Dissident şair İsfəndiyar Coşğun:"Yatırıq lap babalar yatdığıtək"-İLK DƏFƏ

Dissident şair İsfəndiyar Coşğun:"Yatırıq lap babalar yatdığıtək"-İLK DƏFƏ

12 Dekabr 2017 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

İsfəndiyar Coşğun Azərbaycanın XX əsr tarixinin önəmli şairlərindən biridir. Əslən Cənubi Azərbaycandan olan şairin Milli Azadlıq Hərəkatında da xidmətləri olub.

Onun milli hissləri tərənnüm edən, yadların millətimizin başına açdığı oyunları nəzmə çəkən şeirləri 1988-ci ildə başlayan "Meydan" hərəkatında dillər əzbərinə çevrilib. Xüsusilə, rusların Azərbaycana etdiklərini sərt dildə səsləndirən şair, heç nədən qorxmadan hələ Sovet dövrünün "dəmir pərdə"sinin güclü olduğu zamanlarda bu gerçəkləri millətinin diqqətinə çatdırıb. O zamanlar təbii ki, bu cür şeirlər və əsərlər nəinki qadağan idi, hətta onu oxumaq, dinləmək də hünər tələb edirdi. Amma İsfəndiyar Coşğun qorxmadan bu şeirləri yazır, milli düşüncəli insanlar isə əzbərləyir, beləcə, bu şeirlər dillərdən-dillərə nəsillərdən-nəsillərə ötürülürdü. İsfəndiyar Coşğun zəmanəsinin dissident şairi idi və özü demiş, "o saf cığırla tək gedən" də elə özü idi.

Uzun illər İsfəndiyar Coşğunun şeirləri elə gizlin də qalıb. Amma bu günlərdə bir təsadüf İsfəndiyar Coşğunun "sandıq şeirləri"nin bir hissəsini rastımıza çıxarıb. Belə ki, onun külliyyatının bir hissəsi tarixin əmanətçiləri tərəfindən bizə təqdim olunub.

Milli Azadlıq Hərəkatının görkəmli liderlərindən biri olan Məhəmməd Hatəmi Tantəkinin şəxsi arxivinə məxsus olan bu böyük sərvəti, onun qardaşı Tomrid Hatəmi Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Nemət Pənahlıya təqdim edib. (Qeyd edək ki, İsfəndiyar Coşğunun şeirlərinin bir surəti də şairin özü tərəfindən Nemət Pənahlıya təqdim olunub və onun millətə çatdırılması vəsiyyət edilib. Ancaq 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Nemət Pənahlının evində aparılan axtarış zamanı həmin şeirlər götürülüb və qaytarılmayıb). Bu təqdimat da rəhmətlik Məhəmməd Hatəmi Tantəkinin vəsiyyəti əsasında olub. Bu sətirlərin müəllifi Məhəmməd Hatəmi Tantəkinin son günlərində həmin vəsiyyətin şahidi olub və bu minvalla İsfəndiyar Coşğunun şeirləri bizə qədər gəlib çıxıb. Nemət Pənahlı isə dərc olunmaq və millətə çatdırılmaq üçün İsfəndiyar Coşğunun şeirlərini mənə təqdim edib.

Məhəmməd Hatəmi Tantəkinin vəsiyyətini həyata keçirmək üçün İsfəndiyar Coşğunun şeirlərini eksklüziv olaraq strateq.az saytında yayımlamağa başlayırıq. Zaman-zaman dərc olunacaq bu şeirləri bəlkə bir gün kitab halında da Oxucuların ixtiyarına vermək olar və inanıram ki, o günü görəcəyik.

Milləti ayaqda saxlayan şeirlərin müəllifi dissident şair İsfəndiyar Coşğuna, bu külliyyatı göz bəbəyi kimi qoruyub qardaşı Tomridə əmanət edən Məhəmməd Hatəmi Tantəkinə Allahdan rəhmət diləyir, bu qiymətli əsəri qoruyub Nemət Pənahlıya verən Tomridə və nəhayət, onu əsl sahibinə çatdırmaq üçün mənə əmanət edən Nemət Pənahlıya təşəkkür edirəm. Və bu böyük əsərin ilk şeirini onun əsl sahibinə – Uca Millətə təqdim edirəm.

