DGK-da  özbaşınalıqlar davam edir: Səfər Mehdiyevin gömrük rüsumlarını artırması dövlətçiliyimizə qarşı çevrilib

DGK-da özbaşınalıqlar davam edir: Səfər Mehdiyevin gömrük rüsumlarını artırması dövlətçiliyimizə qarşı çevrilib

19 Fevral 16:23
398
Bəyəndim (9) Bəyənmədim (0)

Son günlər ictimai gündəmi məşğul edən məsələlərdən biri də Dovlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyətidir. Bu da təsadüfi deyil. Son vaxtlar istehlak bazarındakı məhsulların qiymətində əsaslı yüksəliş nəzərə çarpır.

Oxuməni.az-ın konkret.az-a istinadən verdiyi xəbərə görə, qiymət artımının bir səbəbi bəzi enerji daşıyıcılarının qiymətlərinin artırılmasıdırsa, digər səbəbi Dövlət Gömrük Komitəsinin inzibati idarəetmə sistemidir. Çünki hər ötən gün gömrük orqanları inhisarçılığı daha da gücləndirir, müxtəlif bəhanələrlə gömrük rüsumlarını artırırlar. Ona gərə də son günlər bəzi mütəxəssislər və ekspertlər tərəfindən DGK-nın hətta ləgvi barədə çağırışlar səslənir. Məsələ ilə bağlı Konkret az-ın əməkdaşı Surxay Atakişiyev yazır:

"Nəzərə alaq ki, gömrük orqanları əksər ölkələrdə müstəqil qurum kimi deyil, hansısa strukturun nəzdində vəaliyyət göstərir. Və zaman-zaman Azərbaycanda da belə təkliflər olub ki, gömrük orqanları Vergi Xidmətinin və yaxud İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilsin. Hətta iki il öncə Vergilər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi birləşdiriləndə çoxları dedi ki, yəqin DGK-da İqtisadiyyat Nazirliyinin tabeçiliyinə veriləcək. Amma bu, olmadı. Səfər Mehdiyevin kontoru yenə müstəqil fəaliyyətini davam etdirdi. Mən təsadüfən “Səfər Mehdiyevin kontoru” ifadəsini işlətmədim. Çünki hazırda Komitənin rəhbər strukturundakı şəxslərin tam əksəriyyəti Səfər Mehdiyevin qohumları, kəndçiləri və dostlarıdır. Halbuki bu, Azərbaycanın mövcud qanunvericiliyinə tamamilə ziddir. Amma neyləyək ki, Azərbaycan qanunları Səfər Mehdiyevin iddialarından xeyli aşağıda dayanır. Qanunların işləmədiyi qurumdansa şəffaflıq və ədalət gözləmək isə ən azı axmaqlıqdır.

Bu günlərdə belə bir xəbər tirajlandı ki, hüquq-mühafizə orqanları Vergilər Xidməti ilə birgə DGK-da yoxlamalar aparıb. Aparılan yoxlamanın nəticələri isə hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb. Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox oğurluq aşkarlanıb. İddialara görə, mənimsənilən vəsait birbaşa dövlət büdcəsinə ödənilməli olan vəsaitlərdir. Məlumatda o da deyilir ki, DGK rəhbərliyinə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib.

Xatırladaq ki, DGK-nın əsas vəzifəsi daxili bazarı qorumaq, ixracı daha yaxşı təşviq etmək və iqtisadiyyatın güclənməsinə mümkün vasitələrlə dəstək verməkdir. Çox təəssüf ki, DGK hazırda nəinki daxili bazarı qorumur, eyni zamanda süni qiymət və məhsul qıtlığına çalışır. Həmçinin süni əngəllərlə idxalı boğur. Bu da onu göstərir ki, DGK dövlətə yox, Səfər Mehdiyevə və onun yaxın çevrəsinə xidmət edir.

Bu gün Səfər Mehdiyevin komandası imkan versə, şərait yaratsa, ölkəmizdə əksər məhsulların qiymətini ən azı 50 faiz aşağı salmaq olar. Eyni zamanda ixracı da bir o qədər yüksəltmək olar. Amma DGK öz bilidiyini heç kəslə bölüşmək istəmir.

