitələrin arxasında bir neçə pikap vardı və bu vasitələrin yük yerində iriçaplı pulemyotlar yerləşdirilmişdi. Bu pulemyotlar bizim əsgərlərimizə tuşlanmışdı”.

Oxuməni.az jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- İrandan Azərbaycana qarşı olan təhdidlər sərtləşir. Üstəgəl, Azərbaycanla sərhəd yaxınlığındakı qüvvələrinin sayını artırır. Azərbaycandan bu hədələrə cavab olaraq bildirildi ki, istənilən təxribata adekvat cavab veriləcək. İran Azərbaycana qarşı təxribata gedə bilərmi?

- İrandakı din, siyasi və ictimai xadimlərin Azərbaycana qarşı aqressiv ritorikasına hərbçilər də qoşulub. Əslində hərbçilərin – SEPAH generallarının, İran ordusunun digər mənsublarının bura qoşulması Tehranın zərərinədir. Çünki Tehran illərdir bəyan edirdi ki, onun ordusu və polisi siyasətdən kənardadır. Amma biz görürük ki, İranda nə ordu, nə polis, nə digər strukturlar “Vilayəti-Fəqih” adlanan teokratik sistemdən kənardadır. İran bilə-bilə bütün kartlarını açır.

Cəmiyyətdən ən çox səslənən sual budur ki, İran və Azərbaycan arasında nə ola bilər? Qətiyyətlə deyirəm ki, heç nə olmayacaq. Əgər söhbət hərbi əməliyyatlardan gedirsə, bu, istisnadır. Bunun da bir neçə səbəbi var. İlk növbədə, Azərbaycan ərazi, əhali, ordu və hərbi texnikanın sayı baxımından İrandan kiçikdir. Amma Azərbaycan müstəqil dövlət kimi Türkiyə ilə Şuşa bəyannaməsini imzalayıb. Üstəgəl, Azərbaycanın Pakistanla hərbi əməkdaşlıq haqqında anlaşması var. Amma bu o demək deyil ki, biz Pakistan və Türkiyəyə bel bağlayırıq. Bu, belə deyil. Biz müstəqil siyasət yürüdürük, İranla dostluq və yaxın qonşuluq siyasəti aparmaqda və bu yöndə münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq. Amma İran davamlı olaraq hərbi təlimlər keçirir və müxtəlif şəxslər vasitəsilə Azərbaycanı hədələyir.

İran bu yolla bir neçə məqsədə çatmaq istəyir. Birincisi, İsraillə olan qarşıdurmasında özünü regional güc kimi göstərməyə çalışır. İkincisi, Ermənistanla əlaqələrini mümkün qədər sıxlaşdırmaq istəyir və Ermənistan üzərindən Avropaya çıxmaq planlarını reallaşdırmağa cəhdlər göstərir. Üçüncüsü, İran Xəzər dənizində “qlobal güc” olduğunu göstərməyə çalışır. Dördüncüsü, İran Yaxın Şərqdəki proksi qüvvələrinə anlatmağa çalışır ki, o, bu qüvvələr vasitəsilə bu və digər dövlətin daxili işlərinə qarışa bilər. Amma İrandakı din xadimləri və hərbçilərin ritorikasında ciddi qüsurlar və çatışmazlıqlar var.

İrandakı bir çox siyasi qüvvələr guya Azərbaycanda “Hüseynçilər” adlı hərəkatın qurulduğunu, guya Azərbaycandakı dindarların hakimiyyətə qarşı olduğunu, guya bu dindarlar vasitəsilə Azərbaycan iqtidarına təsir edə biləcəklərinə eyham vururlar. Amma bunu aşkar şəkildə dilə gətirirlər. Bu dindarları idarə etdiyini iddia edən ayətullahların diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan multikultural və tolerant ölkədir. Bununla yanaşı, Azərbaycandakı Əhli-beyt sevgisi İranla əlaqəli deyil. Bizdə Əhli-beytə, həzrəti Əliyə olan sevgi İrandan əvvəl olub. Biz İranla mehriban qonşuluqda maraqlıyıq. Amma İran hərbi ritorikasını davam etdirsə, ikiyə iki, birə bir cavabını alacaq. Buna Tehranda kimsə şübhə etməsin. İstədikləri qədər təlim keçirə, hədələyə bilərlər, Azərbaycan da bunları səbirlə izləyir və gərəkli tədbirlər görür.

- İndiki halda İranın bu ritorikasındakı əsas məqam nədir?

