Azərbaycandan 107 ölkəyə məhsul  göndərilib

Azərbaycandan 107 ölkəyə məhsul göndərilib

13 Noyabr 2020 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac edib, 167 ölkədən isə respublikamıza müxtəlif təyinatlı mallar idxal olunub.

Bu barədə Oxuməni.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib:

“Gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17830,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10006,8 milyon dollarını və ya 56,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 7823,5 milyon dollarını (43,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1282,4 milyon dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4,0 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2,0 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstün olub.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13,0 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4,0 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 5,7 faiz, kartof – 31,8 faiz, meyvə və tərəvəz şirələri – 13,8 faiz, bitki yağları – 48,4 faiz, meyvə və tərəvəz konservləri – 6,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,0 faiz, pambıq lifi – 2,5 faiz, polietilen – 23,9 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 1,3 faiz artıb, təzə meyvə ixracı isə 13,3 faiz, şəkər – 45,2 faiz, tütün – 27,7 faiz, çay – 7,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,5 faiz, emal olunmamış alüminium – 23,8 faiz, pambıq ipliyi – 37,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,7 faiz azalıb.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 14,7 faiz, xam şəkər və şəkər – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 29,2 faiz, çay – 4,5 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 32,3 faiz, minik avtomobilləri – 29,5 faiz, dərman vasitələri – 53,4 faiz, hesablama maşınları, blok və qurğuları – 26,3 faiz, qara metallardan çubuqlar – 1,8 dəfə artıb, buğda idxalı isə 13,0 faiz, bitki yağları – 0,2 faiz, kartof – 4,6 faiz, quş əti və onun əlavə məhsulları – 16,5 faiz, siqaretlər – 77,2 faiz, qara metallardan borular – 16,1 faiz, polad prokatı – 6,6 faiz, mineral gübrələr – 6,2 faiz, rezin şinlər – 19,1 faiz, mebellər – 25,2 faiz, yük avtomobilləri – 8,5 faiz, məişət kondisionerləri – 31,5 faiz, polietilen – 26,0 faiz, paltaryuyan maşınlar – 5,5 faiz, qara metallardan künclüklər – 9,9 faiz, avtobuslar – 65,2 faiz, məişət soyuducuları – 0,2 faiz, sement və sement klinkerləri – 29,7 faiz azalıb.

Murad Şahməmmədov