SOCAR xərclərini minimuma endirmək üçün qazma işlərini azaldacaq

SOCAR xərclərini minimuma endirmək üçün qazma işlərini azaldacaq

12 Noyabr 17:07
386
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İstehsalat Birliyinin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə edilib.

Bu barədə Oxuməni.az-a SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, hasilat məhdudlaşdırıldığına görə şirkətin əsasən qurudakı istehsalatlarında hasilat dayandırılıb. Həmin sahələrdə faktiki olaraq, fəaliyyətsiz qalmış işçilərin qüvvəsindən səmərəli istifadə etmək məqsədi ilə şirkətin əsas istehsalat bölmələri olan “Azneft” İB, Kompleks Qazma İşləri Tresti və bir sıra digər idarələrdə işçilərin səriştəliliklərinin qiymətləndirilməsi və inkişafı proqramı həyata keçirilib. Səriştə qiymətləndirilməsinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsini və istedadını müəyyən etmək və hər işçinin potensialına uyğun təlimlərin təşkilidir. İclasda bildirilib ki, bu günə qədər test üsulu ilə “Azneft” İB-nin 4 778 nəfər, Kompleks Qazma İşləri Trestinin 1 932 nəfər işçisinin səriştəliliyi qiymətləndirilib. Pandemiya ilə əlaqədar onlayn formatda keçirilmiş 177 təlim-vebinarda isə 13342 nəfər SOCAR əməkdaşı iştirak edib. Aparılan sorğuya əsasən, onların 94 %-i şirkətin sertifikatlı təlimçiləri tərəfindən həyata keçirilmiş təlimlərdən məmnun qaldıqlarını bildirib.

Toplantıda o da qeyd olunub ki, xərclərin minimuma endirilməsi məqsədi ilə qazma işlərinin 2021-ci ildə də azaldılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür.

İclasın sonunda SOCAR-ın prezidenti R.Abdullayev şirkət işçiləri arasında hərbi xidmətə səfərbər edilən qazilərə və şəhid ailələrinə bütün lazımi maddi və mənəvi dəstəyin göstərilməsinin zərurətini vurğulayaraq, müvafiq tapşırıqlar verib.

Oxuməni.az