Çində dünyanın ən böyük buz və qar festivallarından biri keçirilir

Çində dünyanın ən böyük buz və qar festivallarından biri keçirilir

6 Yanvar 2020 15:00
Bəyəndim (1) Bəyənmədim (0)

Çinin şimal-şərqindəki Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərində 36-cı beynəlxalq buz və qar festivalı işə başlayıb.

Oxumeni.az xəbər verir ki, festival çərçivəsində təxminən 400 tədbir, o cümlədən buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla, müxtəlif yarışlar təşkil olunur.

Fevralın sonunadək davam edəcək festivalın ən çox maraq doğuran hissəsi “Buz və qar dünyası” sərgisidir. Bu, dünyada ən böyük buz və qar sərgisi hesab olunur. Açıq havadakı ekspozisiyasının sahəsi 600 min kvadratmetr olan bu sərgidə dünyanın müxtəlif yerlərindəki məşhur memarlıq nümunələrinin buzdan və qardan düzəldilmiş oxşarları, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar nümayiş etdirilir. Bəzi buz binaların və qar heykəllərin hündürlüyü 50 metrə çatır.

Bu əsərlər, ümumilikdə, 10 minə yaxın yerli və əcnəbi mütəxəssis tərəfindən 15 gün ərzində hazırlanıb. Bütün işlərə 100 min kubmetrdən çox buz və elə bir o qədər də qar istifadə olunub. Bundan başqa, buzdan müxtəlif fiqur və heykəl hazırlamaq sahəsində tanınmış yerli və əcnəbi ustaların müsabiqəsi təşkil edilir.

Festival müddətində Xarbini 15 milyona yaxın turistin ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, qışda soyuq Sibir küləklərinin hakim olduğu Xarbində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir. Axşam və gecə saatlarında temperatur bəzən mənfi 40 dərəcəyə enir. Bu cür hava şəraiti qış turizminin inkişafına əlverişli imkan yaradır. Son illərdə bu cür festivalların iqtisadi dəyəri 4,5 milyard ABŞ dollarına çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az