Zaqatalada zəlzələdən zərər çəkmişlər üçün çadır şəhərciyi qurulur

Zaqatalada zəlzələdən zərər çəkmişlər üçün çadır şəhərciyi qurulur

7 May 2012 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 7 may 2012-ci il tarixində Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmış zəlzələ ilə əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir. Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olmuş və oradakı vəziyyətlə tanış olmuşdur. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilmişdir. Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulmuşdur. Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq komissiyalar fəaliyyətə başlamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılmışdır. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur.

O.M.