Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı...

Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı...

27 Oktyabr 2017 17:23
Bəyəndim (0) Bəyənmədim (0)
(Oktyabr sosialist inqilabını azərbaycanlı edib)

Çox az adam bilir ki, Rusiyanın dövlət büdcəsinin təxminən 25%-ni tək bir nəfər azərbaycanlı verir. Yaxud, bu gün nəinki rus, bir çox azərbaycanlı bilmir ki, Rus dövlətinin simvolu sayılan Kreml ansambl-arxitekturasını Şamaxıdan olan Kərəməli Məhəmməd oğlu tikərək, Moskvanın altını "katakomba"larla - "Xəta komaları", Xəta kümbəzləri" ilə təmin edib. Belə misallardan çox danışmaq olar, amma bu dəfə sizi yalnız biri ilə tanış etmək istərdim.

XX əsrin ilk illəri idi. Bakı neftinin səsi bütün dünyaya yayılmışdı. Qarğa-quzğun kimi Bakıya doluşan qərb kapitalistləri ucuz və son dərəcə keyfiyyətli nefti ondan da ucuz işçi qüvvəsinin köməyi ilə ölkədən daşıyıb aparırdılar. Lakin həmin dövrdə Bakıda Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi neft maqnatları da vardı. Camaat demək olardı ki, kasıb yaşayırdı. Təhsil aşağı səviyyədə idi. Təbiidir ki, belə şəraitdə oğurluq, quldurluq geniş yayılmışdı. Qoçular da bir tərəfdən əhalini incidirdi.

Günlərin bir günü Hacı faytonla evə qayıdırdı. Aydın məsələdir ki, Hacının cangüdəni yox idi. Bu günkü "Azneft" dairəsinə az qalmış qəfildən iki nəfər adam faytona hücum çəkir. Onlardan biri naqanı dirəyir Hacının sinəsinə ki, pulları, qızılları ver. Hacı dünya görmüş adam idi. Hücum edəni bir qədər aşağıdan yuxarı süzdükdən sonra, cibindən bir abbası çıxardıb uzadır. Hücum çəkən səsini qaldıraraq deyir ki, bu saat səni öldürərəm, sən ki, bilirsən mən kiməm! Hacı sakitcə cavab verir ki, sənin indiki qiymətin budur. Abbasını basır quldurun ovcuna. Mənim evimi tanıyırsan. Sabah gələrsən bizə, söhbət eləyərik, xoşuma gəlsən, sənə ürəyin istəyən qədər pul verərəm. Hücum çəkən az qala bağırır ki, mən sənə qız-qadınam ki, xoşuna gəlim? Hacı ciddi şəkildə deyir: "Koba, sən bilirsən ki, mənim sözüm sözdür. Nə dediyimi də yaxşı bilirəm. Sabah səni gözləyəcəm". Əsası ilə faytonçunu dümsüklədi. Həmin gün Hacı Zeynalabdin İosif Stalini bir abbasıya aldı.

