Azərbaycan və Türkiyə ilə münasibətlərdəki gərginlik  İranın öz daxilində  siyasi böhranla nəticələnəcək

Azərbaycan və Türkiyə ilə münasibətlərdəki gərginlik İranın öz daxilində siyasi böhranla nəticələnəcək

7 Oktyabr 06:22
298
Bəyəndim (0) Bəyənmədim (1)

Azərbaycanın son Qarabağ savaşında torpaqlarının əksəriyyətini, o cümlədən İranla 132 km-lik sərhəd boyu Arazyanı rayonları da azad etməsindən sonra rəsmi Tehranla münasibətlərdə onun öz əsassız ittihamları və davranışları səbəbindən yaranmış gərginlik son həftələrdir ki, gündəmin əsas mövzusu kimi qalmaqdadır.

Oxuməni.az Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədovun Moderator.az-a müsahibəsini təqdim edir

- Etibar bəy, son həftələr rəsmi Tehranın Azərbaycanla münasibətləri, demək olar ki, süni şəkildə gərginləşdirməsi İranın özü üçün hansı təhlükələr daşıyır?

-Bilirsiz, İran özü onsuz da dünyadan izolyasiya olunmuş dövlətlərdən biridir. Ətrafındakı dövlətlərlə əlaqələrinə baxsaq, bu ölkənin mənafelərinə görə yalnız Rusiya ilə normal münasibətləri var, Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğalda saxlamış Ermənistanla isə İran açıq qardaşlıq edir. Yəni ətrafındakı dost ölkə yalnız Ermənistandır. Digər ölkələrlə isə problemləri, konfliktləri var. Və ümumilikdə isə planetdə təcrid olunmuş, müxtəlif təşkilatlar və müxtəlif ölkələr tərəfindən sanksiyalara məruz qalmış bir ölkədir. Və onun mövqeyi dünyada qəbul olunmayan mövqelərdəndir. Odur ki, İranın Azərbaycana qarşı son dövrdəki münasibəti onun bu problemlərini, eləcə də daxili problemlərini daha da gücləndirəcək...

Təbii ki, rəsmi Tehranın ölkəmizə qarşı belə münasibətinin əsas səbəbi onun Azərbaycanla Ermənistan arasında sülh yaranmasını istəməməsidir. İran eyni zamanda Türkiyə ilə də Ermənistanın münasibətlərinin normallaşmasını, sərhədlərin açılmasını istəmir. Çünki bu gün Ermənistanın yeganə nəfəs yolu İrandan keçir. Azərbaycan və Türkiyə ilə sərhədlərin, iqtisadi əməkdaşlığın bərpası isə Ermənistanın iqtisadiyyatını kifayət qədər gücləndirə bilər və nəticədə bu ölkənin İrandan asılılığı yetərincə azalar. Odur ki, rəsmi Tehran həmin yaxınlaşma prosesinin qarşısını a

lmaq üçün daim çalışır ki, əksinə, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri daha da gərginləşsin...

- İran hakimiyyətinin bizdən şikayət etdiyi rəsmi Moskva da bu məsələyə açıq münasibət bildirmir. Özü də baxırıq ki məhz bu günlərdə Qarabağdakı rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingenti ən azı öz xəritələrinə Azərbaycanın strateji yaşayış məntəqələri və yüksəkliklərini, hətta razılaşmadan kənar məntəqələrimizi daxil etməyə başlayırlar. Bəlkə Qarabağın nəzarət etdiyi hissəsində öz bildiyi kimi davranmaq və bununla regiondakı mövqelərini daha da möhkəmləndirmək üçün Rusiyaya diqqəti yayındıran İran-Azərbaycan gərginliyi sərfəlidir?

-Dediyiniz məsələlər əslində Azərbaycanın müəyyən zaman kəsiyindən sonra həll edə biləcəyi məsələlərdir. Sadəcə, Rusiya təbii ki, Azərbaycan-İran münasibətlərində gərginliyin yaranmasında maraqlı ola bilər. Ancaq həmin gərginliyin yaranmasında birbaşa iştirakçı olub-olmaması bir az şübhə altındadır. Burada İranın özünün mənafeləri əsas rol oynayır. Tehranın gərginlik yaratmasının səbəblərindən biri də öz nüvə proqramıyla bağlıdır. Və son qeyri-rəsmi məlumatlara görə, İran artıq nüvə silahı yaratmağın son mərhələsindədir. Odur ki, ölkə hakimiyyəti beynəlxalq güclər tərəfindən zərbələrə məruz qala biləcəyini yaxşı bilir. Bunu İsrail də edə bilər. Və bunun qarşısını almaq, diqqəti yayındırmaq üçün İran başqa dövlətlə gərginliyi artırmaqda maraqlıdır. Görürsüz ki, Azərbaycana olan ittihamı bundan ibarətdir ki, guya sionistlər burada İrana qarşı baza qururlar. Və öz əhalisini də həmin “sionizmlə mübarizə” pərdəsi altında aldatmağa çalışır ki, Azərbaycana qarşı davranışlarının əsl mahiyyətini gizlətsin. Çünki bilir ki, bu yaxınlarda nüvə silahıyla əlaqədar zərbəyə məruz qala bilər. Və bunu da Azərbaycanla əlaqələndirmək istəyir...

-Ermənistanda öz toplumları üçün növbəti quyu qazan bəzi siyasi avantüristlər belə təkliflər də səsləndirir ki, Türkiyə-Azərbaycan-Pakistan birliyinə qarşı Rusiya-İran-Ermənistan birliyi yaranmalıdır...