- İran 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazdakı bütün təsir və təzyiq rıçaqlarını itirib. İranın ritorikasında bir məsələ durur: siz niyə İsraillə əməkdaşlıq edirsiniz? İran rəhbərliyindən soruşmaq istəyirəm: İsrail Azərbaycan ərazisi vasitəsilə İranda işğal həyata keçiribmi? İsrail on minlərlə iranlını öz evində qətlə yetiribmi? İsrail bir milyondan çox insanın öz vətənində - İranda qaçqın və məcburi köçkün olmasına səbəb olubmu? İsrail illər boyu İranın yaşayış məskənlərinin adlarını dəyişdirərək, onların adlarını “İsrail” qoyubmu? İsrail İran ərazilərinin 20 faizini işğal edəndən Azərbaycan İran ərazilərindəki evlərin daşlarını, ağaclarını, taxtalarını, dəmirlərini yük maşınları ilə öz ərazilərinə daşıyıbmı? Yox! Elədirsə, onda biz nə üçün rəsmi şəkildə İrana eyham və tənə vurmuruq ki, hörmətli Tehrandakı hakimiyyət siz niyə Ermənistanla damaq-damağa öpüşüb ona “dost” və qardaş” deyirsiniz? Biz bunu demirik. Çünki İranın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyü, sərhəd toxunulmazlığına və müstəqil siyasətinə sayğı ilə yanaşırıq.

Niyə İran bu sayğının müqabilində bizim daxili işlərimizə burnunu soxmağa çalışır. Niyə müdaxilə etməyə cəhd göstərir? Niyə din xadimləri vasitəsilə Azərbaycanda proksi qruplaşmalar qurmağa çalışır? Niyə dini siyasətdə alətə çevirərək, Azərbaycana təzyiq göstərməyə cəhd edir? Zəhmət olmasa, Tehrandakı qardaşlarımız bu suallara cavab versinlər, bundan sonra danışıqları davam etdirə bilərik.

- Məlum oldu ki, İran qüvvələri 44 günlük müharibədə Zəngilana girib. Sizcə, ərazilərimizə müdaxilə edən İranın orada nə işi vardı və niyə geri çəkildi?

- Məsələ budur ki, “Xudafərin” su elektrik stansiyası İranla müştərəkdir. Müştərək olduğuna görə, İran rəhbərliyi nədənsə hesab edib ki, bu stansiyanın ərazisini onlar müdafiə etməlidir. Halbuki İran hərbçiləri həmin gün Azərbaycan sərhədini keçmişdilər və bizim ordumuzun ön dəstələrinin qarşısında sədd qurmuşdular. Altı beton pilitə qoyulmuşdu. Bu pilitələrin arxasında bir neçə pikap vardı və bu vasitələrin yük yerində iriçaplı pulemyotlar yerləşdirilmişdi. Bu pulemyotlar bizim əsgərlərimizə tuşlanmışdı. Təbii ki, komandirlərimiz mübahisə və münaqişəyə girə bilərdilər, amma bunu etmədilər. Bu, bizim müdrikliyimizdən irəli gəlirdi. Diplomatik kanallarla İran rəhbərliyinin nəzərinə çatdırıldı ki, hərbçiləriniz Azərbaycan ərazisinə giriblər. Bu, təkcə əraziyə soxulmaq deyildi. Məhz həmin əməliyyatın fəsadı o oldu ki, biz cənub istiqamətində apardığımız hərbi əməliyyatlarda bir sutkalıq gecikməyə məruz qaldıq. İran o bir sutka 40 dəqiqəni Ermənistana hədiyyə etdi.

Ermənilər həmin müddət ərzində Füzuli və Cəbrayıl istiqamətində yenidən qruplaşdılar, müdafiələrini gücləndirdilər və biz daha çox şəhid verdik. İran bununla neçə övladımızın şəhid olmasına səbəb oldu. İran rəhbərliyi və həmin əmri verən generallar indi öz vicdanları qarşısında cavab versinlər.

- Bəs İran nəzərdə tutduğu məqsədlərinə nail olacaqmı?

- Heç nəyə nail ola bilməyəcək. Yenə də deyirəm, İran qonşu ölkədir, pisliyini istəmirəm. Amma əgər Tehrandakı hansısa siyasətçi, din xadimi və hərbçi Azərbaycanla bağlı hansısa təxribatçı və pis məqsədlər xəyal edirsə, çox yanılır. Tehran, Qum və digər şəhərlərdə təhsil alıb İranda qalmış və sonradan Azərbaycana qarşı çıxış edən bir neçə şəxsdən və onların çıxışlarından alət kimi istifadə etmək istəyənlər və sərhədlər vasitəsilə Azərbaycana narkotik vasitələrin axınını təşkil etmək istəyənlər çox ciddi səhvə yol verirlər. Onların planlarının heç biri reallaşmayacaq.

