“PUTİNİN TÜRKİYƏ İLƏ BAĞLI BƏYANATI İRANA XƏBƏRDARLIQ İDİ” – “ABŞ istəsə, Rusiyanı parça-parça edər”

“PUTİNİN TÜRKİYƏ İLƏ BAĞLI BƏYANATI İRANA XƏBƏRDARLIQ İDİ” – “ABŞ istəsə, Rusiyanı parça-parça edər”

5 Oktyabr 16:58
328
Bəyəndim (0) Bəyənmədim (0)

Elxan Şükürlü: “İranın narahatlığı şimal istiqamətindən mühasirənin tamamlanması qorxusuyla bağlıdır”

Sentyabrın 29-da Soçidə keçirilən Putin-Ərdoğan görüşünün nəticələri haqda mətbuata hər hansı açıqlama verilməsə də, əksər siyasi ekspertlər Cənubi Qafqazdakı hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyinin məhz bu görüşdəki müzakirələrdən, əldə olunmuş razılaşmalardan asılı olduğu qənaətindəydilər. Artıq bu görüşdən bir həftəyə yaxın vaxt keçir. Bəs, gözləntilər özünü doğrultdumu?

Oxuməni.az Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlünün Azpolitika.info-ya müsahibəsini təqdim edir :

- Elxan bəy, Ərdoğan-Putin görüşünün nəticəsindən asılı olaraq, regionda ya böyük savaşın, ya da böyük barışın təməllərinin atılacağını proqnozlaşdırmışdınız. Geniş informasiya olmasa da, görüşdən keçən bir həftəyə yaxın müddətdə baş verənlər hadisələrin axarını müəyyənləşdirmək imkanı verirmi? Necə düşünürsünüz, regionda böyük anlaşmanın, yoxsa böyük savaşın qoxusu gəlir?

- Görüş faktının özü, eləcə də hər iki Prezidentin davranışları, ictimaiyyət üçün ifadə etdikləri bir neçə cümlə artıq ilkin təhlil üçün yetərlidir. Əvvəla, nəzərə almaq lazımdır ki, bu görüş son 18 ay ərzində hər iki liderin bağlı qapılar arxasında, üzbəüz, ikilikdə, telefonla danışa bilmədiklərinin də açıq müzakirə ediləcəyi ilk görüş idi. Sonuncu dəfə onlar 2020-ci ilin 5 martında Moskvada görüşmüşdülər və iki liderin görüşü 6 saat çəkmişdi...

2020-ci ilin martından ötən bu 18 ay ərzində isə isə nəinki bizim yerləşdiyimiz Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada, həmçinin Türkiyə və Rusiyanın maraq və mənafelərinin toqquşduğu əksər regionlarda, o cümlədən Yaxın Şərq və Cənub-Qərbi Asiyada önəmli dəyişiklikərlə müşahidə olunan hadisələr baş verib. Mən bu sırada bizim üçün xüsusilə əhəmyyəti olan 3 mühüm dəyişikliyə diqqət çəkmək istəyirəm.

Birincisi, ABŞ-da Rusiya və Türkiyə prezidentləriylə isti münasibətlərə malik respublikaçı Trampın Putin və Ərdoğana qarşı daha sərt mövqe tutan demokrat Baydenlə əvəzlənməsini.

İkincisi, ABŞ-dakı həmin seçki kampaniyasının aktiv dövründə Azərbaycanın hərbi əməliyyatlara başlamasını və Ermənistan üzərində qələbə qazanaraq, 30 illik Qarabağ problemini öz lehinə həll etməsini.

Üçüncüsü isə, Əfqanıstanda hakimiyyətin radikal islamçılara - “Taliban”a buraxılmasını.