Ertəsi gün quldur Koba Hacının evində mürəbbəli, ləbləbili, kişmişli çay içirdi. Hacı əlindəki təsbehi çevirə-çevirə səbirlə ona qulaq asır, razılaşdığı məqamlarda başı ilə ehmallıca təsdiq edir, razılaşmadığı məqamlarda isə zəndlə onun üzünə baxırdı. Koba da fikrini aydınlaşdırırdı. Hacı yenə başını tərpədərək, razılığını bildirirdi. Kobanı "dindirdikdən" sonra Hacı çox aydın, dəqiq, inamlı şəkildə dedi: - Koba, sən getməlisən Peterburqa. Orada lazım olan adamlarla görüşəcəksən. İmperator həzrətlərinə qarşı fikirlər yayacaqsan. Mən burada qəzet də buraxdıracağam. Sonra onu Peterburqa göndərəcəyəm. Sən qəzetin orada paylanmasını təşkil etməlisən. Fəhlələrin arasında çox ol. Yeri gəldikdə, onlara pul xərclə. Özün çalış az iç. Sən böyük işlər görməlisən. Urusun imperiyasını dağıtmaq lazımdır. Koba etirazını bildirdi: - Hacı, axı onlar da xristiandır. Hacı Kobanı yerində sancdı: - Təbrik edirəm. Xristian olmusan? Mənə bax, siz əqidənizi belə tez-tez dəyişirsinizsə, elə müsəlman olun də! Zarafat Kobanın xoşuna gəlmədi. –Hacı, biz bir əqidəyə xidmət edirik. Bunu sən yaxşı bilirsən. Özün də Quranı əzbərdən oxuyursan. Mən Peterburqa gedərəm, ancaq mənim marağım olmalıdır. Hacı guya incidi: - Sən mən boyda kişiyə inanmırsan? Axı, mən heç kimi pulsuz işlətmirəm. Sənə nə qədər istəsən pul verəcəm. Koba öz instinkt ağlını işə saldı: Hacı, yaşın yüzü haqlayıb. Öz aramızdı, pis qalmamısan. Ancaq yaşa etibar yoxdur. Olmadı elə, oldu belə, yıxıldın, öldün. Sənin dediyin bu işlər üçün xeyli vaxt lazımdır. Azından 5 il. İşdir, əgər sən ölsən, mən kiməsə arxayın ola bilmərəm. Lap tutaq ki, sən ən inandığın adama tapşırdın ki, məni pulnan təmin etsin. Axı hamı sənin kimi sözü bütöv adam deyil. Onda gərək mən onu öldürüb, təzədən qazamata düşəm. Bu da mənə sərf eləmir. Hacı özünü toxtaq tutmağa çalışdı: -- "Sənə sərf eləyəni de". Koba "kartını" açdı: - "Mənimçün fərqi yoxdur. Bakıda, Tiflisdə, ya Peterburqda yaşadım. Düzdür, Bakı dünyanın ən varlı şəhəridir, ancaq Rusiya böyükdür. Orda da pulsuz qalmaram". "Sən arxayın olmaq istəyirsən, elə deyilmi?" – Hacı ərklə onun sözünü kəsdi. Koba Hacının üzünə baxa-baxa başı ilə təsdiq elədi. "Koba, sən böyük vəzifə sahibi olacaqsan. Yavaş-yavaş yəhudiləri başına yığarsan. Dedin ki, Rusiya böyükdür. Yəhudi xalqının vətəni yoxdur. Nəhəng bir yəhudi dövləti qur. Urusun vaxtı çatıb. Özün dedin ki, mənim Qurandan xəbərim var. Bir şeyin əvvəli varsa, deməli sonu da var. İndi vaxt yetişir. Bu səninçün qaçaq-quldurluq deyil. Dedim ki, puldan nigarançılığın olmasın". Hacı bir qədər ara verib, bir qədər ehtiyatla dedi: - "Dövlət qurandan sonra qaytararsan". –"Mənə kim kömək edəcək?" - Koba soruşdu. "Sənin bir yerlin var"… Koba Hacının sözünü kəsdi: " - Mən sən tərəfdən kim olacağını soruşuram". "Elə mən tərəfdən olanı deyirəm. Adı Nərimandır. Siz başqa-başqa vaxtda gedəcəksiniz Peterburqa. Orada görüşüb, guya tanış olacaqsınız. Təmiz adamdır".

Elə bu vaxt azan səsi eşidildi. Hacı üzrxahlıq edib, ayağa qalxdı. Sən bir qədər fikirləş, mən namazımı qılıb, gəlirəm. Sonra Qara Soltan barədə danışarıq". "Hansı Qara Soltan?" - Koba az qala yerindən atlandı. "Sənin dostun Qara Soltan" - Hacı gülümsündü. "Şəni dadi"… Hacının sifəti dəyişdi. Evdə Kərbəladan gətirilmiş Quran var idi. Koba günahkar baxışla Hacıya baxdı: "Hacı, bağışla, sən oxuduğun Quran! Ağzımdan çıxdı. Ancaq onun bura nə dəxli var?". "Namazdan sonra danışarıq" - Hacı dedi.

Ertəsi gün Hacı evə qayıdanda eşitdi ki, qoçu Qara Soltanı öldürüblər. Qara Soltanın öldürülməsi ilə Oktyabr inqilabının əsası qoyuldu.

Bir neçə gündən sonra xəbər yayılır ki, qoçu Zır Zəkini öldürüblər. Zır Zəkinin ölümü ilə Bakıda qoçu-quldur dövrünün sonu başladı.

Bir gün Nobel gəlir Hacının yanına ki, Suraxanıdakı sahəsini ona satsın. Oturub bir qədər söhbət etdikdən sonra Hacı deyir: - Şərik, mən Suraxanıdakı yeri sənə satmayacam. Oranı sənə bağışlayıram. Ancaq sən də mənim üçün bir iş gör. "Nə iş?" Nobel sevinir. "Mənə qəzet çap eləyən dəzgah lazımdır. Öz adına gətizdirərsən. Guya burda camaata elm, savad öyrədirsən. Narahat olma, pulunu artıqlaması ilə verəcəm. Ancaq qazandığından kasıb-kusuba xərcləməyi öyrən. Belə olanda, sərvətin daha da artır. Quranda belə yazılıb". Havayı yerə bir qəpik də xərcləməyən kapitalist bu təklifdən iki əlli yapışdı.

Hacı "Kubinka" deyilən Quba meydanında kündə Qasımın boş evini alır. Ora "Nina" mətbəəsi adını verir. Beləliklə, inqilabın ideoloji və informasiya bazası qurulur.

