"Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür və düşməlidir ki, Xankəndi Azərbaycanın suveren ərazisidir"

"Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür və düşməlidir ki, Xankəndi Azərbaycanın suveren ərazisidir"

4 Sentyabr 09:34
343
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Ziyafət Əsgərov Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Ziyafət müəllim, Moskvada həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistanın yeni Xarici İşlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı əsassız iddialar irəli sürüb. Yenidən bu cür iddiaların səslənməsi nəyə xidmət edir?

- Artıq Ermənistanda da başa düşməyə başlayıblar ki, Azərbaycanla bundan sonra vəziyyətin gərginləşdirilməsi onların xeyrinə olmayacaq. Xarici işlər nazirinin Moskvada o cür danışması sırf erməni cəmiyyətinə, daxili auditoriyaya hesablanmış niyyətdən irəli gəlir. Həmçinin orada Rusiya Xarici İşlər naziri Sergey Lavrov da “status”la bağlı heç bir fikir səsləndirmədi. Yəni bu da Ermənistana açıq bir mesaj idi ki, “status” məsələsi çoxdan bitib. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı konkret mövqe bildirib və bəyan edib ki, birdəfəlik tarixin arxivinə göndərilib.

- Müharibənin bitməsinin ildönümü ərəfəsində belə fikirlərin ortaya atılmasında məqsəd nədir?

- Ermənilər də bunu çox gözəl bilir ki, indi reallıq tamam başqadır. Sadəcə olaraq onlar daxili auditoriyanı sakitləşdirmək üçün bir müddət belə fəndlərdən istifadəyə çalışırlar. Ona görə də, ara-sıra bu cür sərsəm fikirlərin eşidilməsi mümkün ola bilər. Amma ümumi proseslərə belə yanaşmaların hər hansı bir təsirinin olması qeyri-mümkündür.

- Minsk qrupu ilə bağlı səslənən fikirləri nə dərəcədə ciddi qəbul etmək olar?

- Ermənistanın yeni XİN rəhbəri bununla da bağlı sərsəm fikirlər bildirdi. Amma Rusiya tərəfinin də Minsk Qrupunun süni surətdə yenidən ortaya atılmasının əleyhinə olduğu məlumdur. Azərbaycan tərəfi də hesab edir ki, Minsk qrupu vaxtında görməli olduğu işi görmədi və bundan sonra bu qurumun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Çünki Minsk qrupunun gördüyü işin nəticəsi sıfır idi. Azərbaycan özü təkbaşına bu problemi beynəlxalq hüquq tərəfindən qəbul edilən ərazi bütövlüyü daxilində həll etdi.

- Ötən gün Xankədidə qondarma rejimin tör-töküntülərinin tədbir keçirmək cəhdi fonunda yaşadıqları məyusluğu necə qiymətləndirirsiniz?

- Xankəndidə qanunsuz olaraq qalmış separatçıların guya özlərinə “30 illik mərasim” keçirmək cəhdləri də iflasa uğradı. İlk dəfə Ermənistan dövlət rəhbərliyi səviyyəsində bu tədbirlərdə iştirakdan imtina etdi. Ermənistandan rəsmi olaraq heç kəs orada iştirak etmədi. Ora 5-6 erməni deputat gəlmişdi. Onları da Xankəndidə olan ermənilər daş-kəsəklə qarşıladılar. Onlara “müharibə və ondan sonrakı dövrdə haradaydız, indi üzə çıxmısınız” kimi suallar verildi.

- Bu yanaşmalar erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə münasibəti kimi də şərh olunur...

- Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür və düşməlidir ki, Xankəndi Azərbaycanın suveren ərazisidir. Gedib orada hər hansı bir tədbir keçirmək vəziyyətin yenidən gərginləşməsi deməkdir. O da yenidən Azərbaycanla müharibə etmək gücündə olmadığını dərk edir. Sözsüz ki, bu gün Ermənistanın iqtisadi vəziyyəti həddindən artıq ağırdır. Belə bir iqtisadi durumla hansısa bir müharibəyə cəhd fəlakət ola bilər. Ona görə də, Paşinyan istirahət adı ilə aradan çıxdı. Vaxtilə gedib orada yallı oynayan Paşinyan indi həmin tədbirlər zamanı Ermənistandan belə kənara qaçır. Çünki o, Azərbaycanın gücünə bələddir. Nə qədər ki, Azərbaycanla delimitasiya və demarkasiya məsələləri həll olunmayıb Ermənistan bundan da ağır vəziyyət düşəcək. Çünki kommunikasiyaların açılması Ermənistanın özünə də sərf edir. Sözsüz ki, Ermənistan tərəfi birdən-birə də bu məsələləri həll edə bilmir. Çünki onlar ola biləcək mümkün təzyiqləri də nəzərə alır. Amma zaman etibarı ilə bütün bu məsələlər öz həllini tapacaq.

- Ermənistanın qonşu dövlətlər münasibəti ilə bağlı Paşiyanın yeni açıqlamaları var. Bu yanaşmalar necə, inandırıcı görünür?

- Bəli, Paşinyan da bununla bağlı fikir bildirdi. O, ilk dəfə olaraq Türkiyə ilə heç bir ilkin şərt olmadan münasibətləri bərpa etməkdən danışdı. Biz əvvəllər onların münasibətləri bərpa etmək üçün hansı şərtləri irəli sürdüyünü bilirik. İndi artıq vəziyyət dəyişib. Çünki ermənilər də bilir ki, onların iddia etdikləri şərtlərin heç biri qəbul olunmayacaq. Ona görə də, öz ölkələrinin gələcəyi naminə qonşu dövlətlərlə ilkin şərt olmadan danışıqlar arzusundadırlar. Bu da 44 günlük müharibənin yaratmış olduğu reallıqdır. Məhz bu reallıq regionda sülhü və əməkdaşlığı özündə ehtiva edir.