Şübhəsiz ki, bu dəyişikliklərin və onlardan törəmə hadisələrin hər biri Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə əhəmiyyətli təsir göstərəcək yeniliklər idi. Suriya və Liviyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi və hər gün artan hərbi-siyasi gərginliyi də bura əlavə etsək, mənzərə daha da aydınlaşar. Yəni, uzun sözü qısası, Putinlə Ərdoğanın - 2016-cı ildən üzü bu yana sürətlə yaxınlaşma xətti seçən iki nəhəng liderin yeni görüşünə çox böyük ehtiyac var idi və o gerçəkləşdi...

Pis o olardı ki, liderlərin bu görüşü ərəfəsində Qərbin aşkar və ya dolayı müdaxiləsi ilə Suriyada və ya Qarabağda hansısa irimiqyaslı təxribat törədilərdi və nəticədə, NATO üzvü Türkiyə ilə NATO əleyhdarı Rusiyanın münasibətləri gərginləşdirilər, onları hərbi toqquşmaya sövq edər və nəticədə, indiyədək əldə olunmuş razılaşmalar heçə-puça çevrilərdi. Ancaq görüş zamanı verilən mesajlar göstərdi ki, həm Prezident Putin, həm də Prezident Ərdoğan əvvəlki yaxşı münasibətlərin qorunub saxlanmasında, inkişaf etdirilməsində maraqlıdırlar və yenə də onları böyük toqquşmaya aparan nöqtələrdə uzlaşmaya və anlaşmaya daha çox üstünlük verirlər.

- “Böyük toqquşmaya aparan nöqtələrdə uzlaşma” deyəndə, nəyi nəzərdə tutursunuz? Soçi görüşündə hansısa uzlaşma, anlaşma olduğumu qənaətindəsiniz?

- Türkiyənin Suriya və Azərbaycanda öz maraqlarını qorumaq üçün Rusiya ilə hər an savaşa girə biləcəyi riski yaransa da, son anda Ərdoğan və Putinin qarşıdurmadan yayındıqları, dil tapmağa çalışdıqları aydın görünür. Hər iki lider çox yaxşı anlayır ki, Rusiya və Türkiyənin hərbi toqquşmasından elə ən çox ziyan çəkən bu ölkələrin özləri olacaq. Odur ki, ortaq rəqiblərinə qarşı birləşməkdən əlavə, həm də qarşılıqlı şəkildə güzəştə getməyə və digər bölgələrdəki maraqlar üzərində sövdələşməyə daha çox üstünlük verirlər. Baxın, Suriyada hər iki ölkə toqquşdu, bir-birinin əsgərlərini və tərəfdarlarını öldürdülər, ancaq sonra rahatca oturub anlaşa bildilər və bu anlaşma sonrakı mərhələdə daha böyük uğurla Azərbaycan üzərində də əldə edildi.

İndi kimin nə deməsindən asılı olmayaraq, reallıq budur ki, 44 günlük Qarabağ savaşı təkcə Azərbaycanın yox, həm də Türkiyə və Rusiyanın qələbəsidir, bu zəfərin əldə edilməsində isə Ordumuzun şücaətiylə yanaşı, Əliyev, Ərdoğan və Putin arasındakı şəxsi münasibətlər də çox böyük roloynayıb. Bu savaşın nəticəsi olaraq Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını geri aldı; Gürcüstandan sonra Ermənistanda mövqelərini itirmək üzrə olan Rusiya yenidən Ermənistanı özündən asılı duruma saldı, sülhməramlı adıyla Azərbaycana yerləşdi; Türkiyənin isə Cənubi Qafqaza girişi rəsmiləşdi, Azərbaycanda mövqelərini hədsiz gücləndirdi və buradan da Mərkəzi Asiyaya alternativ yol əldə etdi. Elə Azərbaycanla Ermənistan arasında regionu böyük bir əməkdaşlıq mərkəzinə çevirəcək qalıcı sülhün əldə edilməsi də xeyli dərəcədə məhz bu 3 liderin – Ərdoğan, Putin və Əliyevin münasibətlərindən asılıdır. Soçi görüşündə isə, ilk növbədə, bunun – Ermənistanla Azərbaycan arasında böyük sülhün razılaşdırıldığının anonsu verildi. Putinin Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rol oynadığını xüsusi vurğulması, Qarabağdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirməsi və Türkiyə-Rusiya əməkdaşlığının sülhün əldə edilməsindəki əhəmiyyətindən danışması tezliklə Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqların başlayacağının ifadəsi olmaqla yanaşı, bu prosesdə rəsmi Ankaranın fəal rol alacağının da aydın mesajları idi.

