Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT

Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT

6 Aprel 2021 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanlar Baş nazirin sabiq müavini Abid Şərifovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı qalmaqallı məlumatlar yayılır.
Oxuməni.az Yeniavaz.com-a istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti 4 ay əvvəl öz fəaliyyətini dondurub.
Qeyd edək ki, Nicat Mahmudovun rəhbərlik etdiyi “Abeona Global Limited” şirkətinin açıqlanan sonuncu maliyyə hesabatında şirkətinin aktivlərinin son bir ildə 260 min funt-sterlinq (345 min dollar) azalaraq 16 funt-sterlinqə (21 dollar) düşüb. Şirkətin 3,1 min funt-sterlinq borcunun da olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur.
Bundan başqa əsas səhimdarlarından (12%-dən çox paya sahib) biri Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olan Azərbaycanın nəhəng tikinti şirkətlərindən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı son günlər bir sıra məhkəmə iddiaları qaldırılır.
Ötən həftə 2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı məhkəmə iddiası qaldırıb. İki gün əvvəl isə daha bir tanınmış şirkət – “Ramco” MMC Abid Şərifovun həyat yoldaşına məxsus şirkətə qarşı iddia qaldırıb. İddialara Bakı Kommersiya Məhkəməsində hakimlər Fərrux Qasımov və Aytən Əliyeva tərəfindən baxılacaq.
Onu da bildirək ki, “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin 2 ay əvvəl dövlət büdcəsinə böyük həcmdə vergi borcu (1,5 milyon manat) yaranmışdı. Bu borc son bir ay ərzində ödənilib.
Baş nazirin sabiq müavininin həyat yoldaşı eyni zamanda 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var.
Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var. Baş nazirin sabiq müavininin qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçisi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var.
Abid Şərifovun qızı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Təranə Mahmudova Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudovanın həkim olduğu bildirilir. Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Bu mərkəzin fəaliyyətində də son zamanlar durğunluq müşahidə edilir. 1 oktyabr 2020-ci il tarixindən sonra heç bir məlumat paylaşılmayıb.