Tanınmış iqtisadçı Nemət Əliyev ölkədəki bahalaşmanın əsas səbəblərindən birinin idxal mallarının 22,7 faiz bahalaşması ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, qiymət artımının yaratdığı əlavə xərclər Prezident sərəncamları ilə həyata keçirilən əməkhaqqı, pensiya və sosial müavinət artırımlarını 1,4 milyard manat üstələyib. “Rusiya və Qazaxıstan neft-qaz ölkəsidir və onlar Azərbaycan kimi əsasən qeyri neft-qaz malları idxal etməklə məşğuldur. Amma Qazaxıstanın idxal etdiyi mallar 2020-ci ildə vur-tut 4,1 faiz bahalaşıb. Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, bu ölkənin idxal etdiyi malların orta qiyməti ötən il ərzində nəinki bahalaşmayıb, əksinə 3 faiz ətrafında ucuzlaşıb. Azərbaycanın dövlət gömrük sərhədində qiymətlərin başına hansı oyunların gətirilməsini üzə çıxarmaq baxımından Belarus nümunəsi ibrətamizdir. Bu ölkədə idxal olunan malların orta qiyməti ötən il 8,7 faiz ucuzlaşıb. İqtisadi potensialına görə Azərbaycandan çox-çox zəif olan Ermənistanda orta qiymət vur-tut 0,3 faiz bahalaşıb. Qonşu Gürcüstanda isə bu göstərici cəmi 6 faiz artıb. Azərbaycanda isə idxal olunan mallar 22,7 faiz təşəbbüsü ilə çıxış edir”.

Vəziyyətdən çıxış yolu məqsədi ilə hörmətli Nemət müəllim DGK-nın tamamilə buraxılmasını təklif edir. Amma bu təklifə mən bir balaca düzəliş etmək istəyirəm. Təklif edirəm ki, DGK-nın son illərdəki fəaliyyəti əsaslı şəkildə təhlil edilsin və oğurlanmış milyardlarla manat vəsait dövlət büdcəsinə ödənilsin.

Yenə deyirəm, DGK öz fəaliyyətini ölkənin milli maraqları üzərində yox, qurum rəhbərlərinin korporativ maraqları üzərində qurub. Ona görə də Azərbaycanda qalxan qiymətlər bir daha enmir. Məsələn, acından günorta qalxan Gürcüstanda qiymətlər tez-tez dəyişir. Enerji daşıyıcılarının qiymətindən tutmuş ərzaq məhsullarına qədər bütün mal və xidmətlərdə tez-tez qiymət dəyişikliyi baş verib. Amma bizdə son 25 ildə belə bir hala təsadüf olunmayıb. Ölkəmizdə qiymətlər ancaq artan xətlə gedir. Azərbaycana idxal olunan malların yüksək səviyyədə bahalaşması malların gətirildiyi xarici ölkələrdəki qiymət səviyyəsinin dəyişməsi ilə qəti şəkildə əlaqəli deyil. Bununsa səbəbini Dövlət Gömrük Komitəsində axtarmaq lazımdır. Azərbaycan idxalının kəskin bahalaşmasının Dövlət Gömrük Komitəsi ilə əlaqədar olması qənaətinə gəlmək üçün bu məlumatlar və müqayisələr kifayət qədər yetərlidir.

Bu paradokslar yalnız idxal sahibkarlığına, yerli istehsala deyil, həm də əhalinin sosial vəziyyətinə ağırlaşdırıcı təsir göstərir. Bu gün bazarların “od tutub yanmasının” əsas səbəblərindən biri idxaldakı bahalaşmadır. Əgər ötən il idxalın həcminin 10,73 milyard dollar həcmində olmasını nəzərə alıb hesablasaq, məlum olur ki, bu məbləğin 2 milyard dolları bahalaşma hesabına yaranıb (10,73-10,73:(100+22,7)/100≈2,0) Deməli, ölkə daxilində yalnız idxal mallarının satınalınmasına çəkilən xərclər bahalaşma səbəbindən 3,4 milyard manat artıb.

İqtisadçı ekspert Nemət Əliyevin sözlərinə görə, “Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, 2020-ci ildə əməkhaqqı, pensiya və sosial müavinətlərin artımına dövlət büdcəsindən 2,040 milyard manat vəsait yönəldilib. Gəlirlərin 2 milyard, xərclərin isə 3,4 milyard manat artması şəraitində həyat səviyyəsinin yaxşılaşması haqqında danışmaq doğru deyil. Gömrük sərhədində idxal mallarının kəskin dərəcədə bahalaşdırılması dövlət sosial müdafiə tədbirlərinin əhəmiyyətini azaldır. Bu yolla sosial həyatı yaxşılaşdırmaq mümkün deyil. Belə vəziyyətdə həyat səviyyəsi ancaq pisləşə bilər. Əgər buraya yerli malların bahalaşmasının təsirini də əlavə etsək, ölkəmizdə həyat səviyyəsinin ağırlıq dərəcəsini təsəvvür etmək olar”.

Bəli, bu gün gömrük prosedurunda vəziyyət olduqca acınacaqlıdır. Ona görə də nə qədər gec deyil, gömrük orqanlarının bu fəaliyyətinə son qoyulmalı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalı və idxal mallarının gömrük dəyərinin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Yoxsa sonra gec olar."

.