Müsəlman kişi neçə arvad ala bilər?

Müsəlman kişi neçə arvad ala bilər?

10 Oktyabr 2017 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

İslamda 4 arvad almağa icazə verilir. İslamaqədərki dövrlərdə poliqamiyaya (çoxarvadlılıq) məhdudiyyət yox idi, istənilən qədər arvad almağa icazə verilirdi.

Həmin zamanlarda bəzən bir kişinin onlarla arvadı olurdu. Buna nisbətdə, islamın 4-dən çox arvad almağa qadağa qoyması, islamaqədərki poliqamiyaya görə, çox ciddi bir qadağa idi. İslamda 4 arvad almağa xüsusi şərtlər altında icazə verilirdi, belə ki, kişi aldığı arvadların hər biri ilə ədalətli olmalı, hər birini hərtərəfli, eyni qaydada təmin etməli idi. Bir sözlə, haqq- ədalət prinsipi pozulmamalı idi.

Çoxarvadlılığın leqallaşmasında əsas məqsəd heç də kişiləri bioloji baxımdan yaxşı təmin etmək deyildi. Əsas məqsəd kimi boşanmış, dul qalmış, tənha qadınların kişilərin himayəsi və müdafiəsi altına alınması götürülürdü.

Müharibələrdən sonra, hətta əmin-amanlıq dövrlərində demoqrafiyada həmişə disbalans olmuşdur. Belə olan halda bir çox qadınların ərə getməsi, ailə qurması çətinləşirdi. Qadınların həddi-büluğa çatarkən bioloji istəyini təmin etmək, ərə getmək, ailə qurmaq, övlad dünyaya gətirmək istəyi təbii idi. Demoqrafiyada disbalansın çox fərqli olduğu hallarda, bir çox qadınların ərə getməsi hədsiz dərəcədə çətinləşəndə, artıq cəmiyyətdə neqativ hallar çoxaldığından (gizli sevgililər, atasız dünyaya gələn uşaqlar və s.) poliqamiyanı məhdud sayda olsa da, leqallaşdırmaq məcburi hal alırdı.

Çoxarvadlı kişi, şəriət qaydalarına görə, hər bir arvadını bərabər surətdə; yeməklə, içməklə, paltarla, mənzillə, mebellə və s. tam təmin etməli idi. "Bərabər surətdə" dedikdə, hər bir qadına lazım olduğu qədər, lazımi şeylərlə təmin etmək nəzər tutulur.

İslamda poliqamiyanın bir çox qadağa şərtləri mövcuddur;

* eyni zamanda bir qadınla və onun bacısı ilə evlənmək;

* eyni zamanda bir qadınla və onun xalası ilə evlənmək;

* eyni zamanda bir qadınla və onun bibisi ilə evlənmək qadağan olunur.

Çoxarvadlılıq ən qədim dövrlərdə belə, insan cəmiyyətlərində mövcud olmuşdur. "İncil"in özündə də çoxarvadlılıq qadağan olunmur, hətta belə nəql edilir ki, çar Süleymanın 700 arvadı, 300 kənizi olmuşdur. Çar Davudun isə saysız-hesabsız arvadı və kənizi vardı.

Müsəlmana isə bir dəfəyə 4-dən çox arvad almağa icazə verilmir və kişi hər bir arvadı ilə vaxtını eyni ölçüdə keçirməlidir. Tək maddi deyil, mənəvi və diqqət baxımından da kişi arvadları arasında ədalətli bölgü aparmalıdır. Əgər arvadlardan hər hansı biri ərindən onunla az vaxt keçirməsini özü xahiş edirsə, bu ədalət prinsipinin pozulması demək deyil./Oxu.az