Həyatın ola biləcəyi planet tapıldı – “Ağ cırtdan”ın ətrafında fırlanır

Həyatın ola biləcəyi planet tapıldı – “Ağ cırtdan”ın ətrafında fırlanır

16 Fevral 2022 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın elm adamları Yerdən 117 işıq ili uzaqda həyatın potensial olaraq mövcud ola biləcəyi yeni planet kəşf ediblər.

Oxuməni.az xəbər verir ki, tədqiqatçılar sönməkdə olan bir ulduzun yaxınlığında həyatın ola biləcəyi planetin yerləşdiyinə inanırlar.

Bu fərziyyə təsdiqlənərsə, bu, “ağ cırtdan” adlandırılan ulduzun ətrafında fırlanan potensial həyatı dəstəkləyən planetin ilk kəşfi olacaq. Bununla yanaşı, planet ulduzun yaşayış zonasında aşkar edilib ki, burada həyatı təmin etmək üçün nə çox soyuq, nə də çox isti olur.

Araşdırmaya rəhbərlik edən London Universitetinin professoru Cey Farihi bildirib ki, müşahidə astronomlar üçün tamamilə yenidir: “Biz ilk dəfədir ki, “ağ cırtdan”ın yaşayış zonasında belə bir şey müşahidə edirik. Deməli, başqa planetdə həyatın olması ehtimalı var”.

Çox böyük ulduzlar söndükdə qara dəliklərə çevrilirlər. Günəş kimi kiçik ulduzlar isə “ağ cırtdan”lara dönürlər. Bütün nüvə yanacağı tükənmiş və xarici təbəqələrini itirmiş bu ulduzlar adətən planet ölçüsündə olurlar və ilk yarandıqları zaman mavi-ağ işıq saçırlar.

Yerdən 117 işıq ili uzaqda yerləşən mümkün planetin “ağ cırtdan”a Yerin Günəşə olduğundan 60 dəfə yaxın olduğu düşünülür. Amma elm adamlarının bu planetin varlığına dair birbaşa sübutları yoxdur. Bununla belə, “ağ cırtdan”ın yaşayış zonası ətrafında fırlanan 65 Ay böyüklüyündə cismin hərəkətləri planetin orada olduğu ehtimalını artırır. Cisimlər bir-birindən məsafə baxımından fərqlənmir, bu da onların yaxınlıqdakı planetin cazibə qüvvəsi altında olduğunu göstərir.

Farihinin sözlərinə görə, yaşayış zonası bir ulduzun ətrafında – maye suyun ola biləcəyi zolaqda yerləşir.