Sabahdan etibarən SSRİ Əmanət Bankında qalmış pullar ödənilməyə başlanacaq

Sabahdan etibarən SSRİ Əmanət Bankında qalmış pullar ödənilməyə başlanacaq

31 May 2012 13:51
1 056
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 1-dən etibarən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində dəyərdən düşmüş bank əmanətlərinin qaytarılması prosesinə başlanacaq. Bu gün bununla bağlı keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov əmanətlərin qaytarılması prosesinin bütün mərhələlərini izah edərək bildirib ki, iyunun 1-dən prezidentin müvafiq fərmanında göstərilən və müvafiq şərtlərə cavab verən, yəni Azərbaycan vətəndaşı olan, əmanət kitabçası olan şəxslər və ya onların vərəsələri, yaxud nümayəndələri "Kapital Bank"ın filial, şöbə və ya xidmət bölmələrinə müraciət edə bilərlər.

Tədbirdə "Kapital Bank" tərəfindən keçirilən təqdimatda bankın saytında ərizə qəbul edəcək məntəqələrin ünvanları göstərilib. Bildirilib ki, bankın saytı vasitəsilə əmanət kitabçasının nömrəsini daxil etməklə hansı məntəqəyə müraciət olunacağını bilmək olar.
S.Şərifov qeyd edib ki, əmanətçi tərəfindən ərizə təqdim olunandan sonra ən gec 5 gün ərzində əmanət üzrə birdəfəlik ödəniş aparılması nəzərdə tutulub. Lakin sənədlərdə hər hansı çatışmazlıq olarsa, o cümlədən kitabçanın itirilməsi, yararsız hala düşməsi və s. hallarda bu müddət uzana bilər. Ərizələrin qəbulu 2012-ci il dekabrın 31-nə, birdəfəlik ödəmələrin keçirilməsi 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub ki, uzadılmış bir il ərzində problemli əmanətlər üzrə araşdırmalar aparılacaq.
Nazir bu prosesin 2,4 mln. bank hesabını əhatə edəcəyini vurğulayıb. Əmanətlərin qaytarılması üçün nəzərdə tutulan maliyyə vəsaiti isə 1 mlrd. manata yaxındır: "Bu məbləğ maksimum kimi götürülüb və hələlik təxmini rəqəmdir".
S.Şərifov deyib ki, əmanətlərin qaytarılması prosesinin ölkədə inflyasiyaya təsir edəcəyi gözlənilmir: "Bunun iki əsas səbəbi var. Birincisi, biz gözləmirik ki, qaytarılan vəsaitlər dərhal istehlak bazarına yönəldiləcək. Təbii ki, onların bir hissəsi dərhal xərclənməyəcək. İkincisi, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur. Əmanətlərin qaytarılmasının pik vaxtı da məhz yay aylarına düşəcək".
O.M.