14 palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil ediləcək

14 palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil ediləcək

8 Fevral 2017 18:02
Bəyəndim (0) Bəyənmədim (0)

14 palçıq vulkanının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil edilməsi ilə bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunacaq. ETSN Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev APA-ya deyib ki, Azərbaycanda qeydə alınan 360 palçıq vulkanından yalnız 43-ü qoruq ərazisindədir.

Onun sözlərinə görə, qoruq ərazisində hər hansı fəaliyyət qanunla qadağan olunur.

C. Paşayev bildirib ki, qoruğun statusu dəyişdirilərək Milli Park Statusu ilə əvəz olunsa, gələcəkdə palçıq vulkanlarından xammal kimi istifadə olunması gündəmə gələ bilər: "Lakin hazırda bu qəbildən olan müraciətlərə birmənalı "yox" cavabı verilir".

Qoruq direktoru qeyd edib ki, "Keyrəki" palçıq vulkanı ətrafında əvvəllər yaşayış evləri salınıb: "Bizim qoruq ərazisində yeganə problemli ərazi buradır. Təəssüflər olsun ki, əvvəllər "Keyrəki" palçıq vulkanının yaxınlığında yaşayış məskənləri salınıb. Biz lazımi maarifləndirmə tədbirlərini həyata keçiririk. Ərazidə yaşayan insanlara dəfələrlə xəbərdarlıq vərəqələri paylanıb, ərazinin təhlükəli olması barədə vətəndaşlara məlumat vermişik. Maarifləndirmə işləri mütəmadi aparılır. Elə olur ki, bir palçıq vulkanı 80 il yatır, sonra püskürür. Palçıq vulkanının püskürməsi gözlənilməz, qəfil hadisə sayılır".

Qeyd edək ki, Azərbaycan prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb. Bundan sonra Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.

Mediainfo.az