Azərbaycanda  islahatlar  pensiyaçıların maraqlarına xidmət edir

Azərbaycanda islahatlar pensiyaçıların maraqlarına xidmət edir

17 Sentyabr 12:35
501
Bəyəndim (2) Bəyənmədim (0)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Oxuməni.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunun göstəricisi kimi, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:

pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,

ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,

ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,

Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,

Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa, açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.

Rüfət

Oxuməni.az