“Rusiya yeni baza yaradır və Azərbaycanla sərhəddə yerləşdirir”

“Rusiya yeni baza yaradır və Azərbaycanla sərhəddə yerləşdirir”

29 İyul 15:15
448
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

-Qabil bəy, Rusiya Azərbaycan-Ermənistan sərhədinə qoşun yerləşdirib, bu addımı necə qiymətləndirirsiniz?

- Bu məsələ haqqında qərar müharibə qurtarandan sonra qəbul edilmişdi. Erməni rəhbərliyi, ilk növbədə Paşinyan Azərbaycanla Ermənistan sərhədinə, xüsusilə Zəngəzur bölgəsinə yeni hərbi bazanın yerləşdirilməsini Putindən xahiş etmişdi. O zaman belə bir məlumat yaydılar ki, həmin bazanı yaratmaq 102-ci bazanın bir hissəsinin bölünərək o bölgəyə göndərilməsi şəklində mümkün olacaq.

Düzü, mən məsələnin belə həll olunduğuna inanmıram. Yəni düşünmürəm ki, 102-ci bazanın şəxsi heyətindən kimlərsə Zəngəzur bölgəsində, Qubadlı ilə sərhəd ərazidə yerləşdirilsin. Rusiya yeni baza yaradır və bunu Azərbaycanla sərhəddə yerləşdirir. 102-ci briqada guya NATO qüvvələrinə qarşı çevrilmiş briqada şəklində təqdim edilirdir.

- Rusiyanın bu addımı Azərbaycan üçün hansısa təhlükə vəd edirmi?

- Baş verən proses ermənilər üçün təskinlik xarakteri daşıyır və açıq şəkildə Azərbaycana qarşı atılmış addım olduğunu söyləmək mümkündür. Hazırkı briqada haqqında heç bir məlumat olmasa da, biz bilməliyik ki, sərhədlərimizdə olan baza Rusiyanın Ermənistan ərazisindəki üçüncü hərbi bazasıdır və bizim üçün təhdiddir.

- Genişmiqyaslı əməliyyatların başlayacağını proqnozlaşdırırsınızmı?

- Bizim Ermənistanla yeni müharibə etmək fikrimiz yoxdur. Sadəcə olaraq demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsini istəyirik. Bu istiqamətdə də addımlar atılır. O hərbi baza yalnız sərhədi keçib Ermənistan ərazisinə daxil olduğumuz zaman bizə qarşı fəaliyyətə başlaya bilər. Ona görə də təhdid xarakteri olsa da, hazırda Azərbaycana qarşı hər hansısa hərbi əməliyyatın başlaması üçün heç bir əsas yoxdur, çünki Azərbaycan öz torpaqlarını istəyir, başqasının torpağına iddiası yoxdur.

- Tutaq ki, gərginlik artsa və əməliyyat baş versə, həmin kontingent Ermənistan tərəfindən prosesə qoşula bilərmi?

- Onsuz da rus hərbçiləri, o 102-ci briqada İkinci Qarabağ müharibəsi dövründə ermənilərə ya təlimatçı kimi məsləhətlər verirdi, ya da çox yerdə ermənilərlə birlikdə bizim orduya qarşı vuruşurdu. Hazırda biz bunu faktlarla sübut edə bilmirik. Amma ermənilərlə ruslar arasında bir müqavilə var, o müqaviləyə görə Ermənistan və Rusiyanın birləşdirilmiş ordu hissələri yaradılır və həmin hərbi hissəyə də növbə ilə ruslar və ermənilər rəhbərlik edir.

Müharibə dövründə o hərbi hissə yaradılmışdı. O da erməni ordusunun tərkib hissəsində Azərbaycana qarşı vuruşurdu. İndi bu məsələlər ciddi tədqiq edilməyib və Rusiya ilə münasibətləri çox korlamamaq naminə bütün nüansları aça bilmirik. Amma Rusiya mütəmadi olaraq Ermənistan silah göndərdi. Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarında zabit heyətindən tutmuş sıravi heyətə qədər hamı Ermənistanla birgə Azərbaycana qarşı vuruşurdu.

İndi ordular orada durursa, o ordunun şəxsi heyəti də yeni ordunun yaradılmasında təlimatçı kimi çıxış edəcək. O orduya göndərilən silahların bir hissəsi Ermənistan ordusuna veriləcək.

- Ermənistanın Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlimlərə çağırıb. Bu, düşmənin növbəti müharibə planından xəbər verir?