“Azərbaycandakı sionist təhlükə”yə gəldikdə, Tehranın bu iddiasını başa düşə bilmirəm. Çünki İsrailin bir şirkəti işğaldan azad edilmiş ərazilərdə camış ferması açmaq istəyir. Əgər İran hərbçiləri camışların potensial “təfrikçi”, özləri demişkən, “sionist” sayırlarsa, deyim ki, camışların milliyəti olmur. Camış nə sionist olur, nə də başqa bir şey. Əgər onlar “sionist camışlar”dan qorxurlarsa, lap yaxşı. Onda zəhməy olmasa, İrandan “halal camışlar” yollasınlar, həmin “sionistlər”in fermalarında o camışlar yerləşdirilsin. Buna da razıyıq. Əgər bu camışları özlərinə təhlükə hesab edirlərsə, 37 baş camışa görə hərbi təlimlər keçirirlərsə, aranı bir-birinə qatıblarsa, raket buraxırlarsa, bir camışa görə xoflanıb göyə raket buraxırlarsa, bunu başa düşə bilmirəm. Gətirib ora öz camışlarını qoysunlar, üzü bu yana baxsınlar, fermanın qapıları da üzü İrana açılsın. Fermanı şüşədən tiksinlər ki, camışların orada nə iş gördüklərini görə bilsinlər. Başqa nə deyimsə, bilmirəm.

- Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı niyə Moskvaya çağırdı, bu görüşdən gözləntiniz nədir?

- Bəli, Putin Paşinyanı Moskvaya çağırdı. Çünki Ermənistan heç vaxt müstəqil dövlət olmayıb. Ermənistan nə vaxtsa, erməni yazıçıları və sənət adamlarının xəyallarında müstəqil olub. Məsələ budur ki, Ermənistan İranla qardaşdır. Amma ərazi iddialarına görə düşməndirlər. Ermənilər deyir, “Naxçıvan bizimdir”, İran deyir, “bizimdir”. Ermənilər iddia edir ki, “Qarabağ bizimdir”, İran deyir, “Qarabağ bizimdir, İslam torpağıdır”. İndi mən də gözləyirəm ki, görüm, bu işin axırı necə olacaq. Bu bir şoudur.

Paşinyanın Rusiya səfərinə gəldikdə, burada üç məqsəd var. Birincisi, Moskvadan güzəştli kreditlər almaqdır. Həmin kreditlər hesabına Rusiyadan silah-sursat alıb Ermənistan ordusunu modernləşdirmək istəyirlər. İkincisi məsələ, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqeyinə təsir və onu bu mövqedən əl çəkməyə sövq etməkdir. Üçüncüsü isə olmayan Dağlıq Qarabağ münaqişəsi və “status” məsələlərinin Minsk qrupu vasitəsilə həllinə nail olmaqdır.

- Ermənistan və Azərbaycan nümayəndələri arasındakı görüşlər də sıxlaşıb. Liderlərin də görüşü gözlənilir. Sizcə, bu fonda yaxın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərində nə kimi müsbət gəlişmələri görə bilərik?

- Biz qonşuyuq. Yəni nə Ermənistan öz ərazisindən köçməlidir, nə də biz onun ərazilərinə iddialıyıq. Halbuki Ermənistanın hamısı tarixi Azərbaycan torpaqlarıdır. Amma biz Ermənistanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı ilə yanaşırıq. Biz çox istəyirik ki, Ermənistan normal dövlət olsun. Amma bunun necə olacağını nə biz, nə də ermənilərin özləri bilirlər. Təbii ki, Ermənistan və Azərbaycan arasında danışıqlar və müzakirələr qaçılmazdır. Biz ömür boyu bir-birimizə silah tuşlayaraq yaşaya bilmərik. Çünki o tuşlanan silah nə vaxtsa açılmalıdır. Buna görə də tərəflər arasında danışıqlar qaçılmazdır. Bunun nəticəsi olaraq yekun sülh müqaviləsi imzalanmalı, regional kommunikasiyalar açılmalı, Zəngəzur dəhlizi işə düşməlidir. Bu da bizdən çox Ermənistanın marağında olmalıdır. Çünki ortada 30 il nəqliyyat blokadasında qalan, regiondakı bütün transmilli layihələrdən kənarda qalan Ermənistan var.

Ermənistan iqtisadiyyatı çöküb, artıq orada mühacirət milli fəlakət səviyyəsinə çatıb. Ermənistanda ümumi daxili məhsul artımı kağız üzərindədir və ora istədikləri rəqəmi yazırlar. Ermənistan cəmiyyəti bu durumdan real olaraq bezib. Buna görə də, müasir tarixdə ilk dəfə olaraq Ermənistanda müharibədə uduzmuş və kapitulyasiya aktına imza atmış şəxsi - Nikol Paşinyanı yenidən hökumət başçısı seçdilər. Çünki Ermənistan əhalisi artıq müharibə istəmir. Təbii ki, revanşist qüvvələr var və xaricdəki diaspor Ermənistan hakimiyyətinə təzyiq etməyə çalışır, amma orta statistik Hayqanuş və Mkrtç müharibə istəmir. Hayaqnuş və Mkrtç istəyir ki, normal yaşasın, normal maaş alsın və sair.