Vilhelm Kanaris- Abverin qorxu atası

Vilhelm Kanaris- Abverin qorxu atası

5 May 2019 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az saytı yazıçı-jurnalist Əziz Mustafanın qələmə aldığı Hitler Almaniyasının vaxtı ilə ən qorxulu simalarından biri olan Vilhelm Kanaris haqqında araşdırma yazısını təqdim edir

Bir vaxtlar onun haqqında qorxa-qorxa, olduqca ehtiyatla danışardılar. O, heç kimə səhvləri bağışlamırdı və faktiki olaraq, faşist Almaniyasında Hitlerin varislərindən biri hesab edilirdi. Hitler ona inanırdı və ona görə qeyri-rəsmi şəkildə: "Kanaris böyük adam olacaq. Almaniya ona etibar edilə bilər", - demişdi. Amma Kanaris Hitlerin etimadını doğrultmadı və ...

Vilhelm Kanaris 1887-ci ildə Dortmund yaxınlığındakı Anperbeke şəhərində metallurgiya kombinatının direktorunun ailəsində anadan olmuşdu. Nə üçünsə atası oğlunu hərbçi kimi görmək istəyirdi. Ona görə də oğlunu hərbi dəniz qüvvələri üçün kadrlar hazırlayan kadet korpusuna qoyur. Leytenant rütbəsində oranı bitirən Kanaris "Bremen" kreyserində hərbi xidmətə başlayır. Ortaboylu və hərbi dəniz təlimlərində özünü bacarıqlı mütəxəssis kimi göstərən Kanaris tezliklə komandanlığın hörmətini qazandı və o, ən istedadlı gənc zabit kimi tanındı. Qısa müddətdə ingilis, fransız, ispan və rus dillərini öyrənən Kanaris hərbi dəniz kəşfiyyatının rəhbərliyinin də diqqətini cəlb etdi. 1912-ci ildə "Drezden" kreyserinə təyinat alan Kanarisə Balkan yarımadasındakı vəziyyəti və alman bankları tərəfindən maliyyələşdirilən dəmiryolunun çəkilişinin necə getdiyini öyrənmək tapşırılır. O, kəşfiyyatın ilk tapşırığını uğurla yerinə yetirir. IDünya müharibəsi zamanı Çili sahillərində ingilis kreyserilə döyüşdə "Drezden" batır. Batan kreyserdən güclə xilas olan Kanaris çox çətinliklə Almaniyaya gəlib çıxır. Almaniyaya qayıdan kimi birbaşa onu kəşfiyyat işinə cəlb edirlər. O, İspaniyada alman kəşfiyyatına casus cəlb etməklə məşğul olmağa başlayır. Bu tapşırığı yerinə yetirdikdən sonra onu yenidən öz peşəsinə qaytarırlar. Kanaris U-34 nömrəli sualtı qayığın komandiri təyin edilir. İlyarım ərzində U-34 ona yaxın ingilis və fransız gəmisini batırır. Almaniyanın məğlubiyyətindən sonra Müdafiə Nazirliyində işləyən Kanaris ölkədə başverən siyasi olaylara qatılmır. 1923-cü ildə Kanaris yenidən "Berlin" kreyserində komandirin baş köməkçisi təyin edilir. Hitler Almaniyasının İmperiyanın Təhlükəsizlik İdarəsinin rəhbəri Reynard Heydrix onun tabeçiliyindəolan hərbçilərdən biri idi. Onların qarşıdurması və bir-birilərinə nifrət etməsi də "Berlin"dən başlayır. Bir müddət kəşfiyyatçı kimi Yaponiyaya göndərilən Kanaris qısa müddət ərzində Almaniya üçün lazım olanhərbi gəmilərin inşasını təşkil edir və ələ aldığı kəşfiyyatçılar vasitəsilə Yaponiyanın hərbi sahəsini nəzarətə götürür. Sonra "Sileziya" linkoruna rəhbərlik ona tapşırılır. Amma 1935-ci ildə Hitler Kanarisi Berlinə çağırtdırır və ona "Abver" kəşfiyyat və əkskəşfiyyat şöbəsinə rəhbərlik etmək tapşırılır. Bu şöbə xarici kəşfiyyatçıların üzə çıxarılması və xaricdə kəşfiyyat işlərini həyata keçirirdi. 