Ermənistan Rüstəm Muradovun geri çağırıldığını bildirir, Moskva susur…

Ermənistan Rüstəm Muradovun geri çağırıldığını bildirir, Moskva susur…

8 Sentyabr 14:12
181
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftə sonu Ermənistan Müdafiə Nazirliyi elan etdi ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov öz missiyasını başa vurur. Və xəbər verilmişdi ki, müdafiə naziri Arşak Karapetyan missiyasını başa vurması ilə əlaqədar Rüstəm Muradovu qəbul edib.

Lakin Rusiya Müdafiə Nazirliyi bu haqda heç bir şərhlə və ya məlumatla çıxış etmədi. Daha sonra “Sputnik Armenia” agentliyi Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən Rüstəm Muradovu Rusiyanın Abxaziyadakı hərbi bazasının komandiri olmuş general Mixail Kosobokovun əvəz edəcəyi haqda məlumat yaydı. Yenə də Rusiya Müdafiə Nazirliyinin bununla bağlı hər hansı şərhinə rast gəlinmədi.

Bəs nədən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanının rotasiyası barədə xəbərləri Ermənistandan yayırlar? Rusiya Müdafiə Nazirliyi niyə bu haqda heç nə demir? haqqin.az saytı Rusiya Müdafiə Naziliyinin mətbuat xidməti İdarəsinə sorğu göndərib, amma bu sorğuya cavab verilməyib. Dünən axşam isə Rüstəm Muradov Ağdərədə ermənilər tərəfindən tutulmuş azərbaycanlı əsgəri Bakıya gətirib, onun əvəzinə Azərbaycanda saxlanılan iki erməni hərbçini Yerevana aparıb.

Muradov gedir, ya yox?

Qeyd edək ki, general Muradov 2020-ci ilin noyabrında Rusiya sülhməramlılarının komandanı təyin edilib. O vaxta qədər isə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini idi. Suriya əməliyyatlarında iştirakına görə Muradov Rusiya Qəhrəmanı adını alıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, R.Muradovun əvəzlənməsinə dair xəbərləri Rusiyanın “Milli müdafiə” hərbi-analitik nəşrinin baş redaktoru İqor Korotçenko haqqin.az saytı üçün şərh edib:

- Dağlıq Qarabağda mükəmməl fəaliyyət göstərən sülhməramlılar institutu yaratmış general Muradovun əvəzlənməsi nə ilə bağlıdır?

- Bu, planlı əvəzlənmədir. Rusiya müdafiə nazirliyinin mətbuat xidməti idarəsinin rəsmi məlumatını nəzərə almaq lazımdır. Fikrimcə, onlar dəqiq məlumat verəcək. Artıq məlumat sızmaları olub. Onlar bəlkə də əsaslıydı, bəlkə də yox. İstənilən halda, onun yerinə başqa təcrübəli rus generalı təyin olunacaq, belələri isə Rusiyanın silahlı qüvvələrində yetərincədir. Burada gizli səbəblər axtarmaq lazım deyil. Onun yerinə sülhməramlı əməliyyatları bilən və situasiyadan baş çıxaran general gələcək. Bu, siyasi yox, texniki məsələdir. Məsələnin siyasi əsasında Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli bəyanat dayanır. Təəssüf ki, bu bəyanat bəzi parametrlərinə görə yerində sayır. Ancaq bu, komandanın şəxsiyyətindən yox, həmin razılaşmanı imzalayan rəhbərlərdən asılıdır. Problemlər yaranıbsa, onları ali səviyyədə müzakirə etmək lazımdır. Ya da heç olmasa nəqliyyat dəhlizlərinin açılması ilə bağlı 2021-ci ilin yanvarında yaradılmış üçtərəfli komissiya səviyyəsində. Təkrar edirəm: sülhməramlı kontingent və komandanın şəxsiyyəti burada heç bir rol oynamır.

