Dünyanın ən qədim mumiyaları tapıldı

Dünyanın ən qədim mumiyaları tapıldı

2 May 2019 07:23
Bəyəndim (0) Bəyənmədim (0)

Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində - Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.

Burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.

Arxeoloqlar qeyd ediblər ki, cəmiyyətin elitasını – firon ailəsinin üzvlərini mumiyalayan misirlilərdən fərqli olaraq, Çilidəki bu böyük qəbilədə dulusçuları və digər sadə insanları da bu prosedurdan keçirirmişlər. Bu tapıntılardan sonra Çilinin hakimiyyət strukturları onların Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün UNESKO-ya müraciət edəcəklərini bəyan ediblər.

Azapa vadisindəki San-Miquel kəndində tapılan mumiyalar və digər tapıntılar ölkədəki Arxeologiya Muzeyinə təhvil verilib. Onların nümayiş etdirilməsi ilə paralel olaraq, mumiyalar üzərində elmi tədqiqatlar da aparılır. Çilili alimlər mumiyaların hazırlanması zamanı matəm ayinlərinin icra edildiyi əşyaları da qiymətli və nadir arxeoloji tapıntılar kimi dünyadakı həmkarlarına təqdim edəcəklər. Bundan başqa, yerli hakimiyyət orqanları Çinçorro qəbiləsinin yaşadığı yerləri turizm məkanına çevirmək niyyətindədir.