Moskva təşvişdə: “Paşinyan ondan xəbərsiz Vaşinqtonda...”

Moskva təşvişdə: “Paşinyan ondan xəbərsiz Vaşinqtonda...”

16 Sentyabr 06:26
216
Bəyəndim (0) Bəyənmədim (0)

“Erkən seçkilərdə iki tərəf – müharibə və sülh partiyaları mübarizə aparırdı. Paşinyan ən azı sülhün təmin olunmasında maraqlı olduğunu bəyan edən tərəfdir. Paşinyan bu seçkilərdə böyük üstünlüklə qələbə qazandı. İndi belə bir aktivliyin olması təkcə Paşinyanın devrilməsi məsələsi ilə bağlı deyil, bu, həm də Kreml tərəfindən onu daim təzyiq altında saxlamaq üçündür. Çünki Moskva Paşinyana güvənmir”.

Oxuməni.az ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Azərbaycanın Türkiyə ilə keçirdiyi hərbi təlimlərin intensivliyi artıb. Üstəgəl, Pakistanın da iştirakı ilə Bakıda yeni təlimlər başlayıb. Sizcə, burada məqsəd nədir: bu, yeni savaşa hazırlıqdırmı? Artıq bu təlimlər insanları da düşündürməyə başlayıb. Bilmədiyimiz nələr ola bilər?

- Belə bir tarixi cümlə var: sülh istəyirsənsə, həmişə müharibəyə hazır ol. Ordunun güclü, hazırlıqlı və mobil olması, əslində, sülhün təminatçısıdır. Çünki Azərbaycandan artıq Ermənistana böyük sülh sazişinin imzalanması ilə bağlı təkliflər verilib. Əgər onlar münasibətlərdə normallaşma, bölgədə sülh və əmin-amanlığın yaranmasını, sosial və iqtisadi əlaqələrin bərpasını, kommunikasiyaların açılmasını, Ermənistanın dalandan çıxmasını və dünyaya iqtisadi inteqrasiyasını istəyirlərsə, bu təklifə müsbət cavab verməlidirlər. Müsbət cavab verməyəcəklərsə, Azərbaycan ordusu özünün de-fakto və de-yure müttəfiqləri ilə daim hazır vəziyyətdə olmalıdır.

Son zamanlarda hərbi təlimlərdə intensivliyin artması həm Ermənistana, həm də arxasında dayanıb yenidən onu silahlandırmağa başlayan Rusiyaya da bir mesajdır. Bu o deməkdir ki, əgər siz bölgədə növbəti müharibəyə hazırlaşırsınızsa, biz də hazırıq, hazırlaşırıq. Həm də bunu qurduğumuz ittifaqlarla birgə edirik. Çünki Rusiya müdafiə nazirinin Ermənistanın yenidən silahlandırılacağı ilə bağlı açıqlaması Azərbaycanın narazılığına səbəb olmuşdu. Aydındır ki, əgər Ermənistan silahlandırılırsa, bu, Azərbaycana qarşıdır, yaxud Türkiyə əleyhinə ola bilər. Buna görə də, Azərbaycan və Türkiyənin buna adekvat reaksiya verməsi, hərbi təlimlər vasitəsilə mesaj göndərməsi çox təbiidir. Mənə elə gəlir ki, mesaj da göndərilən ünvanlara çatır.

- Azərbaycan müdafiə naziri və baş qərargah rəisi Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü. Bundan əvvəl isə Ankaradan Türkiyənin Azərbaycandakı hərbi komandanlığına 4 general göndərildi. Bu kimi gəlişmələr nədən xəbər verir?

- Türkiyə və Azərbaycanla bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də həmişə əməkdaşlıq olub. Sadəcə olaraq, yaxşı ki, son zamanlarda bu əməkdaşlıq yeni keyfiyyət dəyişikliyinə və səviyyəyə qalxır. Çox güman ki, bundan sonra Azərbaycan ordusunun NATO standartlarına uyğun olaraq Türkiyə Silahlı Qüvvələri modelində qurulmasını görəcəyik. Çünki Türkiyə ordusu həm də NATO ordusudur. ABŞ-dan sonra NATO-da ikinci ən böyük ordu Türkiyəyə məxsusdur. Yəni Azərbaycan ordusunun bu standartlara uyğun olaraq, yenidən qurulması çox vacib təkliflərimizdən biridir.