- General Muradovun öz vəzifəsinin öhdəsindən tamamilə gəldiyini söyləyə bilərikmi?

- General Muradovun fəaliyyətinə Rusiyanın Müdafiə Nazirliyi qiymət verməlidir. İstənilən halda, o, rəhbərlikdən aldığı direktivlərə uyğun hərəkət edib. Bizdə vahid rəhbərlik mövcuddur, onun məzmunu isə alınan əmr və göstərişlərin yerinə yetirilməsindən ibarətdir. Moskvaya sözə qulaq asmayan ayrı-ayrı generalların müstəqil siyasət yetirdiyi 1990-cı illər, “general Lebed” dövrləri arxada qalıb. Bu cür misallar məlumdur - o cümlədən, general Lebedin xidmət etdiyi Dnestryanıda. Hazırda oxşar hadisələr imümkün deyil, dəqiq şaquli idarəetmə formalaşıb. Odur ki, istənilən halda, əgər şəxs təyin olunubsa, Moskvanın onun qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini söyləməliyik.

- Üçtərəfli razılıq niyə yerinə yetirilmir?

- Problemlər ilk növbədə ermənilər tərəfindən yaradılır. Söhbət nəqliyyat dəhlizlərinin açılmasından gedir. Müvafiq komissiya yanvarda yaradılsa da, Zəngəzur dəhlizi hələ açılmayıb. Ermənistan bu qərarı əvvəlcə siyasi turbulentlik, sonra isə parlament seçkiləri fonunda daxili siyasi vəziyyətlə izah edirdi. Seçkilər oldu, Nikol Paşinyan baş nazir səlahiyyətlərini əldə etdi. Ancaq Ermənistanın mövqeyi qeyri-konstruktiv olaraq qalır. Yerevan noyabr sülh razılaşmasını təftiş etməyə çalışır. Halbuki, məntiqə görə, Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı razılaşma da reallaşmayıb, halbuki hələ 2 ay əvvəl Rusiya XİN özünün vasitəçi qismində iştirakını təklif edib. Hazırda Yerevan guya ki razıdır, ancaq bu məsələni ATƏT-in Minsk qrupunun statusu məsələsi ilə əlaqələndirməyə çalışır ki, bu da reallağı cavab vermir, çünki, Ermənistan - müharibəni uduzmuş ölkədir. Yerevanın indi etməyə çalışdıqları nə siyasi, nə də taktiki uğura aparır. Üstəlik, Azərbaycan ərazilərin bərpasına başlayıb: Füzali hava limanı, Füzuli-Şuşa yolu praktik olaraq istismara hazırdır, bölgənin elektrikləşdirilməsi yüksək sürətlə davam etdirililir. Bu, müəyyən dərəcədə iqtisadi möcüzədir, çünki dünyanın heç bir dövləti 30 il ərzində dağıdılanları bu qədər az müddətdə bərpa etməyib!

- Buna baxmayaraq, Ermənistanda müharibənin bitməliyini deyirlər …

- Ermənistanın Azərbaycana istənilən hücumu təcavüz sayılacaq. Kollektiv təhlükəsizilk haqqında müqavilə Təşkilatı (KTMT) Yerevanın təcavüzkar fəaliyyətini müdafiə etməyəcək. Bu, birincisi. İkincisi, erməni ordusu bərpa olmalıdır, o, tamamilə intizamı itirib, parçalanıb, hərbi qüvvələrin döyüş planı sistemi ötən ilin sentyabrına qədərki vəziyyətə uyğunlaşdırılıb. Hazırda sərhədlər, geosiyasi vəziyyət dəyişib, odur ki, erməni ordusu heç də sadə olmayan bərpa və islahatlar mərhələsinə qədəm qoymalıdır. 44 günlük müharibədən əvvəlki vəziyyət Ermənistana əvvəlcədən məğlubiyyət vəd edirdi. İndi hansı növbəti müharibədən söz gedə bilər?