- İndiki mərhələdə Ermənistan yenidən ordu quruculuğu ilə məşğuldur, çünki ordunun texniki tərəfinin 90 faizi müharibədə Azərbaycan ordusu tərəfindən tamamilə məhv edilib. Düşmənin 550 tankını, 300-dən çox zirehli transportyorunu sıradan çıxarmışıq, hərbi avtomobil hissələrinin hamısı ya qənimət şəklində ələ keçirilib, ya da məhv edilib. Şəxsi heyətin isə üçdəbiri sıradan çıxarılıb. Canlı heyət baxımından Ermənistan ciddi problemlərlə üzləşib.

Erməni ordusunda fərariliyin geniş yayıldığını nəzərə alsaq, orduda canlı heyətin yarıya qədərinin yox olduğunu deyə bilərik. İnsanlar uşaqlarını orduya göndərmək istəmirlər, çağırış yaşına çatmış uşaqların çoxu Ermənistandan mühacirət edib. Buna görə də ehtiyatda olan adamları çağırmağa başlayıblar, lakin bununla yeni ordu yaratmaq mümkün olmayacaq.

Ermənistan qüruba gedən bir ölkəyə bənzəyir, əhalisi azalır, bir çoxu miqrasiya edir. Ordunu yaratmaq üçün ən azı 7-8 milyarda dollar civarında pul lazımdır. Əvvəllər Rusiya bunu kredit adı ilə elə-belə verirdi. Bu saat Rusiyaya Ermənistanın 8 milyard dollara qədər bu və ya digər formada borcu var.

Düzdür, Avropa Birliyi ölkədə əhalinin maddi rifahı üçün 2,6 milyard avro ayırıb, lakin onu da hissə-hissə bir neçə ilə verəcək. Bunun hamısını ordu quruculuğuna sərf etmək ixtiyarları isə yoxdur. Çünki pul göndərilməsi dayandırıla bilər. Yəni ermənilər nə qədər cəhd etsələr də, Azərbaycan ordusuna bərabər olacaq bir ordu qurmağa nə şəxsi heyətləri, nə maddi vəsaitləri var. Dediyim kimi, əhali də buna qarşıdır, çünki insanlar dinclik istəyir. Həmçinin Rusiya tərəflər arasında hərbi balansı yaratmaq üçün lazım olan səylərə yenidən baş vuracaq.

- Fransanın proseslərdə iştirakı barədə nə düşünürsünüz?

- Fransa xristian dünyasını Ermənistana kömək adı altında müəyyən qədər birləşdirməyə cəhd edir. Yəni dünyanın yeni düzəni belədir: bu tərəfdə Azərbaycan ordusunun ətrafında Türkiyə və Pakistan var, bir sıra qüvvələri biz cəlb etməkdəyik, o biri tərəfdə də Ermənistan, Fransa və müəyyən qədər də Rusiya var.

Lakin Rusiya Avropa İttifaqının yardımından sonra əvvəlki qədər Ermənistana yardım göstərmək fikrində deyil. Amma hər halda nəzərə alsaq ki, Rusiya həmişə çətin vaxtlarda Ermənistanın yanında olub, bu bizə bəzi şeyləri ibrət dərsi kimi öyrətməlidir. Fransa isə açıq şəkildə Ermənistana deyir ki, əgər KTMT-dən çıxsan, sənin təhlükəsizlik məsələlərini NATO ilə birlikdə öz üzərimizə götürə bilərik. Fransa NATO-ya hökm edən deyil, sadəcə olaraq NATO adından alver edir. Amma məsələ burasındadır ki, onlar hətta Ermənistana bölgəyə ordu yeridə biləcəklərini də vəd edirlər. Qarışıq proseslər gedir. Bu proseslərdə haqq-ədalət tamamilə pozulub. Gücü olan öz iradəsini diqtə etməyə çalışır. Amma çox yaxşı ki, Türkiyə Azərbaycanla birləşmiş ordu hissələri yaradır. Ordunun birləşdirilməsi haqqında qərar qəbul edilir. Birgə təlimlər keçirilir. İndi Pakistan da bu prosesə qoşulacaq və bölgədə Azərbaycanın hərbi potensialı Ermənistandan qat-qat üstün olacaq. Ermənilər əgər nəyəsə cəhd etsələr, Azərbaycan və onun müttəfiqləri tərəfindən ciddi cavab zərbəsi alacaqlar.