“BİZ, NİYƏ ERMƏNİSTANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMALIYIQ?...” – “İndiki sərhəd, əslində təmas xəttidir”

“BİZ, NİYƏ ERMƏNİSTANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMALIYIQ?...” – “İndiki sərhəd, əslində təmas xəttidir”

8 Avqust 10:33
489
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibə 9 ay əvvəl bitsə də, regionumuzda gərgin siyasi mühit hökm sürməkdədir. Kremlin istifadə etdiyi oyuncaq siyasətçi Vladimir Jirinovski Azərbaycanı hədəfə gətirir, İranın Ermənistandakı səfiri Azərbaycan sərhədlərinə qədər gələrək ermənilərin “dərdinə” şərik çıxır, Nikol Paşinyan isə Zəngəzur dəhlizinin müzakirə mövzusu olmadığını, sadəcə tərəflərin bir-birinin tranzit keçidlərini tanıyacağını bildirir. Və bütün bunların fonunda 10 noyabr sazişi ilə əldə olunan atəşkəs rejimi hər gün ermənilər tərəfindən pozulur.

Oxuməni.az mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “AzPolitika.info”ya müsahibəsini təqdim edir:

- Tofiq müəllim, Nikol Paşinyana hökuməti formalaşdırmaq üçün konstitusiya ilə verilən 5 günlük möhlət başa çatdı. Bu, o deməkdir ki, artıq Ermənistanda legitim hakimiyyət formalaşıb. Bundan sonra erməni hökumətinin addımlarını proqnozlaşdırmaq mümkündürmü, əgər mümkündürsə, Sizcə, Paşinyandan hansı addımları gözləmək olar?

- Əslində bu, geniş bir mövzudur. Burada daha çox ayrıca götürülmüş bir şəxsiyyətin tarixdəki rolu məsələsi yada düşür. Orada bu və ya digər şəxsin hökumətdə təmsil olunması proseslərin ümumi inkişafına təsir edir. Ancaq bununla yanaşı, daha əsaslı faktorlar var ki, məhz onlar siyasətin hansı istiqamətdə gedəcəyini diktə edir. Bunun kiminsə xoşuna gəlib-gəlməməsi ayrı məsələdir. Reallıq məcbur edəcək ki, onlar bu və ya digər addımları atsınlar. Əlbəttə, prosesi ləngidə bilərlər, lakin bəzi məsələlər var ki, onların reallaşması qaçılmazdır.

İndi erməni siyasətində ən aktual mövzu hansı siyasi istiqamətin əsas olaraq götürüləcəyi məsələsidir. Yəni ruspərəstlik, yoxsa qərbpərəstlik əsas istiqamət kimi götürüləcək. Aydındır ki, Ermənistan üçün Qərb istiqaməti qaçılmazdır. Çünki Rusiyanın orbitində qalmaq bir növ köhnə vəziyyəti saxlamaq və uzatmaqdır. Halbuki, köhnə vəziyyət Ermənistanı acı məğlubiyyətə, demoqrafik və iqtisadi böhrana gətirib. İstər-istəməz erməni siyasətində qərbyönümlü elementlər olacaq. Bunun fonunda Rusiya-Ermənistan münasibətləri pisləşəcək. İndi bəzi siyasi çıxışlarda Paşinyan və hökumət üzvləri Rusiyaya tərəf reveranslar edirlər. Amma aydındır ki, bunlar sadəcə sözlərdir və reallıq onları qərbyönümlü siyasətə məcbur edəcək.

İkincisi, müstəqilliyi bərpa etdikdən sonra Ermənistan Türkiyə ilə konfrantasiya siyasəti seçib. Azərbaycana qarşı hərbi təcavüz, Türkiyəyə qarşı siyasi həmlələr və s. İndi aydındır ki, erməni siyasətçiləri bir tərəfdən güclənən 10 milyonluq Azərbaycanın nəyə qadir olduğunu hiss edəcəklər. Bu, monolit qüvvədir və müharibədə özünü sübut edib. Digər tərəfdən də 85 milyonluq Türkiyə. Hansı ki, NATO ölkəsidir və hərbi-iqtisadi baxımdan dünyanın öndə olan 20 ölkəsindən biridir. İstər-istəməz bu iki tendensiya erməni siyasətinə təsir edəcək. Hökumət tam formalaşdıqdan sonra bir mərhələ populist çağırışlar olacaq, amma reallıq onlara diqtə edəcək ki, mən dediyim istiqamətdə siyasətlərini davam etdirsinlər. Onların ayrı yolları, yəni seçimi yoxdur.

