Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara 3 min manatadək sosial yardım ediləcək

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara 3 min manatadək sosial yardım ediləcək

5 Noyabr 2020 11:56
Bəyəndim (3) Bəyənmədim (0)

Nazirlər Kabineti xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydasının təsdiq edilməsi barədə qərar qəbul edib.

Oxuməni.az xəbər verir ki, qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hazırlanıb və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

Yeni qayda ilə sosial yardım almaq üçün müraciətə əsas yaradan hallar da müəyyənləşib.

Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;

- fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;

- vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Qaydaya əsasən, sosial yardım almaq üçün müraciət forması da məlum olub.

Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir. Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:

- sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;

- yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.

Rüfət