1919-cu ildə yaradılan "Abver" kəşfiyyat və əks-kəşfiyyat işlərini həyata keçirirdi. "Abver" həm də ordunu nəzarət altında saxlayırdı. Ona görə "Abver" daim "Gestapo" və nasist xüsusi təhlükəsizlik xidmət orqanları (SD) ilə rəqabətdə idi. Kanarisin "Abver"ə rəhbərliyi kəşfiyyat və əks-kəşfiyyat işində yeni bir dönüş yaratdı. Kifayət qədər təcrübəyə malik olan Kanaris burada 3 yeni şöbə yaratdı.I şöbə xarici kəşfiyyat, II şöbə diversiya, III şöbə hərbi kəşfiyyat işlərini həyata keçirirdi. Hitlerin Avropanı Almaniyanın ayaqları altına ata bilməsi üçün Kanaris Avstriya, Çexoslovakiya və Polşanınişğalı planını irəli sürdü. Məhz "Abver"in agentləri Avstriyada və Çexoslovakiyada daxili qarşıdurma yaratdı və düşmənin zəif yerlərini müəyyən etdi. Ümumiyyətlə, II Dünya müharibəsi ərəfəsində "Abver" bütün Avropanı nəzarət altına götürmüşdü; hətta xarici dövlətlərin rəsmi idarələrinin rəhbərlərinin telefon danışıqlarını izləyir, onların ailələrində olan xırda narazılıqlarından da operativ şəkildə xəbər tuturdular. SSRİ-yə hücum ərəfəsində "Abver" Barbarossa planının uğurla həyata keçirilməsini təmin etmək üçün düşmən arxasına xüsusi təxribat dəstələri göndərdi. Bundan əlavə, SSRİ-nin Almaniyanın qəfil hücumundan xəbəri olmaması üçün "Abver" xüsusialdadıcı tədbirlər həyata keçirdi. Kanaris SSRİ əleyhinə kəşfiyyat və əks-kəşfiyyat işlərini həyata keçirmək üçün "Valli" adlı ştab yaratmışdı. O dövrdə Kanarisin adı gələndə hamı qorxudan tir-tir əsirdi. Çünki "Abver"lə zarafat etmək əzrayılla güləşmək kimi bir iş anlamına gəlirdi. O, Almaniyanı idarə edənlərin hamısını şəxsi nəzarəti altına almışdı. Faktiki olaraq, Kanaris dövlət içində bir dövlət qurmuşdu. İş o yerə çatmışdı ki, Kanaris Hitleri də addım-addım izləyirdi. Bir dəfə Hitler toplantılardan birində bir neçə dəqiqəliyə otağına gedərək, Yeva Braunla danışmışdı. Danışıq zamanı Hitler Braunun ünvanına bir neçə xoş söz işlətmişdi. Sonra bunu yadından çıxarmışdı. Çarəsiz qalan Hitler Kanarisdən Yeva Brauna dediyi xoş sözləri xatırlatmağı xahiş etmişdi. Kanaris isə dərhal: "Siz ona mənim təbəssümüm dediniz,"- demişdi. Hitler donub qalmışdı. Fürer istər-istəməz Kanarisin əllərini bərk-bərk sıxmış və ona: "Sənin gələcəyin məndən yaxşı olacaq. Amma gərək bir az səbirli olasan",- demişdi. Bundan sonra hər dəfə "Abver"in şefini görəndə Hitlerin dodaqlarında təbəssüm görünürdü. 1936-cı ildə Kanaris İspaniyada Frankonun hakimiyyətə gəlməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Bu məqsədlə İspaniyaya xüsusi təxribat dəstələri göndərildi. Nəticədə İspaniyada Frankonun başçılıq etdiyi faşist rejimi hakimiyyət başına gətirildi. Əslində Kanaris Frankonun vasitəsilə İspaniyanı idarə edirdi. Frankonun ətrafındakıların hamısı "Abver"in agentləri idilər.

