Gələcək əndişəsi və axirət sevgisi

Gələcək əndişəsi və axirət sevgisi

4 Mart 2022 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan fitrətində bir çox müxtəlif hislər, duyğular var. Bu hislər, duyğular, qabiliyyətlər axirət yurdunu qazanmaq üçün insana verilmişdir. Maraq, sevgi, inadkarlıq, istəmək, gələcək qorxusu bunlardan bəzisidir. Bu duyğuların hər birinin iki üzü var. Bir üzü məcazi olub bu dünyaya, digəri, yəni həqiqi üzü də axirətə baxır. Bu hislərdən biri də gələcək əndişəsidir. Əndişə sözü ötən əsrin əvvələrində istifadə edilən bir söz olub narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu, fikir, qayğı, dərd çəkmə mənalarına gəlir. Bu mənada gələcək əndişəsi ifadəsi ilə gələcəyə aid qayğılar, istiqbalın təminat altında olması, baş verəcək hadisələrlə maraqlanmaq, ola biləcək mənfi halları düşünərək qorxuya, təlaşa düşmək nəzərdə tutulur.

Gələcək qayğısı insana axirəti düşünsün, Cənnətə, əbədi nemətlərə qovuşmaq üçün çalışsın, Cəhənnəmdən qorunsun və ölümdən sonrakı həyat üçün hazırlıq görsün deyə verilib.

Əfsus ki, bir çox insan sabahı, gələn həftəni, növbəti ayı, sonrakı ili və on il sonranı gözləyərək bu dünyada həmişəlik yaşayacağını düşünür. Beləcə axirəti düşünmək üçün verilən gələcək qayğısı hissi sadəcə fani dünyadakı qayğılarla məhdudlaşır.

Bu gün çoxlarını “Sabah nə edəcəm?”, “Hansı universitetə qəbul olacam?”, “Məzun olandan sonra hansı işdə işləyəcəm?”, “On il sonra evim olacaqmı?”, “Övladım ailə qurub ayrılsa, mənə kim baxacaq?” şəklində suallar maraqlandırır.

Gələcək əndişəsi hər yaş dövründə özünü göstərir. Əsasən gənc və orta yaşlı insanlarda daha çox özünü büruzə verir. Gələcək qorxusu, insanı özü, ailəsi, övladlarının gələcəyi ilə əlaqəli ümid və əndişələrə sürükləyir. İnsanı aldatmaq üçün əlindən gələni edən, bütün hiyləgərlikləri işləyən Şeytan və pis əməllərə təşviq edən nəfs də bu hissi həmişə körükləyir: “Sənin aqibətin necə olacaq? Yaşlananda sənə kim baxacaq? Övladlarının aqibətini düşünmürsən? Nə vaxt özünə gün ağlayacaqsan?…”

Allahın rizasını qazanmaq üçün gecə isti yataqdan qalxaraq təhəccüd namazı qılmaq istəyənlərin üzlərinə üfürərək “Yat, qalxma!” deyən Şeytan, insanların axirətə uyğun yaşamağına da mane olmaq üçün çalışır. Dünyanın müvəqqəti, fani ləzzətləri ilə insanları aldadaraq “Sabahını fikirləş, gələcəyini hədər eləmə!”, − deyir.

Şeytan insanları haqdan uzaqlaşdırmaq üçün təkcə bununla kifayətlənmir, başqa üsullara da əl atır. Məsələn, öz gələcəyini düşünməyənləri ailələrinin istiqbalı ilə qorxudur. Və bu gələcək qorxusunu ancaq dünya həyatı ilə məhdudlaşdırır. İnsan axirəti düşünməsin deyə bütün gücünü səfərbər edir. Məhz buna görə, mömin həmişə şeytanın şərindən Allaha pənah aparmalı və “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!” deməlidir.

Şeytan çox vaxt insanın fikirlərini, hislərinin həqiqi rəngini qarışdırır və mənəvi atmosferini korlayır. Allaha doğru addımlayan insanın niyyətini zədələyir, baxışlarını səhv istiqamətə yönəldir, qısacası onu yolundan uzaqlaşdırır və Allah qatında dəyərsiz şeylərlə məşğul edir.

Yolda qalanlar

Bəzi insanlar da axirətin tarlasını burada biçmək istəyir. Bir işi gördükdə, gördüyü işə insanların münasibət bildirməsinin gözləyir. “Məni görsünlər, mənə baxsınlar, məni düşünsünlər.” deyə fikirləşir. Allah rizası, Onun hər an insanı gördüyü yaddan çıxır. Halbuki Ona heç bir şey gizlin qalmır. Ancaq hər kiçik şeydən təsirlənən bu cür insanlar çox vaxt axtardıqlarını tapa bilmir, insanları vəfasızlıqla ittiham edirlər. Nəticədə gələcək qorxusu və özünün qeydinə qalmaq düşüncəsi onları rahat buraxmır. Bu cür istiqbal əndişəsinə düşən və bu qorxunu özü aradan qaldırmağa çalışanlar başqalarına pis nümunə olur və onları da səhv istiqamətləndirirlər.

Bu xüsusda möminlərin üzərinə böyük iş düşür. Həyatını Allahın xoşnudluğun qazanmaq və Onu başqalarına sevdirmək uğruna fəda edən şəxslər bu cür düşünən insanlara da əl uzatmalı, yardım etməli, yol göstərməlidir. Onların gələcək qorxusunu dinləməli, istəklərini məşru ölçüdə qarşılamalı və nəzərlərini axirətə yönəldərək axirət yurduna yönəltməlidir. Mömin qardaşına bu şəkildə şəfqət əli uzadaraq onu nəfs və Şeytanla mübarizədə tək qoymamalıdır. Həzrət Osmanın dediyi kimi,

Dünyaya aid gələcək qayğısı qəlbi qaraldar. Axirətlə əlaqəli istiqbal əndişəsi isə qəlbi nurlandırar.

Buna görə də əsl mömin Haqq yolunda ayağı ilişən, yıxılan, büdrəyən qardaşlarının qəlbinin qaralmasına razı olmamalı, onların qorxu hislərini axirətlə əlaqəli ülvi hislərə və faydalı işlərə yönəltməyə çalışmalıdır.

Bəzilərində gələcək qayğısı xəstəlik dərəcəsindədir. Belə ki, bu şəxslər ruzinin Allah tərəfindən göndərildiyini unudaraq güzəran dərdinə düşər, bir neçə aylıq və ya illik tədarükləri olmadıqda təlaşlanarlar. Həyatı yaradan Xaliqin ruzini də yaratdığını unudarlar. Sabaha çıxacağına təminatları olmadığı halda gələcək aylar və illər haqqında düşünərlər.