ARAŞDIRMA:Elanla yaxşı iş tapmaq qeyri-mümkündür

ARAŞDIRMA:Elanla yaxşı iş tapmaq qeyri-mümkündür

5 May 2012 14:01
1 432
Bəyəndim (0) Bəyənmədim (0)
O, bir gün ərzində bir neçə işbazı ifşa edə bildi

Müasir dövrdə Azərbaycan durmadan inkişaf edir. Bunu danmaq ən azı ədalətsizlik olardı. Hər gün yüzlərlə iş yeri açılır, regionlar dirçəlir, paytaxtımız abadlaşır. Qazanılan uğurlarla yanaşı problemlər də çoxdur. Bugünkü məqalədə problemlərin birindən söhbət açacağam. Daha doğrusu, işsizlik probleminin həlli adı altında işbazların gördüyü "işlərdən" bəhs edəcəyəm.

İlkin Qaracayev ziyalı gənclərdən biridir. Onu şəxsən tanıdığım üçün deyə bilərəm ki, zəhmətkeşdir, çətin və məsuliyyətli işlərin öhdəsindən gələ bilir. Bununla belə, o da bir müddət işsizlik problemi ilə üz-üzə qalmışdı və iş axtararkən müəyyən hadisələrlə üzləşmişdi.

- İlkin, səncə, işsizlik nədir?

- Mən şəxsi təcrübəmdən deyə bilərəm ki, işsizlik insanı mənən sarsıdan ən böyük zərbədir. Maddi tərəf bir yana, mənəvi cəhətdən sıxılırsan. Özünü cəmiyyətdən təcrid olunmuş vəziyyətdə hiss edirsən. Həyat yeknəsəq olur, gözəlliyini itirir. Ona görə də inamla deyə bilərəm ki, hər bir insan mütləq işə getməlidir, məvacibi çox olmasa belə. Çünki insan işə gedərkən cəmiyyətlə təmasda olur, mənəvi ehtiyaclarını ödəyir.

- Dediyindən belə çıxır ki, müdirlərin işçilərə az maaş verməsinə bəraət qazandırmaq olar?

- Yox, mən məsələni bu cür qoymazdım. Hər bir insanın maddi və mənəvi tələbatları olur. Əgər çalışdığın müəssisədə bu tələbatlarını ödəyə bilmirsənsə, mütləq iş yerini dəyişməlisən. Amma istənilən halda işləməlisən. Atalar əbəs yerə deməyiblər, iş insanın cövhəridir.

- Bildiyimə görə, sən bu cövhərdən bir müddət məhrum olmusan. O zamanlar özünü necə hiss edirdin?

- Susuz balıq kimi. Ümumiyyətlə, mən ali məktəbə daxil olandan bəri çalışmışam. Ailəmizdə maddi sıxıntılar olmasa da, işləmək istəmişəm. Valideynlərim mənim bu istəyimi anlayışla qarşılayıblar. Qısa müddət ərzində çalışdığım müəssisənin inzibatçısı vəzifəsinədək yüksəlmişəm. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirdikdən sonra ixtisasım üzrə Vergilər Nazirliyində çalışmışam. Uzun müddət vergi orqanlarında işləsəm də, sonradan ixtisara düşdüm.

Bir neçə ay idi ki, işsiz gəzirdim. Mənəvi cəhətdən sıxıntı keçirirdim. Lakin hisslərimi büruzə vermirdim. Ətrafdakılar işsiz olduğum üçün məni qınayırdılar. Elə zənn edirdilər ki, özüm işləmək istəmirəm. Halbuki bu belə deyildi. Mən özümə münasib iş axtarırdım. Sözün düzü, iş elanları ilə çox rastlaşmışdım. Qəzetlərdə, ictimai nəqliyyatda, evlərin divarlarında bu cür elanları tez-tez görürdüm. Lakin nədənsə onlara etibarım yox idi. Bir ziyalı kimi anlayırdım ki, elanların mətni yalnız reklam xarakterlidir. Məsələn, bir elanda sutka ərzində cəmi 4-5 saat çalışacaq işçiyə 1000 ABŞ dolları vəd olunurdu. Digərlərində isə 300-dən 700-dək məvacib göstərilirdi. Əgər pul qazanmaq belə asan idisə, niyə bu vakant yerlər dolmurdu? Axı bildiyimə görə, ölkəmizdə işsizlər az deyil? Digər tərəfdən, bu cür elanlar durmadan artırdı. Adamda belə bir təsəvvür yaranırdı ki, iş yerləri işsizlərin sayından çoxdur. Təbii ki, mən həyata real baxırdım və yalançı vədlərə inanmırdım.