Kanarisin digər işi "Gestapo"nu və Hitlerin təhlükəsizlik xidmətini (SD) nəzarətə götürmək oldu. Hitlerin vasitəsilə "Gestapo"-nu və Təhlükəsizlik Xidmətini "Abver"lə əməkdaşlıq barədə sənədi imzalamağa razı salan Kanaris adı çəkilən qurumların rəhbərlərilə özünün tabeçiliyində olanlar kimi rəftar edirdi. O,"Gestapo"nu tərk-silah etmiş kimi görünürdü. 1940-cı ildə Hitlerin fərmanı ilə Kanarisə admiral rütbəsi verildi. Ona yeni hərbi rütbənin verilməsi "Gestapo" ilə Baş Təhlükəsizlik Xidməti İdarəsi rəhbərləri arasında qarşıdurmanı daha da genişləndirdi. Baş Təhlükəsizlik Xidməti İdarəsinin (BTXİ və ya PSXA) rəhbəri Reynard Heydrix Kanarisi görəndə elə bil min ilin düşmənini görürdü. Onların düşmənçiliyinin qəribə bir tarixçəsi vardı. Belə ki, 1923-cü ildə "Berlin" kreyserində xidmət edən Reynard Heydrix nə üçünsə şefinin (Kanarisin) xoşuna gəlməmişdi. Kanaris onu görəndə sanki yəhudi görürdü. Şübhələrini yoxlamaq üçün Kanaris kəşfiyyatçı dəqiqliyi ilə Heydrixin 7 arxa dönənini, onun ana və babası tərəfdən kimlərdən olmasını gizlicə yoxlatdı. Məlum oldu ki, özünü təmizqanlı alman kimi qələmə verən Heydrixin anası yəhudidir. Necə olmuşdusa, Heydrixin təmizqanlı alman olmasından onunla birgə xidmət edən zabitlər də şübhələnmişdilər. Onlar tez-tez Heydrixin təmizqanlı alman olmaması barədə onunla mübahisə edirdilər. Heydrix isə dəlicəsinə özünün təmizqanlı alman olduğunu sübuta yetirməyə çalışırdı. Bir neçə dəfə bu cür mübahisələrin şahidi olan Kanaris daha davam gətirmədi. O, növbəti mübahisələrin birində: "Əşi kişi kimi təmizqanlı alman olmadığını boynuna al, məsələ bitsin, getsin",- deyə Heydrixə məsləhət verdi. Heydrix isə: "Səndəmi mənim təmizqanlı alman olmağıma şübhə edirsən?"-deyə Kanarisin üstünə qışqırdı. Dodaqlarını dişləyərək Heydrixi şillələmək üçün özünü zorla saxlayan Kanaris: "Sənin anan yəhudi filankəs, ananın atası filankəs, ananın məşuqələri də filankəslərdir",- deyə ona cavab qaytardı. Heydrixin rəngi dərhal ağappaq ağardı. O, Kanarisdən məsələni bu yerə çatdırmağı gözləmirdi. Heydrix zabit yoldaşları qarşısında sakit halda ana tərəfdən yəhudi olduğunu etiraf etdi. Bununla da məsələ bitmiş hesab edildi. Amma Heydrix Kanarisin bu təhqirini unutmadı. Sonralar onlar yenə də yüksək vəzifələrdə üz-üzə gəldilər. 1930-39-cu illərdə Almaniyada baş alıb gedən yəhudi qırğınları və dövlət idarələrinin yəhudi qarışıqlı almanlardan təmizlənməsi zamanı Kanaris Heydrixə dəyib-dolaşmadı. Bu da Heydrixin məsul vəzifələrdən birinə irəli çəkilməsinə imkan verdi. Əslində Kanaris bunu təsadüfən etməmişdi. O bilirdi ki, Heydrix ləkəli keçmişilə (yəhudi anasına görə) Kanarislə rəqabətə girməyəcək və onu nəzarətdə saxlamaq çətin olmayacaq. Amma onlar arasında rəqabət artanda Kanaris səhv etdiyini anladı. Lakin yenə də zabit qüruru ona Heydrixi satmağa və ya Hitleri aldatdığına (təmizqanlı alman adı ilə) görə həbs etdirməyə imkan vermədi. Kanarisə onsuz da Hitlerin də təmizqanlı alman olmadığı məlum idi. O, "Abver" şefi kimi anlayırdı ki, rəhbər vəzifələrdə olan almanlar bir də yoxlanılsa, onda ölkəni idarə etməyə adam tapılmayacaq. Çünki vəzifəyə çəkilənlərin əksəriyyətinin anası və ya ana babası yəhudi idi.

Xəyanət, yoxsa Almaniyanın xilası?

