ABŞ-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

ABŞ-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

29 İyul 2020 11:39
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Ticarət Departamentinin təşkilatçılığı ilə Avrasiya qitəsində infrastruktur layihələr, özəl sektor və Beynəlxalq maliyyə institutlarının fəaliyyəti və Ticarət assosiasiyalarının roluna dair onlayn konfrans təşkil olunub.

Oxuməni.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin Rusiya, Ukrayna və Avrasiya Ofisinin əməkdaşı Qaret Mitçelin moderatorluğu ilə baş tutan paneldə ABŞ Ticarət Xidmətinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) London qərargahında baş ticarət mütəxəssisi Canel Veyek, xidmətin Asiya İnkişaf Bankının Manila qərargahında baş ticarət mütəxəssisi Mark Oqardi, ABŞ-ın “Amsted Rail” şirkətinin Rusiya ofisinin direktor müavini Met London və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak edib.

N. Baxışov çıxışı zamanı ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli ticarət münasibətlərinin inkişafına verdiyi töhfədən danışıb. O, bu məqsədlə palatanın istifadə etdiyi alətlər, o cümlədən illik forum və konfranslar, ticarət missiyaları, üzv şirkətlər üçün veb görüşlər, hər iki bazarın qiymətləndirilməsi istiqamətində aparılan fəaliyyətlər haqqında geniş məlumat verib.

N.Baxışov ötən il palatanın təşkilatçılığı ilə İllinoys və Oklahoma ştatları ilə baş tutmuş iki Kənd Təsərrüfatı Forumu və bu ştatlara səfər etmiş Azərbaycan Ticarət Missiyası barədə danışıb, hər iki missiyanın iki ölkə arasındakı ticarətə 1,2 milyon ABŞ dollarından artıq dəyərdə töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, hər iki forum Palata ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyası arasında ötən ilin aprel ayında imzalanmış çərçivə sənədi əsasında həyata keçirilib.

N. Baxışov ticarət palatasının təmsil etdiyi şirkətlərin biznes maraqlarının irəlilədilməsi ilə yanaşı, iki ölkə arasında mədəni və təhsil sahələrində də əlaqələrin genişlənməsi istiqamətində müvafiq işlərin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, Oklahoma Siti şəhərində keçirilən Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. Anlaşma sənədi ilə tərəflər gələcəkdə birgə akademik proqramların hazırlanması və tələbə mübadiləsi sahəsində birgə fəaliyyət göstərmək istiqamətində müzakirələrin aparılmasına dair niyyətlərini ifadə edirlər.

Qeyd edək ki, Oklahoma Dövlət Universiteti ABŞ-ın maldarlıq sahəsində qabaqcıl ali təhsil müəssisələrindən biridir. Daha sonra panel müzakirələri sual və cavab sessiyası ilə davam edib.

Xatırladaq ki, görüşə ABŞ iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən qırxdan artıq şirkət nümayəndəsi, eləcə də ABŞ-ın beynəlxalq ticarətə məsul dövlət qurumlarının nümayəndələri qatılıb.

Oxuməni.az