Biz İranın  İslam dünyasına necə xəyanət etdiyi, islami dəyərlərə necə yanaşdığını faktlarla ortaya qoymalıyıq: “İRANLA BAĞLI AÇIQ DANIŞMAĞIN VAXTI ÇATIB...”

Biz İranın İslam dünyasına necə xəyanət etdiyi, islami dəyərlərə necə yanaşdığını faktlarla ortaya qoymalıyıq: “İRANLA BAĞLI AÇIQ DANIŞMAĞIN VAXTI ÇATIB...”

28 Sentyabr 06:18
184
Bəyəndim (0) Bəyənmədim (0)

“Qafqaz Müsəlmanları İdarəsinin bəzi səlahiyyətli şəxslərinin hərəkətləri narahatlıq doğurur”

İran-Azərbaycan münasibətlərindəki son gərginlik nisbətən səngisə də, yaxın dövrdə İranın Ermənistana hərtərəfli dəstəyi davam etdirməyəcəyinə, o cümlədən əl altdan Xankəndindəki separatçılara yardım etməyəcəyinə heç bir zəmanət yoxdur. Son 30 illik tarix göstərir ki, İran bölgədə məhz Ermənistana hər cür dəstək göstərib və göstərməkdə davam edir. Ancaq bu reallıq Azərbaycan cəmiyyətindəki iranpərəst mövqe tutan qüvvələri bir o qədər narahat etmir, əksinə, bəziləri hətta münasibətlərdə yaranmış gərginliyə görə Bakını günahkar çıxarır.

Oxuməni.az politoloq Qabil Hüseynlinin Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Qabil bəy, son dövrlər İran-Azərbaycan münasibətlərində yenidən gərginlik yaşanır. Bu səbəbdən Tehranda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçiriləcək. Bir zamanlar Azərbaycan xarici siyasətinin formalaşması prosesində iştirak edən mütəxəssis kimi hazırda Tehranla Bakı arasındakı münasibətləri necə şərh edərdiniz?

- Zənnimcə, İranla bağlı illüziyalara qapılmağa ehtiyac yoxdur. Mən İran məsələsində “qozbeli qəbir düzəldər” məsəlinə üstünlük verərdim. Ermənilər bizim torpaqları işğal etdikdən sonra İranın Ermənistanla bağlı davranışlarına diqqət yetirək. İşğalçı Ermənistanın ayaq üstə durmasında İranın hansı rol oynadığı göz önündədir. Azərbaycan ordusunun torpaqlarımızı azad etməsindən sonra İranın Ermənistana yardım siyasətini bəzən açıq və nümayişkəranə surətdə, bizim dövlətçilik hisslərimizə toxunan şəkildə həyata keçirdiyi də danılmaz faktdır. İranın Arazboyu əraziyə hərbi qüvvələrini cəmləyərək orada təlimlər keçirmək qərarı isə bütün normaları aşan, eləcə də İranın şiə-molla rejiminin erməni Qriqoryan kilsəsi ilə “qol-qola gəzməsinin” təsdiqidir. İranın özünü qolu zorlu dövlət kimi göstərib, Azərbaycana qarşı şantaj və psixoloji təzyiq mövqeyindən çıxış etməsi molla rejiminin mahiyyəti haqda daha ciddi və aydın qənaətlərə varmağımıza kömək etdi.