Kanarisin Heydrixlə yumşaq davranması onu dar ağacına aparan yolun başlanğıcı oldu. Heydrix Kanarisi aradan götürmək üçün məqam gözləyirdi. O, hiss edirdi ki, "Abver"in şefi günlərin birində Hitlerin qəzəbinə tuş gələcək. Çünki o, son vaxtlar cəbhədə bir-birinin ardınca baş verən məğlubiyyətlərdən sonra Kanarisin dəyişdiyini anlamışdı. Əslində həmin dövrdə cəbhədəki ağır məğlubiyyət Hitlerin ətrafındakıların Hamısını çıxış yolu axtarmağa məcbur edirdi. Kanarisin hər addımını nəzarətdə saxlayan imperiyanın təhlükəsizlik şefi "Berlin"kreyserində alçaldılmasına görə revanş almaq arzusu ilə alışıb-yanırdı. Və yalnız müharibənin sonuna yaxın Heydrix öz arzusuna çata - Kanarisi dar ağacına göndərə bildi. Kanarisin isə heç nədən xəbəri yox idi və o, Heydrixin ona qarşı çıxa biləcəyinə inanmırdı. Digər tərəfdən də, Heydrix haqlı idi. Həqiqətən də, cəbhədəki məğlubiyyətlər Kanarisi müharibənin uduzulduğu qənaətinə gətirmişdi. Uzun müddət hərbi işdə çalışan və olduqca uzaqgörən Kanaris əsl kəşfiyyatçı kimi Almaniyanın uçuruma sürüklənəcəyinə şübhə etmirdi. Vəziyyətdən çıxış yolu yalnız Hitlerin hakimiyyətdən götürülməsi ola bilərdi. Amma necə? Kanaris bu barədə gecə-gündüz fikirləşirdi. Bundan əlavə o, yaxşı anlayırdı ki, məğlubiyyət onu da, Hitlerin ətrafındakı digər şəxsləri də dar ağacına aparacaq. Kanaris ona yaxın olan yüksək səviyyəli dövlət rəsmilərinin hərəkətlərindən hiss edirdi ki, onlarda da təslimçilik ovqatı əmələ gəlib. O, hətta Hitlerə sui-qəsd hazırlanmasından da xəbərdar idi. Amma o bunu bilməzliyə vurdu və bununla da sui-qəsd iştirakçılarına öz niyyətlərini həyata keçirməyə imkan verdi. Gələcəkdə ABŞ və İngiltərədən özünə dəstək almaq üçün Kanaris "Abver"in casusları adı altında bir sıra tanış yəhudiləri neytral ölkələrə göndərdi. Bundan əlavə, o, Almaniyanın Hollandiya, Fransa və Belçikaya hücumu barədə məlumatı düşmənə ötürən və bunun üstündə "Gestapo"nun zindanına salınan əməkdaşını oradan xilas etdi və onun dərhal xarici ölkələrdən birinə qaçmasına şərait yaratdı. Yavaş-yavaş Hitlerə qarşı müxalifətə keçən Kanaris dostu, İtaliyanın baş naziri marşal Badolyonu ingilis- amerikan qoşunları qarşısında təslim olmağa sövq etdi. Həmin dövrdə, yəni 1943-cü ilin sonları, 1944-cü ilin əvvəllərində Kanarisin Hitleri devirmək üçün suiqəsd qrupları təşkil etdiyi ehtimal edilir. Qərb mənbələri Kanarisin Hitleri devirərək hakimiyyətə gəlmək və müttəfiq qoşunlarının Almaniya ərazisinə girməsinə imkan verməmək üçün təslimçilik aktını imzalamaq planı olduğunu yazırlar. Lakin bunu sübut edə biləcək heç bir dəlil yoxdur. Amma Kanarisin belə bir planı ola biləcəyini də inkar etmək çətindir. Hər halda, Kanaris üçün başqa çıxış yolu yox idi. Müharibədə baş verən ağır məğlubiyyətlər alman əks-kəşfiyyatının uğursuzluğu kimi dəyərləndirildi. Belə ki, Kanarisin casusları sovet qoşunlarının Stalinqrad ətrafında əks-hücum planı hazırlamasından, həmçinin müttəfiq qoşunlarının Şimali Afrikaya və İtaliyaya hücum edəcəyindən vaxtında xəbər tuta bilməmişdilər. Bundan əlavə, ingilis kəşfiyyatı "Abver"in casuslarını ələ keçirərək, onların adından Almaniyaya çoxlu sayda dezinformasiyalar göndərmişdi. Bütün bunlar da, nəhayət ki, Hitlerin səbrini daşdırdı. Qeyd edək ki, həm İmperiya Təhlükəsizlik Xidməti, həm də "Gestapo" cəbhədəki uğursuzluqda "Abver"in yarıtmaz kəşfiyyat fəaliyyətinin önəmli rol oynadığını Hitlerin beyninə yeritdilər. Və Fürer tərəddüd etmədən 1944-cü ilin əvvəlində Kanarisi vəzifədən götürdü. "Abver"ə rəhbərlik isə SS şefi Henrix Himlerə tapşırıldı. Kanaris iqtisadi blokada ilə mübarizə ştabına göndərildi. Bu isə o demək idi ki, Kanarisin hərbi karyerası sona çatıb. 1944-cü ilin iyul ayının 20-də Hitlerə qarşı sui-qəsd cəhdinə baş vuruldu. Lakin təsadüf nəticəsində Hitler sağ qaldı. Hitlerin sağ qaldığını eşidən Kanaris dərhal Fürerə teleqram göndərdi ki, ona sadiqdir. Amma artıq tale Kanarisdən üz döndərmişdi. Sui-qəsdçiləri düşünülmüş şəkildə himayə etməsi adı altında Kanarisi və bir qrup ətrafındakı adamları həbsə atdılar. İndi Kanarisi şəxsən Heydrixin özü dindirirdi. O, Kanarisi ələ salır, tez-tez ona sonunun dar ağacında qurtardığını xatırladırdı. Lakin Kanaris möhkəm dayanmışdı. O, sui-qəsddə iştirak etmədiyini sübuta yetirməyə cəhd edirdi. Kanarisə qarşı ittihamların sübutu üçün, həqiqətən də, heç bir fakt yox idi. Ona görə Heydrix Kanarisin yeraltı bunkerində axtarış apartdırdı. Və buradan Kanarisin sui-qəsdçilərə yardım etməsini göstərən gizli arxiv tapıldı. Arxivdə Kanarisin sui-qəsdçilərlə əlaqəsini sübuta yetirən çoxlu sayda fakt var idi. Bundan sonra Kanarisin vəziyyəti daha da ağırlaşdı. Onu dindirmək üçün "Gestapo"nun təcrübəli zabitləri cəlb edilmişdilər. Lakin Kanaris Hitlerə xəyanət etdiyini boynuna almadı. O: "Mən alman millətinə xidmət etmişəm və bir əsgər kimi istənilən tapşırığı yerinə yetirmişəm". "Gestapo" Kanarisdən istədiyini ala bilmədi. O,ən ağır işgəncələr altında belə, Hitlerə xəyanət etmədiyini bildirirdi. 1945-ci ildə müttəfiq qoşunları Almaniya ərazisinə daxil oldular. Artıq döyüşlər Kanarisin həbsdə saxlandığı Nürnberq ətrafında gedirdi. Ona görə də Hitlerin birbaşa göstərişi ilə Kanaris və köməkçisi dövlətə xəyanət üstündə dar ağacından asıldılar. Kanarisinasılma mərasimində iştirak edən zabitlərdən biri sonralar demişdi: "Boynuna kəndir keçirilməzdən əvvəl Kanaris: - Mən satqın deyiləm. Mən əsl alman kimi öz borcumu yerinə yetirmişəm, - dedi. Ölümündən əvvəl o xeyli arıqlamışdı".

