Mayyalılara görə, gələn il qiyamət qopacaq və...

Mayyalılara görə, gələn il qiyamət qopacaq və...

29 İyun 2011 13:43
994
Bəyəndim (0) Bəyənmədim (0)
Hər kəs bu kəndə qaçacaq

Fransanın cənubundakı Aude bölgəsində yerləşən Buqaraç kəndinin sadəcə 200 sakini var. Sakit bir əkinçi kəndi olsa da son vaxtlar dünyanın dörd bir yanından gələnlərin diqqət mərkəzinə çevrilib. Kənddə böyük hərəkətliliyin yaranmasının səbəbi "Mayya təqvimi"nə görə, 2012-ci il dekabr ayının 12-si, yaxud 21-də insanlığın sonunun gələcəyi iddiasıdır. Haqqında bəhs etdiyimiz iddiaya görə, bu tarixlərdə dünyada qiyamət qopacaq, daş üstündə daş qalmazkən, yalnız Buqaraç kəndi bu qorxunc sondan qorunacaq və dağılmayacaq.

Başda Yaponiya olmaqla, son dönəmlərdə dünyada baş verən analoqsuz təbii fəlakətlər bir növ dünyanın sonunun gələcəyinə inananların alovuna benzin tökmüş oldu. Elə bu səbəbdən də bir vaxtlar heç kimin tanımadığı bu sakit kəndin sakinləri qat-qat artdı, müxtəlif ölkələrdən insanlar qiyamətdən qorunmaq üçün burada məskən saldı. Belə ki, deyilənlərə görə, "Pic de Bugarach" qayalıqları yadplanetlilər tərəfindən qorunur. Elə yuxarıdakı tarixlərdə də buranı məhz kosmos gəmiləri və yadplanetlilər qoruyacaqlar. İnsanlar yalnız qiyamətdən sağ çıxmaq üçün deyil, yadplanetliləri görmək üçün də Buqaraça axın edirlər. "İlk dəfə eşitdiklərində insanlara inandırıcı gəlməsə də, bu, ciddi bir məsələdir", - deyən yerli bələdiyyə sədri Jan-Pier Delordun sözlərinə görə, hər şey kənddə ölən sakinin dağın ətəyində yadplanetliləri görməsindən sonra başlayıb. Bundan sonra son 10 il ərzində kəndə dünyanın demək olar ki, bütün ölkələrindən insan axını başlayıb. Bu insanların kənddə "dünyadan kənar bir dünya" axtardıqlarını söyləyən Delord Amerikadakı bir çox saytların ictimaiyyətə qiyamət günündə Buqaraça sığınmalarını tövsiyə etdiyini və lazım gələrsə, 2012-ci ilin dekabrında ordudan da kömək istəyə biləcəyini açıqlayıb. Yadplanetliləri qarşılamaq üçün Hollandiyadan gələn və bəyaz paltarlar geyinən 42 yaşlı Kean, "Bura yaxın zamanda yadplanetlilər gələcək, onların gəlişi üçün hazırlanmalıyıq", - deyə söyləyib.

Qiyamətin ünvanının Buqaraç olduğuna inananlar qədər inanmayanlar da var. Kənddəki kilsəni çiçəklərlə bəzəməkdə məsul olan 86 yaşlı Mariye Simona, "Bu dəlilik internetdən sızır. Heç vaxt yadplanetli görməyəcəyik. Rahib də, mən də buna inanmırıq", - deyib. Hətta bəzi yerlilər gələnlərin kəndin sakitliyini pozduğunu, dağıdıb-tökdüyünü, normal yaşayışlarından uzaq düşdüklərindən şikayət edirlər.

Bütün bunlar yalnız fərziyyədir. Gəlin hamımız ancaq Uca Allaha sığınaq...

Günel Həbib

O.M.