Eyni zamanda, növbəti addım kimi, Azərbaycan ərazilərində bir neçə nöqtələrdə Türkiyə-Azərbaycan birgə hərbi təlim mərkəzlərinin açılması da mümkündür. Hətta bu, doğru olardı. Çünki bu hərbi təlim və tədris mərkəzlərinin açılması Azərbaycan ordusunda keyfiyyətli keçidin sürətlənməsinə səbəb ola bilər. Onsuz da Azərbaycan ordusunun çox hazırlıqlı bölmələri var. Xüsusi təyinatlılar və digər bölmələr var ki, həddindən artıq hazırlıqlıdırlar. Bu, 44 günlük Vətən müharibəsində özünü büruzə verdi. Amma çağırışçı ordunun yenidən dizayn olunmasına da ehtiyac var. Düzdür, Azərbaycan oğulları, hərbçiləri vətənpərvərdirlər, 44 günlük savaş da bunu sübut etdi ki, vətəni üçün canından keçən gənclərimiz, insanlarımız var, amma bu, həm də peşəkarlığın artırılması yolu ilə olmalıdır.

Hesab edirəm ki, Azərbaycan ordusunun Türkiyə hərbi standartlarına uyğun yenidən qurulması çox vacib hədəflərimizdən biri olmalıdır. Qənaətimə görə, növbəti addım Azərbaycanda birgə hərbi təlim və tədris mərkəzlərinin açılması ola bilər ki, yaxın gələcəkdə bu yöndə əməli addımların atılması mümkündür.

- Digər yandan, Azərbaycan cəmiyyətində Qarabağdakı Rusiya sülhməramlılarından narazılıq artır. Müxtəlif səviyyələrdə rusiyalı hərbçilərin çıxarılması yönündə çağırışlar var. Sizcə, sülhməramlıları oradan çıxarmaq mümkündürmü?

- Mümkün olub-olmamağından başqa, bu məsələ qarşıya hədəf kimi qoyulmalıdır. Azərbaycan hökuməti, müxalifəti, cəmiyyəti qarşısına bir hədəf qoymalıdır ki, 2025-ci ildə rus sülhməramlılarının bölgədən çıxarılması üçün zəmin hazırlasın. Bunun üçün nə lazımdırsa edilməlidir. Bunun üçün ordunun gücləndirilməsi lazımdırsa, bu yöndə addımlar atılmalıdır. Hazırda da atılır. İqtisadi artım və cəlbediciliyin artırılması lazımdırsa, bu, edilməlidir. Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə münasibətlərin yaradılması, eləcə də onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi yönündə addımların atılması lazımdırsa, atılmalıdır. Siyasi partiyaların Ermənistan tərəfi ilə görüşləri lazımdırsa, bu da olmalıdır.

İstənilən sahədə bir-birini tamamlayan addımlar alqoritmi olmalıdır ki, 2025-ci ildən sonra Rusiya sülhməramlılarının bölgədə qalması üçün zəmin qalmasın. Bunun üçün çalışmaq lazımdır. Amma mən düşünmürəm ki, bu, 2025-ci ildən tez olsun. Dediyim kimi, hədəf 2025-ci ildə o müqavilənin uzadılmaması olmalıdır.

- Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya çağırıldı. Onun Rusiyanın hakim Vahid Rusiya partiyasının sədri ilə görüşdüyü bildirilib. Köçəryanın səfərindən əvvəl isə İrəvanda Baş nazir Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyalarına çağırış edilmişdi. Bütün bunlardan nə anlamalıyıq: Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçibmi?

