28 Mayda Xəzərdə kruiz təşkil olunacaq

28 Mayda Xəzərdə kruiz təşkil olunacaq

26 May 2011 01:39
Bəyəndim (0) Bəyənmədim (0)
KİV nümayəndələri də dəvətlilər arasındadırlar


Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin "Turizm İli" elan edilməsi və Turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində "Azərbaycanda yeni turist marşrutlarını kəşf edək" layihəsi adı altında həyata keçirilən tədbirləri davam etdirir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədimizin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır. Bunlardan ən aktualı və prioritet sayılanı Xəzər dənizində kruiz gəzintisinin təşkil olunmasıdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, "Millennium Tourism & Congress DMC"nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz gəzintisi təşkil ediləcək.
Respublika günü münasibətilə Xəzər dənizində General Əsədov adına gəmidə 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi, həmçinin tədbir çərçivəsində bayram münasibətilə atəşfəşanlığın canlı olaraq dənizdən izlənilməsi nəzərdə tutulub. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcək.
28 may Respublika günü münasibətilə təşkil olunacaq kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar, həmçinin, Kütləvi İnformasiya Vasitələri nümayəndələri də iştirak edəcək.

Könül Aypara