Günlərin bir günü Hacı xəbər edir ki, Nobel Onun yanına gəlsin. Nobel sevinir ki, Hacıdan nə isə təzə təklif var. İşlərini atıb, tələsik gəlir Hacının yanına. Hacı nahar etməyə hazırlaşırdı. Nobeli görən kimi, deyir: "Şərik, qayınanan səni nə çox istəyir. Gəl otur, ancaq ayaqqabılarını çıxart". Tərcüməçi nə qədər çalışır, onu başa sala bilmir ki, bu sözün mənası nədir. Axırı Hacı tərcüməçiyə deyir: "A bala, ona de ki, öləndən sonra da pul qazanacaq". Bu söz Nobelin çox xoşuna gəlir. Nahardan sonra keçirlər böyük otağa. Hacı adəti üzrə bir salavat çəkir, sonra deyir: "Şərik, mənə Almaniyada sənin inana biləcəyin bir adam tap. Səninlə şərik qazandığım pulu Rusiyaya keçirsin. Peterburqda lazım olan adamlarla görüşüb, pulu onlara versin. Onun məvacibi ayrıca olacaq. O puldan bir qəpik də götürməsin. Əvəzində sənə iki dənə buruq verəcəm". Yəhudi üçün bu iş çətin deyildi. Hacı bir-iki dəfə onun yanında qəsdən ruslardan narazılığını bildirmişdi. Ona görə də şərik çox dərinə getmədi. Ancaq Rusiya kimi ölkə onu da düşündürürdü. Təklifə dərhal razılaşdı. Beləliklə, inqilabın maddi bazasının təminatı həll olundu.

Bir müddətdən sonra şərik adamın hazır olduğunu Hacıya deyir. Hacı iki buruğu bağışlayır şərikə.

Yaşı səksəni ötmüşdü. Demək olar ki, Quranı əzbər bilən Hacı bununla kifayətlənmirdi, musiqiyə böyük qiymət verirdi. Onun "görünməyən" köməyi sayəsində. 1907-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" əsəri səhnəyə yol tapır. "Qızlar məktəbi"ni tikdirir. Həyatını Haqqa həsr edən bu pir Almaniyaya getməli idi.

Almaniyada lazım olan adamlarla görüşdükdən sonra, bir qədər şəhərlə tanış olmaq istəyir. Yaxınlıqdakı restoranlardan birinə daxil olur. Bir qədər gözlədikdən sonra, əli ilə ofisiantı çağırır. Üst-başından kasıb adam təəssüratı yaratdığına görə, ona yaxınlaşan olmur. Nəhayət tərcüməçiyə deyir ki, müdiri çağırsın. Nəticəsi bu olur ki, gələcəkdə bura girib, nahar etmək istəyən istənilən azərbaycanlı yüz il ərzində burda nə yesə pul ödəməyəcəkdir. Hacı yüz illik pulu birdəfəlik verir. Sonralar bu əhvalat, Hacının necə əliaçıq olması barədəki fikirləri bir daha sübut edirdi. Təbii sual doğur: - Hacının Almaniyada nə işi var idi? Qoca vaxtında o boyda yolu gedib ki, öz səxavətini göstərsin? Hacı öz müqəddəs missiyasını həyata keçirmək üçün burada idi. İnqilab üçün gərək olan pulun, vəsaitin Rusiyaya ötürülməsini təmin etmək üçün. Rus şovinist tarixçiləri sonralar inqilabın Almaniyadan maliyyələndiyini deyəcəklər. Lakin bunun kim olduğunu heç bir nə tarixçi, nə siyasətçi, nə bir diplomat, nə bir yazıçı, hətta hansısa bir ictimai xadim – heç kim deməyəcək. İnqilabın Almaniyadan maliyyələnməsini deyənlər dərk etmirdilər ki, özləri-özlərini inkar edirdilər. İnqilabdan cəmi 29 il sonra Almaniya SSRİ-yə hücum edir. Belə çıxır ki, Almaniya öz düşməninə pul-para verib, onu inkişaf elətdirir, sonra da qüdrətli bir ölkə ilə müharibə edir. Hacının planet səviyyəsində gördüyü bu işə şübhə ilə yanaşanlara bircə dənə nümunə kifayət edər: Dünyanın bir çox yerlərində, elə SSRİ-nin özündə də deyirdilər ki, bu dövlət Quran qanunları əsasında qurulub. Hərdən yaxından tanıdığım dostlar məni qınayırlar ki, Hacı bu işi ruslar üçün gördü. Bu fikir doğrudur, lakin əsas deyil! Əsas Azərbaycandır! Əsas Türk dünyasıdır! Əsas İslamdır. Əsas Haqdır. Qəzalardan ibarət olan Azərbaycan Dövlət oldu. Türk dünyasının digər ölkələri Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan dövlət oldu. Sonrakı dövrlərdə çox adam qırıldı, çox adam sürgün oldu. Hacı isə öz həyatını öz bağında sakitcə başa vurdu. Bu Allahın öz sevimli quluna olan lütfüdür. El arasında bir deyim var: "Nikolayın evini pıç-pıç yıxdı"

Həsən Həsənov