Quba-Susay-Xınalıq avtomobil yolunun tikintisi son mərhələyə qədəm qoyub

Quba-Susay-Xınalıq avtomobil yolunun tikintisi son mərhələyə qədəm qoyub

16 Sentyabr 2020 16:23
Bəyəndim (3) Bəyənmədim (0)

Quba-Susay-Xınalıq avtomobil yolunun tikinti işləri artıq sonuncu mərhələ üzrə davam etdirilir.

Oxuməni.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yola hazırda asfalt-beton örtüyün döşənməsi işləri həyata keçirilir.

Layihəyə əsasən 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi aparılır.

Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun yenidən qurulub. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda uzunluğu 61 və 66 metr olan iki körpü də inşa edilib.

Layihənin növbəti mərhələsi üzrə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işləri isə sonuncu mərhələdədir. Həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək.

Hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq. Həmçinin turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Oxuməni.az