- Nikol Paşinyan deyib ki, hər hansı bir dəhlizdən söhbət gedə bilməz, İrəvan belə bir öhdəlik götürməyib, sadəcə olaraq tərəflər bir-birinin ərazisindən tranzit kimi istifadə etməlidir. Onun digər iddiası isə onunla bağlıdır ki, guya Bakı dəhliz məsələsini qabartmaqla Ermənistanın blokadada qalmasına nail olmağa çalışır...

- Ermənistan rəhbərliyi istəmir ki, burada eks-territorial dəhliz olsun. Nə mənada? 10 noyabr razılaşmasında göstərilir ki, bu dəhliz eks-territorial, yəni Rusiya Sərhəd Qoşunlarının nəzarətində olmalıdır. Bu isə o deməkdir ki, Ermənistan qanunları bu hissədə işləməyəcək. Ermənilər indi bu öhdəlikdən qaçmaq istəyir, onu yerinə yetirməməyə çalışırlar. Ancaq burada Azərbaycan tərəfinin bir sıra güclü arqumentləri var. Əslində, bu dəhlizin eks-territorial olmasının səbəbkarı Rusiyadır. Çünki bu dəhlizin nəzarətini birbaşa o ələ götürəcək. Aydındır ki, Azərbaycan da buranın eks-territorial dəhliz olmasında və Ermənistanın yurisdiksiyasından kənarda qalmasında maraqlıdır. Unutmayaq ki, bizim də territorial dəhlizimiz var, Laçın dəhlizini nəzərdə tuturam. Sadəcə, bu dəhlizin 5 illik müddəti var. Zəngəzur dəhlizinə isə müddət qoyulmayıb.

Digər arqument ondan ibarətdir ki, əgər Ermənistan yenə də prosesə maneçilik yaradacaqsa, bu zaman Azərbaycanın tam hüququ var ki, Laçın dəhlizini tam nəzarətə götürsün. Bu baxımdan hiss edilir ki, Ermənistan təhlükəli oyun oynayır. Bu oyunun da nəticəsi indidən bəllidir - Ermənistan məğlub olacaq.

- İranın İrəvandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə gələrək, gərginliyə görə narahat olduğunu ifadə edib, həlak olan erməni hərbçilərinin ailələrinə baş sağlığı verib və bir növ ermənilər üçün canfəşanlıq göstərib. Təcrübəli diplomat olaraq İran səfirinin davranışlarının izahını verə bilərsinizmi?

- Səfirlərin davranışına məncə, o qədər də önəm vermək lazım deyil. Siyasətin əsas istiqamətləri səfirlərlə və ya onların addımları ilə müəyyən edilmir. Digər tərəfdən, İran Zəngəzur dəhlizində maraqlı olmalıdır. Çünki bu dəhliz nəticəsində Rusiya, Azərbaycan və Türkiyə Şimal-Cənub dəhlizinin bərpasını təmin edəcək. Sovet vaxtı Culfada SSRİ dəmir yolları şəbəkəsi İran dəmir yolları şəbəkəsinə qoşulurdu. İkinci vacib istiqamət odur ki, Türkiyə də bu dəmir yolları şəbəkəsinə qoşulacaq. Bu mühüm nöqtənin Ermənistandan asılılığı heç kimə sərf etmir. Ona görə də regional oyunçular maraqlı olacaq ki, burada hansısa eks-territorial formada komunikasiya yaransın və dominatlıq heç kəsin əlində olmasın. Əlbəttə, burada Naxçıvanla əlaqənin açılması, gediş-gəliş və s. məsələlər bizim xeyrimizədir. Sözsüz ki, Zəngəzur dəhlizinə nəzarətin ermənilərin əlindən çıxması bizim üçün əhəmiyyətlidir.

- Biz həm də Moskvanın Vladimir Jirinovskinin timsalında Azərbaycanı hədəfə gətirməsini müşahidə etdik, sanki Kreml Bakıya çatdırmaqda çətinlik çəkdiyi fikirləri Jirinovskinin vasitəsilə ötürür...