- Elanların yalan olduğuna niyə bu qədər əminsən?

- Hamısını deyə bilmərəm, amma böyük qismi reallığı əks etdirmir. Mən bunu şəxsi təcrübəmdə sınamışam. Belə ki, işsiz olduğum dövrlərdə ətrafımdakı adamlar məni tənbəllikdə ittiham edirdilər. Hamı bir ağızdan deyirdi ki, elan üzrə münasib iş tapmaq mümkündür. Tərəddüd içərisində qalmışdım. Hətta yanıldığımı düşünməyə başlamışdım. Odur ki, qohumlarımın mənə təqdim etdikləri elanları götürüb, bəxtimi sınamaq qərarına gəldim.

Həmin gecəni həyəcandan yata bilmədim. Səhərədək hadisələri gözümün qabağında canlandırdım. Elə zənn edirdim ki, artıq özümə münasib iş tapmışam. Sübh tezdən yerimdən qalxıb hazırlıq gördüm. Səliqə-sahmanla geyinib, birinci elan üzrə Səadət Sarayının yanına yollandım. Dəbdəbəli ofisə daxil olduqda, düzgün ünvana gəldiyimə şübhə etmədim. İkinci mərtəbəyə qalxdım. Ofisin işçiləri mənim kimi elan üzrə gələn vətəndaşları ayrı-ayrılıqda qəbul edib, sorğu-sual edirdilər. İlk baxışdan hamı ciddi işlə məşğul idi. Özlüyümdə fikirləşdim, görəsən, bu elanı mənə verən qohumumun xəcalətindən necə çıxa biləcəm? Çox keçmədən bir nəfər mənə yaxınlaşıb nəzakətlə salamlaşdı. Həmin adamın xarici görkəmi məndə ona qarşı inam yaratmasa da, sevincək deyilən yerdə əyləşdim. O, məni sorğu-suala tutmağa başladı. Söhbət zamanı iki ali məktəb bitirdiyimi, hərbi xidməti başa vurduğumu, uzun müddət dövlət qulluqçusu işlədiyimi və üç əcnəbi dil bildiyimi söylədim. Bu göstəricilərin heç biri onu maraqlandırmadı. Daha sonra o, mənə iş strukturunu başa salmağa başladı. Təxminən bir saatlıq söhbətdən sonra anladım ki, o özü də buraya 6 ay əvvəl elan üzrə gəlib və hələ indiyə kimi vəd olunan məvacibi ala bilməyib. Belə ki, elan üzrə gələn hər bir şəxs 7 nəfəri işə qəbul etməlidir. Həmin 7 nəfərin hər biri 7 nəfəri işə götürməlidir. Sonuncular isə daha 7 nəfəri bu işə cəlb etməlidir. Yalnız bundan sonra həmin adamlar qapı-qapı düşüb, firmanın malını satmalıdırlar və maaş bu satışdan əldə olunacaq pulun kiçik bir faizindən təşkil olunmalıdır. Göründüyü kimi, məqsəd çoxlu insanları bir araya toplamaq və hansısa bir malın səyyar satışını təşkil etmək idi. Bir anlıq fikrə daldım, əgər bu adam 6 ay ərzində bircə manat qazana bilməyibsə, deməli, burada vaxt itirməyinə dəyməz. Onun sözünü yarımçıq kəsib, əsəbi halda ayağa durdum. "Heç utanırsan?" - deyib, onun təəccüb dolu baxışlarının müşayiətilə ofisi tərk etdim. İkinci elan üzrə Bakcell-in mərkəzi ofisinin yanındakı firmaya yollandım. Burada da məni nəzakətlə qarşıladılar. Həmsöhbətim dərhal mətləbə keçdi və mənə heç yerdə tanınmayan dərman preparatlarının faydası haqda məlumat verməyə başladı. Elə bil uşaq başı aldadırdı. Prinsipial olaraq onu sonadək dinlədim. Başa düşdüm ki, məqsəd Hindistandan gətirilmiş otların səyyar satışını təşkil etməkdir. Bir faktı qeyd edim ki, satılacaq malın qiyməti ən azı 100 manat olmalı idi. Təəccübləndim. Axı Azərbaycanın özündə yetişən şəfalı otların qiyməti bundan qat-qat ucuzdur? Belə olan halda hansı müştəri tanımadığı otlara bu qədər pul verəcək? Nə isə, əsəbimi cilovlayıb buranı da tərk etdim. Evə qayıtdım. Doğrusu, hələ də ümidimi itirməmişdim. Digər tərəfdən, bu işlərin axırına çıxmaq istəyirdim. Odur ki, nahar etdikdən sonra üçüncü elan üzrə "Bakı Soveti" metrostansiyası ilə üzbəüz yerləşən ofisə yollandım. İçəridəki adam mikrofonla mənə bir neçə sual verdi. Gəlişimin məqsədini bildikdən sonra qapını açdı. Məni təəccüblə başdan-ayağa kimi süzdü. Kostyumda, qalstukda olduğumu görüb, nədənsə başqasını yanına çağırdı. Həmin adam məni içəri dəvət edib sorğu-suala tutdu. Ona da tərcümeyi-halımı olduğu kimi danışdım. Daha sonra o, mənə iş strukturunu başa salmağa başladı. Sən demə, elan üzrə gələn adamlar 6 ay kompüter proqramını mənimsəməli və bu müddətdən sonra imtahana buraxılmalıdırlar. Minlərlə adamın arasından yalnız bir nəfər seçilməli və 1000 dollar məvacibi olan işə qəbul olunmalıdır. Təklif olduqca gülünc görünürdü. Əvvəla, kompüter proqramı çox bəsit idi. Daha doğrusu, dünya birjalarındakı vəziyyəti təqib etməkdən ibarət idi. İkincisi, heç kim təminat verə bilməzdi ki, 6 aydan sonra ofisin rəhbəri minlərlə namizədin içərisindən özünə yaxın olanını seçməyəcək.