-Bu, sadəcə, belə düşünən ermənilərin arzusu ola bilər. Təbii ki, Ermənistanla Rusiya onsuz da müttəfiqdirlər. Amma Rusiyanın öz maraqları var həmin ölkə ilə bağlı... Fəqət Moskva öz maraqlarını Tehranın maraqlarıyla eyniləşdirə bilməz. Çünki bu maraqlar üst-üstə düşmür. Son vaxtlar Azərbaycanın hərbi cəhətdən qüdrətini artırması, son Qarabağ savaşındakı qələbəsi, bir dövlət kimi ayaqda durması və güclənməsi də İran rejimini narahat edir. Çünki oradakı azərbaycanlıların sanki bir dayaq istiqaməti meydana çıxır. Və milli ideyanın artıq vahid bir dövlət ətrafında formalaşması prosesi gedir. Rəsmi Tehran daha çox bundan narahatdır. Ona görə də Azərbaycanın zəifləməsində və problemlərinin artmasında çox maraqlıdır. İranın başındakılar onu da bilirlər ki, Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın geo-siyasi mövqeləri, eləcə də iqtisadiyyatı olduqca güclənəcək. Və nəticədə Azərbaycanın ərazisindən keçən böyük bir Şərq-Qərb tranzit koridoru fəaliyyətə başlayacaq və İran regiondakı geo-siyasi və geo-iqtisadi əhəmiyyətini xeyli itirəcək. İranın da Ermənistanın yeganə nəfəs yolu olması artıq aradan qalxacaq...

-Necə hesab edirsiz, birdən İran ordusu çaşıb Bakı istiqamətinə bir raket atsa, nə baş verə bilər?

-Bəli, məlumdur ki, İran ordu rəhbərliyi və bəzi din xadimləri və siyasətçiləri tərəfindən Azərbaycana qarşı açıq hədə-qorxu mövcuddur. Amma İran rejimi o dərəcədə cürətə malik deyil ki, bunu gerçəkdən etsin. Əvvəla, Azərbaycanın hava hücumundan müdafiə sistemi kifayət qədər güclüdür və İrandan olan hücumların qarşısını ala bilər. İkincisi də, bu rejimə qarşı əks-zərbəni Azərbaycana müttəfiq dövlətlər də elə bizimlə bir yerdə vura bilərlər. İran bunu da yaxşı bilir. Və o da var ki, İran ordusu texniki cəhətdən hardasa 50 il öncənin texnologiyasına əsaslanır. Onlar yalnız raketlərinə arxayındırlar. Nə aviasiyaları, nə də quru qoşunları normal vəziyyətdədir. Raketlərinə gəldikdə, onların da dəqiqliyi yenə də köhnə sovet-rus sisteminə uyğun “dəqiqliyə” söykənir. Ancaq aranı qarışdırmaq üçün kifayət edir...

-Bu gərginlikdən yararlanan İrana zidd güclər, məsələn, ABŞ-ın, İsrail əsas hansı məqsədi güdür? Onların son hədəfi Iranı parçalamaqdır, yoxsa?

-Xeyr, zənnimcə, planda parçalanma məqsədi yoxdur. Əsas hədəf rejimi dəyişmək və İranın nüvə silahına malik olmasının qarşısını almaqdır...

-İran parçalandığı halda, təbii ki, Güney Azərbaycanın Quzeylə birləşməsi istəyi ortaya çıxacaq. O halda bu gün bizimlə müttəfiq olan güclər vahid, bütöv və daha güclü bir Azərbaycan yaranmasını istəyərmi?

-Bu, bir az perspektivdə olan məsələdir. Amma indi əsas məsələ oradakı Azərbaycan türklərininn mənafelərinin müdafiəsi, onların hüquqlarının təmin olunmasıdır. Ayrılmaq, birləşmək məsələləri sonranın məsələsidir. Yəni hazırda Tehran rejimi milli oyanış, milli özünüdərk prosesindən çəkinir və qorxur. İndiyədək İslam, müsəlmanlıq bayrağı altında təbliğat aparırdılar ki, guya İranda etnik ayrı-seçkilik yoxdur, hamı müsəlmandır, hamı bərabərdir. Halbuki rejimin faktiki fəaliyyəti İranda yaşayan türkləri, yəni azərbaycanlıları sıxışdırmaqdan ibarət olub. Soydaşlarımızın haqlarını tapdayıblar, öz dillərində təhsil almalarının, öz mədəniyyətlərini inkişaf etdirmələrinin qarşısını alıblar. Elə indi də İran hakimiyyətinin qorxusu məhz o istiqamətdəndir. Və Azərbaycan Respublikasının, yəni Quzey Azərbaycanın güclənməsi bu rejimə çox pis təsir edir və onun başında duranları çox böyük qorxu altına salır...

-Necə hesab edirsiz, bu böhranın sonu nə ilə bitəcək? İran öz yanlış mövqeyini dərk edəcəkmi?

-Hadisələrin gedişi belə göstərir ki, indi Azərbaycan və Türkiyə ilə münasibətlərdəki gərginlikdən yaranmış böhran sonda İranın öz daxilində də siyasi böhran yaranmasıyla nəticələnəcək. Və çox güman ki, belə də olacaq...

- Yəni belə çıxır ki, İranın Azərbaycana və Türkiyəyə qarşı bu məkrli siyasəti beynəlxalq güclər üçün oradakı rejimin dəyişməsinə fürsət yaradacaq?

-Bəli, elə çıxır. Bu gedişlə İranın öz daxilində ciddi siyasi təlatümlər olması gözlənilir...