– Yaxın vaxtlarda Əliyev-Paşinyan görüşünün keçiriləcəyi haqda xəbərlərin yayılmasını, həm Əliyevin, həm də Paşinyanın görüşməyə hazır olduqları haqda açıqlamalarını Soçidə Putin-Ərdoğan razılaşmasının məhsulu saymaq olarmı?

– Bəli. Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanması həm Rusiyanın, həm də Türkiyənin marağındadır. Sülh nə qədər tez əldə edilərsə, bu, Türkiyə-Rusiya əməkdaşlığının digər istiqamətlərdə, həmçinin Yaxın Şərq və Mərkəzi Asiyada da dərinləşməsi demək olacaq. Odur ki, mən Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının tezliklə aktivləşdiriləcəyini, tərəflər arasında etimadı dərinləşdirən hansısa addımların atılacağını gözləyirəm və yeni savaş riskinin olmadığı düşüncəsindəyəm. Bununla belə, arxayınlaşmanın da tərəfdarı deyiləm.

- Bəs, Rusiya-Türkiyə münasibətlərində ziddiyyətli məqamlar kimi nəyi göstərmək mümkündür və bu, tərəflərin gələcək addımlarına hansı formada təsir göstərəcək?

- Nə qədər Rusiyada Putin, Türkiyədə Ərdoğan hakimiyyətdədir, mən Rusiya ilə Türkiyə arasında böyük qarşıdurmanın olacağını gözləmirəm, onları toqquşdurmaq cəhdləri də iflasa uğrayacaq. Çünki hər iki lider ölkəsinin maraqlarını gözləyən strateji ağıl və güclü xarakter sahibləridir, kənar təsirləri xoşlamayan və müstəqil qərar verən adamlardır. İkisi də anlayır ki, Rusiya-Türkiyə toqquşması hər ikisinin də məhvi demək olar. Ona görə də, nə qədər bir-birinə güc göstərsələr də, sonda oturub anlaşa bilirlər. Üstəlik, ikisi də ölkələrinin getdikcə dərinləşən ABŞ-Çin rəqabətində necə mühüm rol oynayacaqlarını çox yaxşı dərk edirlər və ölkələrini indidən o strategiyaya hazırlayırlar. Rusiya və Türkiyə əməkdaşlıq münasibətlərini dərinləşdirməyə müvəffəq olarlarsa, hər ikisi gələcəkdə çox böyük uğur qazana bilərlər.

- Söhbət hansı strategiyadan gedir? Rus mətbuatının iddiasına görə, bu gün Türkiyənin atdığı addımlar həm də ABŞ və Böyük Britaniyanın addımlarıdır. Siz də bu qənaətdəsiniz?

- Söhbət ABŞ demokratlarının beyni sayılan məşhur strateq Zbiqnev Bjezinskinin 2012-ci ildə “Strateji baxış: Amerika və qlobal böhran” kitabında yazdığı və “Amerika siyasətinin patriarxı” adlandırılan Henri Kissincerin də dəstəklədiyi strategiyadan gedir. Bu strategiyaya görə, ABŞ öz qlobal liderliyini qoruyub saxlamaq və gələcəkdə ona əsas rəqib olacaq Çinin önünü kəsmək istəyirsə, mütləq iki ölkəni – Rusiya və Türkiyəni öz yanına almalı, onları “Genişləndirilmiş Avropa”nın bir hissəsi olaraq qəbul etməli, bunun üçündə nəyin bahasına olursa-olsun Rusiya ilə dil tapmalı, Türkiyənin isə Osmanlı coğrafiyasındakı iddialarıyla hesablaşmalıdır.