O gün özümə iş tapa bilməsəm də, çox şeyləri öyrəndim. Başa düşdüm ki, elanla yaxşı iş tapmaq qeyri-mümkündür. Bunu mənim ətrafımdakı adamlar da anladılar və istərdim ki, qəzetinizin oxucuları da anlasınlar.

Müəllifdən: Ölkə prezidentinin yeni-yeni iş yerləri açmaq barədə fəaliyyəti təqdirəlayiqdir. Hər gün yüzlərlə adam özünə münasib iş tapır. Lakin nə qədər acınacaqlı olsa da, bu məsələdən öz şəxsi mənafeyi üçün istifadə edən işbazlar da az deyil. Bəziləri hətta qadınları xarici ölkələrdə satmaqdan belə çəkinmirlər. Bu, başqa bir məqalənin mövzusudur. Bu gün isə həmsöhbətim işbazlardan bir neçəsini ifşa etdi və söz verdi ki, gələcəkdə jurnalist təhqiqatını davam etdirəcək. O, hal-hazırda dövlət qulluğunda çalışır və işi ilə əlaqədar təqaüdçülərlə sıx təmasda olur. Jurnalistlik peşəsinə maraq göstərən İlkin Qaracayev qarşılaşdığı digər maraqlı hadisələri də oxucularla bölüşmək fikrindədir. Odur ki, bizi izləməkdə davam edin.

Natiq Qocaman

O.M.