- Diqqət edin, bundan əvvəl Jirinovski ermənilərə döşüyürdü, biz də baxıb ləzzət alırdıq. İndi də bizə qarşı danışır. Qeyd edim ki, Jirinovskinin çıxışı bizim prezidentin Rusiya prezidenti ilə görüşündən sonra olub. Həmin görüşdə hər iki tərəfdən qarşılıqlı etimad və əməkdaşlığa dair fikirlər səsləndirilib. Ermənipərəst qüvvələr isə çalışırlar ki, bu isti münasibətlərə acı nələrsə qatsınlar. Jirinovskini izləsək görərik ki, bu fiqur hərdən Kremlin sifarişlərini həyata keçirir, eyni zamanda özünü dolandırmaq üçün də müxtəlif maliyyə qruplaşmalarının sifarişlərindən imtina etmir. Bu, sanki bizim bəzi sənətçilərimizin konsertdə çıxış etdikdən sonra gedib toylarda pul qazanmasına bənzəyir. Bu adam hərdən Kremlin istəklərini dilə gətirir, hərdən də pulunu qazanır. Ona görə də onun sonuncu açıqlamaları daha çox “xaltura”ya oxşayır. Mən buna ciddi önəm verməyin tərəfdarı deyiləm. Əlbəttə, reaksiya olmalı idi. Ancaq bir daha qeyd edim ki, Jirinovski artıq çoxdandır ciddi fiqur deyil.

Mən notanın tərəfdarı deyiləm. Düşünürəm ki, Jirinovskinin fikirlərinə şərh verilməli idi. Məsələn, XİN-in sözçüsü Leyla Abdullayevanın iki-üç cümlə ilə fikir bildirməsi bəs edərdi. Çünki Jirinovski kimi birisinin çıxışına önəm vermək həm də onun imicini qaldırmağa səbəb olur. Odur ki, beləsinə yüksək səviyyədə reaksiya verilməsə yaxşıdır. Bir daha qeyd edirəm ki, bu adamın gəlir mənbəyi həm də sifarişli çıxışlardır.

- Rus sülhməramlılarının əhatəsində olan separatçıların başçısı Araik Arutyunyan elan edib ki, Ağdərədə yeni su elektrik stansiyası (SES) tikməyi planlaşdırırlar və bunun üçün 25 milyon dollar xərclənəcək. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin ləngiməsi, Ermənistan ordusunun qalıqlarının Xankəndində qalmaqda davam etməsi fonunda bu cür planların elan edilməsi nədən xəbər verir?

- Heç bir ziyanı yoxdur, buyurub tiksinlər. Buna qədər də bir neçəsini tikmişdilər. Nəticəsi necə oldu? İndi həmin SES-lər Azərbaycanın nəzarətindədir. Hətta bir zamanlar Kəlbəcərdən və Ağdərədən keçən yol tikirdilər. Bunun da aqibətinin necə olduğu bəllidir. Problem yoxdur, tiksinlər.

Bilirsinizmi, onlar bu cür addımları niyə atırlar? Mənim fikrimcə, bunun iki səbəbi var. Əvvəla, Xankəndində əhalinin kəskin azalması müşahidə olunur. Ermənilər oradan gedirlər. Bu cür iş yerləri yaratmaqla istəyirlər ki, insanların buradan getməsinin qarşısını alsınlar. Yəni bir tərəfdən iş yeri yaradırlar, digər tərəfdən də guya bunun sayəsində ermənilərin Xankəndindən qaçışını dayandırırlar. Bunları başa düşmək lazımdır.

Əlbəttə, biz orada gedən prosesləri ciddi şəkildə öyrənməli, gələcəyi nəzərə alaraq buna münasibət bildirməliyik. İndi onlara elektrik enerjisini, qazı kimi verir? Biz. Bunlar iqtisadi mövzulardır, baxmaq, təhlil etmək lazımdır. Yəni bu, siyasətdən əvvəl iqtisadi məsələlərdir. Onsuz da bura bizim torpağımızdır, bizə aiddir. Dünya da bu cür tanıyır.

- Erməni tərəfi gah Fransa ordusunun sərhədə yerləşməsindən, gah ABŞ, gah da ATƏT-in hərbi müşahidəçilərindən danışır. Hazırda sərhədlərin delimitasiya və demarkasiya prosesi tam aparılmayıb, Rusiya tərəfi də açıq deyir ki, sərhədlər müəyyən edilmədən orada rus sərhədçilərinin dayanması çətindir. Sizcə, sərhədlərin müəyyən edilməsini gecikdirən başlıca səbəb nədir?