Görünən odur ki, hazırda bu proses gedir. Həm Putin, həm də Ərdoğan ABŞ-ın onların ölkələrinə olan strateji ehtiyacını anlayırlar və bu səbəbdən həm Qərbə qarşı arxayın və iddialı danışırlar, həm də münasibətlərdə körpünü mütləq qoruyub saxlayırlar. Hətta bir çox hallarda Qərbə qarşı ortaq hərəkət etdikləri və bu ortaqlığı gücləndirmək niyyətlərini də açıqca ortaya qoyurlar. Baxın, Türkiyə NATO üzvü olsa da, onun əməliyyatlarında fəal iştirak etsə də, bu qurumun maraqlarına zidd olaraq, NATO-nun əsas rəqibləri sırasında yer tutan Rusiyadan S-400 raket sistemlərini alır, atom sənayesini qurmağı Rusiyaya həvalə edir, Suriya və Qarabağda təhlükəsizliyi birgə təmin etməyə çalışır, hərbi əməkdaşlıq edirlər və s. Heç Rusiya da NATO üzvü olan Türkiyə ilə fəal əməkdaşlıqdan narahat görünmür. Hələ üstəlik, Rusiyada “Yeni Avrasiyaçılıq” nəzəriyyəsinin tərəfdarları Qızıl Orda dövrünə istinad edərək, açıq şəkildə bildirirlər ki, türk genlərinin hopduğu Rusiya ilə Türkiyə bir hərbi ittifaqda olmalıdırlar...

– Bütün dünyada ABŞ-Rusiya rəqabətinin şiddətləndiyi, ABŞ başda olmaqla Qərb dünyasının Rusiyanın bütün sərhədləri boyu Kremli sıxışdırmağa çalışdığı, Rusiyaya qarşı ağır sanksiyaların tətbiq edildiyi bir vaxtda, ABŞ-Rusiya əməkdaşlığından danışmaq nə dərəcədə realdır?

- Bu təzyiqlərin hamısı Rusiyanı danışığa gətirmək, Qərbin görmək istədiyi demokratik Rusiyanı formalaşdırmaq və onu Avropa ailəsinin bir parçası, həm də qoruyucusu etmək üçündür. ABŞ istəsə, Rusiyanı parça-parça edər. Ancaq bölünmüş və dağınıq Rusiya ABŞ-a gərək deyil, yeni xaos mənbəyidir. Üstəlik, zəif və parçalanmış Rusiya ABŞ-ın əsas rəqibi, 1, 5 milyardlıq əhalisinin məskunlaşması üçün torpaq axtarışına çıxmış Çinə yemdir. ABŞ Rusiyanın dağılmasını yox, demokratikləşib Avropanın qoruyucusuna çevrilməsini və Çinə qarşı sədd yaratmasını istəyir və bunun üçün çalışır.

– Belə başa düşdüm ki, siz Türkiyənin hazırda ABŞ və İngiltərənin əlində Rusiyaya qarşı əsas təzyiq olduğu fikrini qəbul etmirsiniz?

– ABŞ üçün yaxın gələcəkdə əsas rəqib Rusiya yox, Çindir. Və Çinin qarşısını almaq üçün də ABŞ həm Rusiyanı, həm də Türkiyəni öz tərəfinə çəkməyə çalışır, bunun üçün onlara təzyiq də edir, şirnikləndirir də. Bu taktiki addımlar bizi əsas strateji xətdən yayındırmamalıdır. Hətta Rusiya və Türkiyənin gələcəkdə hansısa bir ittifaqda təmsil olunması da mümkündür. Çünki sürətlə böyüyən və artan Çin ən çox elə Rusiya və Türkiyəyə təhlükə yaradacaq, onların təsir zonalarını əllərindən alacaq. Cənubi Qafqazdan sonra Rusiya və Türkiyənin əməkdaşlıq edə biləcəyi əsas region Mərkəzi Asiyadır. Bu baxımdan, 44 günlük savaşa həm də bu əməkdaşlığın təməlini qoyacaq bir bünövrə kimi baxmaq gərəkdir. Qısa desək, Azərbaycan ərazisində - Qarabağ münaqişəsinin başlamasıyla dağılan köhnə dünya düzəni elə Qarabağdakı savaşla da yenidən qurulur. Bu yeni dönəmdə və düzəndə biz çox fərqi ittifaq və blokların yaranmasını görəcəyik.