Bəli, nazirlər görüşə və qərar qəbul edə bilərlər. Hətta bəzi məsələlərdə konsensus da əldə oluna bilər. Amma bir daha təkrar etmək istəyirəm ki, İran Azərbaycanın istiqlalını, ələlxüsus da Ermənistan üzərində şanlı qələbəsini həzm edə bilmir. Dünyanı qatıb-qarışdıran, Suriyada proseslərə müdaxilə edən, “Hizbullah”ı silahlandıran, Yəməndə husiləri terrorçu hərəkətlərə sövq edən İran rejimidir. Bölgədə qeyri-sabitlik mənbəyi, eləcə də Azərbaycana qarşı xristian Ermənistanın müdafiəsində duran İran dövlətinin mahiyyətini, xarici siysət xəttinin bütün konturlarını dəqiq bilməli və siyasətimizi, insanlarımızın dünya görüşünü bu istiqamətdə formalaşdırmalıyıq. Eyni zamanda İranda əhalinin böyük hissəsini təşkil edən soydaşlarımızla bağlı aydınlaşdırıcı siyasi təbliğat xəttinin formalaşmasına xidmət edən praktiki hərəkətlər haqqında düşünməliyik. Çünki İranın son düşmənçilik hərəkətlərindən sonra bizim İranla bağlı mövqeyimiz aydın, korrektə olunmuş və adekvat şəkildə olacaq.

- Tez-tez İranın Azərbaycanda hansısa dayaqlarının olması haqda fikirlər səslənir. Bu dayaqlar nə dərəcədə ciddidir?

- Bəli, İranın buradakı dayaqları məsələsi diqqət yetirilməli mövzudur. Vaxtilə İran burada özünün “beşinci kolon”unu formalaşdırmağa çalışıb və buna da müəyyən qədər nail olub. Bu kolona ilk növbədə İranda dini təhsil alıb Azərbaycana qayıdaraq məyyən mövqelərə yerləşən və dini təbliğat aparan şəxsləri aid etmək olar. Deyim ki, son zamanlar biz xarici ölkələrdə dini təhsil almağı qadağan etmişik. Amma İranda təhsil alanların bir hissəsi bizdə molla kimi fəaliyyət göstərir, digər işlərdə çalışırlar. Odur ki, İranın burada müəyyən dayaqları var. Son hadisələrdən sonra bu dayaqların fəallaşacağını proqnozlaşdırmaq çətin deyil. Onlar işlərini əl altından görürlər. Elələri də var ki, xüsusilə dini siyasət sahəsində çəkinmədən iranpərəst siyasət həyata keçirir. Mənim fikrimcə, Azərbaycanda dini təşkilatlarda önəmli mövqe tutan, amma yeri gəldikdə İranın ölkəmizə qarşı siyasətini dəstəkləyərək pozucu mövqe sərgiləyənlərə qarşı Azərbaycan dövləti barışmaz olmalıdır. Belə adamların həm dini siyasət səhnəsində, həm də ictimai sahədə rol oynamasına yol verməməliyik. Dövlət özünü qorumaq üçün bütün tədbir və vasitələrdən istifadə etməlidir.

Azərbaycan-İran münasibətlərinin elə səviyyəsinə gəlib çatmışıq ki, artıq hər şeyi öz adı ilə çağırmaq lazım gəlir. Burada diplomatiyadan istifadə edib “müəyyən məsələlər Azərbaycandaxili proseslərə mənfi təsir göstərə bilərmiş” kimi mülahizələrdən çıxış etməyə ehtiyac yoxdur. İndi hamının mənəvi simasını, dünyagörüşünün barometrlərini düzgün öyrənib açmağın zamanıdır. İrana münasibətdə Qafqaz Müsəlmanları İdarəsinin bəzi səlahiyyətli şəxslərinin hərəkətləri narahatlıq doğurmaya bilməz. Bunlar ortaya Azərbaycanın apardığı haqq işini açıq şəkildə müdafiə edən mövqe qoya bilmirlər. Lazım olan sözü vaxtında deyə bilmir və ya demək istəmirlər. Bu baxımdan mənə elə gəlir ki, bizim dinlə bağlı problemlərimiz qalır. Azərbaycandakı bəzi dini idarələr Azərbaycançılıq mövqeyini sərgiləmirlər. Təhlil edəndə bəzən ortaya çıxır ki, onların mövqeyi Azərbaycan dövlətinin maraqlarına ziddir. Bu baxımdan mən bizim dindarların bir qisminin yanlış yolda olduğu, bəzən öz mövqelərinə bəraət qazandırmaq üçün primitiv arqumentlərdən istifadə etdiyi qənaətindəyəm. Zənnimcə, belə insanlara qarşı möveyimiz sərt olmalıdır və onların mahiyyətini aşkara çıxarmaq üçün bütün imkanlardan istifadə etməliyik.

