Zimbabvedə meymun bandası insanları qarət edir

Zimbabvedə meymun bandası insanları qarət edir

31 Yanvar 2012 20:44
Bəyəndim (0) Bəyənmədim (0)
Quldurların mütəşəkkil cinayət dəstəsi və onun ağıllı rəhbəri var

Zimbabve-Zambiya adlı Afrika ölkələrinin sərhədində qeyri-adi cinayətkar dəstə fəaliyyət göstərir. Sözün əsl mənasında yoldan keçən insanlar saxlanılaraq qarət olunur. Quldurların mütəşəkkil cinayət dəstəsi və onun rəhbəri var. Rəhbər çox vaxt ortalıqda görünməsə də, toplanmış qənimətlər onun hüzuruna aparılır. Vəziyyət o qədər gərginləşib ki, hətta iki dövlətin hüquq-mühafizə orqanları onlarla bacara bilmir. Newsday saytının yerli mənbələrə istinadən yaydığı məlumata görə, Həbəş meymunlarından ibarət cinayətkar dəstənin üzvləri özlərini insan kimi aparırlar. Olduqca hiyləgərdirlər. Yoldan ötən maşınları saxlayaraq qarət edir, qadınların çantalarını dartıb götürür, müqavimət göstərənləri döyürlər və maşınlarını əzib aradan çıxırlar. Zimbabvenin Çirundu gömrük məntəqəsinin rəisi Tiçaona Firi dəfələrlə bu barədə polisə məlumat versə də, lazımi ölçü götürülmür. Onun sözlərinə görə, Həbəş meymunlarından ibarət cinayətkar dəstə turistləri qorxudur, lakin vəzifədə olan bəzi məmurlar buna göz yumurlar. Elə bil meymunlardan xərac alırlar.

Təbii ki, gömrük rəisinin sərt ittihamlarını hüquq-mühafizə orqanları təbəssümlə qarşılayırlar. Onlar meymunların pul-zinət əşyaları deyil, qida axtarışında olduqlarını bildirirlər. Həmçinin qeyd edirlər ki, meymunların sayı həddən artıq çoxdur və onların yaşadığı Milli Park magistral yolun kənarında yerləşdiyi üçün problem yaranır. Problem isə ölkə parlamenti səviyyəsində həll olunmalıdır.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə. Bu halda ağıllı meymunu səfeh insana oxşatmaq meymun üçün təhqir olardı...

Aqil Hüseynov

O.M.