- Bəs, bu yeni düzəndə qonşumuz İranın yeri hardadır? Belə görünür ki, 44 günlük müharibənin nəticələri onları qətiyyən qane etmir. Yoxsa “Zəngəzur dəhlizi”nin açılmasına qarşı bu sayaq etirazlar bildirməzdilər. Son günlər İran-Azərbaycan münasibətlərində heç vaxt olmadığı qədər gərginlik müşahidə edilir, hətta sərhədlərdə hərbi təlimlərlə “gövdə göstərisi” başlayıb, hər iki tərəfdən bir-birinin daxilinə nüfuz etmək çağırışları səslənir. Bu durum nə vəd edir bizə?

- İran proseslərin hara getdiyini çox yaxşı görür, narahatlığı da bundandır. İranın ən böyük qorxusu odur ki, Türkiyə və Rusiya ABŞ-la anlaşar və bu əməkdaşlıq Çindən öncə İranın hədəf taxtasına çıxarılması və vurulmasıyla nəticələnər. Çünki Rusiya da İranın nüvə dövləti olmasını istəmir. ABŞ isə hazırda Çin-İran əlaqələrini də kəsmək niyyətindədir. Baxın, Pakistan kəşfiyyatının, dolayısı ilə ingilislərin idarə etdiyi “Taliban”ın Əfqanıstanda hakimiyyətə gətirilməsi ilə, faktiki olaraq, İranın Çinlə quru əlaqəsi tam nəzarətə götürülmüş olur. İran həm dənizdən, həm də qurudan özünə rəqib, ideoloji düşmən hesab etdiyi dövlətlərin hərbi bazalarıyla tam şəkildə artıq mühasirəyə alınır. Onların Zəngəzur dəhlizinin açılmasına qarşı olmaları, “sionistlər Azərbaycanda möhkəmlənir, NATO bu dəhlizdən avadanlıqlar gətirəcək” iddiaları da şimal istiqamətindən bu mühasirənin tamamlanması qorxusuyla bağlıdır.

Türkiyə-Azərbaycan-Pakistan təlimlərinə cavab olaraq İranın sərhədlərimizdə hərbi təlimə başlaması hədə və müqavimət mənasına gəlsə də, bunun irimiqyaslı savaşa çevriləcəyini gözləmirəm. Çünki rəsmi Tehran anlayır ki, Türkiyə və Rusiya Azərbaycanın təhlükəsizliyini öz üzərinə götürərsə, İran meydanda tamamilə təklənə bilər.

Mən hesab edirəm ki, Putinin Soçi görüşündə “Türkiyə regionda sabitləşdirici rol oynayır” ifadəsi təkcə Ermənistana yox, elə ən çox da İrana ünvanlanmışdı. Eyni zamanda, bugünlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan da bir bəyanatında İranı əmin etmək istəyirdi ki, onun ölkəsi İrana qarşı hansısa planlarda yer almayacaq. Böyük ehtimalla, İranın Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə qatılmasını və “Altılıq” formatında iştirakını təmin etməklə, bu gərginlik sovuşacaq və bölgədə böyük barışın əsası qoyulacaq. İran bu danışıqlardan kənarda saxlanmasını qəbul edə bilmir. Həm də İranın bu prosesə cəlbi ABŞ-la yenidən bərpa olunan nüvə danışıqlarının uğurla aparılmasına böyük töhfə vermiş olar.