Kanaris bununla nə demək istəyib? Bəlkə də o, bu sözlərlə alman xalqını uçurumdan xilas etmək üçün sui-qəsddə iştirak etdiyini dolayı yolla etiraf edib... Bəlkə də... Amma burada qəribə bir məqam var: Almaniyada kifayət qədər nüfuzu olan Kaltenbrunnerin göstərişilə Kanarisin sui-qəsddə iştirak etdiyini sübuta yetirən sənədlər məhv edilib. Ola bilsin ki, bu sənədlər saxta olub. Və bu saxta sənədlərin arxasında isə Kanarisin sonuna çıxan Heydrixin dayandığını da güman etmək olar. Axı Kanarisin onu ələ verə biləcək sənədləri baş tutmayan sui-qəsddən sonra məhv etmədiyi inandırıcı görünmür. Ona görə də bəzi tədqiqatçıların fikrincə, Heydrixin intiqam arzusu Kanarisin dar ağacına göndərilməsində həlledici rol oynayıb. Bununla belə, "Abver" şefinin sui-qəsdi bilib, bunun qarşısını almaması ehtimalı kifayət qədər məntiqli görünür. Hər halda, Kanaris Hitlerdən sonra özünü hakimiyyət kürsüsündə oturmağa ləyaqəti çatan yeganə adam hesab edirdi. (SON)

Əziz Mustafa