- Burada ziddiyyət var. Niyə? Ermənistanın ərazi bütövlüyü məsələsinə diqqət etmək lazımdır. Başqa sözlə, biz Ermənistan konstitusiyasına, onun müstəqillik aktı haqda sənədinə baxsaq görəcəyik ki, orada birmənalı şəkildə “miatsum” layihəsi, yəni Azərbaycan ərazilərinin özlərinə birləşdirilməsi təsbit olunub. İndi onlar “ərazi bütövlüyü” deyəndə nəyi nəzərdə tuturlar? Paşinyan bir zamanlar deyirdi ki, Qarabağ Ermənistandır. İndi bizdə bəzi adamlar deyrlər ki, Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Biz hansı sərhədə hörmətlə yanaşmalıyıq, ermənilərin təsəvvür etdiyi və sənədlərinə saldığı sərhədə? Biz deyəndə ki, gəlin sülh sazişi bağlayaq, onlar deyirlər ki, yox, bu halda biz etiraf edəcəyik ki, Qarabağ Azərbaycan ərazisidir. Onlar bizim ərazi bütövlüyümüzü tanımırsa, başlarında hansısa sərhədlər cızıblarsa, biz nədən onların ərazi bütövlüyünü tanımalıyıq? 2016-cı ilin aprel döyüşləri zamanı biz bəzi kəndləri işğaldan azad etmişdik. O zaman erməni tərəfi deyirdi ki, “işğal etdiyiniz kəndləri azad edin, əvvəlki mövqeyinizə qayıdın”. İndi kmsə bunların təfəkkürünü təhlil etsin və desin görək ermənilər ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tuturlar.

İndi Ermənistandan Azərbaycana “sərhədlərə hörmətlə yanaşın” çağırışları var. Amma onların özləri buna hörmətlə yanaşmırlar. Onlar faktiki olaraq bizim sərhədi tanımırlar. İndiki sərhəd əslində təmas xəttidir. Onlar bunu sərhəd kimi tanımırlar. Bəli, Ermənistanın istəyi odur ki, beynəlxalq qurumları prosesə cəlb etsin və onların arxasında gizlənərək Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirsin. Ermənilər hələlik bu mövqedədirlər. Amma yuxarıda qeyd etdiyim kimi, onlar reallığı dərk etməlidirlər. Hələlik bizim gördüyümüz odur ki, erməni siyasətçiləri reallığı dərk etmirlər. Onlarda ümid var ki, Fransa, Almaniya, Amerika və s. gəlib onları xilas edəcək. Necə ki, uzun illər rusların arxasında gizlənərək bizə qarşı düşmənçilik siyasəti həyata keçirirdilər. İndi istəyirlər ki, rusların yerinə ayrısı gəlsin. Məqsəd budur. Çox bəsit, perspektivi olmayan xətdir. Bunu da təbii ki, ciddi siyasət adlandırmaq olmaz.

- Tofiq müəllim, diqqət çəkən daha bir məqam son aylarda Ermənistan ordusu və Xankəndində qalan separatçı silahlı dəstələr tərəfindən atəşkəsin mütəmadi olaraq pozulmasıdır. Bununla İrəvan nəyə nail olmaq istəyir?

- Çalışırlar ki, bu yolla mövzuya diqqət cəlb etsinlər. Müharibədən sonrakı ilk atəşkəs pozuntusu və toqquşmalardan sonra bu mövzuya ciddi maraq yaranmışdı. Beynəlxalq qurumlar bunu diqqətlə izləyirdi. İndi isə elə bir maraq yoxdur. Başqa sözlə, bu təxribatlar öz nəticəsini vermir. İrəvan istəyirdi ki, bu təxribatlar vasitəsilə beynəlxalq ictimaiyyətə göstərsin ki, burada qırğın gedir, gəlib bizi döyürlər və s. Bunun əsasında da fransız və ya kimsə bölgəyə gəlsin. Məqsəd budur. Amma indi bu addımlar beynəlxalq ictimaiyyətdə ciddi maraq doğurmur. Deməli, yanlış və effektsiz addımlardır.