- Bundan sonrakı mərhələ üçün Azərbaycan-İran münasibətlərini necə proqnozlaşdırırsınız?

- İran nə qədər şantaj və psixoloji təzyiq mövqeyi tutub Azərbaycanı qorxutmağa çalışsa da, bunun perspektivi olmayacaq. Biz İranın etdiyi əməllərə prinsipial qiymət verməliyik və yeri gələndə onun İslam dünyasına necə xəyanət etdiyi, islami dəyərlərə necə yanaşdığını faktlarla ortaya qoymalıyıq. İndi İran-Azərbaycan münasibətlərinin elə mərhələsinə gəlib çatmışıq ki, diplomatik manevrlərdən, müəyyən məsələləri ehtiyatla yozmaq cəhdlərindən uzaq durmalıyıq. Biz görürük ki, İranın son 200 ildə Azərbaycan xalqına qarşı dağıdıcı-parçalayıcı mövqeyi olub. İran dövlətinin formalaşmasında Əfşarlar, Qacarlar və digər türk boyları önəmli rol oynayıblar, İranın şanlı tarixini onlar yazıblar. Bunun müqabilində bu gün İranın oynadığı dağıdıcı rolu və Azərbaycan türkünə qarşı çevrilən mövqeyini açıq formada demək lazımdır. İran bilməlidir ki, daha biz bu məsələləri ört-basdır etmək, “müəyyən vaxtdan sonra hər şey yolunu tapacaq” prizmasından çıxış etmək fikrində deyilik. Onsuz da İrandakı indiki siyasətin perspektivi yoxdur. İran öz qabığına sığmır. Suriyada hansısa qruplaşmalara, İraqdakı şiələrə dəstək verirsə, başqa yerdə “Hizbullah”a həyan olursa və dünya da bütün bunları təhlükəli siyasət kimi qəbul edirsə, biz də bu mövqedə durmalıyıq. İranın dağıdıcı və dünya düzəninə qarşı yönələn siyasəti prinsipial şəkildə tənqid edilməlidir. Çünki qaradan artıq rəng yoxdur və İran da öz mahiyyətini ortaya qoyub.

- Hansı səbəbdən İran dünyanın bütün bölgələrində şiə müsəlmanları müdafiə etdiyi halda, bizim regionda bizi deyil, xristian erməniləri dətəkləyir?

- Əvvəla, İranın dünya şiələrinin lideri kimi qələmə verilməsini düzgün hesab etmirəm. İran özünün geostrateji maraqlarına kimlər cavab veribsə, onlarla da əlbir siyasət həyata keçirib. Suriya əhalisinin cəmi 13 faizini təşkil edən şiələr İran tərəfindən müdafiə olunur. Çünki Şamda hakimiyyət şiələrin əlindədir. Eyni zamanda da ələviləri müdafiə etməklə Aralıq dənizinə çıxmaq fürsəti əldə etmək istəyir. İranın İraqdakı mövqeyi İraq dövlətinin maraqlarına cavab vermir. İraqda şiələr çox olsa da, İranın buradakı mövqeyi “parçala və hökm sür” prinsipinə əsaslanır. İran müsəlman dünyasında təfriqə salan, sünni-şiə faktorundan siyasi maraqları naminə istifadə edən tərəfdir. Məsələn, Səudiyyə Ərəbistanına qarşı Yəməndəki husiləri qızışdırır.

İran həm də regional dövlət kimi fövqəlgücə çevrilmək istəyir. Bu hədəfinə çatmaq üçü şiə və xristian faktorlarından istifadə edir. Başqa sözlə, dini faktor İran xarici siyasətində həlledici faktora çevrilməyib. Maraqları tələb edəndə onlar şeytanla da iş birliyinə gedərlər - təki molla rejiminin strateji maraqları təmin edilsin.