Arının həm balı, həm də zəhəri dərman sayılır

Arının həm balı, həm də zəhəri dərman sayılır

6 Fevral 11:14
5 659
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsib Bayramoğlu on ildən çoxdur ki, Mingəçevirdə fəaliyyət göstərən "Çiçək" Arıçılar İctimai Birliyinin sədridir, səkkiz ildir ki, "Arı dünyası" mərkəzinə rəhbərlik edir. O, arıların həyatından bəhs edən "Arı və demokratiya", "Sirli dünya" kitablarının müəllifidir. N.Bayramoğlu deyir: "Arı ailəsi çox sirli və möcüzəli dünyadır və o qədər intəhasızdır ki, dərinliklərinə gedib çıxmaq çox çətindir. Aristotel "Arı günəşi" adlı kitab yazıb. Dünyanın məşhur alimlərindən Demokrit, Əbu Əli İbn Sinanın da arı və arı məhsulları haqqında dəyərli fikirləri var.

Arı özü müqəddəs olduğu kimi, onun müqəddəs hesab etdikləri də var. Bu, onun yuvası, şahı, qanunu, balası və ruzisidir, arı onların hər biri uğrunda özünü qurban verməyə hazırdır. Arı ailəsində iş bölgüsü var. Ən böyük səlahiyyəti işçi arıya məxsusdur. Şah arının cəmi bir, işçi arının isə 42 səlahiyyəti var. Erkək arının da cəmi bir səlahiyyəti var. Arı qanunlarına görə, işçi arı qanunu pozan həm şah, həm də erkək arını nəinki cəzalandıra, hətta öldürə bilər. Ona görə ki, arı ailəsinin qorunması, yaşaması, qidası, çiçək tozunun gətirilməsi, balın, mumun istehsalı, obrazlı desək, "büdcəsi" işçi arının məhsuludur və onu hasilə gətirən işçi arı da hər şeydən qiymətlidir".

Təcrübəli arıçı daha sonra deyib: "Arının ən çox istehsal etdiyi məhsul baldır. Bal ərzaqlar içərisində ən çox kalorisi olan məhsul sayılır. Bir kiloqram balda 3200 kalori var. Bal qəbul ediləndən 7 dəqiqə sonra mədədə həzm olunur, ona görə də bal yeyəndə tez acıma baş verir. Balın çox böyük ağrıkəsici qabiliyyəti var. Sümük, göz, baş ağrıları zamanı həmin nahiyəyə bal sürtmək lazımdır. Qırxılmış başa təmiz bal sürtülməsi ağrıdan xilas edir. Soyuqdəymə və oynaq ağrıları zamanı da bal sürtülməsi gözəl nəticələr verir. Yeri gəlmişkən, balın keyfiyyətini onun dərinin sorulması ilə də bilmək olar. Təmiz bal bədənə sürtüləndən təxminən bir saat sonra bir damcı da qalmadan sorulur".

N.Bayramoğlu arının istehsal etdiyi məhsullar haqqında dedi: "Cicək tozu arının istehsal etdiyi ən qiymətli məhsullardan sayılır. Bu, o dərəcədə qiymətli nemətdir ki, kosmonavtların qidasında da ondan istifadə olunur. Vərəmum bakteriya keçirməyən və az tapılan qiymətli maddədir. Mədə-bağırsaq xəstəlikləri, xüsusən mədə xorası və nəfəs yolları iltihabında onun spirtlə qarışdırılmış məhlulundan geniş istifadə olunur. Arının istehsal etdiyi məhsullardan biri də arı zəhəridir və onun tərkibi gürzə zəhəri ilə eynidir. Lakin zəhərin miqdarı az olduğuna görə ölümlə nəticələnmir. Revmatizm, bel ağrıları, sinir sistemi, qan dövranı zamanı arı sancması çox müsbət təsir göstərir".

Oxuməni.az