Əvəz Zeynallı

Xüsusi olaraq "Strateq.az" saytı üçün

Yatırıq

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək,

Aldadır rus bizi də onları aldatdığı tək,

Hər işi tərsəsinə qanmaq olub adətimiz

Bu səbəbdən də batıb millət, öküz batdığıtək.

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək,

Bər-bəzək aşiqiyik, qırmızı görcək uyuruq,

Bu da bir adicə giclikdir, onu biz duyuruq,

Amma dəb olsa əgər, bir coraba baş qoyuruq,

Qatırıq başımızı adi uşaq qatdığı tək.

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək,

İş əgər sərvətə qalsa, tayımız yoxdu bizim,

Lüt rusu insan edən oldu mənim neft dənizim,

Di gəl, əlsində bizi yatdığımızçün, əzizim,

Oynadırlar sarılar lap ayı oynatdığıtək.

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək,

Yatmış olsaydı fəqət adi savadsızlarımız,

Bu qədər qarət olunmazdı güman ki varımız,

Hamıdan bərk yuxuya getmiş ümuməfkarımız,

Yox satan xalqını alimlərimiz satdığıtək.

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək,

İvanovlar ayağın basdığı gündən bu yerə,

Azəri xalqını döndərmiş özüyçün nökərə,

Bir əlac axtarır indi özünə eldə hərə,

Yükləyib çün bizi rus heyvana yük çatdığıtək

Dolayıb barmağına fırfıra fırlatdığıtək,

Vay, dədəm, vay – yatırıq lap babalar yatdığıtək.

1968-ci il

***

Yazığam

Mənə səhvən birisi söylədi, şairdi bu da,

O, bu sözlə el bil, varlığımı atdı oda,

İki-üç söz necə gör öz başıma açdı xəta,

Dedim oğlan, məni gəl eyləmə rüsvay, yazığam.

İndi şair sayılanlar çoxu yaltaqlıq edir,

Satır öz xalqını, biganəyə ortaqlıq edir,

Çevrilib adicə bir tülküyə, qorxaqlıq edir,

Məni də gəl onlara eyləmə sən tay, yazığam.

Ay kişi, harda görünmüş ki, çoban şeir yaza,

Elə şeylər yaza ki, xalq da tamam yoldan aza,

Canım haqqı, belələr yurdu veribdir güdaza,

Fəqət artıq tikədən almaq üçün pay, yazığam.

xxx

Baxıram, sinələri dər-dümür ilə doludur,

Keçdiyi yolları çirkablı xəyanət yoludur,

Baxma ki, çul-çuxalar bir balaca tazələnib

"Xər həmən xərdir elə, çul-çuxa da xər çuludu".

Bu sözüm saldı yada lap yekələrdən birisin,

Adi şöhrət dəlisi, həm də yaman pul hərisi,

Qoca axmaq utanıb ar eləmir zərrə qədər

Aşkara ham-ham edir əcnəbinin laykasına.

Bu qırılmışları saymaqla qurtarmaz qısası,

Hansını qurdalasan, xirtdəyədək vardı pası,

Yığılıb bir binaya ittifaq açmışlar hələ

Dağılıb yanmalıdır adi xəyanət yuvası.

Hələ çox yaxşı ki, bir çoxları yummuş gözünü,

Çün onlar da diri ikən pula satmış özünü,

Beləcə şairi satqın tanıyır eldə hamı

Odur ki, xoşlamıram mən də bu şair sözünü.

xxx

Bax, bununçün də mənə söyləmə şair, a bala,

Girmərəm mən o üfunətli, o murdar çuvala,

Söylədib gəl başımı salmaginən qeylü-qala,

Çox danışdım deyəsən, susmalıyam day, yazığam.

Sabir, ey ruhuna qurban, bir işıq ver gözümə,

Mən sənin "Hop-hopu"nu qibləgah etdim özümə,

Çalışıb söylədiyin mənanı qatdım sözümə,

Kömək ol, qoymaginən mən də olum zay, yazığam.

1968-ci il