- Əslində bu, ilk də deyil, son da deyil. Müharibədən sonra Ermənistanda 16 partiyanın Rusiyanın moderatorluğu ilə birləşməsi və Paşinyanı küçədən devirmək prosesinə start verildi. Amma alınmadı. O qrupun aksiyaların dekabrın əvvəlinədək davam etdi, maksimum 4-5 min insanın küçələrə çıxdığını gördük. Amma dekabrın əvvəlində Paşinyan çağırış etdi, yüz mindən çox insan ona dəstək üçün küçələrə yürüşə çıxdı. Bundan sonra Moskva da, 16 siyasi partiya da anladı ki, Paşinyanı küçədən devirmək planı baş tutmayacaq. Erkən seçki istədilər, Paşinyan buna da razılıq verdi. Paşinyan erkən seçkilərdə də qalib gəldi.

Erkən seçkilərdə iki tərəf – müharibə və sülh partiyaları mübarizə aparırdı. Paşinyan ən azı sülhün təmin olunmasında maraqlı olduğunu bəyan edən tərəfdir. Paşinyan bu seçkilərdə böyük üstünlüklə qələbə qazandı. İndi belə bir aktivliyin olması təkcə Paşinyanın devrilməsi məsələsi ilə bağlı deyil, bu, həm də Kreml tərəfindən onu daim təzyiq altında saxlamaq üçündür. Çünki Moskva Paşinyana güvənmir.

Rusiyada düşünürlər ki, Paşinyan bir gün Vaşinqton və ya Avropada paytaxtlardan birində Moskvadan xəbərsiz görüşüb nəsə imzalaya bilər. Məsələn, Azərbaycanla sülh müqaviləsi imzalasa, Rusiyanın bölgəmizdəki mövcudluğu ciddi sual altına düşə bilər. Rusiya da bunun baş verməməsi üçün həmişə yerli siyasətçilərdən istifadə edəcək. Buna görə də, Köçəryanın nüfuzunun və tərəfdarlarının artırılması yönündə həmişə addımlar atacaq ki, bundan Paşinyana təzyiq vasitəsi kimi istifadə etsin.

- İranın Azərbaycana qarşı davranışları da müzakirə mövzusudur. Qarabağa qanunsuz yüklər daşıyan, Türkiyə və Azərbaycanın Xəzər dənizindəki birgə hərbi təlimlərinə etiraz edən İran nə istəyir?

- İranın bölgəmizdəki rolu həmişə birmənalı olmayıb. Həm Birinci Qarabağ müharibəsində, həm də işğal dövründə İranın Ermənistanla kifayət qədər sıx siyasi və iqtisadi münasibətləri olub. Təsadüfi deyil ki, Rusiyadan sonra Ermənistanın ən böyük ticarət tərəfdaşı İrandır. İran da Azərbaycanın güclənməsini, müstəqil olmasını və torpaqlarını işğaldan azad etməsini birmənalı qaşılamır. İran istəməzdi ki, qonşuluğunda inkişaf etmiş və güclü və cəlbedici iqtisadiyyata malik olan Azərbaycan kimi bir dövlət olsun. İranın addımlarını həm də bu yönlərdən oxumaq lazımdır.

Qarabağa qanunsuz daşınmalara gəldikdə, İran iddia edir ki, bu yüklər Ermənistan üçün nəzərdə tutulub, sonradan bu yüklərin harasa aparılmasından məsuliyyət daşımır. Amma İran bilməlidir ki, bu yüklərin son məntəqəsi haradır. Beynəlxalq yükdaşımaları hüququ və praktikasına görə, bu daşımalarda son ünvan yazılır. Çox güman ki, İran bu yüklərin böyük əksəriyyətinin Xankəndinə aparıldığını bilir. Əgər səmimi idilərsə, bu məsələni Azərbaycan tərəfi ilə həll edərdilər. Görünən budur ki, İran da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı deyil. Yəni sülh müqaviləsi imzalansa, sərhədlər müəyyənləşdirilsə və kommunikasiyalar açılsa, İranın da bölgəyə təsir rıçaqları azalacaq. Buna görə də, İran Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzanmasına və bu gərginlikdən bəslənməyə çalışacaq.